Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-438/2022 14.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Abşeron rayon X4 İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126 saylı qərarı ilə ayrılmış və Abşeron rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı protokolu ilə Abbasov Vaqifə satılmış və sonradan bağışlama müqaviləsi ilə ona verilmiş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi və həmin əmlakın yerləşdiyi 0,12 sot torpaq sahəsinə dair vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Xırdalan şəhəri, X6 küçəsi 95 ünvanında yerləşən əmlak kompleksi və həmin əmlakın yerləşdiyi 0.12 sot torpaq sahəsi Azərbaycan Respublikası Abşeron rayon X4 İcraiyyə Komitəsinin 21 iyun 1991- ci il tarixli 126 saylı qərarı ilə ayrılmış və Abşeron Rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı protokolu ilə Abbasov Vaqifə satılmışdır. Həmin torpaq sahəsi üzərində yerləşən sahəsi 182.2 kv.m olan 10 saylı yeməkxana binası da Abşeron Rayon Kooperativ Cəmiyyətinin 07.04.2003-cü il tarixli qərarına və İdarə Heyətinin 22 aprel 2003-cü il tarixli sərəncamına əsasən Abbasov Vaqifə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, 05.12.2014-cü il tarixli çıxarış Abbasov Vaqifə məxsus olan əmlak kompleksi kimi müəssisəsinin yerləşdiyi torpaq sahəsinin növü kimi dövlət torpaqları , həmçinin torpaq sahəsi üzrə hüququn növü kimi istifadə olması qeyd edilmişdir. Halbuki həmin torpaq sahəsi dövlət torpaqlarına aid deyildir. Abşeron Rayon Xırdalan şəhəri, X6 küçəsi 95 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən qeyri- yaşayış sahəsi bagışlanma müqaviləsi əsasinda iddiaçı - İddiaçı adına rəsmiləşdirilmiş və 13.04.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış onun adına verilmişdir. Lakin ona verilən Çıxarışda torpaq sahəsi “dövlət” torpağı kimi qeyd edilmişdir. Ona görə də qeyd olunan torpaq sahəsinin növünün “xüsusi mülkiyyət” kimi qeyd edilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin bu vaxta kimi heç bir cavab məktubu təqdim edilməmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi məhkəmədə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan səhəri, H.Z.Tağıyev küçəsi-95 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar 4 saylı Ərazi İdarəsinə daxil olmuş 07.10.2021-ci il tarixli, ********** daxilolma nömrəli məktubunuza baxılmışdır. Aparılan araşdırma zamanı sözügedən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də müraciətin icrası mümkün olmamaışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi məhkəmədə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********9 nömrəli, 20.10.2021-ci il tarixli imtina məktubu, etirazı, cavabdehin **********90 nömrəli, 28.01.2022-ci il tarixli, **********90 nömrəli, 31.01.2022-ci il tarixli məktubları, DƏDRX tərəfindən verilmiş **********57-12301 reyestr nömrəli çıxarışın surəti, Abşeron rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı protokolundan çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnun yaranması haqqında **********57-12301 reyestr nömrəli çıxarışın verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********9 nömrəli, 20.10.2021-ci il tarixli nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayon Xırdalan şəhəri, X6 küçəsi 95 ünvanında yerləşən əmlak kompleksi və həmin əmlakın yerləşdiyi 0.12 sot torpaq sahəsi Azərbaycan Respublikası Abşeron rayon X4 İcraiyyə Komitəsinin 21 iyun 1991- ci il tarixli 126 saylı qərarı ilə Abşeron Rayon Kooperativ Cəmiyyətinə ayrılmışdır və Abşeron Rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı protokolu ilə həmin torpaq sahəsi üzərində əmlak kompleksi X1. Qeyd olunan əmlak kompleksi üzərində mülkiyyət hüququ X3 adına qeydiyyata alınmışdır. Sonradan ümumi sahəsi 0.02002 ha torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksi bagışlanma müqaviləsi əsasında hazır ki iddia tələbi üzrə iddiaçı - İddiaçı adına rəsmiləşdirilmiş və həmin əmlak kompleksinə dair İddiaçı adına DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən **********57- 12301 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. Həmin çıxarışda torpaq sahəsi “dövlət” torpağı kimi qeyd edilmişdir. Ona görə də qeyd olunan torpaq sahəsinin növünün “xüsusi mülkiyyət” kimi qeyd edilməsi ilə bağlı inzibati orqan olan cavabdeh təşkilata müraciət edilmiş, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina etmişdir. İddiaçı Abşeron Rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı protokolu əmlak kompleksindən başqa həmçinin torpaq sahjəsinin Vaqif Abbasovun adına ayrılmasını əsas gətirərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi əsas arqument həmin torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olmasından ibarət olmuşdur. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirlən arqument əsaslı olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, yaranmış halın araşdırılması məqsədi ilə məhkəmənin sorğusuna əsasən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, Abşeron rayon XDS İcrayyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126 saylı qərarı ilə “Qəlyanaltı”paviliyonunun quraşdırılması məqsədi ilə Abşeron Rayon Kooperativ Cəmiyyətinə 0,12 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərardan torpaq sahəsinin mülkiyyət və ya istifadə hüququ ilə ayrılmasını müəyyən etmək mümkün olmasa da, qeydiyyat orqanları tərəfindən sonradan verilən sənədlərdən görünür ki, 0,12 ha torpaq sahəsi Abşeron Rayon Kooperativ Cəmiyyətinin mülkiyyətinə ayrılmamışdır. Qeyd olunan torpaq sahəsinin hal- hazırda dövlət registrində dövlət torpağı kimi qeyd edilməsi bir daha ona dəlalət edir ki, 0,12 ha torpaq sahəsi mülkiyyətə deyil daimi istifadə edilməsi üçün Abşeron Rayon Kooperativ Cəmiyyətinə ayrılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının əlaqəli təhlilindən belə nəticəyə gəlmək olar ki, cavabdeh təşkilatın imtinası əsaslı olduğundan iddia tələbinin təmin edilməsi mümükün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Abşeron rayon X4 İcraiyyə Komitəsinin 21 iyun 1991-ci il tarixli 126 saylı qərarı ilə ayrılmış və Abşeron rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı protokolu ilə X2 və sonradan bağışlama müqaviləsi ilə ona verilmiş ünvan 1 ünvanında yerləşən əmlak kompleksi və həmin əmlakın yerləşdiyi 0,12 sot torpaq sahəsinə dair vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-438/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-438/2022
14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver