Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-420/2025 27.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (əlilliyin altsistemdə bərpası) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Həsənova (Abdullayeva) Gülzadə Tahir qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçının müddətsiz əlilliyinin “əlillik” altsistemində xx.xx.2020-ci ildən bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı Həsənova (Abdullayeva) Gülzadə Tahir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçının müddətsiz əlilliyinin “əlillik” altsistemində xx.xx.2020-ci ildən bərpası vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Qubadlı rayonunun Qayalı kəndində yaşadığı vaxt mərmi partlayışı zamanı dağıntılar altında qalmaqla ağır xəsarətlər almış və həmin xəsarətlərlə bağlı aldığı müalicələr nəticə verməmiş və ona 2014-cü ildən müddətsiz 2-ci dərəcəli əlillik təyin olunmuşdur, lakin xx.xx.2020-ci ildən ona pensiyanın verilməsi dayandırılmış və bərpa olunacağı vəd edilsə də, xeyli müddət keçməsinə baxmayaraq məsələ öz həllini tapmamışdır. İddiaçı hazırda xəstə olduğunu və mütəmadi müalicələrə ehtiyacı olduğunu, habelə pensiyanın kəsilməsinin özünə maddi sıxıntılar yaşatdığını bildirmişdir. Əlavə olaraq iddiaçının həyat yoldaşı da 2-ci qrup müddətsiz əlildir. Hərəkət qabiliyyəti məhdudluğundan əziyyət çəkir. İddiaçı ərizə ilə cavabdehə xx.xx.2023cü ildə müraciət etməklə onun müddətsiz əlilliyinin əlillik altsistemində dayandırıldığı vaxtdan bərpa olunmasını xahiş etmiş, lakin cavabdeh iddiaçının məktubunu xx.xx.2023cü il tarixdə alsa da cavablandırmamışdır. Hazırda isə altsistemə daxil edilmiş məlumata baxdıqda iddiaçıya 2014-cü ildə əlilliyin 1 il müddətinə təyin olunması və həmin müddətin xx.xx.2015-ci ildə bitməsi barədə məlumat daxil edilmişdir. Halbuki iddiaçı 2014-cü ildə özünə əlilliyin müddətsiz təyin olunduğunu və bu səbəbdən xx.xx.2020-ci il tarixə kimi pensiya aldığını bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş edirəm.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 27 fevral 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi yazılı etirazı müdafiə edərək bildirdi ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2011-ci il tarixində ilk dəfə qiymətləndirilmiş va ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və “hərbi xidmət vəzifələrini yerinə yetirməklə” səbəbindən bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2015-ci il tarixindən sonra "Əlillik" altsistemində vətəndaşa dair göndəriş va ya malumat aşkar edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan TSEK-də müayinə aktından çıxarışlara əsasən iddiaçıya 28 mart 2011-ci il tarixdə ümumi xəstəlik səbəbindən 1 il müddətinə İİ qrup əlilliyin təyin edilməsi, 12 mart 2014-cü il tarixdə hərbi əməliyyatlar keçirilən zaman alınmış xəsarətlər səbəbindən növbəti müayinə tarixi 12 mart 2015-ci il tarixi göstərilməklə 1 aprel 2015-ci il tarixədək İİ qrup əlilliyini təyin edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının Qərarı ilə iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək İİ qrup əlilliyə görə 150,59 manat pensiya təyin edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş arayışda xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənildiyi qeyd edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Qubadlı rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası 1.6-cı bənd: Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd: Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bənd: Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bənd: Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bənd: TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1.2-ci bənd: Göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bənd: Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7-ci bənd: Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2.Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın4.3-cü bəndinəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın4.2-ci bəndindəqeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə: ... 1.4. Tibbi-sosial ekspert komissiyalarıiki pilləlişəkildətəşkil olunur: ilkin pillə— zona tibbisosial ekspert komissiyaları; ali pillə— Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzi vəNaxçıvan Muxtar RespublikasıTibbi-Sosial Ekspert Komissiyası. 1.5. Tibbi-sosial ekspert komissiyalarıəlillik dərəcələrinin (qrupunun), müddətini vəsəbəbini müəyyən edir.Şəxsin həyat fəaliyyətinin məhdudlaşmasıdərəcəsindən asılıolaraq “Əlilliyin müəyyən olunmasımeyarlarına dair”Əsasnaməəsasında İ, İİ vəİİİ qrupəlillik təyin edilirvə “Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. ... 3.1.İlkin TSEK-lərin vəzifələri. Tibbi-sosial ekspertkomissiyaları: ... həyat fəaliyyətinin məhdudlaşmasının vəreabilitasiya imkanlarının qiymətləndirilməsiəsasındaəlillik dərəcəsini, onun müddətini, səbəbini vəəlilliyin başverməvaxtınıtəyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddə: Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddə: İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3-cü maddə: İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 70.Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
6. Məhkəmənin mövqeyi
Hazırkı işdən görünür ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində və başqa rayonlarında erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşın həlak olması, yaxud səhhətinin başqa cür zədələnməsi haqqında 581 nömrəli akta əsasən iddiaçının yaşadığı evə mərmi düşməsi nəticəsində qəlpə yarası alaraq sol qol sümüyü və sol bud sümüyü sınmışdır. xx.xx.1980-ci il təvəllüdlü iddiaçı Abdullayeva (Həsənova) Gülzadə Tahir qızına ilk dəfə olaraq ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik (Sol bud sümüyünün boynunun qapalı sınığı, sol said sümüklərinin orta 1/3–nin açıq yerdəyişmiş sınığı, 12 barmaq bağırsağın soğanağının xroniki xora xəstəliyi tez-tez kəskinləşmələrlə. MBS-in orta dərəcədə fünksiya pozğunluğu ilə İİ=li anemiya) təyin edilmişdir. Daha sonra iddiaçı barəsində xx.xx.2013-cü il tarixdə təkrar müayinə həyata keçirilmiş və hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti müayinə zamanı – xx.xx.2014-cü il tarixdə iddiaçı barəsində ikinci dərəcəli əlillik təyin edilmiş və sonrakı müayinə tarixi kimi xx.xx.2015-ci il qeyd edilmişdir. Lakin iddiaçı xx.xx.2014-cü il tarixdə yenidən müayinədə olmuş və barəsində müddətsiz olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin vaxtdan iddiaçının əlilliyə görə pensiya ödənişləri davam etdirilmiş və 2020-ci il tarixdə dayandırılmışdır. Məhkəmə tərəfindən Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlanaraq iddiaçıya 2020ci il tarixədək müddətsiz əlilliyə görə pensiya ödənilməsinə əsas olmuş sənədlərin göndərilməsi bildirilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdə iddiaçıya 2020-ci il tarixədək müddətsiz əlilliyə görə pensiya ödənilməsi öz təsbitini tapmışdır. Lakin həmin orqan iddiaçının əlilliyinin 2015-ci il tarixdə bitməsini qeyd edərək atıqödəmə aşkar edildiyini qeyd etmişdir. Sosial təminat hüququ sahəsində həyata keçirilən tənzimləmələr ədalət və hüquqi müəyyənlik prinsiplərinin tələblərinə də cavab verməlidirlər. Bu prinsiplər hər şeydən əvvəl hüquqi vəziyyətə dair aydınlığı, hüquqi tənzimləmələrin haqq-ədalətə əsaslanmalı olduğunu və qanunvericilik nizamlamalarının gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan görə bilmələri və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, insanların dövlətin hüquq siyasətinə etibarını artırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda,Agentlikəlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı inzibati orqan tərəfindən əməl edilməli olan məcburi prosedur qayda müəyyən etmiş, lakin cavabdeh buna riayət etmədən faktiki olaraq əlillik dərəcəsini ləğv etmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 2011-2014-cü illərdə ikinci dərəcə əlillik təyinatına əsas verən xəstəliklərinin onda təsbit edilməsi, həmçinin, sonuncu dəfə ona müddətsiz əlilliyin 2014-cü il tarixdə təyin edilməsi, 2020-ci il tarixədək müddətsiz əlilliyə görə pensiya ödənişlərinin davam etməsi, eləcə də iddiaçının vəziyyətində hər hansı sağalma hallarının müşayiət olunmaması, lakin buna baxmayaraq cavabdeh orqan tərəfindən şəxsin əyani müayinəyə cəlb edilmədən mövcud əlilliyinin dayandırılması onun sosial təminat hüquqlarının birbaşa pozulması ilə nəticələnir. Ona görə məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək iddianın təmin edilməsi qənaətindədir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı Abdullayeva (Həsənova) Gülzadə Tahir qızı barəsində təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin dayandırıldığı - 30 aprel 2020-ci il tarixdən elektron altsistemdə bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinet mövcud olduğu təqdirdə kabinetə yerləşdirildiyi gündən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinet mövcud olduğu təqdirdə kabinetə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinet mövcud olduğu təqdirdə kabinetə yerləşdirildiyi gündən) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev