Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4253/2023 20.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “onunla ünvan 1-də yerləşən 68 saylı, yaşayış sahəsi 31,35 m2 olan 2 otaqlı mənzilə dair kirayə müqaviləsinin bağlanmasına Sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq məhkəməyə müraciət edib, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona Sumqayıt Çörək kombinatının HİK-nın və MK-nin xx.xx.1995-ci il tarixli 28 saylı protokoluna əsasən ayrılmış ünvan 1-də yerləşən 68 saylı,yaşayış sahəsi 31,35 m2 olan 2 otaqlı mənzilə dair onunla mənzil kirayə müqaviləsinin bağlanılması və adına orderin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi olunla əsaslandırılmışdır ki, iddiaçı 80-ci illərin əvəllərində Sumqayıt Çörək kombinatında əmək fəaliyyətinə başlamış və onun mənzil sahəsinə ehtiyacı nəzərə alınaraq həmin kombinatın HİK-nın və MK-nin xx.xx.1995-ci il tarixli 28 saylı protokoluna əsasən ünvan 1-də yerləşən 68 saylı, yaşayış sahəsi 31,35 kv.m. olan 2 otaqlı mənzil ayrılmışdır.O iş yeri üzrə mənzil sahəsinin ayrılmasına dair sənədləri cavabdeh Sumqayıt şəhər İcra hakimiyyətinə təqdim etmiş, lakin Sumqayıt şəhər İH-nin Mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin xx.xx.1999-cu il tarixli 04 saylı məktubu ilə order verilməsindən imtina olunmuş və bunu onunla əsaslandırmışlar ki,qeyd edilən mənzil məcburi kökün ailəsi tərəfindən zəbt olunduğu üçün order verilmir. Həmin vaxtdan 25 ilə yaxın müddət keçmişdir.xx.xx.2020-ci il tarixdə başlanan 44 günlük Vətən Müharibəsi nəticəsində bizim işğalda olan torpaqlarımız ermənilərdən azad olunmuş və məcburi köçkünlərin öz yurdlarına qayıdışına başlanılmışdır.Bu isə əvvəlcə mövcud olan vəziyyətin dəyişməsinə gətirib çıxarmış və bu səbəbdən də iddiaçı cavabdeh təşkilata müraciət edərək ona qanuni şəkildə ayrılmış Sumqayıt şəhəri, 47-cı məhəllə,bina 12-də yerləşən 68 saylı mənzilə dair orderin verilməsini xahiş etmiş, cavabdeh ona ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubunda imtina edərək göstərmişdir ki,mənzildə yaşayan məcburi köçkün ailəsi köçürüldükdən sonra bu məsələyə qanunauyğun baxıla bilər. Mənzil ona 30 ilə yaxındır ki, ayrılmış, lakin o öz mənzilinə order ala bilmir ki, ailə üzvləri ilə qeydiyyata düşsün. Belə ki, qeydiyyata düşmək üçün mənzilin orderi tələb olunur. Mənzilə dair orderin verilməsi inzibati icraat prosesi olmaqla həmin mənzildə yaşayan məcburi köçkün ailəsi üçün heç bir məhdudiyyət yaratmır, onun hüququ köçürülənədək bu mənzildə yaşamaqdırsa, onun da hüququ 30 il bundan qabaq ona qanuni əsaslarla ayrılmış mənzilinə order alıb bu mənzilə qeydiyyata düşməkdir. Məcburi köçkünün orada yaşamasının mənzilə dair order verilməsinə hər hansı bir maneəçiliyi olmadığı halda cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, İddiaçı ilə ünvan 1-də yerləşən 68 saylı, yaşayış sahəsi 31,35 m2 olan 2 otaqlı mənzilə dair kirayə müqaviləsinin bağlanmasına Sərəncam verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan ilkin iddia tələbinə yazılı münasibət təqdim edərək bildirmişdir ki, icraatınızda olan İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması və orderin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işlə əlaqədar məktuba şəhər İcra Hakimiyyətində baxılmışdır.Müəyyən olunmuşdur ki, yaşayış sahəsi 31,35 kvadrat metrdən ibarət 2 otaqlı ünvan 1, mənzil 68 iş yeri üzrə Çörək kombinatı tərəfindən verilmiş 28 saylı, xx.xx.1995-ci il tarixli protokola əsasən İddiaçı ayrılmışdır. Müvafiq qanunvericilik aktları ilə məcburi köçkünlərin mənzil sahəsi ilə təmin olunması Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları əsasında həyata keçirilir. Həmin sənədlərdə konkret olaraq hansı ərazidə məskunlaşmış məcburi köçkünlərin yeni yaşayış sahəsi ilə təmin olunması göstərilir və köçürülmə Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsi tərəfindən mərhələli şəkildə aparılır. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq qeyd edilən məsələyə qanunauyğun olaraq baxılacaqdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur.Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 5-6/1-S-99-091/2023 nömrəli imtina məktubu, etirazı, Sumqayıt şəhər İH-nin Mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin xx.xx.1999-cu il tarixli 04 nömrəli arayışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Sumqayıt Çörək ASC tərəfindən verilmiş 02 nömrəli, xx.xx.2023-cü il tarixli arayışın surəti, MSK tərəfindən verilmiş ailə tərkibi haqqında arayış, DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-31/2-4012/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtıdan yaranmış olur. Sumqayıt Şəhər İcra Hakimiyyəti iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan yaşayış sahəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin baılansında olduğuna görə və qeyd olunan ərazi üzrə müvafiq mənzillərin vətəndaşlara verilməsi səlahiyyəti Sumqayıt Şəhər İcra Hakimiyyətinə aiddir. Belə olduğu tədqirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 5-6/1-S- 99-091/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat ümumilikdə iddiaçının tələbini yerinə yetirməkdən imtina etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt Şəhərinin idarəçiliyi hüdudları daxilində yerləşdiyinə görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya mənzilə ehtiyacı olan şəxs kimi 1976-cı ildən 1997-ci ilə kimi Sumqayıt çörək-qənnadı kombinatında işləmişdir.İddiaçıya həmin müəssisə tərəfindən 28 nömrəli, xx.xx.1995-ci il tarixli protokola əsasən yaşayış sahəsi 31,35 m2 ibarət 2 otaqlı ünvan 1, 68 nömrəli mənzil İddiaçı ayrılmışdır. İddiaçı həmin protokol əsasında onunla kirayə müqaviləsinin bağlanmasına görə sərəncam verilməsini cavabdehdən xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, iddiaçının mübahisəli mənzilində məcburi köçkünlər məskunlaşmış və bu səbəbdən də həmin mənzili öz adına özəlləşdirə bilməmişdir. Hal-hazırda qeyd olunan mənzil Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansında olmasına baxmayaraq, iddiaçının adına rəsmiləşdirmə işlərinin məcburi köçkünlərin oradan köçürüləndən sonra mümkün olmasını bildirir. Məhkəmə hesab edir ki, cavabdehin hüquqi mövqeyi əsassızdır. Belə ki, mövcud mübahisə hüquq münasibətlərinin yarandığı dövrdə, 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə kirayəçi-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində kirayə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 54-cü maddəsində qeyd edilmişdir ki, kirayədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Kirayədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə yaşayış sahəsini kirayə müqaviləsi yalnız kirayəçinin, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Kirayəçinin ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış kirayə müqaviləsi üzrə ilk kirayəçi əvəzinə özünün kirayəçi hesab edilməsini kirayəçi və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. Kirayəçi öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə hesab edir ki, Sumqayıt çörək-qənnadı kombinatı HİK və MMK tərəfindən 28 nömrəli, xx.xx.1995-ci il tarixli protokol ilə Sumqayıt şəhəri, 47-ci məhəllə ünvanda yerləşən 12 saylı evin, 68 nömrəli mənzil İddiaçı ayrılmışdır. İddiaçının mənzil üzərində qanuni gözləntiləri var və onun mübahisələndirilən mənzilə dair kirayə hüquqları qanuni əsaslarla yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan hüquq mübasibətləri 2009-cu ilə qədər yarandığına görə iddiaçı ilə bağlanacaq mənzilə dair kirayə müqaviləsi 1982-ci ildə qəbul edilmiş və 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları əsasında bağlanmalıdır. Həmçinin, iş materiallarına əlavə edilmiş DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-31/2-4012/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, həmin binada yerləşən qonşuluqda olan mənzil sahibləri eyni əsaslarla öz mənzillərini dövlət reyestrində qeydiyyata ala bilmişlər. Qeyd olunan yaşayış sahələrinə orderlərin verilməsi cavabdeh təşkilat tərəfindən “İnzibati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Belə ki, “İnzibati İcraat” haqqında Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Ona görə də qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən 68 saylı, yaşayış sahəsi 31,35 m2 olan 2 otaqlı mənzilə dair kirayə müqaviləsinin bağlanmasına Sərəncam verilməsi öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-4253/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4253/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver