Məhkəmə qərarları › İş №2-1(118)-4279/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4279/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4279/2025 09.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: soyad sonluğunun dəyişdirilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və xx.xx.1984-cü il tarixdə Cavabdehndə tərtib olunmuş 42 saylı doğum haqqında akt qeydində soyad sonluğunun “Əlili”dən “Əliyev”ə dəyişdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1984-cü ildə Zəngilan rayonunda anadan olmuşdur. xx.xx.1984-cü ildə Cavabdeh tərəfindən 42 nömrəli akt qeyd ilə verilmiş doğum haqqında şəhadətnamədə soyadı Əlili, atası X3, anası isə X5 yazılmışdır. Soyadının Əlili yazılmasına baxmayaraq, ona məxsus olan hərbi biletdə və orta təhsil haqqında attestatda isə soyadı Əliyev kimi yazılmışdır. Bəzi sənədlərdə soyadının Əlili, bəzilərində isə Əliyev yazılması ona bir çox sənədləşdirmə işləri aparan zaman müəyyən çətinliklər yaradır. Ona görə də o soyadını dəyişdirmək qərarına gəlmişdir. Bununla bağlı ilk olaraq, ona doğum haqqında şəhadətnaməni vermiş orqan, yəni Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsi bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2 fevral 1993-cü il tarixli 495 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “ov”, “yev” sonluqlu soyadlarını “lı” (sözün kökündən asılı olaraq “li”, “lu”, “lü”)“zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 5.1-ci və 5.10-cu bəndlərinə əsasən Azərbaycan Respublikasının 18 yaşma çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir və soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşma çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. İzah edilir ki, hazırda qüvvədə olan qanunvericilik aktlarında Azərbaycan Respublikası vətəndaşlarının soyad sonluqlarının “ov”, “yev” soyad sonluqlarına dəyişiklik edilməsi nəzərdə tutulmadığına görə və bununla bağlı hüquqi mexanizm müəyyən olunmadığı üçün ərizənin təmin olunması mümkün olmaması və ona bununla bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

3. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1, 73.2-ci maddələrinə istinad edilmişdir.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.

b) Tərəflərin iştirakı və izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

8. xx.xx.2021-ci il tarixli, AZ-İV seriyalı, 503733 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1984-cü il tarixdə doğulmuş İddiaçı atası X3, anası isə X4r.

9. xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 455449 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X2 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar.

10. İddiaçıya məxsus olan 06 iyul 2006-cı il tarixli, ******* nömrəli hərbi biletdə iddiaçının soyadının (Əliyev) Əlili kimi qeyd olunmuşdur.

11. 22 iyun 2001-ci il tarixli, 572132 nömrəli orta təhsil haqqında attestatda iddiaçının soyadı Əliyev kimi qeyd olunmuşdur.

12. İddiaçıya məxsus olan BB207211 nömrəli sürücülük vəsiqəsində onun soyadı Əlili kimi qeyd olunmuşdur.

13. İddiaçıya məxsus olan AA 311726 nömrəli məcburi köçkün vəsiqəsində onun soyadı Əlili kimi qeyd olunmuşdur.

14. Cavabdehin iddiaçı tərəfə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda müraciətin icrasından imtina olunmuşdur.

15. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən İddiaçı doğum akt qeydi məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

16. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

17. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

18. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-cu maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının: 1.5-ci bəndinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.3-cü bəndinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.10-cu bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

21. “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli, 495 nömrəli Qərarının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərlər.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

24. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.

25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1984-cü ildə Zəngilan rayonunda anadan olmuşdur. xx.xx.1984-cü il tarixli, 42 nömrəli doğum akt qeydində onun soyadı “Əliyev” kimi qeyd edilmişdir. İddiaçı xx.xx.2009-cu il tarixdə soyadını “Əlili” olaraq dəyişdirmişdir. Soyad sonluğunun növbəti dəfə dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu onun müraciətinin icrasından imtina edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2 fevral 1993-cü il tarixli 495 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “ov”, “yev” sonluqlu soyadlarını “lı” (sözün kökündən asılı olaraq “li”, “lu”, “lü”)“zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 5.1-ci və 5.10-cu bəndlərinə əsasən Azərbaycan Respublikasının 18 yaşma çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir və soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşma çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. İzah edilir ki, hazırda qüvvədə olan qanunvericilik aktlarında Azərbaycan Respublikası vətəndaşlarının soyad sonluqlarının “ov”, “yev” soyad sonluqlarına dəyişiklik edilməsi nəzərdə tutulmadığına görə və bununla bağlı hüquqi mexanizm müəyyən olunmadığı üçün ərizənin təmin olunması mümkün olmamışdır.

26. Məhkəmə qeyd edir ki, qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəllənin 26-cı maddəsi ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsini təsbit edir. Qanunla müəyyənləşdirilmiş həmin qayda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011- ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarında nəzərdə tutulmuşdur. Sözügedən Qaydaların 5.10-cu bəndində qeyd edilmişdir ki, soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında soyad sonluğunun ikinci dəfə dəyişdirilməsi ilə bağlı nəzərdə tutulan məhdudiyyət milli təhlükəsizliyi təmin etmək, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədləri naminə dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təşkil etməyə yönəlmiş legitim maraqlardan irəli gəlir.

28. Həmçinin iddiaçıya məxsus olan hər hansı bir rəsmi sənəddə əvvəlki soyadının göstərilməsinin onun üçün problemlər yarada biləcəyi də ağlabatan deyildir.Belə ki, iddiaçı ad və soyadının dəyişdiyini təsdiq edən sənədi təqdim etməklə hüquq və vəzifələri ilə bağlı məsələləri həyata keçirə bilər. Bundan başqa iddiaçı məhkəməyə konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini təsdiq edən hər hansı sübutlar da təqdim etməmişdir.

29. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli, 495 nömrəli Qərarı soyad sonluqlarının dövlət dilinə uyğunlaşdırılması məqsədi daşımışdır.

30. Göründüyü kimi, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası qanunun birbaşa göstərişi əsasında qəbul edilmiş qaydalardan irəli gəlmişdir.

31. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

32. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14-cü, 23.1-ci, 32-ci, 33cü, 52-ci, 58.7-ci, 62-ci, 68-69-cu, 73-cü, 75-ci, 78-ci, 81-ci və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar