Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4370/2023 31.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21 saylı Qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində faktiki yerləşmə vəziyyətinə uyğun olmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21 saylı Qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin 24 iyul 2023-cü il tarixli, 3-21-3-32/2-8533/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı Rostislavkoviç xx.xx.2020-ci ildə şəhid olmuş X1 atasıdır. Abşeron rayonu Qobu Bələdiyyəsinin 02.11,2007-ci il tarixli, 21 saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. Bundan sonra dəyəri tərəfindən ödənildikdən sonra torpaq sahəsi təhvil verilmişdir. Faktiki olaraq 2007-ci il noyabr ayından 0.08 ha torpaq sahəsi istifadəsində və sahibliyindədir. Hər il torpaq vergisini vaxtlı-vaxtında Qobu bələdiyyəsinə ödəmişdir və bələdiyyəyə torpaq vergisinə görə heç-bır borcu yoxdur. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Qobu Bələdiyyəsinin 02.11 2007-cı il tarixli, 21 saylı qərarı ilə adına ayrılmış Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2023-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin 24 07.2023-cü il tarixli, 3-21-3-32/2- 8533/2023 saylı bildiriş məktubu ilə torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı: 1. Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 02 noyabr 2007-ci il tarixində, 21 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktının 11 oktyabr 2010-cu il, ləğv edilmiş DT və XK-nm Abşeron rayon şöbəsinin rəyinin isə 12 oktyabr 2010-cu il tarixində verilməklə alqı-satqı aktının qanunamüvafiq qaydada (hüquq sahibinin imzası ilə) təsdiqlənmədiyi; 2. Müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi müəyyən olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə, Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə, Əsasnamənin 19-cu bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu, 11.1-ci, 15-ci maddələrinə istinadə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia öhdəliyin icrasıdır, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə iddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21 saylı Qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində faktiki yerləşmə vəziyyətinə uyğun olmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı 1. Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 02 noyabr 2007-ci il tarixində, 21 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktının 11 oktyabr 2010-cu il, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin isə 12 oktyabr 2010-cu il tarixində verilməklə alqı-satqı aktının qanunamüvafiq qaydada (hüquq sahibinin imzası ilə) təsdiqlənmədiyi; 2. Müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, cavabdeh imtinasının ilkin əsası kimi qeyd edir ki, Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 02 noyabr 2007-ci il tarixində, 21 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktının 11 oktyabr 2010-cu il, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin isə 12 oktyabr 2010-cu il tarixində verilməklə alqı-satqı aktının qanunamüvafiq qaydada (hüquq sahibinin imzası ilə) təsdiqlənmədiyi müəyyən edilmişdir. Cavabdehin bu mövqeyinə münasibətdə məhkəmə qeyd edir ki, Abşeron rayon Qobu Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli, 21 saylı Qərarı ilə bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən 0.08 ha torpaq sahəsi fərdi mənzil tikintisi üçün iddiaçıya satılmışdır. Qobu bələdiyyəsinin Abşeron filialındakı xüsusi hesabına 800 manat haqq ödənilməsi vətəndaşa həvalə edilmişdir. Sentyabr 2010-cu il tarixli qəbzdən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinin alqı-satqı aktı 2010-cu il tarixdə tərtib edilmiş, xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2010-cu il tarixli rəyi ilə torpaq sahəsi qanunamüvafiq hesab edilmiş, həmin torpaq sahəsinə hüquqi sənəd verilməsinə etiraz edilməmişdir. A 495686 saylı “torpaq sahəsinin planı və ölçüsü” X4 kitabında 31 mart 2014-cü il tarixdə 23207 nömrə ilə uçota alınmışdır. Məhkəmə araşdırması zamanı Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, T/598 saylı məktubu ilə Abşeron rayon Qobu bələdiyyəsinin 21 saylı xx.xx.2007-ci il tarixli qərarının və ona aid digər sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Habelə məhkəmə araşdırması zamanı torpaq sahəsinin müayinə aktının təsdiq olunmuş surəti və ortofoto baza xəritəsindən çıxarış məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin DTXK tərəfindən verilmiş plan-ölçü sənədində göstərilən koordinatlarla uyğunluq təşkil etdiyi müəyyən edilir. Bundan əlavə cavabdeh qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21 saylı Qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində faktiki yerləşmə vəziyyətinə uyğun olmaqla İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-4370/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4370/2023
31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver