Məhkəmə qərarları › İş №2-1(118)-424/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-424/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-424/2020 10.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı X5 iştrakı ilə, İddiaçı MMC-nin cavabdeh Quba rayonu X1rşı “Quba rayonu X2 15 iyul 2019-cu il tarixli, 09 nömrəli iclasının qərarı ilə İddiaçı MMC- yə münasibətdə qəbul etdiyi 103180 (yüz üç min yüz səksən) manat pul tələbinin ödənilməsi ilə bağlı İnzibati Aktı dəyişdirilməsi, həmin məbləğ 87480 (səksən yeddi min dörd yüz səksən) manat miqdarında azaldılaraq 15000 (on beş min) manat miqdarında müəyyən edilməsi tələbinə” dair iddiası üzrə işəməhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, 15 iyul 2019-cu il tarixdə Quba rayonu İ Nügədi bələdiyyəsinin 09 №-li protokolu əsasında qəbul edilmiş qərara əsasən bələdiyyə orqanı tərəfindən İddiaçı MMC-nin adı çəkilən bələdiyyəyə 51.340 manat mədən vergisi üzrə borcu olduğu müəyyənləşdirilməsi barədə müvafiq inzibati akt qəbul edilmişdir. Daha sonra bələdiyyə orqanı tərəfindən 10 gün ərzində göstərilən vergi borcu ödənilmədiyi halda qeyd olunan borcun məcburi qaydada alınması məqsədi ilə Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi qərara alınmışdır. Nəticədə qəbul edilmiş inzibati akt Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən icraya yönəldilmiş, cəmiyyətin bank hesablarına inkasso sərəncamı qoyularaq, bankdan müştərinin hesabından 103108 manat tutlaraq bələdiyyəyə ödənilməsi tapşırığı verilmişdir. İddiaçı İ Nügədi bələdiyyəsinin qəbul etdiyi qərarı qanunsuz və əsassız hesab edərək məhkəmədən onun ləğv edilməsini xahiş edmişdir. Məhkəm prosesi gedişində iddiaçı məhkəməyə əlavə ərizə təqdim edərək iddianı dəyişdirərək iddia tələbinin həcminin azaldılmasını, inzibati aktının dəyişdirilməsi, 87480 (səksən yeddi min dörd yüz səksən) manat miqdarında azaldılaraq 15000 (on beş min) manat miqdarında müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən müəyyən edilir ki, İddiaçı MMC 08 aprel 2014-cü il tarixdən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri çınqıl və qum istehsal edilməsidir. Çınqıl və qum istehsalının təşkili məqsədi ilə Quba rayonu İ Nügədi kəndi ərazisində yerləşən çay qırağı sahədən 1,5 hektar torpaq sahəsi Quba Rayon İcra Hakimiyyətinin 14 aprel 2017-ci il 53 №-li Sərəncamı əsasında İddiaçı MMC-nin istifadəsinə verilmiş, 2018-ci ilin avqust ayından etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı əsasında istifadəyə götürülmüş sahədə çınğıl və qum istehsalı ilə məşğul olmağa başlamışdır. İ Nügədi bələdiyyəsinin İddiaçı MMC-yə ünvanladığı 05.11.2018-ci il tarixli 131 №-li məktubundan məlum olur ki, “iddiaçı 2015-ci ilin sentyabr ayından sonra 2016-2017 və 2018-ci illər üçün mədən vergisi bəyannaməsini verməmiş, həm də mədən vergisi ödəməmişdir. Bu dövr ərzində onların fəaliyyət göstərib, göstərməməsi haqda heç bir məlumat yoxdur”. Daha sonra isə həmin məktubda bildirilir ki, “bütün bunlara baxmayaraq 2018-ci ilin Vİİİ-İX-X ayları üçün hər aya 4.000 manat olmaqla 12.000 manat mədən vergisinin hesablanması nəzərdə tutulmuşdur”. Bələdiyyə orqanı bunu karxananın istehsal gücünün saatda 25 kub metr olması ilə əsaslandırır və 10 gün ərzində bu vəsaitin ödənilməsini tələb edir. 11 fevral 2019-cu il tarixdə İ Nügədi bələdiyyəsi tərəfindən tərtib edilmiş müşahidə aktında göstərilir ki, İddiaçı MMC üçün aylıq mədən vergisi 1.500 manat təşkil etməlidir. Yenə də iddiaçıya ünvanlanmış 03.05.2019-cu il tarixli 73/7 №- məktubda bələdiyyə orqanı cəmiyyətin onlara 51.340 manat borcu olduğunu bildirmiş və bu barədə onlara Tədiyyə Bildirişi təqdim etmişdir. Nəhayət 15 iyul 2019-cu il tarixdə Quba rayonu İ Nügədi bələdiyyəsinin 09 №-li protokolu əsasında qəbul edilmiş qərara əsasən bələdiyyə orqanı tərəfindən İddiaçı MMCnin adı çəkilən bələdiyyəyə 51.340 manat mədən vergisi üzrə borcu olduğu müəyyənləşdirilmiş və 10 gün ərzində göstərilən vergi borcu ödənilmədiyi halda qeyd olunan borcun məcburi qaydada alınması məqsədi ilə Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi qərara alınmışdır. Daha sonra elə həmin tarixdə İ Nügədi bələdiyyəsinin “hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən yerli vergilərə və ödənişlərə görə icra tədbirinin tətbiqi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə Qərarında iddiaçının bələdiyyə orqanına 103.180 manat borcu olduğu bildirilmişdir. Bələdiyyə orqanının 15 iyul 2019-cu il tarixli qərarı əsasında Quba rayon İcra və Probasiya şöbəsi borcun tutulması ilə bağlı icra prosesinə başlamış və müştərisi olduğu “xxxx” ASC-yə 29.11.2019-cu il tarixli, 109890/19-03 №-li məktub ünvanlayaraq hesablaşma hesabına 109890 saylı inkasso sərəncamı qoymuşdur. Həmin sərəncama əsasən iddiaçının hesabına qoyulan inkasso məbləği 103.108 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində bələdiyyə orqanın qəbul etdiyi inzibati aktda göstərilənlərlə razı olmadığını bildir və İ Nügədi bələdiyyəsi mədən vergisi hesablayarkən heç bir ciddi araşdırma aparmadığını, vergi ödənişlərinin müəyyən edilməsi zamanı qəbul edilmiş kriteriyalara və metodologiyalra məhəl qoyulmadığını, yalnız subyektiv ehtimallara əsaslanaraq borc məbləği hesablayaraq onların üzərinə icrası mümkün olmayan, qanunsuz və əsassız borc öhdəliyi qoyulduğunu iddia etmişdir. Daha sonra iddiaçının məhkəməyə təqdim etdiyi əlavə ərizəyə əsasən inzibati aktın mübahisələndirilməsi prosesində, onların mühasibatlığında aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, inzibati aktın əhatə etdiyi 2018-ci ilin avqust ayından 2019cu ilin iyun ayına qədər olan müddət ərzində, həqiqətən iddiaçının İ Nügədi bələdiyyəsinə mədən vergisi üzrə borcu vardır. Belə ki, keçən 2019-cu ilin iyun ayının sonuna yükdaşımalar üzrə mal-material qaimələri yoxlanılarkən karxanadan ümumilikdə bir il ərzində 15700 kub metr qum, çınqıl və otsep məhsulunun hasil edilərək sifarişçilərə daşındığı müəyyən edilmişdir. Mühasibatlığ tərəfindən 2019-cu ilin yekunları üzrə maliyyə hesabatı hazırlanarkən müəssisə balansının kredit hissəsində həqiqətən 15700 (on beş min yeddi yüz) manat həcmində balans passivinin olduğunu və həmin passivin İ Nügədi bələdiyyəsinə olan mədən vergisi ilə bağlılığı aşkar edilmişdir. İddia ərizəsinə əlavə edilmiş İ Nügədi bələdiyyəsinin hesablaşma hesabına poçt vasitəsi ilə etdilmiş köçürmələri təsdiq edən qəbzlərin surətindən məlum olur ki, 2019-cu il üzrə bütövlükdə bu 15700 manatlıq borcun 700 (yeddi yüz) manatlıq hissəsi hissələrlə ödənilmiş və buna görə də hal-hazırki vaxta mədən vergisi üzrə onların bələdiyyə orqanına olan qalıq borcu 15.000 manat təşkil edir. Beləliklə İddiaçı MMC bələdiyyə orqanı tərfindən qəbul edilmiş inzibati akt üzrə yaranmış borc öhdəliyini qismən, 15.700 manat hissəsində qəbul etdiyini bildirmiş, 700 manat bələdiyyənin hesabına ödənildiyi üçün yekun borc kimi 15.000 manatı etiraf edərək, qalan 87.480 manat borc məbləğinin silinərək inzibati aktın dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının keçiriləcəyi yer və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə heç bir məlumat vernəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqdim edilmiş sənədləri və işin faktiki hallarını nəzərdən keçirərk hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməli, İ Nügədi bələdiyyəsi tərəfindən qəbul edilmiş inzibati akt dəyişdirilməli və iddiaçının mədən vergisi üzrə borcu 15000 manat həcmində müəyyənləşdirilməli, qalan 87480 manat hissədə isə borc məbləği silinməlidir. İddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC 11.06.2008-ci il tarixdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınması barədə 16.07.2019-cu il tarixdə verilmiş **********793200 №-li Çıxarışdan və 08 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X4 Qeydiyyatı İdarəsi tərəfindən ********** № ilə qeydiyyata alınmış Nizamnaməsindən müəyyən olunur ki, müəssisə fəaliyyətə məhz 2008-ci il tarixdən başlamışdır. İddia ərizəsinə əlavə edilmiş Quba Rayon İcra Hakimiyyətinin 14 aprel 2017-ci il 53 №-li Sərəncamının surətindən məlum olur ki, iddiaçı Quba rayonu İ Nügədi kəndi ərazisində yerləşən çayqırağı sahədən 1,5 hektar torpaq sahəsini istifadəsinə alaraq orada çınqıl və qum istehsalının təşkili ilə məşğul olmaq hüququ qazanmışdır. İ Nügədi bələdiyyəsinin İddiaçı MMC-yə ünvanladığı 05.11.2018-ci il tarixli 131 №-li məktubunun surətindən məlum olur ki, “iddiaçı 2015-ci ilin sentyabr ayından sonra 2016- 2017 və 2018-ci illər üçün mədən vergisi bəyannaməsini verməmiş, həm də mədən vergisi ödəməmişdir. Bu dövr ərzində onların fəaliyyət göstərib, göstərməməsi haqda heç bir məlumat yoxdur”. Cavabdehin bu məktubu iddiaçının istifadəyə götürdüyü 1,5 hektar torpaq sahəsində qum-çınqıl istehsalı ilə yalnız 2018-ci ildən etibarən məşğul oduğunu sübuta yetirir. Daha sonra isə həmin məktubda bildirilir ki, “bütün bunlara baxmayaraq 2018-ci ilin Vİİİ-İX-X ayları üçün hər aya 4.000 manat olmaqla 12000 manat mədən vergisinin hesablanması nəzərdə tutulmuşdur”. Bələdiyyə orqanı bunu karxananın istehsal gücünün saatda 25 kub metr olması ilə əsaslandırır. Lakin, iddia ərizəsinə əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Dilal Dadaşov tərfindən 12 sentyabr 2019-cu il tarixdə təsdiq edilmiş “Quba rayonunun inzibati ərazisində yerləşən “Qaraçay” qum-çınqıl qarışığı yatağında fəaliyyət göstərən İddiaçı MMC-nin qumçınqıl karxanasının 2019-cu il üçün “Dağ işlərinin” inkişafı Planının” 8-ci səhifəsində əks olunan məlumatlardan məlum olur ki, karxananın illik istehsal gücü cəmi 10.0 min kub metr təşkil edir və 8 saatlıq növbə ərzində 48.0 kub metr hasilat gücü vardır. İddia ərizəsinə əlavə edilmiş 15 iyul 2019-cu il tarixdə Quba rayonu İ Nügədi bələdiyyəsinin 09 №-li protokolu əsasında qəbul edilmiş qərarın surətindən məlum olur ki, İddiaçı MMC-nin adı çəkilən bələdiyyəyə 51.340 manat mədən vergisi üzrə borcu olduğu müəyyənləşdirilmişdir. Lakin, elə həmin tarixdə tərtib edilmiş İ Nügədi bələdiyyəsinin “hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən yerli vergilərə və ödənişlərə görə icra tədbirinin tətbiqi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə qərarında iddiaçının bələdiyyə orqanına 103.180 manat borcu olduğu bildirilmişdir. Cavabdeh, eyni tarixdə qəbul etdiyi qərarlarındakı bu uyğunsuzluğun nə ilə bağlı olması barədə məhkəməyə heç bir izahat verməmişdir. Məhkəmənin sorğusuna əsasən 3 saylı Ərazi Vergilər İdarəsinin təqdim etdiyi 13.02.2020-ci il tarixli **********540800 saylı cavab məktubundan görünür ki, İddiaçı MMCti təəfindən mədən vergisi bələdiyyə büdcəsinə ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş 01 avqust 2018-ci il tarixdən 31 iyun 2019-cu il tarixədək olan dövr üzrə İddiaçı MMC tərəfindən Quba rayonu İ Nügədi kəndində yerləşən karxanada hasil edilən çınqıl, otsep, qum məhsulunun həcmi barədə hesabatdan görünür ki, göstərilən dövr ərzində karxananınn ümumi hasiılatı 15700 kub metr təşkil edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən yerin təkindən çıxarılan qum və çınqılın hər bir kub metrinin qiyməti 1 manat təşkil etdiyindən yuxarıdakı maliyyə hesabatına əsasən iddiaçının mədən vergisi üzrə cavabdehə olan borcu 157000 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş 5 poçt-ödənişi qəbzlərinin surtələrindən məlum olur ki, iddiaçının mühasibatlığı tərəfindən tərtib edilmiş hesabatda əks olunan borc məbləğinin 700 manatı cavabdehin hesabına köçürüldüyü üçün, cəmi qalan borc məbləği 15000 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən hesabatdan müəyyən olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Dilal Dadaşov tərfindən 12 sentyabr 2019-cu il tarixdə təsdiq edilmiş “Quba rayonunun inzibati ərazisində yerləşən “Qaraçay” qum-çınqıl qarışığı yatağında fəaliyyət göstərən İddiaçı MMC-nin qum-çınqıl karxanasının 2019-cu il üçün “Dağ işlərinin” inkişafı Planının” 8-ci səhifəsində əks olunan karxananın illik hasilat gücü 10 min kub metr olduğu halda, iddiaçı orada faktiki olaraq 15700 kub metr qum-çınqıl istehsal edərək göstərilən normanı aşmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işüzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir (3.1, 3.2). Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Qanunun 8.0 və 8.0.3-cü maddəsinə əsasən yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi yerli vergilərə aiddir. Məhkəmə araşdırma zamanı müəyyən edildi ki, iddiaçı müəssiənin iş icraçıısı Quluyev İbrahim məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sözügedən 90000 kub m çınqılın istehsalı və təbiətə ziyan vurması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə istintaqı zamanı mütəxəssis və ekspertiza rəyi ilə müəyyən edilmiş 594000 manat məbləğində ziyan tam ödənilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının həmin çınqılın satışının həyata keçirməsi və hər hansı gəlirin əldə etməsi öz təsdiqini tapmadı. “Bələdiyyələrin vergi xidməti haqqında” Əsasnamənin 3.1.5-ci bəndinə əsasən bələdiyyələrin vergi xidməti orqanının vəzifəsi qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin uçotunun aparılmasıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13.05.2015-ci il tarixli, **********655900 saylı əmri ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsaitinin 1.2-ci bəndinə əsasən bu Metodiki Vəsait yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarını və yerli (bələdiyyə) vergi xidməti orqanlarının vəzifəli şəxslərinin hərəkətlərini müəyyən edir. X6 3.1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və yerli ödənişlərin ödəyiciləri olan hüquqi şəxslər mülkiyyətində olduqları, fərdi sahibkarlar isə fəaliyyət göstərdikləri ərazi üzrə bələdiyyənin vergi xidməti orqanında (bələdiyyədə) “Yerli (bələdiyyə) vergilərin ödəyicisi olan sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması haqqında Ərizə”(bu Metodiki Vəsaitə əlavə 8)” formasına əsasən uçota alınırlar. Poçt vasitəsilə daxil olmuş və qeydiyyata alınmış ərizələrin düzgünlüyünün yoxlanılması, orada qeyd edilən məlumatların (rekvizitlərin) proqram təminatına tam şəkildə işlənilməsi bələdiyyənin vergi xidməti orqanı tərəfindən həyata keçirilir. X6 3.2c- bəndinə əsasən sənədlərin qəbulu və yoxlanılmasını həyata keçirən bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsi qəbul etdiyi ərizənin düzgün doldurulmasını yoxlayır. 3.3-cü bəndinə görə bələdiyyənin vergi xidməti orqanı tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması bu barədə müraciətin daxil olduğu tarixdən 2 gündən gec olmayaraq subyektin VÖEN-i əsasında həyata keçilir və həmin müddətdə ödəyiciyə bu Metodiki Vəsaitə əlavə 10 üzrə müvafiq bildiriş verilir. Metodiki Vəsaitin 3.4-cü bəndinə görə sənədlərin proqram təminatına işlənməsi ilə məşğul olan bələdiyyənin vergi xidməti orqanının vəzifəli şəxsi ərizə və ona əlavə edilən sənədlərin rekvizitlərinin proqram təminatına düzgün daxil edilməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, iddiaçı Birinci Nügədi bələdiyyəsində vergi ödəyicisi kimi uçota alınmamış və ona şəhadətnamə verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh bildirmişdir ki, “İddiaçı ” MMC Quba rayonu X2 vergi xidməti orqanında uçota alınmamış və bu barədə iddiaçının ərizəsi olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının vergi ödəyicisi kimi bələdiyyədə qeydə alınmadığı halda ona verginin hesablanması və tələb edilməsi əsassızdır. “Bələdiyyələrin vergi xidməti haqqında” Əsasnamənin 5.10-cu bəndinə əsasən bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir.Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən onu da müəyyən etdi ki, mübahisələndirilən inzibati aktla müəyyən edilən borc məbləğini əsaslılığını sübuta yetirən heç bir sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, bələdiyyə orqanı inzibati aktı qəbul edərkən yalnız özünün ehtimallarına istinad etmişdir. Belə ki, İ Nüqədi Bələdiyyəsi məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, 22 fevral 2019-cu ildə gizli xronometraj keçirmişdir və müəssisənin 1 saat ərzində istehsal etdiyi məhsulun həcminin 90-105 kubmetr olmasını müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, xronometrajın aparılması qaydası Azərbaycan Respublikası Vergilər Məcəlləsinin müəyyən etdiyi qaydada aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 50-1.1-ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. Həmin Məcəllənin 50-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir.Həmin Məcəllənin 50-1.3-cü maddəsinə əsasən xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Həmin Məcəllənin 50-1.4-cü maddəsinə əsasən müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. Həmin Məcəllənin 50-1.5-ci maddəsinə əsaən xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Həmin Məcəllənin 50-1.6-cı maddəsinə əsasən xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Göründüyü kimi qeyd olunan maddi hüquq normalarında xronometrajın gizli şəkildə aparılması nəzərdə tutlmamışdır.Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, hətta xronometraj aparımalı olsaidi belə xronometrajın aparılması üçün qeyd olunan Məcəllənin 50.1-1-ci maddəsində olan əsasların olması öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, bələdiyyə, vergi toplamaq funksiyalarını yerinə yetirən orqan kimi, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun 3.3-cü maddsəində nəzərdə tutulmuş qaydada, karxananın fəaliyyəti ilə bağlı operativ vergi nəzarəti həyata keçirməmiş, xronometraj və auditor yoxlamaları aparmamış və nəticədə müəyyən etdiyi vergi borcu məbləğini yalnız ehtimallarla əsaslandırmışdır. Cavabdehin “hesablanmış və qanunla müəyyən edilmiş vaxtda ödənilməyən yerli vergilərə və ödənişlərə görə icra tədbirinin tətbiqi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə Qərarının “Qərara Aldım” hissəsində ümumi borc 103.180 manat göstərilsə də bu məbləğin hansı hissəsinin əsas borc, faiz üzrə borc və maliyyə sanksiyası ilə bağlı borc olmasını müəyyən edən qrafaları boş saxlanılmış, iddiaçı tərəfindən cavabdehin hesabına ödənilən 700 manat məbləğ isə ümumiyyətlə təqdim edilən heç bir sənəddə öz əksini tapmamışdır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı “İddiaçıt” MMC-nin iddiası təmin edilərək Quba rayonu X2 15 iyul 2019-cu il tarixli 09 saylı qərarı dəyişdirilməlidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin 1-ci bəndinə əsasən yerli büdcələr bələdiyyə büdcələrindən ibarətdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 217.5-ci maddəsinə, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1.3cü hissəsinə və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən yer yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kiramid gilləri, tikinti qumları-çınqıl xammalı aid edilir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il 136-№-li Qərarının İV maddəsinə əsasən Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqan hesab edilirlər. Azərbaycan Respublikasının İnzibati İcraat haqqında qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan—Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslərdir. İcra Haqqında Azərbaycan Respublikası qanunun 6.1.8-ci maddsəsinə əsasən Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar İcra sənədi hesab edilirlər. Azərbaycan Respublikasının İnzibati İcraat haqqında qanununun 2.0.2-ci maddəsinə əsasən İnzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Yenə həmin qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialarla bağlı icraat (mübahisələndirmə haqqında iddia) İnzibati məhkəmələr tərəfindən həyata keçirilir. Həmin məcəllənin 14.1-ci maddsəinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yenə həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Yenə həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən İddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan (tanıyan) inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin.Quba rayonu X2 15 iyul 2019-cu il tarixli, 09 nömrəli iclasının qərarı ilə İddiaçı MMC- yə münasibətdə qəbul etdiyi 103.180 (yüz üç min yüz səksən) manat pul tələbinin ödənilməsi ilə bağlı İnzibati Aktı dəyişdirilsin, həmin məbləğ 87.480 (səksən yeddi min dörd yüz səksən) manat miqdarında azaldılaraq 15.000 (on beş min) manat miqdarında müəyyən edilsin Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar