Məhkəmə qərarları › İş №2-1(118)-428/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-428/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-428/2021 17.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Şabran rayonu, Ağalıq kəndi ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 (AR ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 29, mənzil 84-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Regional Ərazi filialına qarşı müharibə veteranı aldığı vaxtdan əvvəlki son 3 (üç) illik veteran müavinətinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon Xidmət nümayəndəliyinə qarşı cavabdehdən iddiaçının son 3 (üç) illik veteran müavinətlərinin hesablanıb ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Regional Ərazi filialı ilə əvəz edilməsi və müharibə veteranı aldığı vaxtdan əvvəlki son 3 (üç) illik veteran müavinətinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 1992ci ildə Azərbaycan Respublikasının Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Füzuli rayonu istiqamətində, Veysəlli kəndi uğrunda gedən döyüşdə yaralanaraq hərbi hospitalda müalicə almışdır. 1998-ci ildə Müdafiə nazirinin əmri ilə ordudan ehtiyata tərxis olunmuşdur. xx xxxxxx 2020-ci ilin avqust ayından Müharibə Veteranı adını almışdır (MV 088136). Müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Ona görə də qanunla nəzərdə tutulmuş sənədləri toplayaraq DSMF-nin 3 saylı Regional Ərazi filialına müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların təqaüd almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər aylıq müavinətlərlə 2019-cu ilin aprel ayından isə təqaüdlə əvəz olunmuşdur. Qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. İddiaçı veteran vəsiqəsini xx xxxxxx 2020-ci il tarixində aldığı və bu tarixin xx xxxxx 2019-cu il tarixindən sonrakı dövrə təsadüf etdiyi üçün iddiaçıya təqaüd təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanında müharibə veteranı statusu yarandığı vaxtdan əvvəlki 3 ilin ödənilməsi müddəası nəzərdə tutulmadığı üçün, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki illər üzrə müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etdi. İş materiallarında olan : - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş MV 088136 saylı xx xxxxxx 2020-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin 3 saylı Regional Ərazi filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********8 saylı imtina məktubundan görünür ki,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edən müharibə veteranı adını alması barədə vəsiqəsinin verildiyi tarixdən təyin olunur və ödənilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinat ödənişi həyata keçirilir.Təqaüd növünün müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən üç il əvvəlki tarixə hesablanaraq ödənilməsi qanunla qeyri-mümkündür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İşin hallarından müəyyən olunduğu kimi iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2020-ci il tarixdən etibarən cavabdeh tərəfindən müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmaqla ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə isə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul olunanadək qanunvericilikdə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin iddiaçıya əvvəlki üç il üzrə ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Cavabdehin mövqeyinə görə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə xx.xx.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmiş, beləliklə, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Qanunvericilikdə həmin güzəştlərin veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edildiyindən, vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Odur ki, müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsinin qərara alınması qanuni və əsaslı deyildir. Məhkəmə qeyd edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər təyin edilirdi, o cümlədən əvvəlki üç il üçün ödəmələrin aparılması təmin edilirdi. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin yuxarıda da qeyd edildiyi kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “ “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, xx xxxxx 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı statusunu xx xxxxx 2019-cu il tarixdən sonra aldığına görə ona yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar