Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-421/2020 12.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xaçmaz rayon şöbəsinə qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsəinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı Məhkəməyə müraciət edərək ona beş uşaqlı ana kimi 10.04.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməli olan məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan iddia tələbi ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qərar qəbul etmiş, lakin verilmiş apellyasiya şikayətinə əsasən qərar ləğv edilərək yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İddiaçı müraciət etməsi məsələsinin aydınlaşdırılması olmuşdur. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən İddiaçı adına olan pensiya işi tələb edilərək öyrənilmiş və iddiaçının nümayəndəsi vasitəsi ilə DSMF-nin Xaçmaz rayon şöbəsinə müraciət etməsi müəyyən edilmişdir. Baxmayaraq ki, müraciət ərizəsi imzalanmamışdır, həmin ərizəyə rəsmi imtina məktubu verilmişdir və sonradan həmin imtina məktubu əsasında məhkəmə çəkişmələri baş vermişdir. Ona görə də hesab olunur ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi haqqında ərizəsi nümayəndəsi tərəfindən imzalanmamasına baxmayaraq verilmiş hesab edilməlidir. Məhkəmə hesab edirki, iddia tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. 10.04.2016-cı il tarixdə 55 yaşı tamam olduğundan 5 nəfər övladı olan və 10 ildən artıq sığorta stajına malik qadın kimi pensiya hüququ yaranmışdır. Bildirir ki, uşaqlardan üçü ögey övladlarıdır. Anaları mərhum X5 28.12.1988-ci ildə vəfat etmişdir. O, 09.02.1989-cu ildə X10 ilə rəsmi nikaha daxil olmuşdur. Bununla bağlı cavabdehə müraciət etmiş, 30.05.2017-ci il tarixdə sənədləri qəbul edilmiş, 06.03.2018-ci il tarixli 73/461-2 saylı məktubla ona imtina edilmişdir. Əmək pensiyası hüququ pozulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X10 məhkəmə prosesində eyni məzmunlu izahat verərək, bildirmişdir ki, iddiaçının əri və nümayəndəsidir. Birinci nikahdan 3 övladı olmuş və birinci nikahdan olan arvadı Zanbağ Əliyeva rəhmətə getmişdir. Uşaqları balaca olduğundan 2-ci dəfə İddiaçı ilə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. İddiaçı onun birinci nikahdan doğulmuş uşaqlıqdan sağlamlıq imkanları olan övladı 14.03.1985-ci il təvəllüdlü Əliyeva Aygün Həsən qızına ana kimi baxmış və həmin uşağı böyütmüşdür. Lakin həmin Aygün 15 yaşına çatdıqda böyrək çatışmamazlığından vəfat etmişdir. Hesab edir ki, İddiaçı sağlamlıq imkanları olan uşağa baxdığına görə ona pensiyaya çıxmaq üçün tələb edilən yaş həddi və sığorta stajı azaldılmalıdır.Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Məhkəməyə 07.01.2020-ci il tarixli **********6 nömrəli etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı 30.06.2017-ci il tarixdə 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün ərzə ilə cavabdehə müraciət etmişdir. 01.01.2006-cı il tarixdə qəbul olunmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 01.07.2017-ci il tarixə kimi qüvvədə olan tələblərinə əsasən qadınlar azı 12 il sığorta stajı olduqda 60 yaşında yaşa görə əmək pensiyası almaq hüququna malik olurlar. Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları 8 yaşına kimi tərbiyə etmiş analar Qanunun 7-ci maddəsinə əsasən tələb olunan yaş həddi hər uşağa görə bir il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququna malik olunurlar. İddiaçı sənədləri araşdırılarkən müəyyən olunub ki, 14.03.1985-ci il təvəllüdlü Əliyeva Aygün Həsən qızı, 13.01.1986-cı il təvəllüdlü X7, 28.12.1988-ci il təvəllüdlü X11 ərizəçinin doğma uşaqları deyil. Belə ki, vətəndaş xx.xx.1961-ci il təvəllüd olduğu üçün doğma 5 uşağı və 10 il sığorta stajı olduğu halda 60 yaş 5 il azaldılmaqla 55 yaşda əmək pensiyası almaq hüququ qazanardı. Lakin vətəndaşın iki doğma uşağı olduğu üçün və 01.01.2006-cı il tarixdən qüvvədə olan qanunda ögey uşaqların doğma uşaqlarla bərabər tutulması barədə başqa şərtlər nəzərdə tutulmadığı üçün İddiaçı çoxuşaqlı ana hesab oluna bilməz. İddiaçı çoxuşaqlı ana olması öz təsdiqini tapmadığı və 01.01.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda ögey uşaqların hər hansı şərt ilə doğma uşaqlara bərabər hesab olunması nəzərdə tutulmadığı üçün vətəndaşın çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin olunması barədə iddianın təmin olunmasından imtine edilməsini xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi etirazda yazdıqlarına uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 06.03.2018-ci il tarixli 73/461-2 nömrəli imtinasına əsasən bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.3-cü bəndində göstərildiyi kimi, ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşınaa səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına böyüdən ataların, həmçinin 5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta syajı olduqdan bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının müqaviəti Qanunun tələblərinə cavab vermədiyi üçün ərizəsi qeyri-müsbət həll edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.1961-ci ildə Xaçmaz rayonunun Susay kəndində anadan olmuşdur. İV-ЖГ № 495405 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 09.02.1989-cu ildə X10 ilə nikaha daxil olmuş, həmin nikah şəhadətnaməsi əsasında onun Yunusova soyadı Əliyeva soyadı ilə dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 14.03.1985-ci il təvəllüdlü Əliyeva Aygün Həsən qızı, 13.01.1986-cı il təvəllüdlü X7, 28.12.1988-ci il təvəllüdlü X11 ögey, 23.12.1989-cu il təvəllüdlü X8 və X3 isə iddiaçının X10 ilı birgə nikahdan olan övladlarıdır. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər inzibati ərazi dairəsində nümayəndəsinin 14.02.2017-ci il tarixli 424 nömrəli arayışından görünür ki, İddiaçı, Xudat şəhəri Niyazi küçəsi ev 10 ünvanda yaşayır, 14.03.1985-ci il təvəllüdlü Əliyeva Aygün Həsən qızı, 28.12.1988-ci il təvəllüdlü X11 və 13.01.1986-cı il təvəllüdlü X7 adlı 8 yaşa kimi tərbiyə edib böyütdüyü uşaqları vardır. İş materiallarına əlavə edilmiş AZ 080800 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, Əliyeva Aygün Həsən qızı 31.01.2001-ci il tarixdə 15 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 20.02.2001-ci il tarixdə 46 nömrə ilə qeyd aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Xaçmaz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi Xudat şəhər xəstəxanasının Sumqayıt İnzibati Məhkəməsinin sorğusuna verdiyi 30.04.2020-ci il tarixli 375 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, 14.03.1985-ci il təvəllüdlü Aygün Əliyeva anadan olandan "anadangəlmə sidik yollarının anomaliyası" diqanozu ilə müalicə alıb. Bir neçə dəfə Cavadzadə adına Respublika Uroloji kiliniki xəstəxanasında müalicə almışdır. Xəstəliyi pioelonefrit, xroniki böyrək çatışmazlığı, uremiya ilə fəsadlaşmış, 20.01.2001-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçının 21.08.1989-04.02.1994-cü illərdə Azərbaycan Dövlət Dəmiryolu idarəsinin Sarvan stansiyasında bağban işləməsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3100/2017 nömrəli iş üzrə 06.06.2017-ci il tarixli qətnaməsinə əsasən isə 1978-1984-cü illərdə "Ukrayna" sovxozunda fəhlə işləməsi faktı müəyyən edilməsi, bununla da, 10 ildən artıq iş stajına malik olması öz təsdiqini tapmışdır. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, «Əmək pensiyaları haqqında» Qanunun 8.1 maddəsinə edilmiş əlavə və dəyişiklikəri nəzərdə tutan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 10.03.2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər, yəni 01.07.2017-ci il tarixədək İddiaçı pensiya hüququ yaranmışdır. Cavabdehin həm 16.03.2018-ci il tarixli imtinasının, həm də 07.01.2020-ci il tarixli etirazının əsas dəlilini «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan 8.1-ci və 8.3-cü maddələrinin mübahisəyə tətbiq edilməsinin mümkün olmaması təşkil edir. Məhkəmə etirazın dəlili ilə razılaşmır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşdən görünür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş iddiaçının 10.04.2016-cı il tarixədək 55 yaşı tamam olmuş, həmin tarixə onun 3 övladı səkkiz yaşına çatmış və 12 ildən artıq iş stajına malik olmuş, səkkiz yaşınadək tərbiyə etdiyi 14.03.1985-ci il təvəllüdlü Əliyeva Aygün Həsən qızı sağlamlıq imkanı məhdud uşaq olmuşdur. Bu da o deməkdir ki, iddiaçının 55 yaşının tamam olduğu tarixdə yaşa görə əmək pensiyası hüququ artıq yaranmışdı. Cavabdeh təşkilatın nümayəndəsinin iddiaçının 3 övladının doğma olmaması səbəbindən “Əmək Pensiyaları haqqında ” Qanunun 8.2-ci maddəsinin tətbiq edilməsinin qeyri mümkün olması ilə bağlı gətirdiyi arqumenti məhkəmə əsasız hesab edir. Belə ki, qeyd olunan Qanunun 8.2-ci maddəsində 8.1-ci maddəsindən fərqli olaraq ananın doğma və ya ögey olması göstərilməmişdir. Ümumiyətlə qanunvericilikdə valideyinlərin ögey olması anlayışının olması mövcud deyil və cəmiyyətdə qəbul edilmiş ümumi qaydalara görə valideyinin ögey olması dedikdə valideyinlərin hər hansı biri ilə yenidən nikah daxil olmuş anlamına gəlir. Əgər uşağın valideyini ilə yenidən nikaha daxil olub uşağın doğum haqqında şəhadətnaməsində ana kimi qeyd aparılarsa, o halda həmin uşaq övladlığa götürülməlidir. Belə olduqda uşağın valideyini ilə yenidən nikaha daxil olan şəxs övladlığa götürən statusunu əldə edir. Ona görə də hesab olunur ki, “Əmək Pensiyaları haqqında ” Qanunun 8.2-ci maddəsində ana anlayışı deyildikdə həmin şəxsin ögey və ya doğma olması əhəmiyyət kəsb etmir. Belə ki, qeyd olunan maddənin tələbinə əsasən yaşa görə əmək pensiyası hüququnu əldə etmək üçün əsaslardan ən vacibi sağlamlıq imkanları məhdud uşağın 5 yaşına qədər qayğısına qalmaqla tərbiyyə etməkdən ibarətdir. Uşağın doğum haqqında şəhadətnaməsində olan ana qrafasında İddiaçı adının yazılmaması formal xarakter daşıyır və ana hesab edilən İddiaçı ərinin birinci nikahından olan övladı Aygünün qayğısına qalmaqdan məhrum etmir. Məhkəmə hesab edirki, İddiaçı sağlamlıq imkanları məhdud olan 14.03.1985-ci il təvəllüdlü Əliyeva Aygün Həsən qızının 5 ildən artıq qayğısına qaldığına görə ona yaşa görə pensiya hüququnun yaranması üçün tələb edilən yaş həddi 5 il azaldılmalıdır. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən müəyyən olunur ki, 07.04.1983-12.02.1989-cu illərdə Xudat Konserv zavodunun hazır məhsullar sexində fəhlə, 21.08.1989-04.02.1994-cü illərdə isə Azərbaycan Dövlət Dəmiryolu idarəsinin Sarvan stansiyasında bağban işləmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-3100/2017 nömrəli iş üzrə 06.06.2017-ci il tarixli qətnaməsinə əsasən isə onun 1978-1984-cü illərdə "Ukrayna" sovxozunda fəhlə işləməsi faktı müəyyən edilmişdir. Bu isə iddiaçının ümumilikdə 12 ildən artıq iş stajına malik olması faktını təsdiq edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının pensiyası hüququ yarandıqdan sonra «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər, bununla hüquqi vəziyyəti ağırlaşan iddiaçıya münasibətdə geriyə şamil oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə isə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu mənada məhkəmə cavabdehin etirazının qanunun yanlış təfsirindən ibarət olan dəlilləri ilə razılaşmır və onları əsassız hesab edir, iddiaçının tələbinin iş materialları ilə tam təsdiq olunduğu qənaətinə gəlir. Belə ki, iş materiallarında olan cavabdehin imtinasına, iddia ərizəsinə etiraza və iddiaçının müraciətinə əsasən başlanmış inzibati icraat materiallarının tədqiqinin nəticələrinə əsasən Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əldə etmiş olduğu hüquqların həyata keçirilməsi barədə müraciəti məhz "Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanununa edilmiş müvafiq dəyişikliklərin qüvvəyə minməsindən qabaq, 30.06.2017-ci il tarixdə qeydə alınmışdır. Bu isə, hazırkı mübahisənin yaşa görə əmək pensiyasına çıxmaq üçün tələb edilən yaş və əmək stajının hesablanması üçün zəruridir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia qismən təmin edilərək İddiaçı sağlamlıq imkanları məhdud 14.03.1985-ci il təvəllüdlü Əliyeva Aygün Həsən qızına qulluq etdiyinə görə yaş həddi 5 il azaldılmaqla 10.04.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xaşmaz rayon şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı sağlamlıq imkanları məhdud 14.03.1985-ci il təvəllüdlü Əliyeva Aygün Həsən qızına qulluq etdiyinə görə yaş həddi 5 il azaldılmaqla 10.04.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-421/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-421/2020
12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver