Məhkəmə qərarları › İş №2-1(118)-435/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-435/2020

10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-435/2020 10.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Abşeron rayon Şöbəsinə qarşı “onun 64 yaşı tamam olduğu tarixdən, xx.xx.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx xxxxx 1955-ci ildə anadan olmuş, Əmək fəaliyyətinə Ağcabədi rayonunun Caparidze kolxozunda başlamış, 1972–1973–cü və 1976–1977-ci illərdə həmin kolxozda kolxozçu kimi işləmişdir. Bunu Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin xx xxxx 2019–cu il tarixli 285 saylı Arxiv arayışı təsdiq edir. xx.xx.1974-cü ildə Sovet Ordusu sıralarına çağrılmış və xx.xx.1976–cı ilə qədər hərbi xidmətdə olmuşdur. Bu barədə ona məxsus NT–İ Seriyalı ******* saylı əmək kitabçasının 2–3 səhifələrində müvafiq qeyd vardır və HC Seriyalı ******* saylı hərbi bilet qeyd ediləni təsdiq edir. xx.xx.1977-ci ildən xx xxxx 1978-ci ilə kimi Sumqayıt şəhər 17 saylı X4 təhsil almış, bunu xx.xx.1978-ci ildə verilmiş 78 sayı attestat təsdiq edir. Bu barədə ona məxsus əmək kitabçasında müvafiq qeyd vardır. xx.xx.1978-ci ildən xx.xx.1989–cu ilə qədər Sumqayıt şəhər 2 saylı Trestin 21 saylı Tikinti İdarəsində rəngsaz işləmiş, xx.xx.1989-cu ildə köçürmə yolu ilə Sumqayıt şəhər 2 saylı Trestin 24 saylı Tİ-nə işə qəbul olunmuş, xx.xx.1995-ci ildə köçürmə yolu ilə Sumqayıt “Kommunal-Tikinti" Birliyinin Təsərrüfat hesablı sahəsində işə qəbul olunmuş və orada xx.xx.1999-cu ilə qədər işləmişdir. Ümumi iş stajı 27 ildən artıqdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7.-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq , bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu QEYD: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək hər il altı ay artırılır. Yəni hal–hazırda 64 yaş 6 ayı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx xxxxx 1955-ci ildə anadan olmuşdur. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 23.040.00 manat pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci maddəsinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. İddiaçı əmək kitabçasında qeyd olunmuş Sumqayıt şəhərində yerləşən 2N-İi Trestin nəzdində olan SU-24 və “Kommunaltikinti” birliyinin TTS–də xx.xx.1992–cu ildən xx.xx.1999-cu ilədək işlədiyi dövrü yoxlamaq zərurəti yaranmış və tərəfimizdən bu məqsədlə DSMF-nin Sumqayıt şəhərinə sorğu edilmişdir. Lakin müəssisənin sənədlərinin saxlanıldığı hüququ ünvan məlum olmadığından, yoxlanılması mümkün olmamışdır. Həmçinin İddiaçı təqdim etdiyi Ağcabədi Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışının sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Bu səbəbdən də həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericliklə mümkün deyildir. İddiaçı tələb olunan azı 25 il sosial sığorta stajı toplamadığı üçün onun yaşa görə əmək pensiyası hüququ yaranmır və yaşa görə əmək pensiyası təyin oluna bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi X5 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, Peşə Məktəbindən bitirdiyi 3T 029798 nömrəli Diplomun surəti, İT ******* nömrəli Əmək kitabçasının surəti, Ağcabədi rayon Dövlət Arxivini tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 285 nömrəli arxiv arayışı, DSMF-nin Abşeron rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********6 nömrəli imtina məktubu və etiraz ərizəsi, “Azərsənayetikinti” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş əmrlərin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********6 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının və yaşının az olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə xx xxxxxx 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Sadalanan maddi hüquq normalarından da göründüyü kimi, iddiaçı 1977-1978-ci illərdə peşə məktəbində, təhsil aldığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarının tələbindən göründüyü kimi, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanların təhsil müddəti onların iş stajına daxil edilməlidir. İddiaçının təhsil müddətlərinin onun iş stajına daxil edilməsi təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquq olduğundan məhkəmə hesab edir ki, iddiaçının peşə məktəbində təhsil aldığı illər onun sosial sığorta stajına daxildir. Həmçinin cavabdeh inzibati orqan hesab edir ki, iddiaçı Sumqayıt şəhərində yerləşən 2N-İi Trestin nəzdində olan SU-24 və “Kommunaltikinti” birliyinin TTS–də xx.xx.1992–cu ildən xx.xx.1999-cu ilədək işlədiyi dövrləri yoxlamaq mümkün olmamışdır. Cavabdehin bu arqumentinə münasibətdə məhkəmə hesab edir ki, müəssisə tərəfindən sosial sığorta haqlarını dövlət büdcəsinə ödətdirilməsi vəzifəsi məhz cavabdehin səlahiyyətində olan vəzifədir. Bu səbəbdən də cavabdehin həmin yanaşması məqsədəmüvafiq deyildir. Belə ki, “Azərsənayetikinti” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş əmrlərin surətlərindən və iddiaçıya aid əmək kitabçasından da görünür ki, İddiaçı həmin Müəssisəsində işləmişdir. Həmçinin Ağcabədi rayon Dövlət Arxivini tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 285 nömrəli arxiv arayışından da görünür ki, iddiaçı 1972- 1977-ci illər ərzində Caparidze kolxozunda işləmiş və müvafiq əməkhaqqı almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, arxiv arayışına və əmək kitabçasına görə İddiaçı əmək stajı ümumilikdə 25 ildən çox təşkil edir. (təhsil, hərbi xidmət və işlədiyi illər). Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2019-cu ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 ildir. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan yaşa görə əmək pensiyası hüququnu xx.xx.2019-cu il tarixindən əldə etmiş olur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı arxiv arayışında qeyd edilən müddətləri, 1977-1978-ci illərdə Peşə məktəbində təhsil aldığı müddəti və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək, xx.xx.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsiöhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Abşeron rayon şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı arxiv arayışında qeyd edilən müddətləri, 1977-1978-ci illərdə Peşə məktəbində təhsil aldığı müddəti və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək, xx.xx.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Abşeron rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar