Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-434/2024 26.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X1 adına X6 və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində tərtib edilmiş 1530,78 kv.m torpaq sahəsinin planı və ölçüsünün və X4 kitabında torpaq sahəsinin uçota ahnması barədə xx.xx.2010-cu il tarixli, 1328 nömrəli (A225035) qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X1 adına X6 və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində tərtib edilmiş 1530,78 kv.m torpaq sahəsinin planı və ölçüsünün və X4 kitabında torpaq sahəsinin uçota ahnması barədə xx.xx.2010-cu il tarixli, 1328 nömrəli (A225035) qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2524/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuşdur və həmin kənddə daimi yaşayır. Şamaxı rayonu, Göylər kəndi ərazisində, Yenikənd yolunun üst tərəfində 0,16 ha torpaq sahəsi 2000-ci ildən onun istifadəsində olmaqla, orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib-becərir, çoxillik meyvə ağacları əkib böyütmüşdür. Torpaq sahəsinin vergisini ərazi Bələdiyyəsinə ödəyir. Həmin torpaq sahəsində 2010-cu ildə ev tikib ailəliklə yaşayır. İşlətdiyi qaz və elektrik enerjisinin pulunu ödəyir. Həmin torpaq sahəsinə görə Göylər Bələdiyyəsinə həyətyanı torpaq sahəsinin vergisini ödəyir. RF-da 50 ildən artıq daimi yaşayan və qeydiyyatda olan qardaşı X3 həmin torpaq sahəsinin ona məxsus olub torpaq sahəsindən çıxarılmağı və tikdiyi evin sökülməsini tələb edir. Bununla əlaqədar olaraq aralarında məhkəmə mübahisəsi gedir. 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən məhkəmə təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçülərində X2 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 1530,78 kv.m həyətyanı torpaq sahəsi verilmiş və bu X6 kitabında xx.xx.2010-cu il tarixdə 1328 nömrə ilə uçota alınmışdır (A225035). Qeyd olunan sənədlər hüquqverici sənədlər hesab edilmir, yalnız texniki sənədlər hesab edilir. Torpağa mülkiyyət hüququnun verilməsinə dair sənəd torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə hesab edilir. Lakin belə bir şəhadətnamə mövcüd deyildir. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarında (protokolunda) Ataxan Rəhimova torpaq sahəsinə dair ilkin sənədlərinin olub-olmaması, vardırsa təsdiq olunmuş surətini əldə etmək məqsədi ilə Milli Arxiv İdarəsinin X7 filialına vəkil sorğusu göndərilmişdir. Sorğuya verilmiş xx.xx.2022-ci tarixli 482/191 nömrəli cavab məktubunda göstərilir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2021-ci il tarixli 03 nömrəli qərarın (protokolun) təsdiq olunmuş surəti göndərilmişdir. Həmin qərarda X2 torpaq sahəsinin ayrılması barədə heç bir qeyd yoxdur. Bundan başqa Göylər kədində keçirilmiş Aqrar islahat zamanı adlı siyahıda X2 torpaq sahəsinin verilib-verilməməsi ilə bağlı X7 filialına təkrar vəkil sorğusu göndərilmişdir. Sorğuya verilmiş xx.xx.2022-ci il tarixli 493/193 nömrəli cavab məktubunda qeyd olunur ki, Şamaxı filialında saxlanılan Göylər kənd Üzüm istehsalı və Emalı müəssisəsinin 1990-1996-cı illərə dair sənədlərinə baxış keçirilərkən X1 adına torpaq sahəsinin verilməsi barədə məlumat aşkar olunmamışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı qeydin ləğv edilməsi tələbinə dair" iddia ərizəsini əsassız hesab edirlər. 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İddiaçı 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, X6 və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X4 kitabında xx.xx.2010-cu il tarixdə, 1328 nömrə ilə X1 adına qeyd olunmuş 1530,78 kv.m torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədinin və müvafiq qeydiyyatın ləğv edilməsi xahiş etmişdir. Məlumat üçün bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquq şəxsinin 14 saylı Şamaxı Ərazi idarəsi qanunamüvafiq qaydada daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Ərazi idarəsinin hər-hansı bir şəxsin sənədinin və mülkiyyət hüququnun ləğv edilməsi səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı tələbi qeyri-qanuni olduğuna görə onun ərizəsinin icrası mümkün olmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Milli Arxiv İdarəsi X7 Filialı 24 noyabr 2022-ci il tarixli və 18 noyabr 2022-ci il tarixli məktubu; Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 nömrəli qərarı; A№ 225035 saylı Torpaq sahəsinin plan və ölçüsü; cavabdeh orqanın 14 fevral 2023-cü il tarixli məktub və məhkəmə sorğusu əsasında təqdim edilən digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 14 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 20 oktyabr 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Şamaxı rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şamaxı rayonu, Göylər kənd ərazisində yerləşən 0.16 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. O həmin torpaq sahəsinə dair üstüstə düşdüyünü iddia etdiyi, üçüncü şəxs X2? 1530,78 kv.metr torpaq sahəsinə dair verilmiş A№225035 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və müvafiq qeydiyyatın ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın 14 fevral 2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edildiyindən, məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır.Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Belə ki, İddiaçı istifadəsində olan Şamaxı rayon, Göylər kənd ərazisində yerləşən 0.16 ha torpaq sahəsi ilə AN 225035 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən X2 məxsus, 1530 kv.metr torpaq sahəsinin üst-üstə düşdüyünü, bu səbəblə də ona məxsus olan həmin plan-ölçü sənədinin və müvafiq qeydiyyatın ləğv edilməli olduğunu bildirmişdir. Lakin iddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasına dair nə inzibati icraat zamanı inzibati orqana, nə də məhkəmə icraatı zamanı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə mübahisəli torpaq sahəsinə dair AN225035 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təqdim edilməsi üçün müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq sözügedən sənədlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 may 2023-cü il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən aydın olur ki, X2 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli, 03 saylı qərarı ilə 0.16 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Məhkəmə mübahisəli torpaq sahəsinə dair AN225035 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin iki fərqli vətəndaşların-İddiaçı və X1 adına tərtib edilməsi məsələsinin araşdırılması üçün cavabdeh orqana müvafiq sorğu ünvanlamış və sorğuya cavabda aşağıdakılar qeyd edilmişdir:
1. Şamaxı rayonu, Göylər kəndində yerləşən 1530,78 kv.m torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının 4 aprel 2001-ci il tarixli 3 nömrəli qərarı ilə X2 ayrılmış və sözügedən qərara əsasən ləğv edilmiş DTXK tərəfindən vətəndaşa X6 kitabında xx.xx.2010-cu il tarixində 1328 nömrəsi ilə uçota alınmış A № 225035 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. X1 adı Şamaxı rayonun Göylər kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında (DBF) 2421 nömrə ilə qeyd olunmuşdur. Qeyd olunan torpaq sahəsinin üzərində X1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
2. İddiaçı adına olan eyni tarixli, eyni nömrəli (xx.xx.2010-cu il tarixində 1328 nömrəsi ilə uçota alınmış A № 225035 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”) sənədi barədə Ərazi İdarəsinin arxivində hər hansı məlumat aşkar edilməmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd edilmişdir: torpaq sahəsinin təyinatı yaşayış məntəqələri üçün ayrılan torpaq sahəsidir; torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0.1530 ha, faktiki isə 0.1670 hektardır; torpaq sahəsi Aqrar İslahat Komissiyasının (03 nömrəli) 04 aprel 2001-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin inşası üçün ayrılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Həmçinin məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı iddia etdiyi (plan-ölçü sənədinin ləğv edilməsini tələb etdiyi) torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etmədiyindən, İddiaçı hazırki iddia tələbinə dair subyektiv hüququ mövcud deyildir. İş materiallarında olan sonuncunun adına tərtib edilmiş AN225035 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mövcudluğuna münasibətdə isə məhkəmə bildirir ki, sözügedən sənəd yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin bazasında aşkarlanmadığından məhkəmə belə qənaətə gəlir ki, AN225035 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin həqiqiliyini iddiaçı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X1 adına X6 və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində tərtib edilmiş 1530,78 kv.m torpaq sahəsinin planı və ölçüsünün və X4 kitabında torpaq sahəsinin uçota alınması barədə xx.xx.2010-cu il tarixli, 1328 nömrəli (A225035) qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X1 adına X6 və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində tərtib edilmiş 1530,78 kv.m torpaq sahəsinin planı və ölçüsünün və X4 kitabında torpaq sahəsinin uçota ahnması barədə xx.xx.2010-cu il tarixli, 1328 nömrəli (A225035) qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva