Məhkəmə qərarları › İş №2-1(118)-420/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-420/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-420/2021 07.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən mülkiyyətində olan 8.12 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilərək, çıxarışda “Torpaq sahəsinin kateqoriyası” qrafasının qarşısında “Kənd təsərrüfatı təyinatlı torpaqlar” yazısından sonra “sahibkarlıq” sözünün əlavə edilməklə reyestrdən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən mülkiyyətində olan 8.12 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilərək, çıxarışda “Torpaq sahəsinin kateqoriyası” qrafasının qarşısında “Kənd təsərrüfatı təyinatlı torpaqlar” yazısından sonra “sahibkarlıq” sözünün əlavə edilməklə reyestrdən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Nağaraxana bələdiyyəsinin 26.05.2005-ci il tarixli, 07 saylı qərarı ilə həmin bələdiyyənin ərazisində olan, 8,50 hektar torpaq sahəsi tikinti məqsədi ilə iddiaçıya satılmışdır. Sözügedən məqsədlə ona satılmış torpaq sahəsinə mülkiyyət hüququ Azərbaycan Respublikasının DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən Dövlət aktı qeydiyyatı kitabında 581 nömrə ilə, 08.09.2005-ci il tarixində qeydiyyata alınmış və bununla əlaqədar olaraq iddiaçının adına JN 0661, kod 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair 25.09.2007-ci il tarixində Azərbaycan Respublikasının DƏDRX-nin Şamaxı rayon Ərazi İdarəsi tərəfindən MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir (reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi 2********). Sözügedən reyestrdən çıxarışda mülkiyyətində olan, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən “torpaq sahəsinin təyinatı (kateqoriyası)” - kənd təsərrüfatlı təyinatlı torpaq kimi, “məqsədli istifadə növü” isə - sahibkarlıq kimi göstərilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, mülkiyyətində olan 8,50 ha torpaq sahəsinin 0,38 ha hissəsi müvafiq alqı-satqı müqaviləsi ilə digər şəxsə satılmışdır. Bununla əlaqədar olaraq iddiaçının mülkiyyətində qalan 8,12 ha torpaq sahəsinə dair adına 02.09.2020-ci il tarixində yeni reyestrdən çıxarış verilmişdir (reyestr № **********26, qeydiyyat nömrəsi **********). Həmin reyestrdən çıxarışda mülkiyyətində qalan torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kimi yalnız “kənd təsərrüfatı təyinatlı torpaqlar” sözləri göstərilmişdir. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edilərək mülkiyyətində qalan 8,12 ha torpaq sahəsinə dair adına verilmiş reyestrdən çıxarışın “məqsədli təyinatı” qrafasında sahibkarlıq sözünün göstərilməsi xahiş olunmuşdur. Lakin qeyd olunan müraciətinin icrasından cavabdeh orqan tərəfindən 06.10.2020-ci il tarixli məktubla imtina olunaraq göstərilmişdir ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “çıraxış”ın “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirləri Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndində Dövlət reyestrindən çıxarışın təsviri barədə izahat verilib. Reyestrdən çıxarışın təsvirində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsinin məqsədli istifadə növü qrafası çıxarılmış və yeni formada verilmişdir. Yeni formada verilmiş Reyestrdən çıxarışda torpaq sahəsinin yalnız kateqoriyası (məqsədli təyinatı) qeyd olunur.” Daha sonra cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus “8,12 ha torpaq sahəsi elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğuna görə, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı kimi göstərilmişdir.” Eyni zamanda həmin məktubda daşınmaz əmlaka, növündən asılı olmayaraq, mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin, habelə daşınmaz əmlak üzərində hüquqların yüklülüyünün dövlət qeydiyyatını aparan Qeydiyyat orqanının torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə hər hansı bir hüququnun olmamasına istinad edən cavabdeh orqan sözügedən imtina məktubunda həmçinin göstərmişdir ki, “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilir.” Qeyd olunan xüsusatlara əsaslanan cavabdeh orqan 06 oktyabr 2020-ci il tarixli məktubunda göstərmişdir ki, mülkiyyətində qalan Şamaxı rayonun Nağaraxana kəndi ərazisində yerləşən 8,12 ha torpaq sahəsinin mülkiyyət sənədində torpaq sahəsinin məqsədli istifadə növünün sahibkarlıq məqsədilə qeyd olunması yuxarıda qeyd olunan hüquq normalarına ziddir və bu səbəbdən də ərizənin icrası mümkün deyildir. Aşağıda göstərilən əsaslara görə iddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçının adına verilmiş torpağa mülkiyyət haqqında dövlət aktından (JN 0661-kod ********) görünür ki, Şamaxı rayonu Nağaraxana kənd bələdiyyəsinin ərazisində olan və həmin dövlət aktına əlavədə olan cizgidə göstərilən sərhəd daxilindəki 8,50 hektar torpaq sahəsinin məqsədli təyinatı “tikinti məqsədli”dir. Yəni, həmin torpaq sahəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün məhz tikinti aparılması məqsədi ilə iddiaçıya satılmışdır. Sözügedən 8,50 ha torpaq sahəsinin relyefi, eləcə də digər xarakterik əlamətləri bu torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə istifadəsini də mümkünsüz edir. Yuxarıda göstərilən dövlət aktı əsasında adına verilən 25.09.2007-ci il tarixli reyestrdən çıxarışda da mülkiyyətində olan torpaq sahəsinin məqsədli istifadə növü sahibkarlıq kimi qeyd olunmuşdur. Lakin hazırda mübahisələndirdiyi 02.09.2020-ci il tarixli reyestrdən çıxarışda torpaq sahəsinin məqsədli təyinatının ümumiyyətlə göstərilməməsi, yalnız torpaq sahəsinin kateqoriyasının isə kənd təsərrüfatı torpaqları kimi göstərilməsi iddiaçının qanunla təsbit olunan və qorunan mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikasının ərazisi üçün vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını və s. tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1 -ci maddəsinin tələbinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Sözügedən Qanunun 2.3 və 2.4-cü maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İstinad olunan Qanunun 13.11 -ci maddəsinin tələbinə görə Dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Sözügedən Qanunun 23-cü maddəsinin tələbinə görə isə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. İddiaçı qeyd edir ki, xüsusi mülkiyyətində qalan 8,12 ha torpaq sahəsinin məqsədli təyinat növünün sahibkarlıq olaraq reyestrdən çıxarışda göstərilməməsi yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə zidd olmaqla yanaşı, cavabdeh orqanın həmin torpaq sahəsinə dair iddiaçının adına verilmiş 02.09.2020-ci il tarixli reyestrdən çıxarışda bu torpaq sahəsinin məqsədli təyinatının göstərilməsindən imtinasının əsasları da əsassızdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi cavabdeh orqan ərizənin icrasını mümkünsüz hesab edərkən ona əsaslanmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 20105-ci il tarixli Fərmanı ilə “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakı dövlət reyestrdən çıxarış”ın təsvirləri təsdiq edilmiş və həmin Fərmanın 2.1 -ci bəndində dövlət reyestrindən çıxarışın təsviri barədə izahat verilmişdir. Daha sonra cavabdeh orqan 06.10.2020-ci il tarixli imtina məktubunda göstərmişdir ki, guya reyestrdən çıxarışın təsvirindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsinin “məqsədli istifadə növü” qrafası çıxarılmış və yeni formada verilmişdir. Yeni formada verilmiş reyestrdən çıxarışda torpaq sahəsinin yalnız kateqoriyası (məqsədli təyinatı) qeyd olunmuşdur. Bununla bağlı qeyd edir ki, yuxarıda istinad edilən Fərmana əsasən reyestrdən çıxarışın yeni təsviri formasından “məqsədli istifadə növü” çıxarılıb, yalnız torpaq sahəsinin kateqoriyası saxlanılmamışdır. Yeni formada torpaq sahəsinə kateqoriyası ilə onun məqsədli təyinatı bir qrafada əks olunmuşdur ki, bu hal hətta cavabdeh orqanın 06.10.2020-ci il tarixli məktubunda da öz əksini tapmışdır. İddiaçı hesab edir ki, xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair elektron formada aparılan qeydiyyat kağız üzərindəki məlumatlara uyğun tərtib edilərək verilməli və bu zaman torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatlı torpaqlar” kimi göstərilsə də, məqsədli təyinatı “sahibkarlıq” kimi göstərilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, yuxarıda sözügedən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sənəddə, yəni JN-0661 kod 41011018 “torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda 8,50 hektar torpaq sahəsinin kənd təsərrüfatı torpağı olduğu göstərilməmişdir. Həmin aktda yalnız torpaq sahəsinin tikinti məqsədli olduğu göstərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan hüquq normalarından görünür ki, hazırkı iddia ilə pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və pozulmuş hüquqlarım məhkəmə qaydasında təmin edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iştirak etmiş, izahatında bildirmişdir ki, Ərazi İdarəsinin rəisi etirazında qeyd etmişdir ki, guya Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş dövlət reyestrindən çıxarışın təsvirində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alman torpaq sahəsinin məqsədli istifadə növü qrafası çıxarılmış və yeni formada reyestrdən çıxarışda torpaq sahəsinə yalnız kateqoriyası qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin yuxarıda istinad edilən Fərmanına əsasən reyestrdən çıxarışın yeni təsviri formasından ‘‘məqsədli istifadə növü” çıxarılaraq, yalnız torpaq sahəsinin kateqoriyası saxlanılmamışdır. Yeni formada torpaq sahəsinə kateqoriyası ilə onun məqsədli təyinatı bir qrafada əks olunmuşdur ki, bu hal hətta cavabdeh orqanın 06.10.2020-ci il tarixli məktubunda, eləcə də hazırkı etirazında da öz əksini tapmışdır. Cavabdeh təşkilat tərəfindən iddiaçının adına verilmiş, iş materiallarında olan 02.09.2020-i il tarixli reyestrdən çıxarışdan da (reyestr № **********26, qeydiyyat nömrəsi **********) görünür ki, cavabdeh təşkilat iddiaçının mülkiyyətində olan torpaq sahəsinin kateqoriyasını göstərərək, onun “kənd təsərrüfatı, təyinatlı torpaqlar” olduğunu göstərsə də, bu torpaq sahəsinin məqsədli təyinatı göstərməmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi reyestrdən çıxarışın yeni formasında torpaq sahəsinin kateqoriyası göstərilməklə yanaşı, bu torpaq sahəsinin “məqsədli istifadə növü”, yəni məqsədli təyinatı da göstərilmişdir. Göstərilən xüsusatlara istinadən hesab edir ki, cavabdeh təşkilatın iddiaçının müvafiq ərizəsinə verdiyi imtinasının əsasları kimi, hazırkı iddiaya etirazının əsasları da qanunsuz və əsassızdır. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirləri Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmanın 2.1 -ci bəndində Dövlət reyestrindən çıxarışın təsviri barədə izahat verilib. Reyestrdən çıxarışın təsvirində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsinin məqsədli istifadə növü qrafası çıxarılmış və yeni formada verilmişdir. Yeni formada verilmiş Reyestrən çıxarışda torpaq sahəsinin yalnız kateqoriyası ( məqsədli təyinatı) qeyd olunur. İddiaçı məxsus 8.12 ha torpaq sahəsi elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğuna görə, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı kimi göstərilmişdir. Daşınmaz əmlaka, növündən asılı olmayaraq, mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin, habelə daşınmaz əmlak üzərində hüquqların yüklülüyünün dövlət qeydiyyatını aparan Qeydiyyat orqanının torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə hər hansı bir hüququ yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı( Nazirlər Kabineti) tərəfindən həyata keçirilir. Buna görə də, Bakı şəhəri, İ.Həmidov küçəsi ev 50, m.01-də qeydiyyatda olan İddiaçı məxsus Şamaxı rayonun Nağaraxana kəndi ərazisində yerləşən 8.12 ha torpaq sahəsinin mülkiyyət sənədində torpaq sahəsinin məqsədli istifadə növünün sahibkarlıq məqsədilə qeyd olunması yuxarıda qeyd olunan hüquq normalarına zidd olduğu üçün mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtin aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılı olmaması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şamaxı rayonu, Nağaraxana bələdiyyəsinin 26.05.2005-ci il tarixli, 07 saylı qərarı ilə 8,50 hektar torpaq sahəsi iddiaçıya satılmış, torpaq sahəsinə mülkiyyət hüququ Azərbaycan Respublikasının DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən Dövlət aktı qeydiyyatı kitabında 581 nömrə ilə, 08.09.2005-ci il tarixində qeydiyyata alınmış və bununla əlaqədar olaraq iddiaçının adına JN 0661, kod 41011018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair 25.09.2007-ci il tarixində Azərbaycan Respublikasının DƏDRX-nin Şamaxı rayon Ərazi İdarəsi tərəfindən MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir (reyestr nömrəsi **********36, qeydiyyat nömrəsi 2********). Sözügedən reyestrdən çıxarışda Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən “torpaq sahəsinin təyinatı (kateqoriyası)” - kənd təsərrüfatlı təyinatlı torpaq kimi, “məqsədli istifadə növü” isə sahibkarlıq kimi göstərilmişdir. Bundan sonra iddiaçı mülkiyyətində olan 8,50 ha torpaq sahəsinin 0,38 ha hissəsi müvafiq alqı-satqı müqaviləsi ilə digər şəxsə satmış və iddiaçının mülkiyyətində qalan 8,12 ha torpaq sahəsinə dair adına 02.09.2020-ci il tarixində yenidən reyestrdə qeydiyyat aparılmışdır.(reyestr № **********26, qeydiyyat nömrəsi **********). Həmin qeydiyyatda iddiaçının mülkiyyətində qalan torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) kimi “kənd təsərrüfatı təyinatlı torpaqlar” sözləri göstərilmişdir. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edilərək mülkiyyətində qalan 8,12 ha torpaq sahəsinə dair adına verilmiş reyestrdən çıxarışın “məqsədli təyinatı” qrafasında sahibkarlıq sözünün göstərilməsi xahiş olunmuşdur. Lakin qeyd olunan müraciətinin icrasından cavabdeh orqan tərəfindən 06.10.2020-ci il tarixli məktubla imtina olunmuşdur. İddiaçı hazırda həmin imtinanın əsassız olduğunu hesab edir və Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən mülkiyyətində olan 8.12 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilərək, çıxarışda “Torpaq sahəsinin kateqoriyası” qrafasının qarşısında “Kənd təsərrüfatı təyinatlı torpaqlar” yazısından sonra “sahibkarlıq” sözünün əlavə edilməklə reyestrdən yeni çıxarışın verilməsini istəyir. İddiaçı hesab edir ki, istinad edilən Fərmana əsasən reyestrdən çıxarışın yeni təsviri formasından “məqsədli istifadə növü” çıxarılıb, yalnız torpaq sahəsinin kateqoriyası saxlanılmamışdır. Yeni formada torpaq sahəsinə kateqoriyası ilə onun məqsədli təyinatı bir qrafada əks olunmuşdur. İddiaçı hesab edir ki, xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair elektron formada aparılan qeydiyyat kağız üzərindəki məlumatlara uyğun tərtib edilərək verilməli və bu zaman torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatlı torpaqlar” kimi göstərilsə də, məqsədli təyinatı “sahibkarlıq” kimi göstərilməlidir. Cavabdeh inzibati orqan isə “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanına istinad edərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirləri Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmanın 2.1 -ci bəndində Dövlət reyestrindən çıxarışın təsviri barədə izahat verilib. Reyestrdən çıxarışın təsvirində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsinin məqsədli istifadə növü qrafası çıxarılmış və yeni formada verilmişdir. Yeni formada verilmiş Reyestrən çıxarışda torpaq sahəsinin yalnız kateqoriyası ( məqsədli təyinatı) qeyd olunur. İddiaçı məxsus 8.12 ha torpaq sahəsi elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğuna görə, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı kimi göstərilmişdir. İdarə hesab edir ki, qanunvericiliyin tələblərini pozmamışdır. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia əsaslı deyil və rədd edilməlidir. Belə ki, hazırkı mübahisənin yaranma əsası cavabdeh inzibati orqanın iddiaçıya məxsus torpaq sahəsi barədə məlumatların dövrət reystrinə düzgün yerləşdirilibyerləşdirilməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə ona səlahiyyətinə verilmiş və öhdəlik kimi müəyyən olunmuş əsaslarla torpaq sahəsi barədə dövlət reystrində qeydiyyat aparmışdır. Beləki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2020-ci il Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında 1-ci hissə ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmununa əsasən: 2.1. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən elektron çıxarışda aşağıdakılar göstərilir: 2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri; 2.1.2. Dövlət Xidmətinin adı; 2.1.3. hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs (şəxslər) haqqında məlumat:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;

2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.1.4. daşınmaz əmlakın növü; 2.1.5. daşınmaz əmlakın ünvanı; 2.1.6. daşınmaz əmlakın mülkiyyət növü; 2.1.7. daşınmaz əmlak üzərində hüququn növü; 2.1.8. daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə); 2.1.9. torpaq sahəsinin mülkiyyət növü; 2.1.10. torpaq sahəsi üzərində hüququn növü; 2.1.11. torpaq sahəsinin kateqoriyası (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri); 2.1.12. torpaq sahəsinin ölçüsü (hektarla); 2.1.13. daşınmaz əmlakın dövlət reyestr nömrəsi; 2.1.14. daşınmaz əmlakın qeydiyyat nömrəsi; 2.1.15. daşınmaz əmlakın qeydiyyat tarixi; 2.1.16. daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda – hər bir hüquq sahibinin adı, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq – hər bir hüquq sahibinin payı; 2.1.17. reyestr kitabının və onun vərəqinin nömrəsi; 2.1.18. dövlət reyestrindən elektron çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. 2.2. Digər hüquqların dövlət qeydiyyatı ilə bağlı təqdim edilən elektron çıxarışda bu sənədin 2.1.1-ci, 2.1.2-ci, 2.1.4-cü, 2.1.5-ci, 2.1.11-ci, 2.1.13-cü, 2.1.17-ci və 2.1.18-ci yarımbəndlərində göstərilən məlumatlarla yanaşı, aşağıdakı məlumatlar da göstərilir: 2.2.1. xeyrinə hüquqlar qeydiyyata alınan şəxs (şəxslər) haqqında məlumat:

1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı;

2. hüquqi şəxs olduqda – tam adı (o cümlədən təşkilati-hüquqi forması); 2.2.2. daşınmaz əmlakın mülkiyyətçisi və ya hüququ yüklü edilən digər şəxs (şəxslər); 2.2.3. üzərində hüquqlar qeydiyyata alınan daşınmaz əmlakın (əmlak hissəsinin) ölçüsü (torpaq sahəsinin ölçüsü – hektarla, digər daşınmaz əmlakın ölçüsü – kvadratmetrlə); 2.2.4. qeydiyyata alınan hüququn növü və müddəti; 2.2.5. əsas öhdəliyin mahiyyəti və icra müddəti (olduqda); 2.2.6. daşınmaz əmlak üzərində qüvvədə olan digər hüquqlar (olduqda). Göründüyü tənzimləyici normada dövlət reystrində torpaq sahəsi ilə bağlı bütün məlumatlar deyil, yalnız torpaq sahəsinin kateqoriyasının (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş kateqoriyalardan biri) qeydiyyatının aparılması nəzərdə tutulmuşdur. İnzibati orqanda həmin normalara uyğun olaraq torpaq sahəsinin kateqoriyası barədə məlumatı dövlət reystrində daxil etmişdir. Məhkəmə iddiaçıın “istinad edilən Fərmana əsasən reyestrdən çıxarışın yeni təsviri formasından “məqsədli istifadə növü” çıxarılıb, yalnız torpaq sahəsinin kateqoriyası saxlanılmamışdır” dəlilini əsaslı hesab etmir və qeyd edir ki, həmin fərmanda torpaq sahəsinin kateqoriyası barədə məlumatın göstərilməsini imperativ olaraq müəyyən etmişdir. Cavabdeh inzibati orqanda qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun qeydiyyat aparmış və əsaslı olaraq iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar