Məhkəmə qərarları › İş №2-1(118)-4339/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4339/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4339/2025 30.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin 10 oktyabr 2012-ci il tarixli, 2013 nömrəli arayışından görünür ki, Göyüşov X3 rayon X5 tabeliyində 53 saylı əmrlə 10 mart 1992-ci il tarixdə yaradılmış “Qarabağ” könüllü milli müdafiə Ziyalılar taborunun tərkibində 1 oktyabr 1992-ci il tarixdən 30 yanvar 1993-cü il tarixədək rayonun müdafiəsi uğrunda gedən döyüşlərdə sıravi döyüşçü kimi iştrak etmişdir.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin 5 dekabr 2020-ci il tarixli, 5443 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, DİN-nin arxivində saxlanılan Cəbrayıl RPŞ-nin 1992-ci ili əhatə edən əmrlərinin içərisində şöbənin tərkibində döyüşlərdə iştirak edən könüllü ziyalılar taboru barədə heç bir əmr aşkar olunmamışdır. Eyni zamanda, araşdırma zamanı Cəbrayıl RPŞ-də “Qarabağ” könüllü milli müdafiə Ziyalılar taborunun yaradılması və İddiaçı həmin taborun tərkibində sıravi döyüşçü kimi 1992-1993-cü illərdə döyüşlərdə iştirak etdiyinə dair heç bir rəsmi məlumat aşkar olunmamışdır. Əlavə olaraq nəzərinə çatdırılmışdır ki, Cəbrayıl RPŞ-də 2014-cü ilə kimi olan sənədlər müddətləri keçdiyi üçün yandırılaraq məhv edilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin 12 iyul 2024-cü il tarixli, 3- 25-2/2-G-78xx-xx/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş (1 nömrəli əlavə) Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamədə qeyd olunur ki, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da digər qoşun növlərində xidmət etmiş şəxslərin sənədlərinə baxılması nəzərdə tutulmamışdır. Odur ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün aidiyyəti üzrə müvafiq komissiyaya müraciət edilməsi məqsədəmüvafiqdir.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X7 İdarəsinin 31 oktyabr 2024-cü il tarixli, 3-13-23/2-G-47647/2-38/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, əvvəllər daxili işlər orqanlarında xidmət etməyi müəyyən olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarına əsasən müraciətinin müsbət həlli mümkün olmamışdır. Eyni zamanda, həmin qərarın tələblərinə uyğun olaraq döyüş əməliyyatları bölgəsində özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq Komissiyanın rəyinə əsasən verilir. Göstərilənlər nəzərə alınaraq, müraciətinə baxılması dayandırılmışdır.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X7 İdarəsinin 19 fevral 2024-cü il tarixli, 3-13-23/2-470/2025 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciəti əsasında DİN-in X7 İdarəsində aparılmış araşdırmanın nəticəsi üzrə müraciətinin müsbət həllinin mümkün olmamasına dair 31 oktyabr 2024-cü il tarixdə 3-13-23/2-G-47647/2- 38/2024 nömrəli məktubla müəllifə məlumat verilmişdir. İddiaçı əvvəllər daxil işlər orqanlarında xidmət etməsi müəyyən olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən müraciətinin müsbət həlli mümkün olmamışdır. Eyni zamanda, həmin qərarın tələblərinə uyğun olaraq döyüş əməliyyatları bölgəsində özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq Komissiyanın rəyinə əsasən verilir. DİN-in arxivində “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar taboruna və İddiaçı həmin taborun tərkibində döyüşlərdə iştirakına dair məlumatlar müəyyən edilməmişdir.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin 13 mart 2025-ci il tarixli, 3-13-70/2-1951/25 nömrəli məktubundan görünür ki, Cəbrayıl rayon Polis Şöbəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 21/4, mənzil 46-da yaşayan İddiaçı 1993-cü illər ərzində erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı Cəbrayıl RPŞ-nin tərkibində yaradılmış könüllülərdən ibarət milli özünümüdafiə dəstəsində həmin döyüşlərdə iştirak etməsini təsdiq edən heç bir məlumat yoxdur. Qeyd edilmişdir ki, DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi vasitəsi ilə müvafiq araşdırılma aparılmış, DİN-in arxivində və eyni zamanda Cəbrayıl RPŞ-də saxlanılan 1992-1993-cü il tarixli əmrlərin içərisində İddiaçı və ya digər şəxslərin Cəbrayıl RPŞ-nin tərkibində döyüşlərdə iştirak edən “Qarabağ” könüllü milli müdafiə ziyalıları taboru barədə heç bir əmr aşkar olunmamışdır. Bununla bağlı İddiaçı 5 dekabr 2020-ci il tarixdə, 5443 nömrəli məktubla rəsmi olaraq məlumat verilmişdir.

Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

8. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1970-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda gedən döyüşlərin iştirakçısıdır. Cəbrayıl rayon X5 10 mart 1992-ci il tarixli, 53 saylı əmri əsasında yaradılmış “Qarabağ” könüllü Milli Müdafiə “Ziyalılar” taborunun tərkibində 1 avqust 1992-ci il tarixdən 30 yanvar 1993-cü il tarixədək Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə sıravi döyüşçü kimi iştirak etmişdir. Bunu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cəbrayıl rayon Polis Şöbəsinin 10 sentyabr 2012-ci il tarixli, 2013 saylı arayışı təsdiq edir. Həmçinin, Cəbrayıl rayon Polis Şöbəsi 5 dekabr 2020-ci il tarixli məktubu ilə “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar taborunda 1992-1993-cü illərdə döyüşlərdə iştirak etdiyini təsdiq etmişdir. İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi xahişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyi məsələ ilə əlaqədar bildirmişdir ki, digər qoşun növündə xidmət etmiş şəxslərin sənədlərinə baxılması nəzərdə tutulmadığına görə xahişi təmin edilməmişdir. Məsələ ilə əlaqədar olaraq cavabdehə edilən müraciətə cavabdeh 31 oktyabr 2024-cü il tarixdə cavab vermişdir. Cavab məktubunda xidmət etməyi müəyyən olunmadığına görə xahişi təmin edilməmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Belə ki, onun 1992-1993-cü illərdə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə iştirakını yuxarıda göstərdiyi sənədlər təsdiq edir. Həmçinin onunla eyni taborda eyni vaxtda döyüşmüş X2, X4, X1 “müharibə veteranı” adını və vəsiqəsini almışlar.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Tərəflərin iştirakı və izahatları:

12. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş, ona uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək bildirmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının tələbinə münasibətdə araşdırılma aparılmış, müvafiq orqanlara sorğuların göndərilməsi təmin edilmiş, araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsinin 10 oktyabr 2012-ci il tarixli arayışı Daxili İşlər Nazirliyinə təhvil verilməmişdir. Odur ki, qeyd edilən sənədin verilməsi əsasları məlum deyildir. Həmçinin, iddiaçının qeyd etdiyi “Qarabağ” könüllü milli müdafiə Ziyalılar taborunun mövcud olduğu, ümumiyyətlə iddiaçıya münasibətdə könüllü olaraq müharibədə iştirakı ilə əlaqədar heç bir məlumat aşkar edilməmişdir. Eyni zamanda, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə əsaslanaraq qeyd etmişdir ki, iddiaçının iddia etdiyi döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakı təsdiq edilsə də, hazırkı iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olmalıdır.

ƏSASLANDİRMA HİSSƏSİ

14. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

15. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

16. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

17. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.

18. Hazırkı iş üzrə irəli sürülən iddia tələbinin mümkünlüyü baxımından, ilk öncə həmin tələbin yönəldiyi inzibati orqanın iddiaya cavab verməli olub-olmaması müəyyənləşdirilməlidir.

19. Belə ki, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli, 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir.

20. Əsasnamənin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.

21. İddiaçının iddia tələbinin əsasında onun “Qarabağ” könüllü milli müdafiə Ziyalılar taborunun tərkibində 1 oktyabr 1992-ci il tarixdən 30 yanvar 1993-cü il tarixədək rayonun müdafiəsi uğrunda gedən döyüşlərdə sıravi döyüşçü kimi iştrakı dayanır.

22. Bu səbəbdən də, məhkəmə, yuxarıda qeyd edilmiş qanunvericilik normalarının məzmununu nəzərə alaraq və cavabdehin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən qeyd edilən könüllü milli müdafiə taborunun özünümüdafiə dəstələrinə və birləşmələrinə aid olduğu üçün, hazırkı iş üzrə iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi deyil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olmalıdır.

23. Məhkəmə tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi, həmçinin iddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi üçün iddiaçıya vaxt verilib-verilməməsi baxımından da araşdırma aparılmışdır.

24. Nəticədə müəyyən etmişdir ki, arxiv materiallarında “Qarabağ” könüllü Milli Müdafiə Ziyalılar taboruna və iddiaçının həmin taborun tərkibində döyüşlərdə iştirakına dair məlumatlar aşkar edilməmişdir.

25. Bundan əlavə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən 1993-cü illər ərzində erməni işğalçılarına qarşı gedən döyüşlər zamanı Cəbrayıl RPŞ-nin tərkibində yaradılmış könüllülərdən ibarət milli özünümüdafiə dəstəsində həmin döyüşlərdə iştirak etməsini təsdiq edən heç bir məlumat, eyni zamanda, Cəbrayıl RPŞ-nin tərkibində döyüşlərdə iştirak edən “Qarabağ” könüllü milli müdafiə ziyalıları taboru barədə heç bir əmr mövcud deyildir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, idianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7).

27. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin iddiaya cavab verməli olan orqan olmadığından, eyni zamanda, iddiaçının müharibə zamanı döyüş əməliyyatlarında iştirakı barədə məlumatın mövcud olması da öz təsdiqini tapmadığı üçün iddia mümkün hesab edilməməlidir.

28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar