Məhkəmə qərarları › İş №2-1(118)-4249/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4249/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4249/2025 30.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X13 Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113.40 m2 olan, 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi (tikinti altı sahə) 0.0082 ha torpaq sahəsinə dair onun adına xüsusi mülkiyyət hüququna dair qeydiyyatın aparılmasını və həmin fərdi yaşayış evinə və evin altındakı torpaq sahəsinə dair vahid daşınmaz əmlak kimi dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113.40 kv.m. olan, 4 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Belə ki, X4 ilə onun arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmış, həmin alqı-satqı müqaviləsinə əsasən X4 adına olan tam mülkiyyət hüquqi ilə ona məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti, 8A ünvanında yerləşən, ümumi sahəsi 113.4 olan 4 otaqlı fərdi yaşayış evini İddiaçı satmışdır. Ərizəyə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113.40 kv.m. olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir.Bildirir ki, fərdi yaşayış evi eyni ünvanda yerləşən 399.64 kv.m torpaq sahəsinin üzərində tikilmişdir. Hazırda Xırdalan şəhəri, H.Əliyev prospekti, 8A ünvanında yerləşən, fərdi yaşayış evimin tikintialtı torpaq sahəsinə ümumi sahəsi 399.64 kv.m torpaq sahəsinə dair də mülkiyyət hüququna dair qeydiyyatın aparılmasını və həmin ev və evin yerləşdiyi torpaq sahəsinə dair vahid daşınmaz əmlak kimi dövlət reyestrindən çıxarış almaq niyyətindədir.Bununla bağlı xx.xx.2024-cü il tarixində 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yeriəşən ümumi sahəsi 113.40 kv.m. olan, 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi (tikinti alıt sahə) 399.64 kv.m torpaq sahəsinə dair onun adına mülkiyyət hüququna dair qeydiyyatın aparılmasını və həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini təmin edilməsini xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Elektron məhkəmə sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmə verərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113.40 m2 olan, 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi (tikinti alıt sahə) 0.0082 ha torpaq sahəsinə dair onun adına xüsusi mülkiyyət hüququna dair qeydiyyatın aparılmasını və həmin fərdi yaşayış evinə və evin altındakı torpaq sahəsinə dair vahid daşınmaz əmlak kimi dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Elektron məhkəmə sistemi vasitəsilə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə təqdi edərək, məhkəmə proseində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinə onun iştirakı olmadan baxıb təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2000-ci il tarixli sərəncamında X5 0.06 ha torpaq sahəsi ayrıldığı göstərilsə də, təqdim edilmiş DT və XK tərəfindən tərtib edilmiş plan və ölçü sənədinin X1 adına tərtib edildiyi və torpaq sahəsinin ölçüsünün 399,64 kv.m olduğu, Ərazi İdarəsinə müraciət ərizəsində qeyd edilən qeyri-yaşayış binasına dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciətə əlavə olunmadığı, müraciət olunan daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmadığı müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X7 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-2/-3-32/2-M-0079-8/2025 nömrəli imtina məktubu, etirazı, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2000-ci il tarixli sərəncamın surəti, fərdi yaşayış evinin texniki pasportunun surəti, xx.xx.2020-ci il tarixli **********66-10301 reyestr nömrəli çıxarışın surəti, xx.xx.2024-cü il tarixli **********66- 10301 reyestr nömrəli çıxarışın surəti, cavabdehin xx.xx.2025-ci il tarixli məktubu, daşınmaz əmlakın müayinə edilməsinə dair xx.xx.2025-ci il tarixli Aktın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2025-ci il tarixli, 3-2/-3- 32/2-M-0079-8/2025 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı əldə etdiyi torpaq sahəsi və fərdi yaşayış evinə dair xx.xx.2024-cü il tarixli **********66-10301 reyestr nömrəli çıxarış almışdır. Lakin, onun adına verilmiş çıxarışda daşınmaz əmlakın mülkiyyət növü qrafasında “xüsusi” yazılsa da, həmin çıxarışda torpaq sahəsinin mülkiyyət növü bələdiyyə, torpaq sahəsində hüququn növü qrafasında istifadə kimi qeydiyyat aparılmışdır. İddiaçı çıxarışda torpaq sahəsinin mülkiyyət, hüquq növünün düzgün yazılmadığı qənaətinə gələrək, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını cavabdehdən xahiş etmiş, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina etmişdir. İmtinanın əsası kimi torpaq sahəsinin ölçülərində və sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqinin olmasıdır. İddia tələbində görünür ki, iddiaçının hüquqi marağı əldə etdiyi daşınmaz əmlaklara yaranmış xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata almaqdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsinə əsas olan hüquqmüəyyənedici sənəd Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2000-ci il tarixli sərəncamıdır. Həmin sərəncama nəzər saldıqda icra hakimiyyəti tərəfindən idarəçilik səlahiyyətində olan torpaq sahəsidən vətəndaşlara fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahələri ayrılmışdır. Müvafiq icra hakimiyyəti səlahiyyətində olan torpaq sahəsinin ayrılması barədə qərar vermiş və torpaq sahəsinin ayrılmasının məqsədəmüvqafiq olması barədə digər səlahiyyətli orqanlar da rəy vermişdir. Torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair X2 mülkiyyət hüququ ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra mübahisəli daşınmaz əmlaklara X3 adına xx.xx.2020-ci ildə **********66-10301 reyestr nömrəli çıxarış verilmiş və həmin çıxarışda fərdi yaşayış evinin ölçüsünün 113.4 m2, evin yerləşdiyi torpaq sahəsinin ölçüsünün isə 0.00822 ha kimi göstərilmişdir. xx.xx.2024-cü ildə iddiaçı həmin daşınmaz əmlakları alqı-satqı müqaviləsi əsasında öz adına rəsmiləşdirmişdir. Göründüyü kimi torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində mübahisəli torpaq sahəsinin fərdi yaşayış evinin tikinti məqsədilə ayrılması öz təsdiqini tapır. Sonradan dövlət orqanının texniki səhvlərinin ucbatından vətəndaşın konstitusion hüquqları pozulmuş və daşınmaz əmlaka aid çıxarışda torpağın mülkiyyəti xüsusi olmasına baxmayaraq, bələdiyyə mülkiyyəti kimi, hüququn növü isə istifadə kimi qalmışdır. Nəzərə almaq lazımdır ki, mübahisəli torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi 25 ildən artıqdır ki, vətəndaşların faktiki mübahisəsiz sahibliyində olmuşdur. Belə ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranma anı qanunvericilikdə dəqiq təsbit edilmişdir. Belə ki, Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Hazırkı işdən isə görünür ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin, məhkəmə tərəfindən daşınmaz əmlakın müayinəsi aktı alınmış və həmin müayinə aktında daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin ölçüsünün faktiki olaraq 0.0094 ha olması və sənəd üzrə ölçüsünün isə 0.0082 ha olması öz təsdiqini tapmışdır. Cavabdeh təşkilatın imtinasında göstərdiyi torpaq sahəsinin ölçülərində və sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqinin olmasına münasibətdə bildirilir ki, iddiaçı tələbə dəqiqləşmə verərək, fərdi yaşayış evinə və tikinti altında yerləşən 0.0082 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Bu səbəbdən də cavabdehin etirazında göstərdiyi müvafiq arqument də əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarış verilərək, çıxarışda daşınmaz əmlakın mülkiyyət növü qrafasında “xüsusi” torpaq sahəsinin mülkiyyət növü “xüsusi” olaraq qeydiyyat aparılmaldır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir......Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır”. Beləliklə cavabdeh təşkilatın hərəkətləri İddiaçı konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113.40 m2 olan, 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi (tikinti altı sahə) 0.0082 ha torpaq sahəsinə dair İddiaçı adına xüsusi mülkiyyət hüququna dair qeydiyyatın aparılması, həmin fərdi yaşayış evinə və evin altındakı torpaq sahəsinə dair vahid daşınmaz əmlak kimi dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar