Məhkəmə qərarları › İş №2-1(118)-437/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-437/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-437/2022 14.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “ona verilmiş 20.08.2021-ci il tarixli 245 nömrəli qərarda aldığı travmanın hərbi xidmətlə xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi yazılması öhdəliyinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksində, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia qaldıraraq “ona verilmiş 20.08.2021-ci il tarixli 245 nömrəli qərarda aldığı travmanın hərbi xidmətlə xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi yazılması öhdəliyinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə Rusiyada Perm Hərbi Avasiya məktəbini qurtarmış və Azərbaycana gəlmişdir. Həmin vaxtdan 2016-cı ilin may ayınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrin müxtəlif hərbi hissələrində zabit kimi xidmət etmiş və mayor rütbəsində ehtiyata təxris olmuşdur. 19.01.2011-ci il tarixdə N saylı hərbi hissədə xidmət keçdiyi vaxt təxminən saat 19:30 radələrındə xidmətdən çıxıb kirayə qaldığı evə gedərkən avtoqəza nəticəsində ağır xəsarət almış və 19.01.2011-ci ildən 31.01.2011-ci ilə kimi N nömrəli hərbi hospitalda “Avtoqəza. Açıq kəllə-beyin travması, baş-beyin silkələnməsi. Sol ağciyərin aşağı payının kontuziyası. Təpə nahiyəsinin çapılmış, əzilmiş yarası, alın nahiyəsinin sıyrılmış yarası” diaqnozu ilə N saylı hərbi hospitalda müalicə olunmuşdur. Bundan başqa aldığı həmin xəsarətlə əlaqədar 20.05.2016-cı ildən 24.05.2016-cı ilə kimi SQ BKH-da müayinə və müalicə olunmuşdur. 20.08.2021-ci il tarixdə MN Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən aldığı xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Lakin o bununla razı olmadığı üçün 20.10.2021-ci il tarixdə ərizə ilə MN MHHK-sına müraciət edərək aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi düzgün təyin etməsini xahiş etmişdir. Lakin MN MHHK-sı 22.10.2021 -ci il tarixli məktubu ilə ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı iddia ərizəsi və Sumqayıt İnzibati Məhkəməsinin 08.12.2021-ci il tarixli 2- 1(118)-2209/2021 nömrəli sərəncamı 23.12.2021-ci il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) daxil olmuşdur. İddiaçı iddia ərizəsində ona məxsus 20.08.2021-ci il tarixli 245 nömrəli qərarda travmanın səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR" kimi təyin edilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmasını xahiş etmişdir. Qəbələ RHK tərəfindən 1992-ci ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı, 19.01.2011-ci ildən 31.01.2011-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu “Avtoqəza. Açıq kəllə-beyin travması. Baş beyin silkələnməsi. Sol ağciyərin aşağı payının kontuziyası. Təpə nahiyəsinin çapılmış, əzilmişyarası, alın nahiyəsinin sıyrılmış yarası”, 05.11.2014-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirmə zamanı təyin edilmiş xəlstəlik-diaqnoz “Hepatit “B” virusunun daşıyıcısı” və 20.05.2016-cı ildən 24.05.2016-cı ilə kimi SQ BKH-da müayinə müalicə olduğu “Keçirilmiş açıq kəllə-beyin travması. Baş beyin silkələnməsinin (19.01.2011) vegetativ damar davamsızlığı ilə olan qalıq əlamətləri" Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası (MN MHHK) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertiza 19.07.2019-cu il tarixdə “Travmadır, Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHKS-ı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 1-ci maddəsinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.3-cü bəndinin və 7.2-ci bəndinin “ç” yarımbəndinin tələblərinə uyğun olaraq İddiaçı aldığı travmanın səbəb əlaqəsi travmanın alınma şəraiti haqqında hərbi hissə komandirinin travma haqqında arayışı MN MHHK-na daxil olmadığından “Travmadır, Hərbi Xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarrına aşağıdakılar daxildir: - EZ ******* saylı hərbi biletdən görünür ki, İddiaçı SJÇXDX-nın Qəbələ rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 245 saylı, 08 avqust 2021-ci il tarixli qərarından görünür ki, iddiaçının aldığı travma “Travmadır, Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmişdir. - İşdə olan 58 nömrəli Arayışa əsasən iddiaçıya xəstəliyin səbəbi olaraq “ümumi xəstəlikdir” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1708 saylı, 22.10.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının xəstəliyinin səbəbli əlaqəsinin “Travmadır, Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi düzgün təyin edildiyi və dəyişdirilməsi üçün hər hansı əsasın olmadığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 443 saylı28.01.2011-ci il tarixli arayışından görünür ki, İddiaçı Əlimirzə oğlu 19.01.2011-ci ildə saat 19:00-da evinə gedən zaman minik avtomobili vurmuşdur. Xəstəyə N saylı hərbi hissədə ilk tibbi yardım göstərilmiş, N saylı hərbi hissəyə təxliyyə olunmuşdur. - N saylı hərbi hissə komandirinin, N fevral 2011-ci il tarixli 139 saylı arayışından görünür ki, İddiaçı Əlimirzə oğlu hərbi hissədən çıxıb evinə gedərkən travma almışdır. Xəsarət alınmışdır: hərbi xidmət vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar olmayan bədbəxt hadisə nəticəsində. