Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-431/2021 05.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı Mehdiyar qızının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Mehdiyar qızının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Görədil kəndində yerləşən 0,10 ha.dan ibarət həyətyanı torpaq sahəsi üzərində mərhum həyat yoldaşı X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı mərhum əri X2 ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 17 sentyabr 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Görədil kəndində mərhum həyat yoldaşı X2 ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 07 sentyabr 2020-ci tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə Abşeron rayonu 2 saylı Notariat ofisinin məktubunu, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndəsinin 12 noyabr 1997-ci il tarixli, 14 saylı sərəncamını, Bələdiyyənin yerquruluşu planından çıxarışı əlavə etmişdir. Lakin Cavabdeh torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından 17 sentyabr 2020-ci il tarixli bildirişlə imtina etmişdir. Cavabdeh həmin imtina bildirişində müxtəlif bir-biri ilə əlaqədar olmayan əsaslar gətirməklə qərəzli olaraq torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ayrılması barədə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndəliyinin 12 noyabr 1997-ci il tarixli,14 saylı sərəncamı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas kimi qəbul edilə bilməz. Beləki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fəmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndəliyinin 12 noyabr 1997-ci il tarixli,14 saylı sərəncamı Abşeron rayon İcra Hakimiyyətinin 08.01.1994-cü il tarixli sərəncamına istinadən verilmişdir. Göründüyü kimi Abşeron rayon İcra Hakimiyyəti Başçısının Fatmayı-Görədil kəndləri üzrə nümayəndəliyi torpaq sahəsini torpaq sahəsinin ayrılması üçün səlahiyyətləri olan şəxsin əvvəlcədən verdiyi razılıq əsasında vətəndaşların qanuni istifadəsinə vermişdir. Göründüyü kimi cavabdehin qeyd olunan maddi hüquq normasına istinad edərkən hüquqların qeydiyyatından imtina edilməsinin tam əsassız olması müəyyən edilir. Belə ki, sözügedən maddi hüquq normasına əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair verdiyi sərəncam o halda etibarsız hesab oluna bilər ki, səlahiyyətli şəxsin qabaqcadan verilmiş razılığı olmasın. Digər tərəfdən əşyaya dair səlahiyyətsiz şəxsin sərəncam verməsi sonradan səlahiyyətli şəxin bunu bəyənməsi halında etibarlı olur. (MM-nin 358.2-ci maddəsi) Cavabdehin ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsi həm də ona görə əsassızdır ki, ona məxsus torpaq sahəsinə bilavasitə eyni ərazidə yerləşən torpaq sahələri eyni əsaslarla daşınmaz əmlakın dövlət reyestrində həyətyanı torpaq sahəsi kimi dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi torpaq sahəsi qanuni istifadədir və həmin torpaq sahəsi torpaq islahatı nəticəsində vətəndaşların qanuni istifadəsinə verilmiş torpaq sahələri statusu daşıyır. Torpaq sahəsi nə bələdiyyə, nə də ki dövlət mülkiyyətinə aiddir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin qanunsuz, qərəzli bəhanələr gətirərək, qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi əsassızdır. Yuxarıda qeyd etdiyi kimi torpaq sahəsi mülkiyyətinə məhz fərdi yaşayş evinin tikintisi məqsədilə ayrılmış və orada fərdi yaşayış evi inşa edilmişdir. Cavabdehə edilən müraciət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması ilə bağlı olmuşdur ki, həmin müraciət əsassız bəhanələr gətirilməklə icra edilməmişdir. Məhkəmə iclasında İddiaçı Mehdiyar qızının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilənlərin tərəflərindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, səlahiyyətsiz şəxs - Abşeron rayon İcra Hakimiyyəti Başçısının Fatmayi-Görədil kəndləri üzrə İcra Nümayəndəliyinin 12 noyabr 1997-cı il tarixli 14 nömrəli sərəncamı ilə X2 Abşeron rayonu, Görədil kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi ayrılmışdır. Təqdim edilmiş sənədlər ekspertiza edilərkən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Fatmayi-Görədil kəndləri üzrə İcra Nümayəndəliyinin 12 noyabr 1997-ci il tarixli 14 nömrəli sərəncamı ilə ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Görədil bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada təsdiq edilmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs kənd Nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozulması deməkdir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən “Əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifələri yalnız o halda əmələ gətirə, dəyişdirə və xitam edə bilər ki, o bu əqdi bəyənmiş olsun”. Hazırki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Məcəllənin 358-ci maddəsinə əsasən də səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Eləcə də, o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 36-cı maddəsinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, səhər, səhər rayonu icra hakimiyyətinin nümayəndəliyi ravon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir, vətəndaşların qəbulunu həyata keçirir, onların şikayət, ərizə və təkliflərinə baxır və lazımi tədbirlər görür. Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat islərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. Araşdırılan halda isə səlahiyyətli şəxs olan Abşeron ravon İcra Hakimiyyəti başçısının Fatmayi-Görədil kəndləri üzrə Nümayəndəliyinə torpaq sahəsi ayrılması səlahiyyəti verməsi mümkünsüz idi, çünki yuxarıda göstərildiyi kimi, sözügedən torpaq sahəsinin ayrılması Abşeron rayon İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin tələbinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Qeydiyyat orqanına verilən ərizəyə bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Bundan basqa AR MM-nin 139-1.1.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” müəyyənləşdirilmiş və mövcud qanunvericilik aktlarında ərazi nümayəndəliklərinin torpaq ayırması barədə qərarları nəzərdə tutulmayıb. Mülki Məcəllənin 179.4-cü maddəsinə əsasən əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Məhkəməyə sorğu əsasında daxil olmuş Abşeron rayon İcra Hakimiyyəti başçısının 11 saylı, 08 yanvar 1994-cü il tarixli sərəncamından görünür ki, fərdi mənzil tikintisi üçün hər ailəyə 0,10 ha hesabı ilə 92 ailəyə 9,2 ha həyətyanı, 2,67 ha küçə və yollar altına, 3 parçadan ibarət cəmi 11,87 ha 2 nömrəli südçülük sovxozundan torpaq sahəsinin ayrılıb Abşeron rayon İcra Hakimiyyətinin başçısı Fatmayi-Göradil kəndləri üzrə nümayəndəliyinə verilməsi haqqında toplanmış sənədlərin təsdiq edilməsi, Fatmayi kəndi üzrə hər ailəyə 0,10 ha hesabı ilə 63 ailəyə 6,3 ha həyətyanı 2,7 ha küçə və yollar altına, Göradil kəndi üzrə hər ailəyə 0,10 ha hesabı ilə 29 ailəyə 2,9 ha həyətyanı, 0,60 ha küçə və yollar altına ayrılması, ayrılmış torpaqların vətəndaşlara Abşeron RİH başçısının Fatmayi-Göradil kəndləri üzrə nümayəndəliyinin sərəncamları ilə ayrılmasına icazə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin F-382 saylı, 11 avqust 2020-ci il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Fatmayi- Görədil kəndləri üzrə nümayəndəsinin 14 saylı, 12 noyabr 1997-ci il tarixli sərəncamı ilə Fatmayi-Görədil kəndləri üzrə nümayəndəliyin mənzil-torpaq komissiyasının aktlarını, vətəndaşların ərizələrini və toplanmış sənədləri nəzərə alaraq X2 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması və həmin sahədə 90 kv.m-dən ibarət olan yaşayış evi tikdirməsinə icazə verilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Abşeron rayonu Görədil bələdiyyəsinin Yerquruluşu planından çıxarışdan görünür ki, sözügedən 0,10 ha torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 17 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı Abşeron rayonu, Görədil kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində hüquqların X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 11 saylı, 08 yanvar 1994-cü il tarixli sərəncamı ilə fərdi mənzil tikintisi üçün hər ailəyə 0,10 ha hesabı ilə 92 ailəyə 9,2 ha həyətyanı, 2,67 ha küçə və yollar altına, 3 parçadan ibarət cəmi 11,87 ha 2 nömrəli südçülük sovxozundan torpaq sahəsinin ayrılıb Abşeron rayon İcra Hakimiyyətinin başçısı Fatmayi-Göradil kəndləri üzrə nümayəndəliyinə verilməsi haqqında toplanmış sənədlərin təsdiq edilməsi, Fatmayi kəndi üzrə hər ailəyə 0,10 ha hesabı ilə 63 ailəyə 6,3 ha həyətyanı 2,7 ha küçə və yollar altına, Göradil kəndi üzrə hər ailəyə 0,10 ha hesabı ilə 29 ailəyə 2,9 ha həyətyanı, 0,60 ha küçə və yollar altına ayrılması, ayrılmış torpaqların vətəndaşlara Abşeron RİH başçısının Fatmayi-Göradil kəndləri üzrə nümayəndəliyinin sərəncamları ilə ayrılmasına icazə verilməsi qərara alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti başçısının Fatmayi-Görədil kəndləri üzrə nümayəndəsinin 14 saylı, 12 noyabr 1997-ci il tarixli sərəncamı ilə X2 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması və həmin sahədə 90 kv.m-dən ibarət olan yaşayış evi tikdirməsinə icazə verilməsi qərara alınmışdır. Bu sənədlərə əsaslanan iddiaçı mərhum ərinə ayrılmış torpaq sahəsinə dair çıxarışın verilməsi üçün ərizə ilə cavadeh İdarəyə müraciət etmişdir. Lakin cavabdehin 17 sentyabr 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasının əsası kimi Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamlarının nəzərdə tutulmadığını və Abşeron rayonu Görədil bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. Belə ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı yuxarıda qeyd edilən sərəncamı ilə Fatmayi-Görədil kəndləri üzrə nümayəndəsinə vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyəti vermişdir və sonuncu da ona verilmiş bu səlahiyyətindən istifadə edərək, qeyd olunan torpaq sahəsini iddiaçıya ayırmışdır. Abşeron rayonu Görədil bələdiyyəsi tərəfindən sözügedən 0,10 ha torpaq sahəsinin yerquruluşu planı da tərtib edilmişdir. Beləliklə də, iddiaçıya torpaq sahəsinin guya, səlahiyyətsiz şəxs tərəfindən ayrılması barədə cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçının mərhum ərinə torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mərhum ərinin hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Omlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayon İcra Hakimiyyəti başçısının Fatmayi-Görədil kəndləri üzrə nümayəndəsinin 14 saylı, 12 noyabr 1997-ci il tarixli sərəncamı ilə mərhum X2 ayrılmış 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti başçısının Fatmayi-Görədil kəndləri üzrə nümayəndəsinin 14 saylı, 12 noyabr 1997-ci il tarixli sərəncamı ilə mərhum X2 ayrılmış 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-431/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-431/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver