Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4336/2024 19.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya və ailə üzvlərinə Quba rayonu Vladimirovka və Davidoba kəndində 2.24 ha kənd təsərrüfatı məqsədləri üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən laimi istifadə etmişlər, lakin torpaq sahəsinə çıxarış almaq istədildə həmin torpsaq sahəsinə dair artıq çıxarışın verilməsi bildirilmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, torpaq sahəsinin bir hissəsi onun xəbəro olmadan ailə üzvləri tərəfindən satılmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Lakin onun bununla bağlı müvafiq müraciətləri olmamışdır. Cavabdeh orqanın verdiyi cavab məktublarından görünür ki, iddiaçının müraciətləri torpaq sahəsinin qeydiyyatı barədə məlumat alınması ilə bağlı olmuşdur və ona müvafiq cavablar verilmşdir. İddiaçı inzibati prosessual qanunvericiliyin tələblərinə zidd olaraq aidiyyəti üzrə inzibati orqana müraciət etməmiş və həmin orqandan cavab almamışdır. Halbuki, hazırki iddia tələbi öhdəliyin icrası növündə baxılan iddialara aiddir və ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməsi həmin iddianın mümkün hesab edilməsi üçün xüsusi şərtlərə aiddir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi yardım gösətrilməsini zəruri hesab edir və bununla bağlı iddiaçıya izah edir ki, iddiaçı torpaq sahəsinin ailə üzvləri tərəfindən onun xəbəro olmadan satılmasını iddia edirsə, bu halda alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ilə ümumi məhkəməyə müraciət etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-4336/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4336/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver