Məhkəmə qərarları › İş №2-1(118)-430/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-430/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-430/2022 30.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinə qarşı “12.10.2021-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyi cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 0.67 manat pulun cavabdehdən xeyrinə tutulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh publik hüquqi şəxsinə qarşı iddia qaldıraraq “12.10.2021-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyi cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 0.67 manat pulun cavabdehdən xeyrinə tutulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdehnə SS746904752AZ ştrix kodlu sifarişli məktubla 12.10.2021-ci il tarixli ərizəsini göndərmiş, göndərişə görə 0.67 AZN ödəmişdir. Poçt göndərişlərin izlənilməsi xidmətindən göründüyü kimi 20.10.2l-ci il tarixdə cavabdeh məktubunu almışdır.Həmin ərizədə yazmışdır: “Cavabdehnə İddiaçı tərəfindən (ünvant: ünvan 1 Yazıb bildirirəm ki, 'TQS №88 Formasında göndəriş "Tibbi Sosial Ekspert Komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir (Bildiriş №05310.03AALG8). Bununla bağlı qəbul olunmuş qərar barədə məlumatı Sizdən kağız daşıyıcısında istəyirəm. Kağız daşıyıcısında yazdı məlumat almaq konstitusion hüqıuqıumdur(57-ci maddəsinin l-ci hissəsi və 50-ci maddə), bundan irəli gələn "İnformasiya əldə etmək haqqında " qanunun 24. l-ci maddəsinin tələblərinə əsasən informasiya sorğusuna 7 iş günündən gec olmayaraq cavab verilməlidir. Yuxarıda qeyd olunanlara, müvafiq qanunvericiliyə əsasən xahiş edirəm: Qərarınızı mənə məlumat üçün kağız daşıyıcısında göndərəsiniz. Qoşma:

1. Şəxsiyyət vəsiqəmin surəti.

2. Həkim Məsləhət Komissiyasının 11.10.202 i-ci il tarixli 0531003AALG8№-li Bildirişinin surəti. İmza:\var\İddiaçı 12.10.202l-ci il” Lakin,bu günə kimi cavab almamışdır, hüquqları pozulmuşdur. İddiaçı vəsatətlə müraciət edir ki, cavabdeh təşkilatın X4 Qeydiyyatı Kitabı məhkəmə baxışına tələb edilsin, ərizəsinin kitabda qeydə alınması vərəqinin möhürlə təsdiqlənmiş surəti (işə tikilməsi üçün) məhkəməyə təqdim edilsin. Əgər elektron qaydada qeydiyyat aparılırsa, belə olan halda kağız daşıyıcısında çapa verilmiş elektron sənədin əsas möhürlə təsdiqlənmiş vəziyyətdə nüsxəsi məhkəmə baxışına təqdim edilsin. Agentliyin Nizamnaməsində aşağıdakı kimi vəzifə borcu göstərilmişdir: 3.1.22. Agentliyə daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq, qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçının “əlilliyin təyin edilməsi ilə bağlı” 12 oktyabr 2021-ci il tarixli **********0/17 və **********4/18 nömrəli müraciətləri tərəflərindən 18 oktyabr 2021-ci il tarixli **********5 nömrəli məktubla cavablandırılmışdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı 12.10.2021-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 0.67 manat pulun cavabdehdən xeyrinə tutulmasını istəyir. Cavabdeh inzibati orqanın 18 oktyabr 2021-ci il tarixli, **********5 saylı cavab məktubunda qeyd edilmişdir: “ Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döv Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - Agentlik) ünvanlanan 05.10.2021-ci il tarixli, Agentliyə ünvanlanan 07.10.2021-ci il tarixli və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanan 04.10.2021-ci il tarixli müraciətlərinizə aidiyyəti üzrə Agentlikdə baxılmışdır. Bildiririk ki, “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Respublika Qanununun 3.2-ci bəndinə əsasən “Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir”. Həmin Qanunun 3.5-ci bəndinə əsasən “Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənəd notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.” Agentliyin 09.08.2021-ci il tarixli **********4 nömrəli məktubu elektron sənəd kağız daşıyıcıda olan nüsxəsidir və eyni hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasf’nın (bundan sonra - Qayda) 2.6-cı bəndinə əsasən şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilmiş göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir. Göndəriş (Forma 88) əlilliyin qiymətləndirilməsi üçün altsistem vasitəsilə tibbi-sosial ekspert komissiyasına (bundan sonra - TSEK) göndərilməsi üçün bütün zəruri texniki tələblərə cavab verməlidir. Yenidən doğru və dolğun şəkildə yeni göndərişin tərtib olunması üçün göndərişi vermək hüququ olan tibb müəssisəsinə müraciət etməyiniz tövsiyə olunur. Həmin Qaydanın 1.5.1-ci yarımbəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması tibb müəssisələri tərəfindən göndərişlərin verilməsi üçün əsasdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilmiş 0529003AAHXJ nömrəli göndərişdə qeyd edilmiş diaqnoz və ağırlaşmaları təsdiq edən ixtisaslaşmış stasionar müalicə müddəti yetərli olmadığından və göndərişdə səthi qeyd olunan köməkçi diaqnostik və laborator müayinələrin nəticəsi xəstəliyin ağırlaşması olan İİ dərəcə tənəffüs çatışmazlığını sübut etmədiyindən əlillik təyinatının aparılması mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, tibbi-sosial ekspert komissiyasının qərarından narazı olduğunuz halda, əyani müayinə olunaraq əlilliyin müəyyən edilməsi məsələsinə baxılması üçün Agentliyin Respublika Reabilitasiya Mərkəzində (ünvan: Bakı ş. M.Kazımovski küç. 134) yerləşən qəbul şöbəsinə yaxınlaşa bilərsiniz. +994 99 *** ** ** (Whatsapp) nömrəsinə ad, soyad, ata adınızı, şəxsiyyət vəsiqənizin FİN kodunu və müraciətinizin səbəbini (əyani müayinə) göndərməklə və ya www.dtsera.az saytında tələb olunan məlumatları qeyd etməklə qəbula əvvəlcədən növbə götürməyiniz tövsiyə edilir. Qəbula gələrkən xəstəliyinizlə bağlı bütün tibbi sənədləri (diaqnostik və laborator müayinə sənədlərini və s.) özünüzlə gətirməlisiniz.” Göründüyü kimi iddiaçının “əlilliyin təyin edilməsi ilə bağlı” 12 oktyabr 2021-ci il tarixli **********0/17 və **********4/18 nömrəli müraciətləri cavabdeh tərəfindən 18 oktyabr 2021-ci il tarixli **********5 nömrəli məktubla cavablandırılmışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi inzibati icraat çərçivəsində etdikləri müraciətlərə aid edildiyi üçün ayrıca iddia predmeti olmamalı və mümkün hesab edilməməlidir. “Vətəndaşların müraciətləri” haqqında Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildiki İddiaçı əlilliyin müəyyən olunması ilə bağlı əsas tələbi olmuş və bu tələblə bağlı inzibati orqana çoxsaylı müraciətləri olmuş və bu müraciətlərlə bağlı çoxsaylı iddialar qaldırmışdır. Araşdırma zamanı müəyyən edildiki, məhkəmənin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdehnə qarşı “əlillik təyinatından imtina barədə cavabdehin 19.10.2021-ci il tarixli qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması”na dair iş olmuş, Məhkəmənin 2- 1(118)-463/2022 saylı, 07.02.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilmiş, iş hazırda Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. Göründüyü kimi iddiaçının əsas tələbi olan əlillik dərəcəsinin təyin olunması ilə bağlı iddia tələbi məhkəmə tərəfindən təmin olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar