Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4242/2025 01.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə (X2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2nə (X2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “çıxarış və texniki sənədin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 22 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,03 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Masazır bələdiyyəsinin 18 may 2007-ci il tarixli 22 nömrəli qərarı ilə fərdi ev tikmək məqsədi ilə Abşeron rayonu Masazır kəndində Yeni yaşayış massivinin (şərq) ərazisində ayrılmış, sənədlə 0,03 hektar (3 sot) olan torpaq sahəsinin 0,0277 hektar (277 m2) hissəsi üzərində (torpaq sahəsinin **********07 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü hissəsi istisna olmaqla) mülkiyyət hüququnun adına qeydiyyatının aparılaraq buna dair müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Masazır bələdiyyəsinin 18 may 2007-ci il tarixli 22 nömrəli qərarı ilə iddiaçıya fərdi ev tikmək məqsədi ilə Masazır kəndində 0,03 ha ölçüdə torpaq sahəsi ayrılaraq satılmışdır. Qərarda göstərilmişdir ki, bu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmaqla qəbul edilmişdir. İddiaçıya torpaq sahəsinin ayrılması arxiv sənədləri Abşeron rayon Dövlət Arxivinin möhürü ilə təsdiqlənmiş xx.xx.2007-ci il tarixli ərizəsi, torpaq sahəsinin ayrılması aktı, ödəniş qəbzi və Abşeron rayon Masazır bələdiyyəsinin 18 may 2007-ci il tarixli 22 nömrəli qərarının surəti ilə təsdiq olunur. Torpaq sahəsinin ayrılması aktından görünür ki, 191A nömrəli torpaq sahəsi (15m x 20m =3sot) iddiaçıya yerində Masazır kəndi Yeni yaşayış massivinin şərq ərazisində naturada ayrılmış və təhvil verilmişdir. Akt Masazır bələdiyyəsinin sədri tərəfindən imzalanmış və təsdiqlənmiş, “razılaşdırılmışdır” sözü altında isə akt Abşeron RİH-nin Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi müdiri tərəfindən müvafiq imzalarla və möhürlərlə təsdiqlənmişdir.Göründüyü kimi, torpaq ayrılması rayonun müvafiq orqanları Abşeron rayon icra hakimiyyəti və Azərbaycan Respublikasının keçmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi ilə razılaşdırılmış, müvafiq imza və möhürlərlə təsdiq edilmişdir. xx.xx.2007-ci il tarixli bank ödəniş qəbzindən görünür ki, iddiaçı 0,03ha (3 sot) torpaq sahəsinin alınmasına görə Masazır bələdiyyənin bank hesabına 2400 manat pul ödəmişdir. Qərar qəbul olunduqdan sonra torpaq sahəsi iddiaçıya təhvil verilmiş və ixtiyarına təslim edilmişdir. Həmin vaxtdan, yəni 2007-ci ildən indiyə kimi torpaq sahəsi iddiaçının qanuni istifadəsində və faktiki sahibliyindədir. Burada ev tikmiş və hal-hazırda içinin təmiri ilə məşğuldur. Torpaq sahəsi isə hasar daxilindədir. 2024-cü ilin iyun ayı tarixində 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınması, ona çıxarış və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2024-cü il tarixində yazılı bildirişlə hüquqlarının qeydiyyatından imtina etmişdir. Bildiriş məktubu ünvana gəlməmiş, poçtlarda saxlanmış, daha sonra geri qaytarılmışdır. Bunu iddiaçının nümayəndəsi 2024-cü ilin dekabr ayının sonlarında rəsmi qəbul etmişdir. Hüququnun qeydiyyatından imtina olunması əsassızdır və qanunvericiliyə uyğun deyildir. Bu üzdən məsələyə inzibati iddia qaydasında məhkəmədə baxılmasına və hüquqlarının məhkəmə qaydasında qorunmasına zərurət yaranmışdır. İmtinanı əsassızlığına dair dəlillər aşağıdakılardan ibarətdir. İddiaçının faktiki hüquqi sahibliyi və qanuni istifadəçiliyi 17 il ərzində hər hansı fiziki şəxs və ya dövlət orqanı tərəfindən mübahisələndirilməmişdir. Torpaq sahəsi ilə bağlı kiminləsə hər hansı mübahisəsi yoxdur, torpağa qarşı hər hansı şəxsin iddiası, tələbi yoxdur,torpaq mübahisəsiz qaydada artıq 17 ildir ki, iddiaçıya məxsusdur. İmtina bildirişində göstərilmişdir ki, Masazır bələdiyyəsi tərəfindən 0,03 ha torpaq sahəsinin 18 may 2007-ci il tarixli, 22 nömrəli qərar ilə ayrıldığı halda, alqı-satqı aktının və yer quruluşu planından çıxarışının hazır ki ərizənizə əlavə edilmədiyi aşkar edilmişdir. İddiaçı imtinanın bu dəlilini əsassız və qanunvericiliyə zidd hesab edir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14, 139.1, 152.1, 157.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddələrinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2 və 34-cü maddələrinə istinad olunmuşdur.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4242/2025 nömrəli qərardadına əsasən X2 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı Masazır bələdiyyəsi tərəfindən 0,03 ha torpaq sahəsinin 18 may 2007-ci il tarixli, 22 nömrəli qərarla ayrılmasına baxmayaraq alqı-satqı aktının və yerquruluşu planından çıxarışın müraciətə əlavə edilmədiyi, sözügedən torpaq sahəsinin 23 m2 hissəsinin **********07 nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.
7. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
b) Tərəflərin iştirakı və izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdeh və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
10. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
11. Abşeron rayonu Masazır bələdiyyəsinin 18 may 2007-ci il tarixli, 22 saylı qərarına əsasən İddiaçı fərdi ev tikintisi məqsədi ilə 0,03 ha torpaq sahəsi ayrılmışdır.
12. 11 may 2007-ci il tarixli, 84 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən Masazır bələdiyyəsinin bank hesabına 2400 manat məbləğində ödəniş edilmişdir.
13. 2007-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 22 saylı qərarına əsasən ayrılmış torpaq sahəsi iddiaçıya yerində təhvil verilmiş və iddiaçı cizgidə olduğu kimi torpaq sahəsini yerində qəbul etmişdir. Həmin akt Abşeron rayonu Masazır Bələdiyyəsi, Abşeron RİH-nin Memarlıq və Tikinti şöbəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiqlənmişdir.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Masazır bələdiyyəsi tərəfindən 0,03 ha torpaq sahəsinin 18 may 2007-ci il tarixli 22 saylı ayrılmasına baxmayaraq alqı-satqı aktının və yerquruluşu planından çıxarışın müraciətə əlavə edilmədiyi, sözügedən torpaq sahəsinin 23 m2 hissəsinin **********07 nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
15. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,03 ha ölçüdədir. Torpaq sahəsi yol ilə və qonşu torpaq sahəsi ilə sərhəddir. Torpaq sahəsi daş hasarın daxilində yerləşir. Torpaq sahəsinin 0,0023 ha hissəsi **********07 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin faktiki koordinatları əlavə olunub.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətində olmuşdur.
17. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivi tərəfindən Abşeron rayon Masazır bələdiyyəsinin 18 may 2007-ci il tarixli 22 saylı qərarı, ödəniş qəbzi, akt məhkəməyə tərəfə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
19. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
20. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. b) Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
27. Məhkəmə iddiaçının nümayəndəsi və vəklinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
28. Belə ki, Abşeron rayonu Masazır bələdiyyəsinin 18 may 2007-ci il tarixli, 22 saylı qərarı ilə İddiaçı fərdi ev tikintisi məqsədi ilə 0,03 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Daha sonra iddiaçı tərəfindən Masazır bələdiyyəsinin bank hesabına 2400 manat məbləğində ödəniş edilmiş, akt tərtib edilərək torpaq sahəsi iddiaçıya yerində təhvil verilmiş və iddiaçı cizgidə olduğu kimi torpaq sahəsini yerində qəbul etmişdir. İddiaçı 0,03 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, Masazır bələdiyyəsi tərəfindən 0,03 ha torpaq sahəsinin 18 may 2007-ci il tarixli 22 saylı ayrılmasına baxmayaraq alqı-satqı aktının və yerquruluşu planından çıxarışın müraciətə əlavə edilmədiyi, sözügedən torpaq sahəsinin 23 m2 hissəsinin **********07 nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.
29. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Abşeron rayonu Masazır bələdiyyəsinin 18 may 2007-ci il tarixli, 22 saylı qərarı ilə iddiaçıya 0,03 ha torpaq sahəsi satılmış, sonuncu tərəfindən bələdiyyənin bank hesabına müfaviq qaydada ödəniş edilmişdir və bununla bağlı qəbz iş materiallarına əlavə edilmişdir. Hazırkı halda cavabdeh orqanın etirazı alqı-satqı aktının və yerquruluşu planından çıxarışın müraciətə əlavə edilməməsinə əsaslanır. Həmin aktın qanunvericiliyə uyğun şəkildə tərtib olunması ilə bağlı öhdəlik iddiaçının deyil, bələdiyyənin vəzifəsi olmaqla onun üzərinə qoyulmalıdır. Belə ki, iddiaçı qanunvericiliyə və alqı-satqı müqaviləsinin tələblərinə cavab verməklə müvafiq qaydada ödənişi həyata keçirmişdir ki, bu da öz növbəsində onun etibarlı olmasına dəlalət verir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Eyni zamanda yerquruluşu planından çıxarışın mövcud olmamasına münasibətdə məhkəmə qeyd edir ki, yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır.
30. Digər imtina səbəbi kimi cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin 23 2 m hissəsinin **********07 nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək torpaq sahəsinin **********07 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü hissəsi istisna olmaqla 0,0277 hektar hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xahiş edilmişdir. Göründüyü kimi, sözügedən imtina əsası da hazırkı vaxtda aradan qalxmışdır.
31. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.
34. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).
35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu Masazır bələdiyyəsinin 18 may 2007-ci il tarixli, 22 saylı qərarı ilə İddiaçı ayrılmış 0,0277 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Abşeron rayonu Masazır bələdiyyəsinin 18 may 2007-ci il tarixli, 22 saylı qərarı ilə İddiaçı ayrılmış 0,0277 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli