Məhkəmə qərarları › İş №2-1(118)-433/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-433/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-433/2021 26.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili X10, Üçüncü şəxsin nümayəndəsi X13 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Dövlət Aktlarına əsasən ayrılmış torpaq sahələrinə dair hüquqi qeydiyyatın düzgün aparılması və koordinatları düzgün olmayan X3 adına 30.6.2015-ci il tarixdə verilmiş ******* nömrəli çıxarışı etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, mövcud iddia ilə bağlı dəfələrlə mülki məhkəmə qarşısında iddia qaldırılsa da, sonuncu dəfə Xaçmaz rayon məhkəməsinin 17.8.2020-ci il tarixli qərardadı ilə iddia tələbləri inzibati məhkəməyə aid olduğu qərara alınmaqla ərizə geri qaytarılmışdır. Məsələ ilə bağlı şikayəti Ali Məhkəməyə göndərilmişdir. 15.9.2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Elşanə Vəliyeva tərəfindən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verməklə iddiaçıya aidiyyatı üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququnun izahlı edilməsi qərara alınmışdır. X7 ilə qeydə alınmış torpaq sahəsinə hüququn hər hansı mülki-hüquqi əqd (alqı-satqı, bağışlanma, vərəsəlik, şəhadətnaməsi və.s) əsasında deyil, Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında aparıldığı nəzərə alınarsa, həmin qərar əsasında ayrılmış torpaq sahəsinin mərzlənməsi və yerləşmə yerinə dair kordinatlarının düzgün göstərilməməsi əsası ilə torpaq sahəsinin X4 adına ilkin hüquqi qeydiyyatının aparılması buna dair verilmiş Dövlət Aktının qanuniliyinin mübahisələndirilməsi hüquqi təbiətinə görə inzibati mübahisədir və inzibati orqanın faktiki xarakterli fəaliyyətindən irəli gələn mübahisədir. Yuxarıda qeyd olunan hüquqi mövqey artıq bundan əvvəl Dövlət Aktına əsasən ayrılmış torpaq sahəsi ilə bağlı baxılmış digər məhkəmə mübahisəsinin nəticəsi üzrə qəbul edilmiş yekun Ali Məhkəmənin Mülki Kollegiyasının 1 iyul 2020-ci il 2(102)-2214/2020 nömrəli Qərarında öz əksini tapmışdır. Odur ki, məsələ ilə bağlı İnzibati məhkəməyə müraciət edirlər. Ailə ilə birlikdə anası Hüseynova Mafızənin adına olan torpaqa mülkiyyət hüququna dair JN0065 nömrəli dövlət aktına və qardaşı İddiaçı2 adına olan torpağa mülkiyyət hüququna dair JN0067 nömrəli dövlət aktına çıxarış çıxarılması üçün dövlət rüsumunu tam ödəməklə, aprel 2016-ci ildə Quba DƏDRX-nə ərizə ilə müraciət etmişdir. Lakin 07 may 2016-cı il tarixdə DƏDRX-in 5 saylı ərazi idarəsi bizə məktubla cavab verərək JN0065 və JN0067 nömrəli Dövlət aktlarına çıxarış çıxarılmasından imtina edildiyini bildirmişlər. Belə ki, JN0065 və JN0067 N-li Dövlət aktlarında göstərilən sahə hissələrinə digər şəxsin İsrafılova Railənin adma çıxarış verilmişdir. Odur ki, həmin çıxarış qeyri-qanuni olduğundan ləğv edilməlidir. Belə ki, “Torpaq islahatı haqqında qanun” un 14cü maddəsinə görə torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Həmin Qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan respublikası. X42 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli X18 aparır. X18nın yaradılması “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsində olan torpaq paylarının əvəzsiz olaraq onların qanuni istifadəsində olan Ölçüdə mülkiyyətə verilməsi və hər bir şəxsə yalnız bir dəfə torpaq payının verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Lakin cavbdeh İsrafılovlar ailəsi, qeyd olunan normanın tələblərinə zidd olaraq iki dəfə, həm qüvvədə olmayan birinci bölgü üzrə saxta JN0062 nömrəli Dövlət Aktı üzrə, həm də ki, qanuni hesab olunan ikinci bölgü üzrə əldə etdikləri JN0062 nömrəli Dövlət Aktı üzrə torpaq payı almışlar. İddia ilə bağlı məsələyə aydınlıq gətirmək üçün baş vermiş işin hallarını rəsmi sənədlərlə əsaslandırıb ətraflı yazmaqla bütün sənədlərin lcsero surətlərini ərizəyə qoşma ilə əlavə edirlər. Belə ki, Azərbaycan Respublikasının “Aqrar islahatı haqqında”, “sovxoz və kolxozların islahatı haqqında” əsasnamənin təsdiq olunması barədə Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-cı il tarixli fərmanına əsaslanaraq, avqust 1996-cı il tarixdə “AVİFT” kəndli fermer təsərüfatınm yaradılması və fəaliyyəti haqqında təsisçi olmuş, Bundan sonra Quba rayonu S. Vurğun adma X33 komissiyasının 31 avqust 1996-cı il tarixli 02 saylı iclas protokolu tərtib edərək 134 nəfər vətəndaşın torpaq payını birləşdirib 82,4 hektar torpaq sahəsi ayrılaraq xəritə üzrə ona təhkim olunmuşdur, bundan sonra Quba rayonu Vəl-vələ İƏV ərazisində yerləşən S.Vurğun adına sovxozun torpaqlarının islahatı nəticəsində “AVİFT” k/f təsərrüfatı üçün torpaq sahəsinin yerini müəyyən etmək məqsədi ilə xəritə tərtib edilməsi barədə akt tərtib edilərədk xəritə çəkilmiş və akta əlavə edilmişdir, daha sonra X45 Komissiyasının 17 sentyabr 1996-cı il tarixli 49 saylı protokolu ilə “AVİFT” k/f təsərrüfatının Nizamnaməsi təsdiq edilmişdir. Beləliklə də “AVİFT” k/f təsərrüfatı xəritəsi üzrə ayrılmış torpaq sahələrində fəaliyyət göstərməyə başlamışdır. Lakin sonradan hər bir mülkiyyətçinin torpaq payına torpağa mülkiyyət hüququ haqqında dövlət aktları verilərkən bir çox uyğunsuzluğlar əmələ gəlmişdir ki, bu da mənim yaratdığım “AVİFT” k\f təsərrüfatının fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Belə ki, mənim təsərrüfatım üçün ayrılmış xəritə üzrə torpaq sahələri püşk üzrə ancaq “AVİFT”-in üzvləri olan şəxlərə verilə bilərdi. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20 - ci maddəsinə əsasən, torpaq islahatı yerli və rayon Aqrar İslahatı Komissiyası tərəfindən həyata keçirilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən kolxozun və ya sovxozun ərazisində yaradılmış yeni təsərrüfatçılıq formalarının, o cümlədən kəndli (fermer) təsərrüfatının üzvlərinə düşən torpaq payları, orta torpaq payı nəzərə alınmaqla həmin fermer təsərrüfatının ərazisindən verilməlidir. Torpaq payları vətəndaşlar arasında ümumi razılaşma yolu ilə müəyyənləşdirilir. Praktikadan göründüyü kimi, püşk atma aparılan zaman, fermer təsərrüfatının üzvlərindən hər hansı biri müxtəlif səbəblərdən püşkatmada iştirak etməzsə, həmin püşkü ümumi razılaşma yolu ilə təsərrüfatın başçısı çəkə bilər. Beləliklə də yuxarıda qeyd olunan qanuna əsaslanaraq və əməl edərək püşkatma onun tərəfindən aparılmış və tərtib edilən xəritə üzrə mülkiyyətçilər yerləşdirilmişdir. Lakin yerə köçürmə zamanı S.Vurğun adına təsərrüfatda bir çox səhvlərə və uyğunsuzluğlara yol verildiyindən mülkiyyətçilər arasında, o cümlədən onun təsərrüfatının payçı üzvləri arasında narazılıqlar baş vermişdir ki, bu da təsərrüfatının fəaliyyətinin dayanmasına səbəb olmuşdur. Bu narazılıqlar səbəbindən bir çox mülkiyyətçilər, o cümlədən o, yaranmış uyğunsuzluqları aradan qaldırmaq üçün yerli aqrar və rayon X18na müraciətlər etmişlər. Buna görə də Quba rayon S. Vurğun adına sovxoz AİK-nın 26 noyabr 1999- cu il tarixli 14 saylı iclas protokoluna əsasən baş vermiş uyğunsuzluğları aradan qaldırmaq məqsədi ilə Quba rayon İcra Hakimiyyətinin Başçısı Mehman İbrahimov 19.02.2000-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri cənab Qərib Məmmədova 125N«li məktubla müraciət edərək S.Vurğun adma təsərrüfatda qeyd olunan zəruri dəyişikliklərin aparılmasına göstəriş verməyi xahiş etmişdir. Daha sonra Quba rayon İHB-sı Mehman İbrahimov 25 mart 2000-ci il tarixdə 220/1 JVhli məktubla Azərbaycan Respublikası DTK-nm sədri Q. Məmmədova təkrar müraciət edərək ayrıca olaraq “AVİFT” k/f təsərrüfatı üzvlərinin sahələrində zəruri dəyişikliklər aparılmasına göstəriş verməyi xahiş etmişdir, Beləliklə zəruri dəyişiklikələr aparılması üçün lazım olan birinci bölgü üzrə çıxarılmış torpaq mülkiyyət hüququ haqqında Dövlət aktları JN 0082; 0084; 0081; 0083; 0076; 0062; 0065; 0066; 0067; 0068; və 0069 nömrəli aktların hər iki nüsxələri Dövlət Torpaq Komitəsinə təhvil verilmək üçün X36 müdri tərəfindən mənə verilmiş, o da həmin aktların hər iki nüsxələrini 22 N- li qaimə üzrə 24.8.2000 - ci il tarixdə DTK-nin texniki sənədlər şöbəsinin işçisi Y. Mustafayevaya təhvil vermişdir. Bundan sonra Quba rayon icra başçısı Mehman İbrahimov 28 avqust 2000-ci il tarixdə 630/1 N2İİ məktubla Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri Qərib Məmmədova müraciət edərək “AVİFT” kəndli fermer təsərrüfatına aid torpaq bölgüsü layihəsinin yerə köçürülməsi üçün X46 Layihə . İnstitutuna müvafiq göstəriş verməyi xahiş etmişdir. Buna görə də Dövlət Torpaq Komitəsinin Kompüter mərkəzində ikinci bölgü aşağıdakı sxem üzrə aparılmış və torpağa mülkiyyət hüququna dair yeni aktlar, o cümlədən sözü gedən mübahisələndirilən JN0062, 0065 və 0067 N-li Dövlət aktları çıxarılmışdır. Qeyd etdi ki, düzəlişdən sonra ikinci bölgü üzrə çıxarılmış JN 0062 N-li dövlət aktı İsrafılov Abdulun özünə verilmiş, sahəsi ona tanıdılmış və hal-hazırda ikinci bölgü üzrə çıxarılmış Dövlət aktında göstərilmiş sxem üzrə torpağından istifadə edirlər, qeyd etdi ki, JN 0062 N-li dövlət aktı İsrafılov Abdulun adına olmuşdur, lakin saxtakarlıq yolu ilə birinci bölgü üzrə çıxarılmış çıxarış arvadı İsrafılova Railənin adma çıxarılmışdır. İsrafılova Railənin adma çıxarılmış mülkiyyət hüququna dair çıxarış qeyri qanuni olaraq saxtakarlıq yolu ilə çıxarılmışdır. Belə ki, yuxarıda, qeyd olunmuş qanuni sənədlərə əsaslanaraq ikinci bölgü aparılmışdır. Lakin həmin ikinci Dövlət aktı gizlədilərək birinci bölgü üzrə Dövlət aktı DTK-nə təhvil verildiyi halda saxtakarlıq yolu ilə sonradan əldə edilərək daşınmaz əmlakın Reyestri xidmətinə təhvil verilərək saxta çıxarış çıxarılmışdır. Bir halda ki, birinci bölgü lahiyəsi yerli AİK-nin və Quba AİK-nin 14 və 11 nömrəli qərarları ilə dəyişdirilərək ikinci bölgü aparılmış və ikinci dəfə mülkiyyət hüququna dair yeni Dövlət aktları işlənib hazırlanmışdırsa, nə üçün Reyestr xidməti kompiuter bazasında mövcud olan ikinci bölgü lahiyəsinə uyğun olaraq çıxarış çıxartmağa cəhd göstərməmişdir? Hətta 13.9.2005-ci il tarixdə JN0482 nömrəli torpaqa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mənim adına reyestr nömrəsi **********23 olan çıxarışda göstərilən sxemdə də mübahisə pridmeti olan JN0067 və JN0065 nömrəli Dövlət Aktlarındakı torpaq sahəsinin sxem və kordinatları əks olunur. Bundan başqa Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət Torpaq Kodastrı və Monitoringi Elmi-İstehsalat Mərkəzinin drektoru Nazim İsmayılovun JN0062 və JN0065 nömrəli pay torpaqları ilə bağlı göndərilən sxemlərdən bir daha açıq aydın görünür ki, JN0062 nömrəli Dövlət Aktmdakı sahə tamamilə başqa yerdə və tam fərqli kordinatlarda yerləşir. Bu sxemlər ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə bir daha hüquqi əsas verir. Görünür ki, Reyestr xidməti bilərəkdən öz maraqları səbəbindən saxtakarlıqa əl ataraq qanuni sənədlər əsasında verilən ikinci bölgü üzrə çıxarılan Dövlət aktına uyğun olaraq deyil, təhvil verilmiş və sonradan saxtakarlıq yolu ilə əldə edilmiş birinci bölgü üzrə Dövlət aktına uyğun çıxarış çıxartmışdır. Bir daha qeyd etdi ki, birinci bölgü sxemi üzrə JN0062N-li Dövlət aktında olan cizgi planı sovxoz AİK-nin 26 noyabr 1999-cı il tarixli, 14 saylı, Quba AİK- nin 22 yanvar 2000-ci il tarixli iclasının 1 nömrəli Protokoluna əsasən dəyişiklik edilməsi barədə DƏDRX-in kompüter bazasında ətraflı məlumat və ikinci bölgü üzrə cizgi planı mövcud olduğu halda, Reyestr xidməti hansı müəmmalı səbəbdənsə buna göz yummuş, əksinə saxta sənədə əsaslanaraq birinci bölgü üzrə dövlət aktından çıxarış vermişdir. Buna görə də məsələnin araşdırılması üçün keçmiş DTK-nin səlahiyyətlərini həyata keçirən DƏDRX-in mərkəzinə sorğu edərək ikinci bölgü aparıldığdan sonra JN 0062, JN0065, JN0067, və sairə aktların çıxarılması barədə aydınlıq gətirilməsi barədə arayış alınmasını xahiş edir. 24 avqust 2000-ci il tarixdə DTK-ə təhvil verilmiş JN0062N- li Dövlət aktı 2015-cı ilin əvvəllərində sözü gedən komitənin fəaliyyətinə xitam verildikdən sonra saxtakarlıq yolu ilə əldə edilmiş və bundan sonra ikinci Dövlət aktı gizlədilərək birinci Dövlət aktı Quba RX-nə verilərək saxta çıxarış çıxarılmışdır. 2000-2015-ci illər ərzində İsrafılov Abdulun əlində ancaq ikinci bölgü üzrə Dövlət aktı olmuşdur. Birinci bölgü üzrə Dövlət aktının isə yeganə olaraq kserosurəti Abdulun əlində olmuşdur. Bu səbəbdən İsrafılov birinci bölgü üzrə Dövlət aktından 2015-ci ilin iyun ayınadək çıxarış əldə edə bilməmişdir. İstər birinci və istərsə də ikinci bölgü üzrə əlində olan torpaq sahəsindən 1996 - cı ildən istifadə etməklə 2000-ci ildən həmin sahədə yeni bağ salmışdır. İsrafılovlar isə 2000-ci ildən hal-hazırkı vaxtadək ikinci bölgü üzrə çıxarılmış torpaqa Mülkiyyət hüququna dair JN 0062 N-li Dövlət aktı üzrə sxemdə göstərilən torpaqdan istifadə edirlər. Məsələyə aydınlıq gətirmək üçün, Azərbaycan Respublikası Dövlət Torpaq Kadastrı və X22 Mərkəzinin sxemlərini o cümlədən Dövlət Torpaq Komitəsinin sədri Qərib Məmmədovun 10.10.2003 - cü il tarixli 17-3/334 JSTuli məktubunu ərizəmə əlavə edir ki, mübahisələndirilən sahələrə baxış keçirməklə hər kəsin əlində olan ikinci bölgü üzrə sxemdə göstərilən torpaqdan özləri istifadə etdiklərini və 15 ildən sonra saxtakarlığ yolu ilə əldə edilmiş Dövlət aktı əsasında 30.06.2015-ci il tarixdə DƏDRX-in 5 saylı ərazi idarəsi tərəfindən 0691803JST2 li çıxarışın qeyri-qanuni olmasına əmin olasınız. Bunu da xüsusi ilə nəzərinizə çatdırır ki, cavbdeh İsrafılova Railənin adına DƏDRX-in 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən RX seriyalı ******* saylı çıxarışın verilməsinə əsas olmuş torpaq mülkiyyət hüququna dair JN0062 saylı Dövlət Aktının saxta olması Quba rayon Məhkəməsində baxılan mübahisə zamanı öz təsdiqini tapmışdır. Belə ki, X37 rayon məhkəməsinə müraciət edərək onun və qardaşı X38 rayon Vəl-vələ kəndində yerləşən RX seriyalı ******* saylı çıxarışa əsasən ona məxsus olan 1.552 ha torpaq sahəsindən çıxarılmağı və həmin torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin bizə qadağan edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə təyin edilmiş ekspertizanın nəticəsi üzrə əldə edilmiş 29 .iyun 2017-ci il tarixli 5411 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, cavabdeh İsrafilova Railənin adına olan RX seriyalı ******* saylı reyestrdən çıxarış və reyestr xidmətinin verdiyi reyestr nömrəsi **********02 olan plan və ölçü sənədi JN0062 kod 30310018 saylı torpaqın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə verilmiş 3.05 ha torpaq sahəsinin plan və ölçü sənədinə uyğun deyildir. Eyni zamanda həmin rəydə qeyd edilmişdir ki, JN0067 kod 30310018 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə Hüseynov Tələtin mülkiyyətinə verilmiş 0.80 ha torpaq sahəsinin ölçüləri və JN0065 kod 30310018 saylı torpağın i Hüseynova Çiçək, Hüseynov Yusif, Hüseynova İfadə və Hüseynova Sahilənin mülkiyyətinə verilmiş 4.76 ha torpaq sahəsinin ölçü və cizgiləri naturadakı torpaq sahəsinə uyğundur. Göstərilənlərə əsasən hesab edirlər ki, iddia tələbi işin faktiki hallarına və qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Sonradan iddia tələbinə dəqiqləşdirmə verən iddiaçılar bildirmişdirlər ki, Quba rayon Aqrar İslahat Komissiyasının 29.3.1997-ci il tarixli 03 N-li qərarı ilə X11 adına ümumi sahəsi 3.29 ha olan JN 0062 nömrəli Dövlət Aktını etibarsız saymaqla, onun əsasında İsrafılova Railənin adına DƏDRX tərəfindən 30.6.2015-ci il tarixdə verilmiş ******* N-li çıxarışı ləğv etməklə JN0065 və JN0067 N-li Dövlət Aktlarına çıxarış verilməsi öhdəliyini DƏDRX -nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iddia tələbinə dəqiqləşdirmə verərək X11 və onun ailə üzvlərinin adına verilmiş JN-0062 (KOD ********) dövlət aktının 62 C konturunda edilmiş dəyişiklik nəzərə alınmadan daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində X11, X14, X12, X5 və X13 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (RX seriya nömrəsi 0673182) ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1, onun vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı1 Quba rayonu Vəl-Vələ kəndində yerləşən 4.76 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 03.05.2016-cı il tarixində **********, **********, **********, ********** qeydiyyat nömrəli ərizələr ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, 30.04.2016-cı il tarixli 2V-239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əlavə edilmiş JN-0065 KOD 30310018 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktfnın 65N hissəsində göstərilən 10000.24 kv.m torpaq sahəsinə 5 saylı Ərazi idarəsi tərəfindən digər şəxsin adına dövlət reyestrindən çıxarış verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 07.05.2016-cı il tarixli **********36 nömrəli məktubla imtina olunmuşdur. İddiaçı2 Quba rayonu Vəlvələ kəndində yerləşən 0.80 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə 30.04.2016-cı il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş JN-0067 KOD 30310018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 0.80 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 06.05.2016-cı il tarixli **********64 nömrəli məktubla imtina olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddia ərizəsində qeyd edilən X5 adına olan ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0062 Kod 30310018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” və Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş 13.06.2015-ci il tarixli 4Ə-719 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr”, “2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların. ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” Odur ki, X5 adına olan ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır. Qeyd olunduğu kimi mübahisələndirilən torpaq sahələrinə digər şəxsin adına dövlət reyestrindən çıxarış verilmişdir. Bununla bağlı icraatda olan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X5 nümayəndəsi X25 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı1 olan 14 saylı Protokolun surəti saxtadır. Belə bir protokol mövcud deyildir. O 2014-cü ilin mayın 19-da DT və XK-nin Quba rayon şöbəsinin müdiri Allahverdi Xudaverdiyevə ərizə ilə müraciət edərək Quba rayon Aqrar İslahat komissiyasının 1997-ci il 29 mart tarixli 03 saylı qərarı ilə JN-0062 (kod ********) saylı Dövlət aktının 3,29 ha sahənin həqiqiliyinin araşdırılması barəsində məktub ünvanlamışdır. Məktubuna 17 iyun 2014-cü il 698/2 cavab verilmiş, bildirilmişdir ki, “17 iyun 2014-cü il tarixli 698/2: Sizin 19 may 2014-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, Quba rayon Aqrar İslahat komissiyasının 1997-ci il 29 mart tarixli 03 saylı qərarı ilə JN-0062 (kod ********) saylı Dövlət aktı ilə sizin mülkiyyətinizə verilən 3,29 ha torpaq sahəsinin (beş nəfər ailə üzvünə) planı cizgilərə uyğundur.” Deməli belə bir protokol mövcud deyil. Bu İddiaçı1 saxtakarcasına qurduğu bir planın parçasıdır. Əgər mövcud olsa idi ona məktubda protokol haqqında məlumat verilərdi. İlk proseslərdə həmin saxta 14 saylı protokolun surəti işin içində idi. Hakim 09 mart 2021-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qeyd olunan protokolun müvafiq qaydada təsdiq olunmuş surətini qısa müddət ərzində məhkəməyə təqdim edilməsi haqqında sorğu göndərmiş.12 avqust 2021-ci il tarixli cavab məktunda Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yer quruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin arxiv məlumatları əsasında aparılan araşdırma zamanı sözügedən Dövlət Aktlarında 22.01.2000-ci il tarixli, 01 nömrəli protokola əsasən qismən dəyişiklik edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir cavabı daxil olmuşdur. Protokolu İddiaçı1 və ya vəkilindən deyil, Dövlət müəssisəsindən və ya aidiyyəti qurumlardan təsdiq edilmiş formada tələb edəsiniz. Daha doğrusu tələb etdiniz cavabdan da göründüyü kimi belə bir protokolun mövcudluğu aşkarlanmadı. Ona görədə 3-cü şəxsin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın imtina məktubu, etirazı, Quba rayon İcra Hakimiyyətinin Dövlət Torpaq Komitəsinə ünvanladığı 28 avqust 2000-ci il tarixli 630/1 məktubu, Quba rayon Səməd Vurğun adına X33 Komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı qərarının surəti, RX seriya nömrəsi ******* saylı çıxarışın surəti, JN 0062, JN0065 və JN0067 N-li Dövlət Aktlarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır və mahiyyəti baxımından əsaslıdır. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ DƏDRX-nin 5 saylı ərazi idarəsi tərəfindən X11 və onun ailə üzvlərinin adına verilmiş JN-0062 (KOD ********) dövlət aktının 62 C konturunda edilmiş dəyişiklik nəzərə alınmadan daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində X11, X14, X12, X5 və X13 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verildiyi gündən yaranmış olur. Belə ki, cavabdeh təşkilat tərəfindən JN-0061 saylı dövlət aktına edilmiş dəyişiklik nəzərə alınsa idi 3-cü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları iddiaçıların sahibliyində olan torpaq sahələrinin koordinatları ilə (65 M hissəsində) üst-üstə düşməyə bilərdi. Torpaq sahələrinin koordinatlarının üst-üstə düşməsi Quba Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 5411 saylı rəyi əsasında müəyyən olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazinin iddia tələbi üzrə hazır ki, iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsiniun hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirmişdir. Belə ki, hazır ki, iddia tələbi üzrə 3-cü şəxslərə verilmiş RX seriya nömrəsi ******* olan mülkiyyət hüququna dair çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmişdir. Belə olduğu tədqirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçılardan İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 2016-cı ildə 4 dəfə müraciət edərək, Quba Rayonunun Vəl-Vələ kəndində yerləşən 4.76 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsini tələb etmişdir. Lakin cavabdeh təşkilat ona bildirmişdir ki, iddiaçıların sahibliyində olan və müvafiq dövlət aktlarında göstərilən torpaq sahələrinin 65 N hissəsinə digər şəxsə (Qeyd: Məhkəmə Ekspertiza Mərkəzinin 5411 saylı ekspert rəyi ilə həmin torpaq sahəsinin mülkiyyətçisinin X15 olması müəyyən edilmişdir) çıxarışın verilmişdir. Bu səbəbdən iddiaçının tələbi cavabdeh təşkilat tərəfindən yerinə yetirilməmişdir. Hesab olunur ki, iddiaçı tərəfindən cavabdeh təşkilata bir neçə dəfə müraciət olunması onun tərəfindən pretenziya qaydasına riayət etməsinə dəlalət edir. Belə ki, iddiaçıların hazır ki, iddia tələbini qardırmaqda məqsədi dövlət aktında göstərilmiş və onların sahibliyə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasının həyata keçirilməsindən ibarətdir. Lakin həmin torpaq sahələri üzərində digər şəxsin mülkiyyət hüququ qeydə alındığından DƏDRX-nin 5 saylı Ərazi İdarəsi hazır ki, iddia tələbi üzrə iddiaçıların sahibliyində olan torpaq sahələrini qeydiyyata ala bilmir. Ona görədə iddiaçılar onların torpaq sahələri ilə üst üstə düşən torpağa dair verilmiş çıxarışın ləğv edilməsini tələb edirlər. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan torpaq sahəsi mülkiyyət hüququ ilə X5 adına qeydə alınmamışdan öncə İsrafilov Abdul Rəcəb oğlunun, X6, X13, X12 və X14 adına birgə mülkiyyət hüququ qeydə alınmışdır. Sonradan tərəflər arasında bağlanmış bağışlama müqaviləsinə əsasən digər birgə mülkiyyətçilər özlərinə aid olan hissəni X8 hədiyyə etmişdirlər. Hal hazırda mübahisə predmeti olan torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ qeydə alınmışdır. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Nəzəri cəhətdən belə qəbul edilməlidir ki, 3.29 ha torpaq sahəsinin İsrafilov Abdul Rəcəb oğluna, X9, X19, X17 və X20 ayrılması haqqında Quba rayonun Aqrar İslahat Komissiyasının 29 mart 1999-cu il tarixli 03 nömrəli qanunsuz və əlverişsiz qərarı əsasında aparılmış bütün hüquqi nəticələr (yəni X5 adına qeydə alınmış mülkiyyət hüququna dair çıxarışda daxil olmaqla) aradan qaldırılmalıdır. Lakin oda nəzərə alınmalıdır ki, X5 adına mülkiyyət hüquqna dair çıxarışı verilməsinə əsas İsrafilov Abdul Rəcəb oğlunun, X13, X12 və X14 oz paylarını bağışlama müqaviləsi əsasında Railə İsrafilovaya hədiyyə etməsidir. Ona görədə məhkəmə hesab edir ki, bağışlma müqaviləsi rəsmiləşdirilənədək həyata keçirilmiş hüquqi hərəkətlər aradan qaldırılmalı, bağışlama müqaviləsi və ondan sonra yaranmış hüquqi nəticələr isə mülki mühakimə icraatı qaydasında aradan qaldırılmalıdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Xaçmaz şəhəri, H.Əliyev prospekti 9 A ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,Quba rayonunun sabiq Səməd Vurğun adına sovxozun ərazisində yerləşən torpaq sahələri ilə bağı Quba rayonun Aqrar İslahat Komissiyasının 29 mart 1999-cu il tarixli 03 nömrəli qərarı əsasında torpaq sahələri vətəndaşların mülkiyyətinə verilmişdir. Həmin qərara əsasən İsrafilov Abdul Rəcəb oğluna, X9,X19,X17 və X20 ümumi sahəsi 3.29 ha torpaq sahəsi ayrılmış və həmin sahə üzərində olan hüquqlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 62 nömrəsi ilə 25 yanvar 1999-cu ildə qeydə alınaraq JN-0062 kod 30310018 olan dövlət aktı verilmişdir. İsrafilov Abdul Rəcəb oğluna, X9,X19,X17 və X20 verilmiş verilmiş JN-0062 kod 30310018 olan dövlət aktına sahəsi 15521 kv.m göstərilmiş 62 C saylı plan cizgi sənədi, sahəsi 6373.42 kv.m göstərilmiş 0062 saylı paln cizgi sənədi və sahəsi 10956 .00 kv.m göstərilmiş 62 A saylı plan cizgi sənədi əlavə edilmişdir. Eyni zamanda hazır ki, iddia tələbi üzrə iddiaçılar İddiaçı1 və onun ailə üzvlərinə 4.76 ha torpaq sahəsi ayrılmış və ona JN-0065 kod 30310018 olan dövlət aktı, İddiaçı2 Tələt oğluna 0,80 ha torpaq sahəsi ayrılmış və ona JN-0067 kod 30310018 olan dövlət aktı verilmişdir. Bir müddət sonra “Avift” kəndli fermer təsərrüfatı payçıları Aqrar İslahat Komissiyasına müraciət edərək, torpaq sahələrinin xəritələr üzrə paylanmaması bildirərək yenidən bölgü aparılmasını tələb etmişdirlər. Payçıların müraciəti nəzərə alınaraq Quba rayon Səməd Vurğun adına X33 Komissiyasının 26 noyabr 1999-cu ikl tarixli 14 saylı qərarı əsasında “Avift” kəndli fermer təsərrüfatının üzvlərinin mülkiyyətinə veriləcək torpaq sahələrinin sxemi müəyyən edilmiş və müvafiq dəyişikliyin edilməsi barədə Quba rayon Səməd Vurğun adına X33 Komissiyasının qərarının Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən təstiq edilməsi xahiş edilmişdir. Quba rayon Aqrar İslahat Komissiyası Səməd Vurğun adına X33 Komissiyasının 26 noyabr 1999-cu ikl tarixli 14 saylı qərarı nəzərə alaraq 22 yanvar 2000ci il tarixli 01 saylı protokolu ilə uyğunsuzluğun aradan qaldırılması haqqında lazımi düzəlişlərin edilməsi və edilmiş düzəlişlərin kompüter mərkəzində yenidən işlənməsini Dövlət Torpaq Komitəsindən və Yer Quruluşu Layihə İnstitutundan xahiş etmişdir.Quba rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 19 fevral və 25 mart 2000-ci ildə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə müraciət olunaraq yerli aqrar islahat komissiyasının 26 noyabr 1999-cu il tarixli 14 saylı qərarı nəzərə alınaraq kompüter mərkəzində ayrılmış torpaq sahələri üzrə zəruri dəyişikliklərin edilməsi xahiş olunmuşdur. Quba rayonunun Vəl-Vələ kəndi ərazisində paylanmış və torpaq sahələrinə dair verilmiş JN 0082, 0084, 0081, 0083, 0076, 0062, 0065, 0067, 0069, 0068 və 0066 saylı dövlət aktları 24 avqust 2000-ci ildə 22 saylı qaimə əsasında Dövlət Torpaq Komitəsinə təhvil verilmişdir. Quba rayon İcra Hakimiyyətinin Dövlət Torpaq Komitəsinə ünvanladığı 28 avqust 2000-ci il tarixli 630/1 məktubundan məlum olmuşdur ki, Dövlət Torpaq Komitəsi tərəfindən kompüter mərkəzində müvafiq dəyişikliklər edilmişdir. X23 və onun ailə üzvlərinə yeni verilmiş JN 0062 kod:30310018 olan dövlət aktında ayrılmış torpaq sahəsinin ölçüsü 3.05 hektar göstərilmiş və həmin dövlət aktına əlavə edilmiş sahəsi 13098.75 kv.m göstərilmiş 62 C saylı plan cizgi sənədi və sahəsi 17400.00 kv.m göstərilmiş 0062 saylı plan cizgi sənədi ayrılmışdır. Yəni yeni dövlət aktında X16 ilkin ayrılmış 3.29 ha torpaq sahəsindən az ölçüdə torpaq sahəsi qeydə alınmışdır. Lakin DƏDRX-nin məhkəməyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, 13 iyun 2015-ci ildə X23 ailə üzvləri ilə birlikdə Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş sahəsi 3.29 ha göstərilmiş ilkin dövlət aktı əsasında torpaq sahəsinin 1.732942 ha hissəsini X1, yerdə qalan 1.552 ha torpaq sahəsini arvadı X6 adına mülkiyyət hüququnu ilə **********02 qeydiyyat nömrəsi ilə qeydiyyata aldıraraq dövət reyesterindən çıxarış almışdır. Belə ki, X21 1.732942 ha torpaq sahəsi satıldıqdan sonra 1.552 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyesterində 109 nömrəli reyester kitabının 24 nömrəli vərəqində X11, X14, X12, X5 və X13 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış verilmişdir. Sonradan həmin çıxarışın əsasında X23, X26, X24 və X25 öz paylarını notarial qaydada təstiq edilmiş bağışlama müqaviləsi əsasında X8 bağışlamışdırlar. O isə öz növbəsində ona bağışlanmış hüquqları daşınmaz əmlakın dövlət reyesterində 109 nömrəli reyester kitabının 24 nömrəli vərəqində qeydiyyata aldırmışdır. Quba rayon Məhkəməsində 2(027)-2025/2016 saylı mülki işin araşdırması zamanı təyin edilmiş ekspertizanın 5411 saylı rəyindən məlum olmuşdur ki, X9 mülkiyyət hüququ ilə məxsus və RX seriyalı ******* nömrəli çıxarışda qeydə alınmış 1.552 ha torpaq sahəsinin koordinatları İddiaçı1 və İddiaçı2 dövlət aktı əsasında məxsus olan torpaq sahəsinin koordinatları ilə üst üstə düşür. Məhkəmə tərəfindən bir neçə dəfə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinə ünvanlanmış sorğuların olmasına baxmayaraq 26.11.1999-cu il tarixli 14 saylı qərarın "xxxx" MMC-nin arxivində aşkar olunmaması səbəbindən JN-0062 (KOD ********) dövlət aktına hər hansı bir dəyişikliyin edilməsinini müəyyən etmək mümkün olmamamışdır. Bu isə iddiaçı tərəfindən təqdim edilmiş Quba rayon Səməd Vurğun adına X33 Komissiyasının 26 noyabr 1999-cu ikl tarixli 14 saylı qərarın mötəbərliyinə dəlalət edir. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyester Xidmətində JN-0062 nömrəli Dövlət aktının 62c konturuna dəyişiklik edilməsi barədə məlumatın olmamasına baxmayaraq, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyester Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında JN-62C konturu 1.31 kimi qeydə alınmışdır.Yəni JN-62C konturunun 1.31 kimi qeyd olunması X2 mülkiyyətində 1.552 kv.m torpaq sahəsinin deyil 13098.75 (1.31) kv.m. olmasına dəlalət edir. Ona görə də məhkəmə hesab edir ki, ümumi sahəsi 3.29 ha torpaq sahəsi kimi göstərilmiş dövlət aktının 62C plan cizgi sənədində göstərilmiş sahəsi 15521.00 kv.m olan torpaq sahəsi əsasında aparılmış qeydlər qanunun tələblərinə ziddir. Məhkəmə tərəfindən aparılmış araşdlrma zamanı müəyyən edilmişdir ki, , ümumi sahəsi 3.29 ha torpaq sahəsi kimi göstərilmiş dövlət aktının 62C plan cizgi sənədində göstərilmiş sahəsi 15521.00 kv.m olan torpaq sahəsinin X23 və onun ailə üzvlərinin sahibliyində olmamasına baxmayaraq, bəlli olmayan səbəblərdən artıq hüquqi qüvvəsini itirmiş 3.29 ha torpaq sahəsi ilə bağlı verilmiş dövlət aktı əsasında hüuqqi hərəkətlər aparılmış və nəticədə X15 (X23) Quba rayonunda fəaliyyət gösdərmiş Səməd Vurğun adına X33 Komissiyasının 26 noyabr 1999-cu il tarixli qərarında nəzərdə tutulmuş torpaq sahəsindən artıq hissəyə sahib olmuşdur. Nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında 26 noyabr 1999-cu il tarixli qərara dəyişikliyin qeydə alınması barədə məlumatın olmasına baxmayaraq, hal hazırda elektron baza məlumatlarında X15 mülkiyyətində olan 1.552 kv.m torpaq sahəsinin verilməsi üçün əsas olmuş JN-0062 (KOD ********) dövlət aktının 62 C konturunda torpaq sahəsi 1.31 ha kimi qeyd edilmişdir. Bu isə bir daha iddia tələbinin əsaslı olmasına dəlalət edir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 8.0.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, torpağa dair verilmiş şəhadətnamələr-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilir. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatından imtina olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilməmişdir. Göründüyü kimi elektron məlumat bazasında X11, X14, X12, X5 və X13 birgə mülkiyyətində olan torpaq sahəsinin 15521.0 kv. m deyil, 13098.75 (1.31) kv.m olması cavabdeh təşkilat tərəfindən lazımi qaydada araşdırma aprılmadan onların adına 15521.0 kv.m sahəsi olan torpaq sahəsi üzərində mülkiyyət hüququları qeydə alınmışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinin tələbləri baxımından qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına baxmayaraq, mübahisə predmeti olan torpaq sahəsinin birgə mülkiyyətçilərdən öz paylarının X9 tam mülkiyyət hüququ ilə keçməsinə əsas digər birgə mülkiyyətçilər ilə Railə İsrafilova arasında bağlanmış 25 iyun 2015-ci il tarixli bağışlama müqaviləsi olmuşdur. Qeyd olunan bağışlama müqaviləsinə hüquqi qiymət verilmədən X6 adına verilmiş RX seriyalı ******* saylı çıxarışa hüquqi mövqe bildirmək yolverilməzdir. Qeyd olunan bağışlama müqaviləsi mülki hüquq xarakterli olduğundan həmin müqaviləyə mülki mühakimə icraatı qaydasında hüquqi qiymət verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmənin hazırkı qərarı ilə Railə İsrafilovanın adına mülkiyyət hüququ ilə qeydə alınmış RX seriya nömrəsi ******* saylı çıxarışın inzibati icraat qaydasında ləğv edilməsi mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X11 və onun ailə üzvlərinin adına verilmiş JN-0062 (KOD ********) dövlət aktının 62 C konturunda edilmiş dəyişiklik nəzərə alınmadan daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində X11, X14, X12, X5 və X13 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (RX seriya nömrəsi 0673182) ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar