Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4367/2025 11.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X6 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş bina 2C mənzil 36 üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İlkin olaraq iddiaçılar X2, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mənzillər üzərində onların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçıların tələbləri ayrıca icraata ayrılaraq baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar mənzil hüquq və ehtiyaclarını təmin etmək məqsədilə Abşeron rayonu, Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilən çoxmənzilli binalarda mənzil tikintisi sifarişçisi olaraq özəl şirkətlə bağladığı müqavilə əsasında mənzillər əldə etmişlər. Müqaviləyə uyğun olaraq binaların tikintisi başa çatdıqdan sonra da həmin mənzillər şirkət tərəfindən onlara təhvil verilib, sahibliyində və istifadəsindədir.Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən öz mülkiyyət hüquqlarından tam yararlanmaq üçün xüsusi mülkiyyəti sayılan mənzillərin dövlət qeydiyyatına alınması üçün 04 sentyabr 2024-cü il tarixində 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər.Lakin cavabdeh inzibati orqan 321332/1-13880/24 nömrəli, xx.xx.2024-cü il tarixli və 321332/1-13888/24 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubları ilə onların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasından imtina edildiyini bildirmişdir. Cavabdeh maddi hüquq normalarını düzgün tətbiq etmir, onların Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını pozur. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən İddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı sözügedən mənzillərə dair protokoldan çıxarışların müraciətə əlavə olunmadığı müəyyən olunmuşdur. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X3 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin 321332/1-13880/24 nömrəli, xx.xx.2024-cü il tarixli imtina məktubu, cavabdehin etiraz ərizəsi, YB/2C-36/1 nömrəli, xx.xx.2013-cü il tarixli mənzil müqaviləsinin surəti, “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 80 nömrəli, xx.xx.2016-cı il tarixli maliyyə arayışı, DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktub və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqan 321332/1-13880/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə onun müraciətini müsbət cavablandırmamışdır. Bu səbəbdən iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı YB/2C-36/1 nömrəli, xx.xx.2013-cü il tarixli mənzil müqaviləsi əsasında “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 08 saylı binanın 17 nömrəli mənzilini əldə etmişdir. Təqdim edilən maliyyə arayışından görünür ki, iddiaçının mənzilə dair heç bir borcu yoxdur. Həmin mənzil halhazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı əldə etdiyi mənzil üzrə yaranmış mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın etirazında gətirdiyi yeganə arqument həmin mənzilə dair protokoldan çıxarışın təqdim edilməməsi olmuşdur. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, yaşayış sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, müvafiq mənzilə dair “X8” MMC ilə iddiaçı arasında müqavilə bağlanılmış, müqaviləyə əsasən satıcı tərəfindən mənzilin razılaşdırılmış dəyəri tam ödənildikdən sonra mənzil alıcıya (iddiaçı) təhvil verilir. Müqavilə tərəfləri arasında qiymətin razılaşdırılmasına dair protokol tərtib edilmişdir. “X8” MMC tərəfindən verilmiş 80 nömrəli, xx.xx.2016-cı il tarixli arayışın məzmunundan görünür ki, mənzilin haqqı iddiaçı tərəfindən tam ödənilmişdir. Sözügedən MMC tərəfindən verilmiş digər arayışların məzmunundan görünür ki, iddiaçılar MMC-nin inşa etdiyi yaşayış binalarında yerləşən həmin mənzillərin payçısıdır. Qeyd edilən mənzilin yerləşdiyi yaşayış binalarının istismarına icazə verilməsinə dair sənəd (istismara qəbul edilməsinə dair akt) mövcuddur. Həmin sənəddə binanın tikintisinin "xxxx" MMC tərəfindən fərdi layihəyə uyğun özünü maliyyələşdirmə şəklində yerinə yetirdiyi qeyd edilmişdir (istismara qəbul aktında "xxxx" MMC və “X8” MMC-nin möhürləri də əks olunmuşdur). "xxxx" MMC və “X8” MMC arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, tərəflər öz aralarında həmin evlərin satışının “X8” MMC-yə həvalə olunduğu qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X8” MMC (xx.xx.2000-ci il tarixdə) və "xxxx" MTK (xx.xx.2017-ci il tarixdə) hər ikisi dövlət qeydiyyatına alınmaqla, hər ikisinə aid ayrı-ayrılıqda VÖEN mövcud olmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MTK-nın üzvü deyildir. Məhkəmə qeyd edir ki, indiki halda qeyd edilən mənzilin iddiaçı tərəfindən dəyərinin ödənilməklə, satın alınması halı iş materialları əsasında öz təsdiqini tapır. İddiaçı həmin mənzili MTK vasitəsilə əldə etməmiş, məhz MMC ilə aralarında bağlanmış müqavilə əsasında əldə etmiş, indiki halda da MTK-nın üzvü olmamışdır. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıdan mənzil tikinti kooperativinin ümumi yığıncağının protokolundan çıxarış barədə sənəd tələb edilməsi halı əsassız olmuşdur. Həmin sənədin təqdim edilə bilməməsi iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmiş, nəticə etibarilə bu səbəblərdən həmin sənədin mövcud olmaması halı iddiaçının ziyanına şərh edilməməlidir. Bununla bağlı qeyd edilməlidir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. İndiki halda, qeyd edilən mənzilin satın alınmasına dair müqavilə qüvvədədir (onun ləğv edilməsi və etibarsız hesab edilməsi halı müəyyən edilməmişdir), mənzilin dəyərinin ödənilməsi halı aşkardır, faktiki iddiaçının istifadəsindədir. Başqa sözlə desək, qeyd edilən mənzilə dair iddiaçının mülkiyyət hüququnun tərkib hissəsi olan əmlaka sahiblik və istifadə hüququ mövcuddur, nəticə etibarilə mülkiyyət hüququna qanuni gözlənti hüquqları olmuşdur.Mövcud olan hüququn formal əsaslara istinad edilməklə qeydiyyata alınmasında imtina olunması halı isə həmin hüquqların realizəsi baxımından iddiaçıya münasibətdə əlverişsiz (mənfi) nəticələrlə qarşılaşmasına səbəb olur. Həmçinin, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı ilə eyni binada yerləşən mənzilləri əldə etmiş iddiaçının qonşularının mülkiyyət hüququ tanınmışdır. Qeyd olunan daşınmaz əmlaklar qeydə alınarkən protokoldan çıxarışın olmaması cavabdeh təşkilat tərəfindən nəzərə alınmadan qeydə alınması cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə “İnzibati İcraat” haqqında Qanunda nəzərdə tutulmuş Bərabərlik və Çoxun azı ehtiva etməsi prinsiplərinin pozulmasına dəlalət edir. Belə ki, “İnzibati İcraat” haqqında Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş bina 2C mənzil 36 üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №2-1(118)-4367/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4367/2025
11.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver