Məhkəmə qərarları › İş №2-1(118)-428/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-428/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-428/2022 10.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının vəkili Vəkil (fərdi qaydada fəaliyyət göstərən vəkil, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (Daşınmaz Əmlakın Dövlət Kadasrtrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi ev 4-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən 0,039 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi barədə mülkiyyət hüququnun mərhum X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 2 ünvanında Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X6 ayrılan 3,9 sot torpaq sahəsi və torpaq sahəsinin tərkibində fərdi yaşayış evi qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onun İddiaçı müllkiyyətinə verilməsi, dövlət qeydiyyatına alınmasını və həmin əmlaka dair hüquq müəyyənedici sənəd - çıxarışın verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən 0,039 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi barədə mülkiyyət hüququnun mərhum X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 28 aprel 2022-ci il tarixli protokol qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi əsl cavabdeh Daşınmaz Əmnlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən sahəsi 800 kv m olan torpaq sahəsi “Azərsənayetikinti” Birliyi tərəfindən iddiaçının həyat yoldaşı X6 ayrılmışdır. O, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, ailəsi hazıradək həmin evdə yaşamaqda davam edir. “Azərsənayetikinti” Birliyi ləğv olunduğundan həmin torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına keçmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin 418 saylı 14 noyabr 2003-cü il tarixli sərəncamı ilə “Azərsənayetikinti” Birliyinin 2 saylı Tikinti Trestinin hər bir işçisinin 49-cu məhəllə ərazisində ərazisində fərdi ev tikərək faktiki istifadə etdikləri 800 kv m həyatyanı torpaq sahələrinin onların adlarına sənədləşdirilməsi qərara alınmışdır. Sonradan 800 kv m torpaq sahəsinin 400 kv m hissəsi onlar tərəfindən qeyri-rəsmi olaraq satılmış və istifadələrində 390 kv m torpaq sahəsi qalmışdır. X8 23 dekabr 2009-cu il tarixdə vəfat etmişdir. Həmin ərazidə yerləşən “Azərsənayetikinti” Birliyi tərəfindən ayrılmış və Sumqayıt şəhər İcra Hakimiyyətinin 418 saylı 14 noyabr 2003-cü il tarixli sərəncamı ilə verilmiş torpaq sahələri və üzərində tikilən fərdi yaşayış evləri dövlət qeydiyyatına alınmış və həmin əmlaklara çıxarış verilmişdir. İddiaçı 0.039 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı tərəfindən Sumqayıt şəhərində yerləşən 0.039 ha torpaq sahəsi və inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas hesab edilən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən ona imtina cavabı verilmişdir. İş materiallarında olan : - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 14.11.2003-cü il tarixli 418 saylı sərəncamından görünür ki, fəaliyyəti dayandırılmış Azərsənayetikinti” birliyinin 2 saylı Tikinti Trestinin adları göstərilən siyahıda 47 nəfər (o cümlədən X8) olan hər bir işçisinin 49-cu məhəllə ərazisində fərdi ev tikərək faktiki istifadə etdkləri 800 kv m həyatyanı torpaq sahələrinin onların adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin sərəncama əlavə edilmiş şəhərin baş memarı vəzifəsini müvəqqəti icra edən V.Surxayev tərəfindən verlmiş rəydən görünür ki, Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində fakitiki istifadə olunan, hər birinin sahəsi 800 kv m olan fərdi ev tikintisi məqsədilə həyətyanı torpaq sahələrinin həmin sahələrdə yaşayan vətəndaşların adlarına siyahı üzrə sənədləşdirilməsinə etiraz etmir. - İİ-ЖГ № 274539 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Siyaş Oruc oğlu ilə 14.11.1978-ci il tarixdə rəsmi nikaha daxil olmuş və o, ərinin soyadını qəbul etmişdir. -AZ-İ № 402857 ölüm haqqında şəhadətnamədən görünür ki, X8 23.12.2009–cu il tarixdə vəfat etmişdir. -cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin imtina bildirişindən görünür ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialından alınmış sənədlərdən görünür ki, Tikinti və tikinti materialları sənayesi fəhlələri həmkarlar ittifaqının Azərbaycan Respublika Komitəsi 2 N-li trestinin X3 Komitəsi 05 iyun 1992-ci il tarixdə Sumqayıt şəhər XDS_in sədrinə məktubla müraciət edərək 48-ci məhəllədə 7 B saylı ev ilə dəmir yolu arasında olan boş yerdə yer ayrılmasını xahiş etmişdir. Sumqayıt şəhər XDS Rəyasət Heyətinin 28 avqust 1992ci il tarixli 20 saylı qərarından görünür ki, Sumqayıt şəhər XDS-in torpaq komissiyasının 25 avqust 1992-ci il tarixli 5 N-li protokoluna əsaslanaraq Azərbaycan Sənaye Tikinti Nazirliyinin 2 N-li trestinə 48-ci məhəllənin arxasında, Çerkassı küçəsi boyunca fərdi evlər tikintisi üçün 5.0 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin planı şəhərin baş memarı tərəfindən təsdiq edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşı tərəfindən zəbt edilməmişdir. Həmin torpaq ona “Azərsənayetikinti” Birliyinin 2 N-li tresti tərəfindən, həmin Birliyə isə Sumqayıt şəhər XDS-in Rəyasət Heyətinin 28.08.1992-ci il tarixli 20 saylı qərarı əsasında ayrılmışdır. Həmin qərara torpaq sahəsi alan işçilərin adlı siyahısı əlavə edilməsə də, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının faktiki istifadə olunan torpaq sahələrinin sənədləşdirilməsi barədə 14.11.2003-cü il tarixli 418 saylı sərəncamında 47 nəfərin işçinin hər birinə, o cümlədən siyahıda 23-cü bənddə qeyd olunmuş X6 800 kv m torpaq sahəsinin ayrılması göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 06 saylı 15.10.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktalırn Dövlət Reyestrində 02.11.2012-ci il tarixdə qeydiyyata alınaraq, 03.11.2012-ci il tarixdən qüvvəyə minmiş «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmsına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat»ın 7.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs Reyestrə müraciət edərək, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan öldükdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət yüzrə vərəsələrinin müraciəti əsasında ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə görə isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və/və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri reyestrə təqdim edənədək öldükdə həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Yuxarıda qeyd olunan normaların məzmununudan göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə həmin əmlak üzərində hüquqların dövlət qeydiyatı haqqnda çıxarışın vərəsələk sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi müəyyən edilsə də, sözügedən Təlimatda vərəsələrin müraciəti əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilməsi nəzərdə tutulmuşdur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinin mənasına görə normativ hüquqi akt – qanunla və ya fərmanla dövlət orqanının səlahiyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 20-ci maddəsi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən normativ hüquqi aktların qəbul edilməsini nəzərdə tutmuşdur. Bu müddəaların tələblərinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qəbul etdiyi Təlimat normativ hüquqi akt hesab olunmalıdır. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquq əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində mülkiyyət hüququ barədə çıxarışın verilməsi ilə bağlı məsələdə yuxarıda qeyd olunan «Təlimat»ın müddəaları ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları arasında ziddiyət mövcuddur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təqkil etdikdə qanun tətbiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Sumqayıt şəhəri, 49-cu məhəllədə 0,039 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun mərhum X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən 0,039 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi barədə mülkiyyət hüququnun mərhum X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar