Məhkəmə qərarları › İş №2-1(118)-4295/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4295/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4295/2024 22.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 İdarəsinə qarşı “1993-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq, iddiaçıya müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 İdarəsinə qarşı “1993-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq, iddiaçıya müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Hazırki ərizə ilə müraciət edərək bildirir ki, 15.07.93-01.08.93 və 10.02.94- 10.03.94-cü illərdə Fizuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 01.08.93-cü il tarixində döyüş əməliyyatları nəticəsində sağ əlindən qəlpə yarası almışdır. Bununla bağlı arxivdən çıxarılmış sənədlər də mövcuddur. Qeyd edir ki, Müharibə veteranı statusunun verilməsi ilə bağlı tərəfimdən Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmiş, imtina məzmunda cavab verilmişdir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, iddiaçıya müharibə veteranı statusu”nun verilməsindən imtina edilməsi tamamilə qanunsuz və ədalətsizdir. Bu hal tək onunla bağlı yox, onun kimi minlərlə şəxsə də aiddir. Hesab edir ki, qeyd olunan bütün hallar araşdırılmalı, hansı tarixdən hansı tarixədək döyüşlərdə iştirak etməsi və digər hallar müəyyən edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4 İdarəsinə qarşı “müharibə veteranı statusunun verilməsi” tələbinə dair iş üzrə məhkəmə sərəncamına baxılmışdır. Bildirirlər ki, İddiaçı eyni məzmunlu müraciətinə Daxili İşlər Nazirliyinin X4 İdarəsində baxılmış və nəticəsi barədə xx.xx.2023-cü il tarixli 3-13-23/2-H-654xx/xx/2023 nömrəli məktubla müəllifə məlumat verilmişdir. Belə ki, Daxili Qoşunlarda xidmət etdiyi dövrdə İddiaçı xx.xx.1995-ci il tarixdə xidmətini davam etdirmək üçün dislokasiya yeri döyüş bölgəsi olmuş Füzuli rayonunda yerləşən N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmiş və həmin hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Lakin, İddiaçı N saylı hərbi hissəyə xx.xx.1995-ci il tarixdə ezam edilərək hərbi xidmətini davam etdirməsi yuxarıda qeyd edilən Əsasnamədə nəzərdə tutulan xx.xx.1994-cü il tarixdən sonraya, yəni atəşkəs dövrünə təsadüf etdiyindən ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi mümkün olmamışdır. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Həmin sənədlərə aiddir: xx.xx.2005-ci il tarixli, 419 saylı arxiv arayışı; cavabdehin iddiaçıya ünvanladığı 29 sentyabr 2023-cü il tarixli məktubu; НЗ № ******* hərbi biletin surəti və digər sənədlər. Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1975-ci il təvəllüdlü İddiaçı cavabdeh orqana müraciət edərək ona veteran adının və bunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh orqan isə onun müraciətini təmin etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsasız olmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilən normaların məzmunundan aydın olur ki, 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. İddiaçıya məxsus НЗ № ******* saylı “Hərbi bilet”in surətindən, eyni zamanda 25 noyabr 2005-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1975-ci il təvəllüdlüdür, 07 aprel 1993-cü ildə həqiqi hərbi xidmətə göndərilmiş, N saylı hərbi hissə komandirinin 25xx.xx.1995-ci il tarixli, 74 saylı əmri ilə N saylı h/h komandirinin sərəncamına göndərilmiş, xx.xx.1995-ci il tarixli, 87 saylı əmrə əsasən dislokasiya yeri Böyük Bəhmən kəndi olan N saylı hərbi hissənin şəxsi heyəti sırasına daxil edilmişdir. Həmçinin hərbi biletin 18-ci qrafasında qeyd edilmişdir ki, xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.1994-xx.xx.1994-cü il tarixlərində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi yuxarıda iş materiallarında sadalanan ona məxsus НЗ № ******* saylı “Hərbi bilet” ilə də təsdiq olunur. Bundan başqa cavabdeh orqan imtinasının əsası kimi onun N saylı hərbi hissəyə atəşkəs dövründə ezam edildiyini qeyd etsə də, görünür ki, o atəşkəs dövründən əvvəldə xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.1994xx.xx.1994-cü il tarixlərində döyüş bölgəsində xidmət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı iddianın təmin edilməsi iə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Odur ki, məhkəmə sadalanan qanunvericilik aktlarını təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunan normalara əsasən cavabdeh orqan tərəfindən iddiaçıya veteran statusunun və bununla bağlı vəsiqənin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1993-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq, iddiaçıya müharibə veteranı statusunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı 1993-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq “müharibə veteranı” statusunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X4 İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar