Məhkəmə qərarları › İş №2-1(118)-425/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-425/2021

22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-425/2021 22.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X11 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın və torpağın planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın və torpağın planı və ölçüsünün verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin **********18 saylı, 02 oktyabr 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanı bununla əsaslandırmışdırlar ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş 0.08 ha torpaq sahəsinə dair əsas sənəd kimi təqdim edilmiş Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.09.2019-cu il tarixli 753 saylı arxiv çıxarışında torpaq sahəsinin ünvanı Xudat şəhəri, 2-ci şöbə qeyd olunmuş, lakin faktiki isə torpaq sahəsi Xudat şəhəri, 1-ci şöbə ərazisində yerləşir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Xaçmaz rayon Xudat Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, X9 2020-ci ilin sentyabr ayının 29-da Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması barədə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmiş və müraciətinə aşağıdakı məzmunda imtina cavabı almışdır. “İddiaçının Xaçmaz rayonu Xudat şəhəri ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 29.09.2020-ci il tarixli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası və əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş 0.08 ha torpaq sahəsinə dair əsas sənəd kimi təqdim edilmiş Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.09.2019-cu il tarixli 753 saylı arxiv çıxarışında torpaq sahəsinin ünvanı Xudat şəhəri, 2-ci şöbə qeyd olunmuş, lakin faktiki isə torpaq sahəsi Xudat şəhəri, 1-ci şöbə ərazisində yerləşir. Məlumat üçün bidirilmişdir ki, “Torpaq islahat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumatı bazasında olan xəritəyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin adlarına müvafiq Aqrar İslahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu Xudat şəhəri ərazisində yerləşən həyətyanı torpaq sahəsinə dair JN-194F torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə işlənilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublika Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədləri göstərilən məlumatın dölət reyestində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Daşınmaz əmlakı dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.” İddiaçı qeyd edir ki, Xaçmaz rayonu. Xudat şəhəri 1-ci şöbədə yerləşən 0.06 ha torpaq sahəsinə dair şəhadətnamə əri X2 adı verilmişdir. Həmin torpaq sahəsi 1960-cı illərdə Pirimov Ziyəddinə fərdi yaşayış evi tikilməsi məqsədi ilə verilmişdir. İddiaçı isə həmin evə gəlin gəlmiş və indiyə qədər də orada yaşayır. X12 rəhmətə qedəndən sonra həmin torpağın üzərində tikilmiş fərdi mənzil vərəsəlik yolu ilə oğlu X3 mülkiyyətinə keçmişdir. Torpaq da X7 faktiki istifadəsində olduğu üçün Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı qərarı əsasında onun mülkiyyətinə verilmişdir. İddiaçı isə 0.08 ha torpaq sahəsi Xaçmaz rayonunun Nəsimi adına sovxozu tərəfindən 20 dekabr 1994-ci tarixli aktla sovxozun direktorluğunun 14 dekabr 1994-cü il tarixli 135 saylı əmrinə əsasən verilmişdir. Xaçmaz rayon Dövlət arxivi tərəfindən verilən arayışda da bu haqda məlumat öz əksini tapmışdır. Həmin arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli 08 saylı protokolu ilə Xaçmaz rayonunun Nəsimi adına sovxozun AİK üzrə 2-ci şöbə üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 140-cı X4 adına faktiki 0,08 ha həyətyanə torpaq sahəsi qeyd olunmuşdur. 1994-cü ilin dekabr ayında Xaçmaz rayonu , Xudat şəhər 2-ci şöbədən iddiaçıya 0.08 ha torpaq sahəsi veriləndə onun fərdi ev tikmək üçün maddi imkanı olmadığı üçün orada fındıq ağacları əkmiş və oradan bağ kimi istifadə etmişdirlər. İddiaçı və ailəsi isə o vaxtdan da qayınatasından qalan və həyat yoldaşı Primov Şövkətin mülkiyyətinə verilən torpaqda tikilən fərdi yaşayış evində yaşayırlar. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağ təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olun qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadə və icarəyə götürdüyü ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qanunun 8.0.7-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilmişdir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15.1 -ci maddəsində sadalanmış, həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bundan əlavə MM-nin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X13 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 29.09.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş 0.08 ha torpaq sahəsinə dair əsas sənəd kimi təqdim edilmiş Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.09.2019-cu il tarixli 753 saylı arxiv çıxarışında torpaq sahəsinin ünvanı Xudat şəhəri, 2-ci şöbə qeyd olunmuş, lakin faktiki isə torpaq sahəsi Xudat şəhəri, 1-ci şöbə ərazisində yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasında olan xəritəyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin adlarına müvafiq Aqrar İslahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu Xudat şəhəri ərazisində yerləşən həyətyanı torpaq sahəsinə dair JN-194F torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3.bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 21.10.2019-cu il tarixli **********78 nömrəli və 02.10.2020-ci il tarixli, **********18 nömrəli məktublarla imtina olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Xaçmaz rayon Xudat Bələdiyyəsi iddiaya münasibətində qeyd etmişdir ki, Xudat şəhəri Xəzər küçəsi ev 13 sakini X1 həyətyanı torpaq sahələrinə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, İddiaçı Xudat şəhəri 1-ci şöbə ərazisindəki yaşadığı həyətyanı torpaq sahəsi Xəzər küçəsində yerləşməklə qaynatasına məxsusdur. Onun adına isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1993-cü il tarixli 266 saylı qərarı Nəsimi Savxozunun direktorunun 14 dekabr 1994-cü il tarixli 135 nömrəli əmri ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsi Xudat şəhəri 2-ci şöbə ərazisində yerləşir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilmişdir ki, həmin torpaq sahələri eyni əmlak deyildir. Onlardan biri 1-ci şöbə ərazisində digəri isə 2-ci şöbə ərazisində yerləşir. Hazırda 2-ci şöbə ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən X8 istifadə edir. Həmin torpaq sahələrini yerləşdiyin ərazilərin xəritələri məktuba əlavə olunur. Üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın və torpağın planı və ölçüsünün verilməsini istəyir. İddiaçı qeyd edir ki, Xaçmaz rayonu Xudat şəhəri 1-ci şöbədə yerləşən 0.06 ha torpaq sahəsinə dair şəhadətnamə əri X2 adına verilmişdir. Həmin torpaq sahəsi 1960-cı illərdə Pirimov Ziyəddinə fərdi yaşayış evi tikilməsi məqsədi ilə verilmişdir. İddiaçı isə həmin evə gəlin gəlmiş və indiyə qədər də orada yaşayır. X12 rəhmətə qedəndən sonra həmin torpağın üzərində tikilmiş fərdi mənzil vərəsəlik yolu ilə oğlu X3 mülkiyyətinə keçmişdir. Torpaq da X7 faktiki istifadəsində olduğu üçün Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı qərarı əsasında onun mülkiyyətinə verilmişdir. İddiaçıya isə 0.08 ha torpaq sahəsi Xaçmaz rayonunun Nəsimi adına sovxozu tərəfindən 20 dekabr 1994-ci tarixli aktla sovxozun direktorluğunun 14 dekabr 1994-cü il tarixli 135 saylı əmrinə əsasən verilmişdir. Xaçmaz rayon Dövlət arxivi tərəfindən verilən arayışda da bu haqda məlumat öz əksini tapmışdır. Həmin arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli 08 saylı protokolu ilə Xaçmaz rayonunun Nəsimi adına sovxozun AİK üzrə 2-ci şöbə üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 140-cı X4 adına faktiki 0,08 ha həyətyanə torpaq sahəsi qeyd olunmuşdur. Cavabdeh isə qeyd edir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş 0.08 ha torpaq sahəsinə dair əsas sənəd kimi təqdim edilmiş Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 20.09.2019-cu il tarixli 753 saylı arxiv çıxarışında torpaq sahəsinin ünvanı Xudat şəhəri, 2-ci şöbə qeyd olunmuş, lakin faktiki isə torpaq sahəsi Xudat şəhəri, 1-ci şöbə ərazisində yerləşir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq edilən Xaçmaz rayon Dövlət Arxivinin 29 sentyabr 2019-cu il tarixli 753 saylı Arxiv arayışında Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı Protokolu ilə Xaçmaz rayonunun Nəsimi adına sovxozun AİK üzrə 2-ci şöbə üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 140-cı X1 adına faktiki 0.08 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Həyətyanı torpaq sahəsinin verilməsinə dair 20 dekabr 1994-cü il tarixli Akta əsasən sovxozun direktorunun 14 dekabr 1994-cü il tarixli 135 nömrəli əmril ilə 0.08 ha torpaq sahəsi fərdi mənzil tikintisi məqsədilə ayrılaraq X1 daimi istifadəsinə verilmişdir. JN 194 F, KOD 30202004 Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı Qərarı ilə verilmiş 0.06 ha torpaq X5 mülkiyyətinə verilmişdir. Xaçmaz rayon Xudat Bələdiyyəsinin 25.05.2021-ci il tarixli 190 saylı Arayışına əsasən Xudat şəhəri Xəzər küçəsi ev 13-də qeydiyyatda olan və yaşayan X8 həqiqətən də ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1993-cü il tarixli 266 saylı qərarı, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı protokolu, Nəsimi Sovxozunun direktorunun 14 dekabr 1994-cü il tarixli 135 №li əmri ilə Xudat şəhəri, 2-ci şöbə ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi hazırda onun istifadəsindədir. Məhkəmənin 13.09.2021-ci il tarixli sorğusuna Xaçmaz rayon Dövlət Arxivi 29.09.2021-ci il tarixli 992 saylı cavab məktubunda bildirmişdir ki, vətəndaş X6 pay torpaq və həyətyanı torpaq sahəsi ayrılması və rəsmiləşdirilməsi ilə əlaqəli Xaçmaz rayonu aqrar islahat komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı protokolu ilə Xaçmaz rayon “Nəsimi” adına sovxozun 2-ci şöbə üzrə pay torpaq almaq hüququ olan vətəndaşların siyahısından başqa hec bir sənəd aşkar edilməmişdir. Məhkəmənin 13.09.2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 01.10.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, 29.11.2007ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, Xudat şəhərində yerləşən ümumi birgə 1.9833 ha kənd təsərrüfatı təyinat torpaq sahəsi Xaçmaz rayonu 1 saylı notariat kontorunun 16.12.2007-ci il tarixli, 4 08/1681 nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Həmin müqavilənin və JN-194F KOD 30202004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə 0.08 ha torpaq sahəsinə dair heç bir sənəd aşkar edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı Protokolu ilə Xaçmaz rayonunun Nəsimi adına sovxozun AİK üzrə 2-ci şöbə üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 140-cı X1 adına faktiki 0.08 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Həyətyanı torpaq sahəsinin verilməsinə dair 20 dekabr 1994-cü il tarixli Akta əsasən sovxozun direktorunun 14 dekabr 1994-cü il tarixli 135 nömrəli əmri ilə 0.08 ha torpaq sahəsi fərdi mənzil tikintisi məqsədilə ayrılaraq X1 daimi istifadəsinə verilmişdir. Xaçmaz rayon Xudat Bələdiyyəsi qeyd edir ki, Xudat şəhəri Xəzər küçəsi ev 13 sakini X1 həyətyanı torpaq sahələrinə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, İddiaçı Xudat şəhəri 1-ci şöbə ərazisindəki yaşadığı həyətyanı torpaq sahəsi Xəzər küçəsində yerləşməklə qaynatasına məxsusdur. Onun adına isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1993-cü il tarixli 266 saylı qərarı Nəsimi Savxozunun direktorunun 14 dekabr 1994-cü il tarixli 135 nömrəli əmri ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsi Xudat şəhəri 2-ci şöbə ərazisində yerləşir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilmişdir ki, həmin torpaq sahələri eyni əmlak deyildir. Onlardan biri 1-ci şöbə ərazisində digəri isə 2-ci şöbə ərazisində yerləşir. Hazırda 2-ci şöbə ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən X8 istifadə edir. Həmin torpaq sahələrini yerləşdiyin ərazilərin xəritələri məktuba əlavə olunur. İş materialları ilə müəyyən olunur ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi 0.08 ha olmaqla X1 faktiki istifadəsindədir. Bələdiyyə tərəfindən torpaq sahəsinin yerquruluşu planından çıxarış da təqdim edilmişdir. 0.06 ha torpaq sahəsi isə ayrı torpaq sahəsi olmaqla JN 194 F, KOD 30202004 Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı Qərarı ilə X5 mülkiyyətinə verilmişdir, iddiaçının adı ailə üzvü kimi həmin sənddə qeyd edilmişdir. İddiaçının qanuni istifadəsinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində isə onun mülkiyyət hüquqnun yaranmasını istisna edən hər hansı bir əsas müəyyən olunmamışdır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi iddiaçının qeyd edilən normalara əsasən mülkiyyət hüququ yaranmışdır. Aqrar islahat zamanı həmin hüququnun dövlət qeydiyyatına alınmaması iddiaçının məsuliyyəti kimi müəyyən edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın və torpağın planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbədə yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və müvafiq sənədlərin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 1 ünvanında yerləşən) apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar