Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4343/2025 19.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Ermənistan SSR Maarif Nazirliyi Masis rayonunun Həbilkənd orta məktəbinin 1 iyun 1982-ci il tarixli, 032 nömrəli arayışından görünür ki, İddiaçı 1981-1982-ci tədris ilində Masis rayonunun Həbilkənd orta məktəbində sinif rəhbəri vəzifəsində işləmişdir.
2. Ermənistan SSR Maarif Nazirliyi Masis rayonunun Həbilkənd orta məktəbinin 1 iyun 1983-cü il tarixli, 032 nömrəli arayışından görünür ki, İddiaçı 1982-1983-cü tədris ilində Masis rayonunun Həbilkənd orta məktəbində sinif rəhbəri vəzifəsində işləmişdir.
3. 10 fevral 1984-cü il tarixli “Attestasiya vərəqi”ndən görünür ki, 5 il müəllimlik təcrübəsi olan Masis qəsəbəsi adına orta məktəbində ibtidai sinif müəllimi İddiaçı Masis rayonunda ixtisasartırma kurslarını bitirmişdir.
4. Ermənistan SSR Maarif Nazirliyi Masis rayonunun Həbilkənd orta məktəbinin 1 iyun 1985-ci il tarixli, 032 nömrəli arayışından görünür ki, İddiaçı 1984-1985-ci tədris ilində Masis rayonunun Həbilkənd orta məktəbində sinif rəhbəri vəzifəsində işləmişdir.
5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 18 aprel 2024-cü il tarixli, 105 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin arxiv sənədlərindən müəyyən olunur ki, İddiaçı 30 avqust 1974-cü il tarixli, 3/661 saylı əmrə əsasən universitetin (o zamankı V.İ.Lenin adına ADPİ) “İbtidai təhsil pedaqogikası və metodikası” ixtisası üzrə əyani şöbənin birinci kursuna qəbul edilmişdir. İddiaçı 6 iyul 1978-ci il tarixli, 3/335 saylı əmrə əsasən həmin ixtisasın əyani şöbəsini bilirmiş, ona, orta məktəbdə ibtidai sinif müəllimi ixtisası və Г-İ 034684 nömrəli (47 qeydiyyat nömrəli) saylı adi diplom verilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 5 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-M-212535/2024 saylı İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubundan görünür ki, təqdim edilən sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı 1 sentyabr 1974-cü il tarixdən 6 iyul 1978-ci il tarixədək əyani təhsil illəri də nəzərə alınmaqla cəmi sığorta stajı 18 il 9 ay 3 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilən arayışda qeyd edilən əmək fəaliyyəti dövrləri sığorta stajına daxil edilmişdir. Məlumat üçün bildirilmişdir ki, təqdim edilən sənədlər əsasında sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün əmək fəaliyyətini təsdiq edən digər sənədlərdə qeyd olunan dövrlərin mötəbərliyi araşdırılmamışdır. Sığorta stajını tamamlayan əlavə sənədlər təqdim edəcəyi təqdirdə ümumi sığorta stajı müvafiq qaydada araşdırıldıqdan sonra qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə, pensiya təminatı hüququna yenidən baxıla bilər. Qeyd edilmişdir ki, 5 yanvar 2022-ci il tarixdən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir.
7. İddiaçı məxsus 16 iyun 1975-ci il tarixli “Əmək kitabçası”nın surəti.
8. 26 dekabr 1985-ci il tarixli, ПТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”ndan çıxarış.
9. Г-İ seriyalı, 034684 nömrəli İddiaçı məxsus “Diplom”un surəti.
10. Ermənistan SSR Maarif Nazirliyinin 17 avqust 1978-ci il tarixli, 2495/OK nömrəli İddiaçı dair “Vəsiqəyə bildiriş”.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 8 oktyabr 2025-ci il tarixli, 3-17-1/2-240793/2025 nömrəli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi 034684 nömrəli diplomun surətində qeyd edilən məlumata və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 18 aprel 2024-cü il tarixli, 105 nömrəli arayışına əsasən 1 sentyabr 1974-cü il tarixdən 6 iyul 1978ci il tarixədək təhsil aldığı dövr, ПТ-0914984 nömrəli əmək kitabçasının surətində qeyd edilən məlumata əsasən 26 dekabr 1985-ci il tarixdən 28 dekabr 1985-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək ümumi 3 il 10 ay 7 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, iddiaçının təqdim etdiyi ПТ-0914984 nömrəli əmək kitabçasının surətində qeyd edilən məlumata əsasən 3 fevral 1986-cı il tarixdən 19 sentyabr 1986-cı il tarixədək, 19 sentyabr 1986-cı il tarixdən 2 sentyabr 1994-cü il tarixədək və 16 iyun 1975-ci il tarixli əmək kitabçasının surətində qeyd edilən məlumata əsasən 3 iyul 1995-ci il tarixdən 1 iyul 2002-ci il tarixədək olan ümumilikdə 15 il 1 ay 27 gün əmək fəaliyyəti dövrləri də sığorta stajına daxil edildiyi halda onun ümumi sığorta stajı qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmadığından mötəbərliyi araşdırılmamışdır və əlavə sənəd təqdim ediləcəyi təqdirdə qeyd edilən dövrlərin araşdırılması üçün müvafiq sorğu ünvanlanması zərurəti yaranacaqdır. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı təqdim etdiyi və iş materialına əlavə edilmiş 16 iyun 1975-ci il tarixli əmək kitabçası və ПТ-İ ******* saylı əmək kitabçası sübut kimi qəbul edilmişdir.
12. 26 iyul 1946-cı il təvəllüdlü X6 məxsus 9 avqust 1988-ci il tarixli “Əmək kitabçası”nın surətindən görünür ki, o, 18 iyul 1969-cu il tarixdə Masis rayonunun Kalinin orta məktəbinə müəllim vəzifəsinə təyin edilmiş, 4 avqust 1988-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.
13. 19 aprel 1959-cu il təvəllüdlü X5 məxsus 1 noyabr 1988-ci il tarixli “Əmək kitabçası”nın surətindən görünür ki, o, 19 oktyabr 1981-ci il tarixdə Masis rayonunun Həbilkənd orta məktəbində müəllim vəzifəsinə təyin edilmiş, 1 noyabr 1988-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.
14. 5 mart 1946-cı il təvəllüdlü X1 məxsus “Əmək kitabçası”nın surətindən görünür ki, o, 22 avqust 1973-cü il tarixdə Həbilkənd orta məktəbinə müəllim vəzifəsinə, 10 noyabr 1979-cu il tarixdə həmin məktəbdə direktor vəzifəsinə təyin edilmiş, 17 oktyabr 1988-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddia tələbinin dəlilləri:
15. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ermənistan Respublikasının Masis (Zəngibasar) rayonunun Həbilkənd orta məktəbində 1978-ci ilin avqust ayından 1985-ci ilin sonunadək müəllim işlədiyi və 3 fevral 1986-cı il tarixdən 19 sentyabr 1986-cı il tarixə kimi Abşeron rayon üzrə Dövlət Sığorta Müfəttişliyində sığorta müfəttişi vəzifəsində işlədiyi iş stajlarını təsdiq edən RT-1 ******* nömrəli əmək kitabçasından çıxarışı, lazım gələrsə, həmin vaxtlarda iddiaçı ilə eyni məktəbdə işləmiş müəllimlərin və ya təhsil almış şagirdlərinin şahid qismində məhkəmədə ifadələri əsasında, həmin staj da daxil olmaqla, ümumi əmək stajının 25 ildən çox olduğu nəzərə alınaraq, iddiaçıya yaşa görə əmək pensiyasının 65 yaşı tamam olan vaxtdan, yəni yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı 2022-ci ilin iyun ayından etibarən hesablanmaqla təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2022-ci ilin iyun ayında 65 yaşı tamam olanda, Ermənistan Respublikasında əldə etdiyi 7 il 4 ay əmək stajı da daxil olmaqla, 28 ildən çox olan əmək stajını əks etdirən əmək kitabçası itdiyindən Azərbaycan Respublikasındakı 19 il 5 ay stajından cəmi 18 il 9 ay 16 günlük stajını tələbəlik dövründəki əmək kitabçasına toplaya bildiyi sübut olunan iş stajı əsas götürülməklə, proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Hazırda 220 manat məbləğində sosial müavinət alır. Yəni yaşa görə əmək pensiyası almağı üçün qanunla tələb olunan 25 illik sığorta stajı olduğunu təsdiq edən əmək kitabçasını (orada Ermənistan Respublikasında işlədiyi dövr də öz əksini tapırdı) tapa bilmədiyi üçün iddiaçıya yaşa görə əmək pensiyası deyil, sosial müavinət təyin edilmişdir. İddiaçının faktiki olaraq, 28 ildən çox əmək staji olduğu halda, əmək kitabçası Milli Elmlər Akademiyasının Milli Münasibətlər institutunda işlədiyi vaxt, institut köçürülən zaman bir neçə əməkdaşın əmək kitabçası ilə bərabər, iddiaçının əmək kitabçası itdiyindən yaşa görə əmək pensiyası almaq hüququndan istifadə edə bilməmişdir. Qeyd edilir ki, iddiaçı 8 sentyabr 1978-ci il tarixdən 31 dekabr 1985-ci il tarixə kimi Ermənistan Respublikasının Masis rayonunun Həbilkənd orta məktəbində sinif müəllimi vəzifəsində 7 il 4 ay işləmişdir. Sonra öz ərizəsilə işdən azad olmuş, Azərbaycan Respublikasının Abşeron rayonunun Mehdiabad qəsəbəsinə köçmüşdür. Müəllimlik fəaliyyətini davam etdirmək üçün Abşeron rayon Maarif şöbəsində növbəyə dayanmış, 3 fevral 1986-cı il tarixdən 19 sentyabr 1986-cı il tarixədək, yəni növbəsi çatana kimi Abşeron rayonu üzrə Dövlət Sığorta Müfəttişliyində ştatdankənar sığorta müfəttişi vəzifəsində işləmiş, 19 sentyabr 1986-cı il tarixdə də Abşeron rayon Məmmədli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur. Həmçinin bildirilmişdir ki, iddiaçı pensiya almaq hüququnu tamamlayan 8 il 5 aya qədər dövrü təsdiq edən itmiş PT-1 ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətini aşkar etmişdir. İtmiş əmək kitabçasının təsdiq olunmuş surətini tapdıqdan sonra iddiaçıya əmək pensiyası təyin olunması barədə cavabdeh təşkilata müraciət etmişdir. Lakin həmin qurum göndərdiyi imtina məktubunda malik olduğu və sübut olunan 18 il 9 aylıq əmək stajı ilə (qanunla tələb olunan 25 ildən az) yaşa görə əmək pensiyasının təyin olunmasının mümkünsüzlüyü, eyni zamanda 8 il 5 aya qədər dövrü təsdiq edən əmək kitabçasının surətinin mötəbərliyinin məhkəmə vasitəsi ilə araşdırılaraq təsdiq olunmasını məsləhət görülmüş, Ermənistanda işlədiyi dövr üçün əmək stajını təsdiq edən məhkəmə qərarı olduğu təqdirdə həmin təşkilata yenidən müraciət etmək hüququnun olduğu izah edilmişdir.
17. İddia tələbinin prosessual hüquqi əsası kimi İPM-in 45, 46-cı maddələrinə istinad olunmuşdur.
18. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
20. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
21. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən onun ümumi sığorta stajı (1 sentyabr 1974-cü il tarixdən 6 iyul 1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 18 il 9 ay 16 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının müraciətində qeyd etdiyi dövr üzrə (6 iyul 1978-ci il tarixdən 31 dekabr 1985-ci il tarixədək) əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış və sair) təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. İddiaçı iddia ərizəsində şahid ifadələri ilə mübahisəli dövrün sığorta stajına daxil edilməli olduğunu bildirmişdir. Halbuki, həmin məsələyə inzibati məhkəmə icraatı qaydasında deyil, ümumi məhkəmələrdə fakt təsdiqi qaydasında baxıla bilər. Əgər iddia edilən iş illəri fakt təsdiqi qaydasında təmin edilərsə, iddiaçı həmin məhkəmə qətnaməsini inzibati orqana təqdim etməlidir. İnzibati orqan yenidən imtina verdiyi təqdirdə isə imtina inzibati məhkəmə icraatı qaydasında miibahisələndirilə bilər. Lakin hazırkı iş üzrə bu şərtlərə də əməl edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçıya 5 yanvar 2022-ci il tarixdən proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir.
22. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.2, 1.0.10, 7, 22-1.1, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.11-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
23. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrün 1978-1985-ci illərdən ibarət olduğunu bildirmişdir.
25. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadə verərək bildirmişdir ki, o, Həbil kəndi, daha sonra Kalinin adlandırılan kənd orta məktəbində 1973-cü ildən müəllim, 1979-1988ci illərdə isə direktor vəzifəsində çalışmış, iddiaçının da həmin illərdə məktəbdə müəllim işlədiyini bildirmişdir.
26. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadə verərək bildirmişdir ki, o, Habil kənd orta məktəbində 1969-cu ildən müəllim işləmiş, iddiaçı isə təxmini 10 ildən sonra həmin məktəbə işə qəbul edilmiş, bir yerdə fəaliyyət göstərmişdirlər.
27. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadə verərək bildirmişdir ki, o, 1981-ci ildə Həbil kənd məktəbinə gəlmiş, həmin məktəbdə iddiaçı ilə birlikdə 1985-1988-ci illər ərzində birlikdə çalışmışdırlar.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
28. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
29. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
30. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
32. Məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Yəni, iddiaçı inzibati orqandan müəyyən bir hərəkətin edilməsini tələb etmək məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, o, bunun üçün ilk növbədə səlahiyyətli inzibati orqana müraciət etməlidir.
33. Məcburetmə iddiasının qaldırılması o zaman mümkündür ki, inzibati orqanın inzibati aktı qəbul etməkdən imtina etməsi və ya ümumiyyətlə hərəkətsizlik göstərməsi məhz iddiaçının hüquqlarını pozmuş olsun. Bundan əlavə, iddiaçı inzibati orqandan inzibati aktı qəbul etməsini tələb etmiş olsun. Bu aktın müəyyənedici, hüquqyaradıcı, əşya yönümlü inzibati akt, əlverişli və ya əlverişsiz olmasının iddianın mümkünlüyü üçün əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə tərəfindən yoxlanılmalıdır ki, subyektiv hüquq pozulmuşdurmu; bu hüquq iddiaçıya məxsusdurmu; iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl inzibati aktın qəbul edilməsini inzibati orqandan tələb etmişdirmi (və müvafiq müddəti gözləmişdirmi, çünki ancaq bu müddət keçdikdən sonra hüquq pozulmuş hesab edilə bilər).
34. Hazırkı iş üzrə müəyyən olunur ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; (-)
36. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər
1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. (-)
Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.
2. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
4. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. (-)
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarında (bundan sonra – “Qaydalar”) aşağıdakılar qeyd olunmuşdur:
1. Ümumi müddəalar
1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. ...
2. Əmək kitabçalarının hazırlanması və verilməsi 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.2. Əmək kitabçalarının hazırlanması ilə əlaqədar vəsaitin ayrılmasını Respublika Maliyyə Nazirliyi həll edir.
2. Əmək kitabçasının doldurulması
3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır.
4. İş haqqında məlumatların daxil edilməsi 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. ...
9. Əmək kitabçalarının uçotu
9.1. Doldurulmuş və doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu aşağıdakı qaydada aparılır: Əmək kitabçaları və əlavə içliklər hərəkətinin uçotu kitabı işə qəbul və işdən çıxarılmasını rəsmiyyətə salan şəxs tərəfindən aparılır. Əmək kitabçaları, (əlavə içliklər) mədaxil-məxaric və onların hərəkətləri, uçotu kitablarında qeydə alınır. Mədaxil-məxaric kitabına əmək kitabçalarının və əlavə içliklərin sifarişi və alınması ilə əlaqədar bütün əməliyyatlar yazılır (seriya və nömrələr göstərilir). Kitab işəgötürənlərin mühasibatı tərəfindən aparılır. Mədaxil-məxaric kitabı, əmək kitabçaları və əlavə içliklərin hərəkəti, uçot kitabı nömrələnməli, qaytanlanmalı və işəgötürənin imzası olmaqla möhürlə təsdiq edilməlidir. Əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir. 9.2. Doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılır. Əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verir. Əmək kitabçalarının uçotunun aparılmasına məsuliyyət daşıyan şəxs hər ay əmək kitabçalarının, (əlavə içliklərin) vəziyyəti, əmək kitabçalarına (əlavə içliklərə) çəkilmiş xərclərin dəyərinə görə alınmış məbləğlər haqqında (kassaya mədaxil edilməklə) (-)
38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
(-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
39. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:
“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”
Məhkəmənin mövqeyi:
41. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
42. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
43. İddiaçı tərəf tələbini onunla əsaslandırır ki, onun Ermənistan Respublikasında əldə etdiyi 7 il 4 ay əmək stajı da daxil olmaqla, 28 ildən çox olan əmək stajı mövcuddur, 8 sentyabr 1978-ci il tarixdən 31 dekabr 1985-ci il tarixə kimi Ermənistan Respublikasının Masis rayonunun Həbilkənd orta məktəbində sinif müəllimi vəzifəsində 7 il 4 ay işləmiş, daha sonra Azərbaycan Respublikasının Abşeron rayonunun Mehdiabad qəsəbəsinə köçmüş, müəllimlik fəaliyyətini davam etdirmək üçün Abşeron rayon Maarif şöbəsində növbəyə dayanmış, 3 fevral 1986-cı il tarixdən 19 sentyabr 1986-cı il tarixədək Abşeron rayonu üzrə Dövlət Sığorta Müfəttişliyində ştatdankənar sığorta müfəttişi vəzifəsində işləmiş, 19 sentyabr 1986-cı il tarixdə də Abşeron rayon Məmmədli kənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur.
44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
45. İddiaçının iddia ərizəsinin məzmunundan, həmçinin məhkəmə iclasında verdiyi izahatından məhkəmə müəyyən edir ki, hazıkı iddia tələbi yaşa görə əmək pensiyasının iddiaçının 65 yaşı tamam olduğu tarixdən (iddiaçının şəxsiyyət vəsiqəsində doğum tarixi “XX.XX.1956” olaraq göstərilmişdir) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
46. Cavabdeh tərəfin mövqeyi isə ondan ibarətdir ki, iddiaçının ümumi sığorta stajı 25 ildən az, 18 il 9 ay 16 gün təşkil edir, 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamış, 6 iyul 1978-ci il tarixdən 31 dekabr 1985-ci il tarixədək olan əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər təqdim edilməmişdir.
47. Məhkəmə araşdırılması zamanı iddiaçının ümumi sığorta stajını sübut edən aşağıdakı məlumatlar müəyyən edilmişdir:
48. İlk öncə qeyd edilməlidir ki, iddiaçının 1 sentyabr 1974-cü il tarixdən 6 iyul 1978-ci il tarixədək olan 3 il 10 ay 6 gün təhsil dövrü cavabdeh orqan mübahisələndirmir və sığorta stajına daxil etmişdir.
49. İş materiallarına əlavə edilmiş Ermənistan SSR Maarif Nazirliyinin 17 avqust 1978-ci il tarixli vəsiqəyə bildirişdən müəyyən edilir ki, iddiaçı ibtidai sinif müəllimi vəzifəsini tutmaq üçün Masis rayonun sərəncamına göndərilmiş və onun gəliş vaxtı 20 avqust 1978-ci il olaraq göstərilmişdir.
50. Bundan başqa, iş materiallarında mövcud olan 10 fevral 1984-cü il tarixli attestasiya vərəqindən iddiaçının həmin müddət üçün 5 il müəllimlik təcrübəsinin mövcud olduğu müəyyən edilir. Qeyd edilən müddətdə iddiaçının əmək fəaliyyətini həmçinin Ermənistan SSR Maarif Nazirliyi Masis rayonunun Həbilkənd orta məktəbinin 1981-1982, 1982-1983cü tədris illərə dair arayışlar da təsdiq edir.
51. Eyni zamanda, Maarif Nazirliyi Masis rayonunun Həbilkənd orta məktəbinin 1 iyun 1985-ci il tarixli, 032 nömrəli arayışı ilə iddiaçının 1984-1985-ci tədris ili dövründə olan müəllimlik stajının mövcudluğu aşkar edilir.
52. Həmçinin, iş materiallarına əlavə edilmiş 16 iyun 1975-ci il tarixli və 26 dekabr 1985ci il tarixli əmək kitabçalarından və cavabdeh tərəfindən müəyyən edilən 3 fevral 1986-cı il tarixdən 19 sentyabr 1986-cı il tarixədək, 19 sentyabr 1986-cı il tarixdən 2 sentyabr 1994cü il tarixədək və 3 iyul 1995-ci il tarixdən 1 iyul 2002-ci il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə 15 il 7 ay 1 gün ümumi sığorta stajının mövcud olduğu müəyyən edilmişdir.
53. Göründüyü kimi, müvafiq arayışlar və əmək kitabçalarında mövcud olan qeydlər əsasında iddiaçının 25 ildən artıq əmək stajının mövcud olduğu aşkar olunur.
54. Bundan başqa, məhkəmə iclasında iştirakları təmin edilmiş şahidlər X3, X8 və X7 öz ifadələri ilə iddiaçının mübahisələndirilən dövrdə Habil kənd orta məktəbində əmək fəaliyyətini təsdiq etmişdirlər. Qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş şahidlərin əmək kitabçalarında onların qeyd edilən məktəbdə işlədikləri də sübuta yetirilmişdir.
55. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
56. Beləliklə, yuxarıda sadalanan hallara əsasən, aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir.
NƏTİCƏVİ HİSSƏ
57. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 65 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova