Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4307/2024 16.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı qızının cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı statusu və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İddiaçı göndərilmiş 4 oktyabr 2023-cü il tarixli, 2/2-9164 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə 27 sentyabr 2020-ci il - 10 noyabr 2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
MÜBAHİiSƏLi HÜQUQi MƏSƏLƏNiN QİSA XÜLASƏSi
2. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçının səhhətində problem olmasına baxmayaraq, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya 30 oktyabr 2020-ci il tarixdən 23 aprel 2021ci il tarixə kimi ön cəbhədə xidmətləri ilə bağlı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
4. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
İddia tələbinə qarşı etirazın dəlilləri
5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçının iddia tələbinin cavabdeh orqana münasibətdə mümkün sayılmamasını xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı işdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdeh kimi göstərilə bilməz, çünki iddiaçı ilə cavabdeh orqan arasında hər hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir.
Tərəflərin iştirakı və izahatları:
7. İddiaçı məhkəmə iclasında iddia tələbi üzrə uyğun izahat verərək, iddianın mümkün hesab edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
10. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
11. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
12. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
13. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
14. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
15. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
16. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.
17. Məhkəmə cavabdeh tərəfin mövqeyini əsaslı hesab edir. Belə ki, Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
18. Hazırkı işdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdeh kimi göstərilə bilməz, çünki iddiaçı ilə cavabdeh orqan arasında hər hansı rəsmi əmək (xidməti) münasibəti olmamışdır.
19. İddia ərizəsinin məmunundan, o cümlədən iddiaçının məhkəmədə verdiyi izahatından aydın olur ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləmiş və 44 günlük Vətən Müharibəsində könüllü olaraq döyüş bölgəsinə yollanaraq 30 oktyabr 2020-ci ildən 23 aprel 2021-ci il tarixə kimi 01AD202 dövlət qeydiyyat nişanlı maşının 10ZJ502 nömrəli qoşqulu soyuducusunda naməlum şəhidlərin saxlanılması və təxliyyə edilməsi, yaralı əsgərlərin, hərbçilərin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut rayonlarından X3 Mərkəzinə (həmin vaxt Füzuli Hərbi Hospitalına) çatdırılmasmı həyata keçirmişdir.
20. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
21. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq, məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir.
22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı qızının cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı statusu və vəsiqəsinin verilməsi” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova