Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4362/2023 06.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 1994-cü il tarixli 886 nömrəli qərarına əsasən Dəfn Mərasimlərinin təşkili və keçirilməsi zamanı Hərbi ehtiram göstərilən şəxslərin valideyinlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımın təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum həyat yoldaşı 27 avqust 1948ci il təvəllüdlü X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, X3 əməkdaşı (polis mayoru) olduğu müddətdə, zabit kimi Qarabağ Müharibəsi dövründə dəfələr ilə torpaqların müdafiəsi uğrunda döyüşlərdə iştirak etdiyi üçün ona AR.DİN-nin 017208 saylı müharibə veteranı iştirakçısı vəsiqəsi təqdim edilmişdir. AR.DİN-nin DİO-dan polis mayoru rütbəsi ilə zabit kimi yaş həddi ilə əlaqədar qanunverciliyə uyğun olaraq təqaüdə çıxdığını və xx.xx.2005-ci il tarixdə xəstəliyi ilə əlaqədar vəfat (ölüm haqqında şəhadətnamə AZ-İ N 143242) etmişdir. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli qərarına əsasən dəfn mərasimin təşkili və keçirilməsi üçün maliyyə yardımını almadığı üçün bu barədə Azərbaycan Respublikasının Baş Nazirinə rəsmi ərizə ilə müraciət etmiş, lakin müraciəti aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə yönəldilmiş və həmin dövlət xidmətin xx.xx.2022-ci il tarixli B/5330 saylı məktubunun yekun hissəsində bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 374 nömrəli qərarının tətbiqinə dair mübahisəli məsələlər ilə ilə bağlı müvafiq qaydada məhkəmə orqanlarına müraciət etməsini bildirmişdir”. Bundan sonra O, Bakı inzibati məhkəməsinə rəsmi müraciət etmiş, lakin məhkəmə tərəfindən müraciətinə baxılması üçün ona yaşayış yeri üzrə Sumqayıt inzibatı məhkəməyə müraciət etməyini bildirdilər. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, qüvvədə olan qanunvericilik normalarına əsasən iddiaçının tələbi təmin edilə bilməz. Bu səbəbdən də iddiaçının müraciəti müsbət həll edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, B/5330 nömrəli imtina məktubun surəti, Nikah haqqında şəhadətnamənin surəti, Ölüm haqqında şəhadətnamənin surəti, müharibə veteranı vəsiqəsinin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun həyat yoldaşının vəfat etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq SHXÇDX hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının mərhum oğlunun ilkin hərbi qeydiyyatının aparıldığı ərazi SHXÇDX xidmət göstərdiyi ərazidə yerləşir və “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” na uyğun olaraq maddi yardımın göstərilməsi səlahiyyəti SHXÇDXnə aid edilmişdir.. Belə olduğu tədqirdə SHXÇDX hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, B/5330 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının qeydiyyatda olduğu yer Sumqayıt şəhər ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mərhum həyat yoldaşı X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3 əməkdaşı (polis mayoru) olduğu, zabit kimi Qarabağ Müharibəsi dövründə dəfələr ilə torpaqların müdafiəsi uğrunda döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı iştirakçısı vəsiqəsi təqdim edilmişdir. Mərhum polis mayoru rütbəsi ilə zabit kimi yaş həddi ilə əlaqədar qanunverciliyə uyğun olaraq təqaüdə çıxdığını və xx.xx.2005-ci il tarixdə xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli qərarına əsasən dəfn mərasimin təşkili və keçirilməsi üçün maliyyə yardımını almadığını əsas gətirərək, ailə üzvü kimi kəmin məbləğin verilməsini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tələb edir. Lakin cavabdeh inzibati orqan onun müraciəti müsbət həll etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. Belə ki, Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli, 39-VQD nömrəli Qanunu ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nə dəyişiklik edilərək 16 saylı “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” təsdiq edilmişdir.Həmin əlavənin 1.7-ci bəndinə görə Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardım göstərilir. Bu dəyişikliyə qədər isə həmin maliyyə yardımın göstərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 39-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 yanvar tarixli 727 nömrəli Fərmanının 1.1.4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti həmin Nizamnamənin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımı göstərilməsi qaydasını və həmin yardımın məbləğini müəyyən edib və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımının göstərilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 2016-cı il 29 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarın 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-cä maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı müəyyən edilmişdir. Həmin Qərarın 5-ci hissəsinə əsasən, müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili ilə əlaqədar maliyyə yardımının göstərilməsi hər il üçün dövlət büdcəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanılması xərclərinin tərkibində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azerbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin - “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydalarının 1.7-ci maddəsinə uyğun olaraq, həmin Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin yas mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016-cı illərdə həlak olmuş və şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd və təyinatından kənar olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəalarının tətbiqi istisna edilir. Göründüyü kimi cavabdeh təşkilat yuxarıda göstərilən qanunvericilik normalarını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən haqlı olaraq imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 1994-cü il tarixli 886 nömrəli qərarına əsasən Dəfn Mərasimlərinin təşkili və keçirilməsi zamanı Hərbi ehtiram göstərilən şəxslərin valideyinlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün maliyyə yardımın təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-4362/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4362/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver