Məhkəmə qərarları › İş №2-1(118)-43/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-43/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-43/2022 28.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Şabran rayonu Ağalıq Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 20 saylı qərarı ilə, ona Bələdiyyənin perspektiv inkişaf fondunda olan, Türklər yaşayış sahəsinin və 110 kv-luq elektrik xəttinin aşağı hissəsində yerləşən sahədən ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Şabran rayonu Ağalıq Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 20 saylı qərarı ilə, ona ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 21 sentyabr 2020-ci il tarixli, **********43 saylı məktubu ilə iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Şabran rayonunun Ağalıq Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Şabran rayonun Ağalıq kəndin sakinidir. xx.xx.2010-ci il tarixdə o, Ağalıq bələdiyyəsinə müraciət edərək fərdi evin tikintisi üçün ona 0.08 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. xx.xx.2010-cu il tarixdə o, torpaq mülkiyyətçisi olan Ağalıq bələdiyyəsinə 280 manat ödəniş etdikdən sonra, Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin xx.xx.2010-cu il tarixli, 178 saylı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon Şöbəsinin xx.xx.2010-cu il tarixli, 256 saylı rəyləri nəzərə alınaraq Ağalıq bələdiyyəsinin 01,12.2010-cu il tarixli, 20 saylı qərarı ilə ona bələdiyyənin perspektiv inkişaf fondunda olan, Türklər yaşayış sahəsinin və 110 kv-luq elektrik xəttinin aşağı hissəsində yerləşən sahədən birinci yer olmaqla 0.08 ha torpaq sahəsi ayrılmışdır. Hal- hazırda aldığı torpaq sahəsi onun sahibliyində olsa da, o, həmin torpaq sahəsinə dair sərəncam hüququnu əldə edə bilmir. O qeyd etdiyi ünvanda yerləşən 0.08 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə alıb, Dövlət reyestrindən Çıxarışın və texniki pasportun verilməsini DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən xahiş etsə də, ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2020ci il tarixli, **********43 saylı bildiriş göndərilmişdir. Bildirişdə göstərilir ki, xx.xx.2020-ci il tarixli ərizəyə idarədə baxılmış, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizəyə əlavə olunmuş Şabran rayonu, Ağalıq bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 20 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrindən kənarda yerləşir və təsərrüfat tikililəri kimi əraziyə düşdüyü aşkar olunduğu üçün ərizənin icrası mümkün deyil. Qeyd edir ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi eyni ərazidə yerləşən və onun sahibliyində olan torpaq sahəsinə bitişik torpaq sahələrini qeydiyyata almaqla, ona isə torpaq sahəsinin qeydiyyata alınmasından imtina etməklə ayrı- seçkiliyə yol verir. Azərbaycan Respublikasmm Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. AR Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. AR Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «Daşınmaz əmlakın dövlət reyesri haqqında » Qanunun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu Qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla,ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 20 gündən gec olmayaraq daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına almır. Göründüyü kimi, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi yuxarıda göstərilən Qanunun 15.1-ci maddəsində göstərilən əsaslardan heç biri olmadığı halda qanuni yolla əldə etdiyim torpaq sahəsinin üzərində hüquqlarımın dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1 maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əvvəlki məhkəmə iclasınlarında mütəxəssis rəyi ilə bağlı bildirmişdir ki, Şabran rayonunun Ağalıq kəndi Bələdiyyəsinə müraciət edərək fərdi ev tikintisi üçün 8 sot torpaq sahəsi ayrılmışdır. Bununla bağlı DTXK-nin Şabran rayon şöbəsinin rəyi alınmışdır. Rəydə “torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla alqı-satqı predmetidir” qeyd olunmuşdur. Şabran rayon İH-nin tikinti və memarlıq şöbəsinin rəyi var ki, torpaq sahəsinin ayrılması məqsədəuyğundur. Daha sonra bələdiyyənin hesabına torpağın dəyərini ödənilmiş və tərəflər arasında alqı satqı aktı bağlanmışdır. Mütəxəssis rəyində isə faktiki istifadəsində olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Rəylər arasında ziddiyyət var. Ayrılmış torpaq sahəsində ev tikmişdir, həmin evdədə yaşayır. Ətrafda təxminən 10 ev var. Mütəxəsiss rəyində isə kənd təsərrüfatı təyinatlı təmiz örüş olan torpaq sahəsi olması qeyd olunmuşdur. Torpaq sahəsinə baxış keçirmədən rəy verilmişdir. Torpaq sahəsi satılarkən DTXK-nin Şabran rayon şöbəsi rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla alqı-satqı predmetinin olduğu qeyd edilmişdir. İddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, tərəfindən araşdırma aparılıbdır. Ərazidə inşa edilmiş evlər bir xəttin üzərindədir. Bir neçəsinə çıxarış verilibdir. Mütəxəssis qarşısında qoyulan suala cavab olaraq qeyd olunmuşdur ki, bələdiyyə qərarı ilə iddiaçıya ayrılan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və istinad nöqtələri olmadığında iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi ilə eyni olub olmaması müəyyən etmək mümkün olmamışdır. Digər suala cavab olaraq isə qeyd edir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş torpaq sahəsidir. Mütəxəssis iddiaçıya ayrılan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və istinad nöqtələri olmadığı halda torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş torpaq sahəsi olmasını nəyə əsaslanaraq yazmışdır. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizənizə əlavə olunmuş Şabran rayonu, Ağalıq bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 14 saylı qərarı ilə fərdi mənzil tikintisi məqsədilə ayrılmış 0.08 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrindən kənarda yerləşir və təsərrüfat tikililəri kimi göstərilmiş əraziyə düşür. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan mplumata uyğunluğunun yoxlanılması; 9.1.3.bəyan olunan hüquqlarla qeydiyyata’alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2019-cu il tarixli, **********88 nömrəli və xx.xx.2020-ci il tarixli **********43 - nömrəli məktublarla imtina olunmuşdur. Qeyd olunduğu kimi mübahisələndirilən Şabran rayonu, Ağalıq «bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 14 saylı qərarı ilə fərdi mənzil tikintisi məqsədilə ayrılmış 0.08 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında oları xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrindən kənarda yerləşir və təsərrüfat tikililəri kimi göstərilmiş əraziyə düşür. Bununla bağlı icraatda olan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. (Vəsatət əlavə olunur) Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında üçüncü şəxs Şabran rayon Ağalıq Bələdiyyəsinin nümayəndəsi X14 iştirak etmiş, bələdiyyənin mövqeyini yazılı formada mahkəməyə təqdim edəcəklərini bildirmişdir. Üçüncü şəxs Şabran rayonunun Ağalıq Bələdiyyəsinin 15 sentyabr 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, Ağalıq kənd sakini İddiaçı xx.xx.2010-cu il tarixdə Ağalıq bələdiyyəsinə müraciət edərək ona fərdi mənzil tikintisi məqsədilə 0.08 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin xx.xx.2010-cu il tarixli 178 saylı və DT və XK-nin Şabran rayon Şöbəsinin xx.xx.2010-cu il tarixli 256 saylı rəyləri nəzərə alınaraq Ağalıq bələdiyyəsinin xx.xx.2010cu il tarixli 20 saylı protokolunun qərarı ilə İddiaçı bələdiyyənin perespektiv inkişaf fondunda olan, Türklər yaşayış massivi adlanan sahənin və 110 kv-luq elektrik xəttinin aşağı hissəsində yerləşən sahədən birinci yer olmaqla 0.08 ha fərdi mənzil tikintisi məqsədilə həyətyanı toıpaq sahəsi satılmışdır. (Torpaq sahəsinin planı əlavə olunur). İddiaçı anası Ağalıq kənd sakini X9 xx.xx.2011-ci il tarixdə Ağalıq bələdiyyəsinə müraciət edərək ona fərdi mənzil tikintisi məqsədilə 0.08 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin xx.xx.2011ci il tarixli 485 saylı və DT və XK-nin Şabran rayon Şöbəsinin xx.xx.2011-ci il tarixli 774 saylı rəyləri nəzərə alınaraq Ağalıq bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 09 saylı protokolunun qərarı ilə X15ma bələdiyyənin perespektiv inkişaf fondunda olan, Türklər yaşayış massivi adlanan sahənin və 110 kv-luq elektrik xəttinin aşağı hissəsində yerləşən sahədən ikinci yer olmaqla 0.08 ha fərdi mənzil tikintisi məqsədilə həyətyanı torpaq sahəsi satılmışdır. (Torpaq sahəsinin planı əlavə olunur). Ağalıq kənd sakini X4 xx.xx.2011-ci İl tarixdə Ağalıq bələdiyyəsinə müraciət edərək ona fərdi mənzil tikintisi məqsədilə 0.08 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin xx.xx.2011-ci il tarixli 417 saylı və DT və XK-nin Şabran rayon Şöbəsinin xx.xx.2011-ci il tarixli 632 saylı rəyləri nəzərə alınaraq Ağalıq bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 16 saylı protokolunun qərarı ilə X3 bələdiyyənin perespektiv inkişaf fondunda olan, Türklər yaşayış massivi adlanan sahənin və 110 kv-luq elektrik xəttinin aşağı hissəsində yerləşən sahədən üçüncü yer olmaqla 0.08 ha fərdi mənzil tikintisi məqsədilə həyətyanı torpaq sahəsi satılmışdır. (Torpaq sahəsinin planı əlavə olunur). Ağalıq kənd sakini X5 xx.xx.2011-ci il tarixdə Ağalıq bələdiyyəsinə müraciət edərək ona fərdi mənzil tikintisi məqsədilə 0.08 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Şabran rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin 24.12.201 l-ci il tarixli 473 saylı və DT və XK-nin Şabran rayon Şöbəsinin xx.xx.2011-ci İl tarixli 737 saylı rəyləri nəzərə alınaraq Ağalıq bələdiyyəsinin xx.xx.2011-ci İl tarixli 16 saylı protokolunun qərarı ilə X6ma bələdiyyənin perespektiv inkişaf fondunda olan, Türklər yaşayış massivi adlanan sahənin və 110 kv-luq elektrik xəttinin aşağı hissəsində yerləşən sahədən dördüncü yer olmaqla 0.08 ha fərdi mənzil tikintisi məqsədilə həyətyanı torpaq sahəsi satılmışdır. (Torpaq sahəsinin planı əlavə olunur). X2 heç bir sənədə əsaslanmadan X15ma məxsus fərdi mənzil tikintisi məqsədilə həyətyanı torpaq sahəsini zəbt etmişdir. Elmira Zeynalova ilə dəfələrlə sözügedən torpaq sahəsinin boşaldılmasıla bağlı Ağalıq bələdiyyəsinin rəhbərliyinin söhbətlər aparmasına baxmayaraq o, qeyri qanuni olaraq həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almışdır. Məlumat üçün bildirirlər ki, Elmira Zeynalovanın fərdi mənzil tikintisi məqsədilə 0.08 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş akt və ya digər sənədlər Ağalıq bələdiyyəsinin rəhbərliyi tərəfindən təsdiq edilməmişdir. Ağalıq kənd sakini İddiaçı tərəfindən 2017-ci il tarixdən sözügedən 0.08 ha torpaq sahəsində yaşayış evi inşa etdirilmiş və hal-hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Ağalıq kənd sakini İddiaçı və anası X1 torpaq və əmlak vergiləri hər il vaxtında ödənilir. Hal-hazırda İddiaçı və X13 bələdiyyəsinə vergi borcları yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı mövcud tələblə inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı Şabran rayonu Ağalıq Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 20 saylı qərarı ilə, ona Bələdiyyənin perspektiv inkişaf fondunda olan, Türklər yaşayış sahəsinin və 110 kv-luq elektrik xəttinin aşağı hissəsində yerləşən sahədən ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Şabran rayonu, Ağalıq bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 14 saylı qərarı ilə fərdi mənzil tikintisi məqsədilə ayrılmış 0.08 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrindən kənarda yerləşir və təsərrüfat tikililəri kimi göstərilmiş əraziyə düşür. Məhkəmə cavabdeh inzibati orqanın iddiaya etirazında qeyd etdikləri əsaslarla razılaşır və hesab edir ki, imtina əsaslı olmuşdur. Belə ki, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Hazırkı mübahisənin yaranmasının əsasını iddiaçın istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsinin olması təşkil edir. Məhkəmənin 2-1(118)-434/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur : -Şabran rayon Ağalıq Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 20 saylı qərarı ilə, iddiaçıya Bələdiyyənin perspektiv inkişaf fondunda olan, Türklər yaşayış sahəsinin və 110 kv-luq elektrik xəttinin aşağı hissəsində yerləşən sahədən ayrılmış 0.08 ha torpaq sahəsi ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi eyni torpaq sahələridirmi? -həmin torpaq sahəsinin təyinatı və kateqoriyası uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 fevral 2022-ci il tarixli **********97 saylı məktubu ilə mütəxəssis rəyi və yerquruluşu planı məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyində araşdırmanın nəticəsi olaraq qeyd edilmişdir:

1. İddiaçının naturada faktiki istifadə etdiyi torpaq sahəsi ölçüldü.Şabran rayon Ağalıq Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 20 saylı qərarı ilə, iddiaçıya Bələdiyyənin perspektiv inkişaf fondunda olan, Türklər yaşayış sahəsinin və 110 kv-luq elektrik xəttinin aşağı hissəsində yerləşən sahədən ayrılmış 0.08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və istinad nöqtələri qeyd olunmadığından İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi ilə Şabran rayon Ağalıq Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 20 saylı qərarı ilə, iddiaçıya Bələdiyyənin perspektiv inkişaf fondunda olan, Türklər yaşayış sahəsinin və 110 kv-luq elektrik xəttinin aşağı hissəsində yerləşən sahədən ayrılmış 0.08 ha torpaq sahəsinin eyni olub-olmadığını müəyyən etmək mümkün olmamışdır.

2. İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı təmiz örüş olan torpaq sahəsidir. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi təyinatına görə kənd təsərrüfatı təyinatlı örüşsahəsidir. Bu isə torpaq sahəsi ayrılan zaman qanunvericiliyin tələblərinin pozulduğunu göstərir və məhkəmə hesab edir ki, bu hal iddianın rədd olunması üçün kifayət edir. Belə ki, Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Məcəllənin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Topraq Məcəlləsinin 16-cı maddəsinə əsasən:

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.

5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1—4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativtexniki tələblər nəzərə alınır.

6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.

7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"-nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi örüş torpaqlarının şəxslərin mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.” Qeyd edilənlərdən göründüyü kimi cavabdeh inzibati orqan dövlət reystrində saxlanılan məlumata əsasən sözügedən torpaq sahəsinin örüş torpaq sahəsi olduğunu bildirmiş, qanunvericiliklə ona verilmiş səlahiyyətlər çərçivəsində əsaslı olaraq imtina etmişdir. Bu isə hüquq müdafiə vasitəsi olaraq, hazırkı iddianın əsaslı olmadığını göstərir. Qeyd edilənlər cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar