Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4236/2025 28.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasının 4cü giriş, 4-cü mərtəbəsində (yeni qaydalarla: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfi Hacıyev küçəsi, ev 150, mənzil 14) ümumi sahəsi 73.2 kv.m olan 2 otaqlı mənzilin üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tikintisi həyata keçirilən yaşayış binasında 2 otaqlı mənzil almaq üçün qeyd olunan kooperativ ilə 28 fevral 2007-ci il tarixli. 11 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə uyğun olaraq, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasının 4-cü giriş, 4-cü mərtəbəsində (yeni qaydalarla: Sumqayıt şəhəri. 9-cu mikrorayon, Zülfi Hacıyev küçəsi, ev 150, mənzil 14) ümumi sahəsi 73.2 kv.m olan 2 otaqlı mənzilin pay dəyərini tam şəkildə ödəmiş və "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən bu faktı təsdiq edən xx.xx.2017-ci il tarixli, 107 saylı Maliyyə Arayışı almışdır. Təqribən 2020-ci ilin başlarında bina istismara qəbul edilmiş və həmin tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi (Bundan sonra sadəcə “2 saylı Sumqayıt Ərazi İdarəsi”) tərəfindən əvvəlki müqavilələrin dəyişdirilərək mənzilinin plan sxemi və maliyyə arayışı ilə birlikdə müraciət edilməsi tələb edilmişdir. Bu səbəblə, bina sakinləri "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə yeni müqavilələr bağlamış və sözügedən müqavilələr əsasında aldıqları yeni maliyyə arayışları və mənzil sxemləri ilə birlikdə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək mülkiyyətə dair çıxarışlarını əldə etmişdirlər. İddiaçı da Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasının 4-cü giriş 4-cü mərtəbəsində (yeni qaydalarla: Sumqayıt şəhəri, 9-cu mikrorayon. Zülfi Hacıyev küçəsi, ev 150. mənzil 14) ümumi sahəsi 73.2 kv.m olan 2 otaqlı mənzilə mülkiyyət hüququma dair çıxarış almaq məqsədilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilən 22 may 2024-cü il tarixli. 3-21-3-31/2-1832/2024 №-li cavab məktubunda "...yaşayış sahəsi üzərində "Halal-2” MMC-nin hüquqları dövlət reyestrində qeydiyyata alındıqdan sonra və notarial qaydasında bağlanmış müqavilə təqdim edildikdən sonra müraciətinizə qanuna müvafiq baxılacaqdır” deyə qeyd edərək çıxarış verilməsindən imtina etmişdir. İddiaçı daha əvvəl “Halal" Mənzil-Tikinti Kooperativi ilə bağladığı 28 fevral 2007-ci il tarixli, 11 saylı müqaviləni və xx.xx.2017-ci il tarixli, 107 saylı Maliyyə Arayışı yeni müqavilə bağlanması üçün "xxxx" MMC-yə təqdim etmişdir. Və buna uyğun olaraq “Halal- 2" MMC ilə aralarında 15 avqust 2022-ci il tarixli. 11 saylı müqavilə bağlanmışdır. Hətta "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli Arayış təqdim edərək "xxxx" MTK-nın hüquqi varisinin "xxxx" MMC olduğunu, və İsmayıllı Rə'M Məhər oğlunun mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün DƏDKR (əvvəlki DƏDRX)-in tələbi ilə sözügedən mənzilə dair xx.xx.2022-ci ildə yenidən müqavilə bağlanıldığı bildirmişdir. Bütün bunlara baxmayaraq 2 saylı Sumqayıt Ərazi idarəsi mülkiyyət hüququna dair çıxarış verilməsindən imtina etmişdir. Məhz aşağıda qeyd edilənlərə əsasən Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən уaşayış binasının 4-cü giriş, 4-cü mərtəbəsində (yeni qaydalarla: Sumqayıt şəhəri. 9-cu mikrorayon. Zülfi Hacıyev küçəsi, ev 150, mənzil 14) ümumi sahəsi 73.2 kv.m olan 2 otaqlı mənzil üzərində mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyi 2 Saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır: Hüquqi əsaslandırma: Qanunvericiliyə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir: "xxxx" Mənzil-Tikinti Kooperativi ilə bağlanmış 28 fevral 2007-ci il tarixli, 11 saylı Müqaviləyə uyğun olaraq, sözügedən mənzilin pay dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmiş, bu fakt "Halal” Mənzil-Tikinti Kooperativi tərəfindən təqdim olunmuş xx.xx.2017ci il tarixli. 107 saylı Maliyyə Arayışı ilə təsdiq olunmuşdur. Hətta "Halal-2” MMC tərəfindən xx.xx.2024-cü il tarixli Arayış da Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasının 4-cü giriş, 4-cü mərtəbəsində (yeni qaydalarla: Sumqayıt şəhəri, 9-cu mikrorayon. Zülfi Hacıyev küçəsi, ev 150. mənzil 14) ümumi sahəsi 73.2 kv.m olan 2 otaqlı mənzilin ona məxsus olduğunu göstərməkdədir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, "Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Beləliklə, qeyd olunan normanın tələblərinə uyğun olaraq 107 saylı Maliyyə Arayışı təqdim olunduğu tarixdən etibarən iddiaçının mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Eyni növ sənədlərlə eyni binanın sakinlərindən bəzilərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır: 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən göndərilmiş 22 may 2024-cü il tarixli. 3-21- 3-31/2-1832/2024 №-li bildirişdə təqdim olunan sənədlərin mənzil üzərində hüququn qeydiyyatı üçün əsas olmadığı qeyd olunsa da həmin sənədlərlə quruma müraciət etmiş binadakı digər mənzil sahiblərinin (X8, X2 və s. qonşuların) mülkiyyət hüququ tanınmışdır. Yəni 2 Saylı Sumqayıt Ərazi İdarəsi eyni əsasla başqa şəxslərə çıxarış təqdim edib iddiaçıya çıxarış təqdim etməməyi tamamilə mənasızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. 16 oktyabr 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, izahatında imtinanın əsaslarını müdafiə etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativi ilə MTK-nın üzvü İddiaçı arasında Sumqayıt şəhər 9-cu mikrorayonun ərazisində yerləşən yaşayış binanının 4-cü giriş, 4-cü mərtəbəsində ümumi sahəsi 73.2 kv m. olan 2 otaqlı mənzilin alqı satqısına dair (indiki ünvanı Sumqayıt ş., 9-cu mkr, Zülfi Hacıyev k., ev 150 mənzil 14) xx.xx.2007-ci ildə müqavilə bağlanmışdır, İddiaçı tərəfindən müqavilə üzrə ödəniş məbləğ tam ödənilmiş və "Halal” MTK-tərəfindən verilmiş 107 saylı xx.xx.2017-ci il tarixli arayışla ödəniş rəsmiləşdirmişdir. Mənzil üzərindəki mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədi ilə DƏDRX-in tələbi əsasında "xxxx" MTK-nın hüquqi varisi ilə "xxxx" MMC-ilə İddiaçı arasında 15 avqust 2022-ci il tarixində həmin mənzilə dair yenidən müqavilə bağlanmışdır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 avqust 2022-ci il tarixli 11 saylı müqavilə əsasında Sumqayıt şəhəri, 9-cu mkr, Zülfi Hacıyev küçəsi, ev 150, mənzil 14 iddiaçının mülkiyyətinə verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binasının Halal 2 MMC-yə məxsus olması, binanın 5-ci giriş, 4-cü mərtəbəsində sahəsi 73.0 kv. metr olan 2 otaqlı, 14saylı mənzilin pay dəyərinin payçı İddiaçı tərəfindən tam ödənilməsi, MMC-yə borcunun olmadığı qeyd edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 11 saylı müqavilənin surəti iş materiallarına əlavə edilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş maliyyə arayışında mənzilin pay dəyərinin iddiaçı tərəfindən ödənildiyi, MTK-ya borcu olmadığı qeyd edilmişdir Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə **********, **********, ********** qeydiyyat nömrəli çıxarışların və onların verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Qeyd edilmişdir ki, ********** qeydiyyat nömrəli daşınmaz əmlak "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, "xxxx" Mənzil-Tikinti Kooperativi ilə MTK-nın üzvü İddiaçı arasında Sumqayıt şəhər 9-cu mikrorayonun ərazisində yerləşən yaşayış binanının 4-cü giriş, 4-cü mərtəbəsində ümumi sahəsi 73.2 kv m. olan 2 otaqlı mənzilin alqı satqısına dair (indiki ünvanı Sumqayıt ş., 9-cu mkr, Zülfi Hacıyev k., ev 150 mənzil 14) xx.xx.2007-ci ildə müqavilə bağlanmışdır, İddiaçı tərəfindən müqavilə üzrə ödəniş məbləğ tam ödənilmiş və "Halal” MTK-tərəfindən verilmiş 107 saylı xx.xx.2017-ci il tarixli arayışla ödəniş rəsmiləşdirmişdir. Mənzil üzərindəki mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədi ilə DƏDRX-in tələbi əsasında "xxxx" MTK-nın hüquqi varisi ilə "xxxx" MMC-ilə İddiaçı arasında 15 avqust 2022-ci il tarixində həmin mənzilə dair yenidən müqavilə bağlanmışdır. İddiaçı qeyd edilən mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Cavabdeh imtinasında qeyd edir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamışdır. Yaşayış sahəsi üzərində "xxxx" MMC-nin hüquqları dövlət reyestrində qeydiyyata alındıqdan və notariat qaydasında bağlanmış müqavilə təqdim edildikdən sonra iddiaçının müraciətinə yenidən baxılacaq. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı ünvan 3 ünvanında yerləşən bəzi mənzillərin çıxarışları məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş iş materiallarından müəyyən olunur ki, "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 293 saylı müqavilə və maliyyə arayışı əsasında X5 **********46- 05305-093037 reyestr nömrəli çıxarış, xx.xx.2022-ci il tarixli, 114 saylı müqavilə və maliyyə arayışı əsasında X1 **********46-05301-093038 reyestr nömrəli çıxarış, xx.xx.2022-ci il tarixli, 28 saylı müqavilə və maliyyə arayışı əsasında X3 **********46-05301-093041 reyestr nömrəli çıxarış verilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 15 avqust 2022-ci il tarixli 11 saylı müqavilə əsasında Sumqayıt şəhəri, 9-cu mkr, Zülfi Hacıyev küçəsi, ev 150, mənzil 14 iddiaçının mülkiyyətinə verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binasının "xxxx" MMCyə məxsus olması, binanın 5-ci giriş, 4-cü mərtəbəsində sahəsi 73.0 kv. metr olan 2 otaqlı, 14 saylı mənzilin pay dəyərinin payçı İddiaçı tərəfindən tam ödənilməsi, MMC-yə borcunun olmadığı qeyd edilmişdir. Göründüyü kimi sorğu ilə təqdim edilmiş çıxarışların verilməsinə əsas olan sənədlərlə iddiaçının malik olduğu hüquqmüəyyənedici sənədlər ayni xarakterli olmağına baxmayaraq iddiaçıya çıxarışın verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda digər şəxslərin mülkiyyət hüququnun qeydə alınmasına baxmayaraq iddiaçıya münasibətdə fərqli qərar qəbul edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdeh tərəfindən iddiaçıya münasibətdə bərabərlik hüququ pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfi Hacıyev küçəsi, ev 150, mənzil 14 üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4236/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4236/2025
28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver