Məhkəmə qərarları › İş №2-1(118)-4239/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4239/2025

09.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4239/2025 09.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi”nə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Lerik rayonunun Təbrizli kəndində anadan olmuşdur. 2024-cü ilin iyul ayında iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhər ASAN xidmət vasitəsilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində ətraflı məktub yazaraq cavabdehə təkrar müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciəti araşdırılmadan, eyni məzmunlu imtina məktubu göndərilmişdir. İmtina səbəbi kimi iddiaçının ümumi iş stajının 25 ildən az olması (19 il 8 ay 3 gün) göstərilmişdir. İmtina məktubunu iddiaçı xx.xx.2025-ci il tarixində almışdır. Bu səbəbdən də hazırki tələb ilə məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, 2-1(118) -4239/2025 nömrəli iş üzrə iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edirlər. İddiaçı cavabdeh orqana müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş cavab məktubunda iddiaçının qanunla tələb edilən güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli AZB 01/83 nömrəli arayışında xx.xx.1983-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki İddiaçı iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı, xx.xx.1999xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində əməkhaqqı ödənilməyən öz hesabına məzuniyyətdə olduğu müəyyən edilmiş və bu fakt "xxxx" ASC tərəfindən 29 iyul 2024cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də, yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu, işləmədiyi müddətin iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də, İddiaçı ümumi iş stajı 25 ildən az (19 il 8 ay 3 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981- xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1999-cu il və xx.xx.2005- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2022-ci il üzrə 4 ay )) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19701,74 manat təşkil edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçası; AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surəti; HЗ № ******* saylı hərbi bilet; 18 saylı, xx.xx.1981-ci il tarixli attestat; cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü: Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinanın əsası kimi iddiaçının zəruri ümumi iş stajına və pensiya kapitalına malik olmamasını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti, həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə iş materiallarına əlavə olunmuş 18 saylı, xx.xx.1981-ci il tarixli attestatdan görünür ki, iddiaçı 01 sentyabr 1980-ci il tarixindən 10 aprel 1981-ci il tarixinədək təhsil almışdır. İş materiallarında olan HЗ № ******* saylı hərbi biletdən müəyyən edilir ki, o, 21 aprel 1981-ci il tarixindən 23 may 1983-cü il tarixinədək hərbi xidmətdə olmuşdur və qeyd olunan illərin onun ümumi iş stajına daxil edilməsi halı cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, iddiaçı 07 iyul 1983-cü il tarixindən 24 oktyabr 1983-cü il tarixədək, həmçinin 21 noyabr 1983cü il tarixindən 01 yanvar 1999-cu il tarixinədək; 01 aprel 2003-cü il tarixdən 01 yanvar 2006-cı il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuş, 01 yanvar 1999-cu il tarixdən 01 aprel 2003-cü il tarixədək ödənişsiz əmək məzuniyyətində olmuşdur. Qeyd olunan hallar "xxxx" tərəfindən tərtib edilmiş 01/83 saylı, 24 iyun 2024-cü il tarixli arayışla da təsdiq olunur. Həmçinin adıçəkilən arayışla qeyd edilir ki, xx.xx.1983-cü il tarixində Azərbaycan Boruyayma zavodunun Boruyayma sexində 250-2 dəzgahının soyuq emal şöbəsinə metal çeşidləyən və təhvil verən peşəsinə işə qəbul edilmiş, 05.06 1985-ci il tarixində həmin sexdə 140 dəzgahının təmir heyətinə əl ilə elektrik qaynaqçısı keçirilmiş, xx.xx.1987-ci il tarixində Metallurgiya avadanlıqlarının təmiri sexinə əsas sexlərin kran avadanlıqlarının təmiri və quraşdırılması briqadasına əl ilə elektrik qaynaqçısı keçirilmiş, xx.xx.2003-cü il tarixində Metallurgiya sobalarının və avadanlıqlarının təmiri sexinə metallurgiya avadanlıqlarının təmiri üzrə briqadasına əl ilə elektrik qaynaqçısı keçirilmiş, xx.xx.2005-ci il tarixində həmin sexdə metallurgiya avadanlıqlarının təmiri üzrə briqadasına təmirçi-çilingər keçirilmiş yə xx.xx.2024-cü il tarixində qanunvericiliyin tələblərinə əməl olum ıqqla əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddətdə xx.xx.1999-cu il tarixindən xx.xx.2003-cü il tarixinədək ödənişsiz məzuniyyətdə olmuşdur. Qeyd edilmiş peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”ının 3-cü Metallurgiya istehsalatı bölməsinin 4-cü Boru istehsalı: boruyayma. boruqaynağı. elektrik boru qaynağı, boruçəkmə. borutökmə, fıtinq. balon, tcrmiki və sinkləmə: metalın hazırlanması və doğranması sexləri bəndinin (a) fəhlələr yarımbəndində “təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları”- (1030400а-1753а). həmin Qərarın “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü Metallurgiya istehsalı bölməsinin 4-cü Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə. fıtinq. balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndində “metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər” (2040400a-l 753b) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.4-cü Boru istehsalı: boruyayma. Boruqaynağı, elektrik boru qaynağı, boruçəkmə, borutökmə, fıtinq, balon, termiki və sinkləmə: metalın hazırlanması və doğranması sexləri bəndinin (a) fəhlələr yarımbəndində “təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları”. 3.8-ci Boru istehsalı (boru yayma, boru qaynaqetmə. elektrik boru qaynaqetmə. boru çəkmə, borutökmə. fıtinq. balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndində “metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər” peşələri ilə eynilik təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə sorğusuna cavab olaraq "xxxx" tərəfindən təqdim edilmiş 01/160 saylı, xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, "xxxx" ASC-nin arxiv sənədlərinə (işçinin şəxsi T-2 kartı) əsasən İddiaçı xx.xx.1999cu il tarixindən xx.xx.2003-cü il tarixinədək ödənişsiz məzuniyyətdə olmuş, lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşları tərəfindən İddiaçı bizim cəmiyyətdə işləməsi faktının araşdırılması barədə tərtib olunmuş xx.xx.2024-cü il tarixli Aktda “xx.xx.2003-cü il” tarixi səhvən “xx.xx.2005-cü il” tarixi kimi qeyd olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həm ümumi, həm də xüsusi iş stajına malik oduğundan ona tələbi üzrə xx.xx.2014-cü il tarixdən, yəni 52 yaşdan əmək pensiyası təyin edilməlidir. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı ona xx.xx.2006-cı ilədək qüvvədə olan qanunvericiliyə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 20 il ümumi, 10 il xüsusi iş stajına da malikdir. Məhkəmə cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyinatı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun tələblərinə müvafiq olaraq aparılmalı olduğundan və həmin qanunda güzəştli şərtlərlə pensiya təyin edilməsi meyarı kimi pensiya kapitalının olması nəzərdə tutulmadığından cavabdeh orqanın qeyd olunan dəlili əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya 52 yaşının tamam olduğu xx.xx.2014cü il tarixindən təyin edilməlidir. İddiaçıya əmək pensiyasının ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Əmək pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddəada müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana pensiya təyin edilməsi ilə bağlı 27 dekabr 2024-cü il tarixdə müraciət olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyasının hesablanması, onun müraciət etdiyi tarixdən üç il əvvəl, yəni 27 dekabr 2021-ci ildən müəyyən edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 11 iyun 2014-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və 27 dekabr 2021-ci il tarixindən əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 11 iyun 2014-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və 27 dekabr 2021-ci il tarixindən əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar