Məhkəmə qərarları › İş №2-1(118)-4267/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4267/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4267/2025 24.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Qusar rayon Həzrə bələdiyyəsinə qarşı “Qusar rayon Həzrə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 59 nömrəli qərarının ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar Rayon AİK-nin 1998-ci il 01 dekabr tarixli, 19/3 saylı qərarına əsasən Nurəliyeva (Bayazova) Səyyarə Səbəbulla qızının və qeyrisinin mülkiyyətinə Qusar rayonunun Həzrə kəndi ərazisində yerləşən 0.33 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən JN- 463F KOD 30122018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istədikdə məlum olmuşdur ki, qeyd olunan 0,33 ha torpaq sahəsinə digər şəxslərin adlarına dövlət reyestrindən çıxarışlar verilmişdir. Ona görə də qeyd olunan 0,33 ha həyətyanı torpaq sahəsinin digər şəxsin adına özgəninkiləşdirilib- özgəninkiləşdirilməməsi, özgəninkiləşdirildiyi təqdirdə hansı əsasa görə (məhkəmə qətnaməsi, alqı-satqı müqaviləsi və s.) verilməsi barədə məlumatların (dövlət aktı və ya çıxarış) verilməsinə dair xx.xx.2021-ci il tarixli vəkil sorğusuna DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********68 №-li cavab məktubundan görünür ki, JN- 463F KOD 30122018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinə Qusar rayon Həzrə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 59 №-li torpaq sahəsinin ayrılması barədə qərarına əsasən X8 adına 0,08 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestri nömrəli və Aziyev Dəyanət Fərazi oğlunun adına 0,12 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarışlar verilmişdir. Göründüyü kimi, Qusar Rayon AİK-nin 1998-ci il 01 dekabr tarixli, 19/3 saylı qərarına əsasən Nurəliyeva (Bayazova) Səyyarə Səbəbulla qızının və qeyrisinin mülkiyyətinə Qusar rayonunun Həzrə kəndi ərazisində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsinə Qusar rayon Həzrə bələdiyyəsi qanunsuz olaraq, yəni artıq vətəndaşın mülkiyyətinə verilmiş torpaq sahəsinə özünün xx.xx.2006-cı il tarixli, 59 №-li torpaq sahəsinin ayrılması barədə qərarına əsasən digər şəxslərin adına torpaq sahəsi ayırmış və həmin torpaq sahələrinə sonradan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar işlənmişdir. Qeyd olunan 0,33 ha torpaq sahəsi üzərində respublikada bələdiyyələr yaradılana kimi Nurəliyeva (Bayazova) Səyyarə Səbəbulla qızının və qeyrisinin mülkiyyətinə Nurəliyeva (Bayazova) Səyyarə Səbəbulla qızının və qeyrisinin mülkiyyəti tanınmış, belə olan halda bələdiyyə öz mülkiyyətində olmayan torpaq sahəsi barəsində hər hansı sərəncam vermək səlahiyyətində olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi, Cavabdeh xx.xx.2006-cı il tarixli, 59 №-li tarixli qərarı Qusar Rayon AİK-nin 1998-ci il 01 dekabr tarixli, 19/3 saylı qərarına əsasən Nurəliyeva (Bayazova) Səyyarə Səbəbulla qızının və qeyrisinin mülkiyyətinə verilmiş torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsassız maneçilik törədir, həmin qərar mülki və torpaq qanunvericiliyinin tələblərinə zidd olmaqla həm də mənim əmlak hüququmu pozmuşdur. Ona görə də, həmin qərar ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Aziyev Dəyanət Fərazi oğlu məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs Aziyev Dəyanət Fərazi oğlu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə araşdırması zamanı əldə edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, X1 Qusar rayonunun Həzrə kəndində yerləşən ona və qızı X3 məxsus olan 0.33 ha həyətyanı torpaq sahəsinin Aziyev Fərazi Rəhimxan oğlundan alınıb ona qaytarılmasına dair Qusar rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 23 noyabr 2011-ci il tarixli, 2(029)-800/2011 saylı qərardadı ilə X1 iddiadan imtinası qəbul edilmişdir. Qeyd edilən qərardada əsasən X4 mübahisəni məhkəmədən kənar həll etdiklərini və cavabdehə qarşı heç bir tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında müddətin ötürülməsi ilə bağlı suala cavab olaraq iddiaçının nümayəndəsi X5 vaxtı ilə X1 aldadıldığını, qeyd edilən torpaq sahəsinin əvəzinə ona başqa torpaq sahəsi verildiyi üçün iddiadan imtina etdiyini, yeni plan-ölçü sənədinin verildiyini bildirmiş, lakin əvəz edilən torpaq sahəsinə çıxarış ala bilmədikləri üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. Hazırki işin materiallarından və iddiaçının izahatından müəyyən olunur ki, tərəf mübahisə edilən bələdiyyə qərarının mövcudluğundan məlumatlı olmuş, lakin qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə 04 fevral 2025-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Həmçinin iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar