Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4352/2025 20.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “əlillik təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci ildə qəbul edilmiş imtina qərarının ləğv edilməsi və xx.xx.2021-ci ildən əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2012-ci ildən “Stenokardiyanın digər formaları, ÜİX. g/s. FS İİİ. İnfarktan sonrakı kardioskleroz, QDÇ-İ1 dər. Hipertoniya İİİ mər. ü.b.f. ANS” dinaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra, eyni xəstəliklə əlaqədar olaraq əlilliyin müddəti xx.xx.2015-ci ildə bir il, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə uzadılmışdır. Əlilliyin növbəti müayinə edilməsi tarixində, yəni xx.xx.2021-ci ildə əlilliyin təyin olunmasından imtina edilmişdir. İmtinaya səbəb kimi “əlavə müalicəyə ehtiyacın olması” göstərilmiş və məsləhət bilinmişdir ki, ixtisaslaşmış müalicə davam etdirilməlidir. Halbuki, əlilliyin təyinindən imtina edildiyi ərəfədə və ondan sonra onun səhhəti daha da ağırlaşmış və açıq ürək əməliyyatı keçirmişdir. Qeyd edilənlərə baxmayaraq, xx.xx.2021-ci il tarixdə və xx.xx.2023-cü il tarixlərdə əlillik təyinindən imtina edilmiş və yalnız onun şikayətlərindən sonra imtina ləğv edilmiş və xx.xx.2023-cü ildə 3-cü dərəcəli əlillik təyin edilmişdir. Beləliklə, cavabdehin təqsiri üzündən ona xx.xx.2021-ci ildən əlillik təyin olunmamışdır. Nəticədə, bu hal onun maddi vəziyyətimin ağırlaşmasına səbəb olmuşdur. Beləliklə, ilk dəfə ona xx.xx.2021-ci ildə əlillik dərəcəsi verilməsindən (xx.xx.2021 -ci il tarixli bildirişlə) imtina edilmişdir. O, imtina ilə razılaşmır və 2022-ci ildə canlı olaraq əlillik təyini məqsədilə keçirilən komissiyada iştirak etmişdir. İmtinadan sonra, təkrarən elektron qaydada əlillik təyini ilə əlaqədar cavabdehə göndəriş verilmişdir. Həmin vaxt əlavə olaraq canlı komissiyadan keçmişdir. Komissiyanın müayinəsindən sonra ona 3 dərəcəli əlillik təyin edilmişdir. Ona elə həmin günü, yəni xx.xx.2023-cü ildə əlillik təyinindən “əlavə müalicəyə ehtiyacın olması, ixtisaslı klinikada əlavə müalicəyə ehtiyacın olması” diaqnozu ilə imtina edilmişdir.
4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixli imtinadan məlumatı 9/4/2024 5:10:11 PM tarixdə olmuş və bildirişdə qeyd edilmişdir ki, 12.08.24 tarixli göndərişin qiymətləndirilməsinə görə, İddiaçı 60% OFP-na görə əlilliyi olan şəxs hesab edilmisdir. Qerarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-na yaxınlaşa ve ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz. İddiaçı 30 günlük müddəti keçirdiyindən iddianı mümkünsüz hesab olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddiaçı tərəfindən şikayət verilməsi müddətinin ötürülməsini bildirərək, iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etmişdir.
II. İddianın mümkünlüyü
7. İddiaçının ilkin əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
9. İPM: Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3); İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
11. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
12. Hazırki iddia məcburetməyə dair iddiadır. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
13. İddia tələbi xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
15. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, idiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra, eyni xəstəliklə əlaqədar olaraq, əlilliyin müddəti xx.xx.2015-ci ildə bir il, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə uzadılmışdır. Əlilliyin növbəti müayinə edilməsi tarixində, yəni xx.xx.2021-ci ildə əlilliyin təyin olunmasından imtina edilmişdir. İmtinaya səbəb kimi “əlavə müalicəyə ehtiyacın olması” göstərilmiş və məsləhət bilinmişdir ki, ixtisaslaşmış müalicə davam etdirilməlidir. Həmçinin xx.xx.2021-ci il tarixdə və xx.xx.2023-cü il tarixlərdə əlillik təyinindən imtina edilmişdir. xx.xx.2023-cü ildə isə 3-cü dərəcəli əlillik təyin edilmişdir. İddiaçının tələbi xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
16. 2021-2023-cü illər arasındakı dövrlər ərzində iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsiylə bağlı məhkəmə araşdırmasının aparılması qeyri-mümkün olduğundan iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, həmin dövrlər ərzində qüvvədə olan əlillik müəyyən edilməmişdir.
17. Həmçinin iddiaçının xx.xx.2021-ci il tarixli imtina qərarını da vaxtında mübahisələndirmədiyi aydın olur. Məhz bu səbəbdən də, məhkəmə iddianın sözügedən imtina qərarından 2 ildən artıq müddət keçdikdən sonra verildiyini nəzərə alaraq, tələbin dəqiqləşdirilməsinə zərurət görməmişdir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
X6-Abbaszadə