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Qərarın təsviri hissəsində qeyd edildiyi kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 245 saylı, 08 avqust 2021-ci il tarixdə şəhadətləndirilmiş və xəstəliyin səbəbli əlaqəsi “Travmadır, Hərbi Xidmət dövründə alınmışdır.” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008- ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 1-ci bəndinə əsasən, Hərbi-həkim ekspertizası dinc və müharibə dövründə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində, həmçinin sərhəd qoşunlarında, daxili qoşunlarda və Milli Təhlükəsizlik Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə, tədris müəssisələrində (bundan sonra — digər qoşunlar), Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Hərbi Əks-Kəşfiyyat Xidməti və Ali Dövlət Hakimiyyəti və İdarəetmə orqanlarını Baş Mühafizə İdarəsi orqanlarında (bundan sonra—orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) səhhətinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq dərəcəsini, habelə vətəndaşların yaralanmalarının (travmalarının, xəsarətlərinin, kontuziyalarının) və xəstəliklərinin hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmələri ilə səbəb əlaqəsini (bundan sonra —yaralanmaların (travmaların, xəsarətlərin, kontuziyaların) və xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Həmin əsasnamənin 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, 6 Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. Əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində (“Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı üzrə) göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarını çıxarır. Yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Hazırki işdə iddiaçı onun hərbi xidmət zamanı onun aldığı travmanın düzgün şəhadətləndirilmədiyini iddia edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hərbi hissədən evinə gedərkən avtoqəzaya düşmüş və həmin avtoqəza nəticəsində aldığı travma Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 245 saylı, 08 avqust 2021-ci il tarixli qərarı ilə “Travmadır, Hərbi Xidmət dövründə alınmışdır.” kimi şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin c bəndinə əsasən Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarı çıxarır. «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa aiddir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 27-ci maddəsinə əsasən 27.1. Hərbi qulluqçular və hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: - döyüş əməliyyatlarında iştirak edərkən; - hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; - döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; - təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; - vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; - günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; - ezamiyyətdə olarkən; - müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; - toplanışlar keçərkən; - hərbi xidmət yerinə gedib-gələrkən; - əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); - xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; - vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; - insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; - fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır: - bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə əlaqədar olmayan hallarda hərbi hissədən (xidmət yerindən) kənarda olması; - sərxoş vəziyyətdə olması; - inzibati xətanın və ya cinayətin törədilməsi. Yuxarıda qeyd olunan normaların mənasından göründüyü kimi hərbi vəzifəlilərin hərbi xidmət vəzifələrinin icrasında sayılmasının halları, habelə hərbi xidmət vəzifələrin icrası ilə bağlı olmayan hallar qanunvericiliklə imperativ olaraq müəyyən edilmişdir. Sözügedən noramaya görə hərbi vəzifəlilər hərbi xidmət yerinə gedib-gələrkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. Hazırki işdə də iddiaçının aldığı travmaya əsas olmuş qəza onun hərbi hissədən çıxıb öz evinə getdiyi məqamda baş vermişdir ki, qanunvericiliyə görə həmin müddət də hərbi vəzifələrin icrasına daxildir. Eyni zamanda hazırki işə münasibətdə qanunvericilikdə müəyyən olunmuş hərbi qulluqçuların hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan hallar da müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 20.08.2021-ci il tarixli 245 nömrəli qərarla iddiaçının aldığı travmanın səbəb əlaqəsi düzgün göstərilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı barəsində verilmiş 20.08.2021-ci il tarixli 245 nömrəli qərarda xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə vəzifə olaraq qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində verilmiş 20.08.2021-ci il tarixli 245 nömrəli qərarda xəsarətin səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar