Məhkəmə qərarları › İş №2-1(118)-4201/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4201/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4201/2025 19.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X2 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “ “BMW X5” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı, universal tipli, qara metallik rəngli, 5UXCR6C51KLK85613 ban nömrəli, 2018-ci il buraxılışlı nəqliyyat vasitəsinin üzərində onun mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib xarici ölkədən gətirdiyi “BMW X5” markalı 5UXCR6C51KLK85613 ban nömrəli nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin 27 noyabr 2024-cü il tarixli qərarına əsasən “BMW X5” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 5UXCR6C51KLK85613 ban nömrəli, qara metallik rəngli, 2018-ci il buraxılış avtomobilin Kanada dövlət ərazisində oğurlanması faktı üzrə əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir.Qeydiyyata hərəkətlərinin aparılması üçün cavabdehə müraciət etsə də onun müraciət müsbət həll edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı münasibət bildirməmişdir. Lakin, iddiaçıya verilmiş imtina məktubunda bildirmişdir ki, “qeyd olunan “BMW X5” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “İNTERPOL” tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X4 İdarəsinin Qeydiyyat-imtahan idarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər”. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surəti, cavabdehin xx.xx.2025-ci il tarixli 3-13-16/2-42567/2025 nömrəli imtina məktubu, cinayət işinin rədd edilməsi barədə qərarın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçotaalınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 5) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yə— vergilərin T yaxud ödənclərin ödənilməsi barədə sənəd: 6) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.........XİV. Təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri, habelə rəngi dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.XVİ. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, onun sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd edilən 14cü bəndinin normalarından anlaşılır ki, nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. İş materiallarından görünür ki, qeyd olunan halla bağlı bağlı yoxlama aparılmış, lakin, yoxlama nəticəsində hər hansı cinayət və inzibati xəta tərkibi olan hal aşkar edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan hadisələrinə dair iş üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, mübahisə predmeti olan “BMW X5” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 5UXCR6C51KLK85613 ban nömrəli, 2018-ci il buraxılışlı nəqliyyat vasitəsinin İNTERPOL xətti üzrə Kanada dövlətində oğurlanması faktı üzrə araşdırma aparılmışdır. Araşdırma nəticəsində sözügedən avtomobilin Kanada dövləti ərazisindən oğurlanması faktı üzrə əməldə hər hansı cinayət tərkibinin əlamətləri olmadığından, yəni İddiaçı hazırkı halda vicdanlı alıcı hesab edilərək əməlində oğurluq və digər cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla iddiaçı vicdanlı alıcı hesab edilmişdir.Həmin qərardan müəyyən edilir ki, Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun 19 noyabr 2024-cü il tarixli məktubuna əsasən İNTERPOL-un Baş katibliyindən alınan məlumata görə mübahisə predmeti olan avtomobil xx.xx.2023-cü il tarixdə Kanadda oğurlanmış və xx.xx.2024-cü il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. İş materiallarından görünür ki, iddiaçı mübahisəli nəqliyyat vasitəsini Azərbaycan Respublikası ərazisində alqı-satqı yolu ilə əldə etmiş, həmin nəqliyyat vasitəsi cavabdeh tərəfindən qeydiyyata alınıb, avtomobilin qeydiyyat şəhadətnaməsi hazırlanaraq, vətəndaşa təhvil verilmiş və hal-hazırda iddiaçının sahibliyindədir. Cavabdeh təşkilat avtomobilin oğurlanma faktı üzrə axtarışda olduğunu əsas gətirərək iddiaçının adına qeydiyyatın aparılmasından imtina edir. Cavabdeh təşkilatın oğurlanmış avtomobilin ilkin olaraq şəxsin adına qeydiyyata alaraq şəhadətnamə vermiş, sonradan yenidən qeydiyyat hərəkətlərinin aparılmaması mövqesi anlaşılan deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsi əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən edir. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. Mülki Məcəllənin 182.1-ci maddəsinin mənasına görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Hazırkı halda, iddiaçının mübahisəli avotomobilə münasibətdə vicdanlı alıcı olduğu nəzərə alınaraq, məhkəmə hesab edir ki, sonuncunun bundan irəli gələn hüquqlarının qorunması zərurəti vardır. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli daşınar əmlak “BMW X5” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 5UXCR6C51KLK85613 ban nömrəli, 2018-ci il buraxılışlı nəqliyyat vasitəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. “BMW X5” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı, universal tipli, qara metallik rəngli, 5UXCR6C51KLK85613 ban nömrəli, 2018-ci il buraxılışlı nəqliyyat vasitəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar