Məhkəmə qərarları › İş №2-1(118)-4218/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4218/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4218/2025 03.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: elektron uçot xəritəsində müvafiq düzəlişlərin aparılması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “JN-0073 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən torpağın elektron uçot xəritəsində müvafiq düzəlişlərin aparılması, torpağın koordinatlarının müəyyən olunması və iddiaçının adına qeydiyyata alınması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, torpaq sahəsinə aid məlumatlarda torpağın elektron uçot xəritəsində müvafiq düzəlişlərin aparılması, torpağın koordinatlarının müəyyən olunması və iddiaçının adına qeydiyyata alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Şamaxı rayonu Muğanlı kəndində ailə üzvləri ilə yaşayır. xx.xx.2022- ci il tarixli ********** qeydiyyat nömrəli reyestrlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi çıxarışına əsasən Şamaxı rayonu Muğanlı kəndində 2,2177 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd olunan hal ilə bağlı torpaqların elektron uçot xəritəsində müvadiq düzəlişlərin aparılması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət etmişəm.Mənə məlumat verilib ki, naturada istifadəmdə olan torpaq sahəsində GPS ölçü aləti vasitəsilə çöl ölçmə işləri aparılaraq torpaq sahəsinin koordinatları müəyyən edilmişdir və bu barədə akt tərtib edilmişdir. Elektron kadastrr məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,sözügedən 2,2177 ha (JN-0073Z) torpaq sahəsi elektron uçot xəritəsində 0,92 ha azalaraq 1,30 ha kimi işlənmişdir. Əksik olan 0,92 ha torpaq sahəsinin tamamlanması məqsədi ilə Bələdiyyənin torpaq sahəsindən eyni ölçüdə torpaq sahəsi ayrılaraq mənə verilmişdir.Həmin torpaq sahəsini torpaqların elektron uçot xəritəsinə yerləşdirmək üçün bu məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabelyındə olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə gəndərilmişdir.Hazırlanmış məlumatlara əsasən bildirilmişdir ki, tamamlanması nəzərdə tutulan 0,92 ha torpaq sahəsinin 0,46 ha hissəsi islahat xəritəsinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kollu örüş torpaq sahəsi olduğundan müraciətinizin icrası mümkün olmamışdır. Buna görə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyiyanın Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı ərazi idarəsi 20 dekabr 2024-cü il tarixli 3-21-3-41/2-3049/2024 saylı imtinası ilə torpaq sahəsinin torpaqların elektron uçot bazasına daxil edilməsindən imtina etmişdir. Belə hesab edir ki, bu imtina əsassızdır. Belə ki, həmin torpaq sahəsi islahat vaxtı başqa bir şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi olmuş, o həmin torpaq sahəsini başqa şəxsə satmış, həmin şəsdən də bu torpaq sahəsini almışdır. Torpaq sahələrinin sürüşdürülməsi nəticəsində m torpaq sahəsinin bir hissəsi yox olub. Həmin hissənin ona verilməsini tələb etmişdir. Bələdiyyə də öz fondunda olan torpaq sahəsindən əksik olan torpağını vermişdir. Bu onun tam olaraq qanuni haqqıdır. Cavabdeh isə mənim qanuni torpaq sahəsini torpaqların elektron baza məlumatlarına daxil etməkdən imtina edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsə də 03 iyul 2025-ci il tarixli məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonu Muğanlı kəndində yerləşən JN-0073 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən elektron uçot xəritəsində müvafiq dəyişikliklərin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən iddiaçının istifadəsinidə olan torpaq sahəsində GPS ölçü aləti vasitəsilə çöl ölçmə işləri aparılaraq torpaq sahəsinin koordinatları müəyyən edilmişdir və bu barədə akt tərtib edilmişdir. Elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, sözügedən 2,2177 ha (JN-0073Z) torpaq sahəsi elektron uçot xəritəsində 0,92 ha azaldaraq 1,30 ha kimi işlənilmişdir. Qeyd olunan hal ilə bağlı torpaq sahəsinə (tamamlanması nəzərdə tutulan 0,92 ha hissə ilə birlikdə) aid hazırlanmış məlumatlar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyində olan "xxxx" MMC-yə göndərilmişdir. Hazırlanmış məlumatlara əsasən bildirilmişdir ki, tamamlanması nəzərdə tutulan 0,92 ha torpaq sahəsinin 0,46 ha hissəsi islahat xəritəsinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kollu örüş torpaq sahəsidir. Bu səbəbdən İddiaçı müraciətinin icrası mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr nömrəsi **********76, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 2.2177 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Torpaq sahəsinə A №866621 saylı plan-ölçü sənədi verilmişdir. Reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən 0.6220 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 08 may 2025-ci il tarixli 3-21-3-41/2- 1328/2025 saylı məktubunda qeyd edilmişdir ki, Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən tamamlanması nəzərdə tutulan 0,92 ha torpaq sahəsinin 0,46 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla uqodiyası örüşdür. Nəzərdə tutulan 0,46 ha torpaq sahəsi İ keyfiyyət qrupu (yararlı) olmaqla bonitet balı 90-dır. Sözügedən torpaq sahəsi iki tərəfdən xüsusi mülkiyyətə verilmiş pay (əkin) torpaqları, bir tərəfdən Bakı-Şamaxı-Yevlax avtomobil yolu və bir tərəfdən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş torpaqları ilə əhatə olunub. Əlavə olaraq iddiaçının müraciəti ilə bağlı tamamlanması nəzərdə tutulan torpaq sahəsində ölçü işləri aparılmışdır. Məlum olmuşdur ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarıdır. Bu səbəbdən elektron uçot məlumatlarında (TEKUİS) müvafiq düzəlişlərin aparılması mümkün olmamışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı JN-0073 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən tamamlanması nəzərdə tutulan 0.92 ha torpaq sahəsinə aid məlumatlarda torpağın elektron uçot xəritəsində müvafiq düzəlişlərin aparılması, torpağın koordinatlarının müəyyən olunması və iddiaçının adına qeydiyyata alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən iddiaçının istifadəsinidə olan torpaq sahəsində GPS ölçü aləti vasitəsilə çöl ölçmə işləri aparılaraq torpaq sahəsinin koordinatları müəyyən edilmişdir və bu barədə akt tərtib edilmişdir. Elektron kadastr məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, sözügedən 2,2177 ha (JN-0073Z) torpaq sahəsi elektron uçot xəritəsində 0,92 ha azaldaraq 1,30 ha kimi işlənilmişdir. Qeyd olunan hal ilə bağlı torpaq sahəsinə (tamamlanması nəzərdə tutulan 0,92 ha hissə ilə birlikdə) aid hazırlanmış məlumatlar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyində olan "xxxx" MMC-yə göndərilmişdir. Hazırlanmış məlumatlara əsasən bildirilmişdir ki, tamamlanması nəzərdə tutulan 0,92 ha torpaq sahəsinin 0,46 ha hissəsi islahat xəritəsinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kollu örüş torpaq sahəsidir. Bu səbəbdən İddiaçı müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə sorğusuna cavab olaraq cavabdehin 08 may 2025-ci il tarixli 3- 21-3-41/2-1328/2025 saylı məktubunda qeyd edilmişdir ki, Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən tamamlanması nəzərdə tutulan 0,92 ha torpaq sahəsinin 0,46 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla uqodiyası örüşdür. Nəzərdə tutulan 0,46 ha torpaq sahəsi İ keyfiyyət qrupu (yararlı) olmaqla bonitet balı 90-dır. Sözügedən torpaq sahəsi iki tərəfdən xüsusi mülkiyyətə verilmiş pay (əkin) torpaqları, bir tərəfdən Bakı-Şamaxı-Yevlax avtomobil yolu və bir tərəfdən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş torpaqları ilə əhatə olunub. Əlavə olaraq iddiaçının müraciəti ilə bağlı tamamlanması nəzərdə tutulan torpaq sahəsində ölçü işləri aparılmışdır. Məlum olmuşdur ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 3.Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Hazırkı mübahisənin yaranmasının əsasını iddiaçının istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsinin olması təşkil edir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri , meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.

4. Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi örüş torpaqlarının şəxslərin mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materialları ilə müəyyən edilir ki, hazırda iddiaçının iddia etdiyi JN-0073 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən tamamlanması nəzərdə tutulan 0.92 ha torpaq sahəsi kənd təsərrüfatının örüş torpaqları növünə daxildir. Məhkəmə qeyd edir ki, kənd təsərrüfatı təyinatlı örüş torpağının yararlı və ya yararsız olmasının fərqləndirilməsinə zərurət yoxdur, keyfiyyət dərəcəsindən asılı olmayaraq belə torpaqlar mülkiyyətə verilə bilməz. Örüş, otlaq və biçənək sahələri zamanla məhsuldarlığı və münbitliyini itirsə belə, yəni az yararlı və ya ümumiyyətlə yararsız olsa belə, bu yenə də həmin torpaqların mülkiyyətə verilməsini istisna edəcək. Qeyd edilənlər cavabdeh inzibati orqanın hərəkətləri və imtinasının əsaslı olduğunu göstərir. Belə ki, örüş torpaqlarının başqa məqsədlər üçün istifadəsi yalnız kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın JN-0073 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən torpağın elektron uçot xəritəsində müvafiq düzəlişlərin aparılması, torpağın koordinatlarının müəyyən olunması və iddiaçının adına qeydiyyata alınmasından imtinası qanunsuz olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar