Məhkəmə qərarları › İş №2-1(118)-438/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-438/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-438/2025 21.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, qərarın etibarsız hesab edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi, qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 00000012808574 nömrəli İddiaçı dair tərtib edilmiş “Tədiyyə bildirişi”ndən görünür ki, əmlak vergisi 1.107,57 manat, verginin ödənilmə müddəti 15 avqust 2023-cü il tarixədək 553,78 manat, 15 noyabr 2023-cü il tarixədək 553,78 manat, ötən dövrlər üzrə vergi borcu 3.322,71 manat, faiz məbləği 1.152,98 manat, maliyyə sanksiyası 100 manat, ödəniləcək məbləğ 5.683,26 manat olaraq göstərilmişdir.

2. İddiaçı dair tərtib edilmiş “Tədiyyə bildirişi”ndən görünür ki, əmlak vergisi 1.107,57 manat, verginin ödənilmə müddəti 15 avqust 2023-cü il tarixədək 553,78 manat, 15 noyabr 2023-cü il tarixədək 553,78 manat, ötən dövrlər üzrə vergi borcu 1.876,5 manat, faiz məbləği 1.187,_ manat, maliyyə sanksiyası 100 manat, ödəniləcək məbləğ 5.717,6 manat olaraq göstərilmişdir.

3. Abşeron rayon Xırdalan bələdiyyəsinin 7 avqust 2023-cü il tarixli, 001/343 nömrəli İddiaçı göndərilmiş xəbərdarlığından görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən, istifadəsində olan 3691,90 kv.m əmlak sahəsinə görə hesablanmış bir illik əmlak vergisi 1.107.57 manat təşkil edir. 2020-2022-ci illərdən qalan 3.322,71 manat əmlak vergisi, 1.152,98 faiz manat, cəmi ödəniləcək məbləğ 5.683.26 manat təşkil edir. Əmlak, torpaq vergisini vaxtında ödəmədiyi üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən yerli (bələdiyyə) vergiləri müəyyən olunmuş müddətdə ödənilməməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0,1% həcmində faiz hesablanmışdır. Bildirilmişdir ki, “Bələdiyyənin Vergi Xidməti Orqanı” haqqında Əsasnamənin 5.4-cü bəndinə əsasən bələdiyyənin vergi xidməti orqanı tərəfindən təqdim olunan xəbərdarlıq və tədiyyə bildirişi ilə razılaşmadıqda 30 gün müddətində öz etirazını yazılı surətdə bildirə bilər. Həmin əsasnamənin 5.6-cı bəndinə əsasən göstərilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə vergi xidmətinin göndərdiyi sənədlərə baxılır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün Məhkəmə İcra Probasiya şöbəsinə müraciət edilməsi barədə qərar qəbul edilir. Məhkəmə İcra Probasiya şöbəsinə məcburi qaydada ödənişlərin təmin ediməsi barədə müraciət edilərsə əlavə olaraq 100 manat maliyyə sanksiyası və ümumi məbləğin 7% məbləğində məhkəmə icraçılarının vəsaiti əlavə edilir. Bələdiyyənin Vergi Xidməti Orqanı xəbərdarlığı nəzərə almağı, əmlak vergisinin ödənilməsini tövsiyə edilmişdir.

4. Abşeron rayon Xırdalan bələdiyyəsinin 7 sentyabr 2023-cü il tarixli, 411 nömrəli məktubu ilə icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş 7 sentyabr 2023-cü il tarixli “vergi borcunun tutulması haqqında” qərardan görünür ki, Abşeron rayonunun Xırdalan bələdiyyəsinin 11 yanvar 2023-cü il tarixli, 01 nömrəli protokolunun 02 nömrəli qərarını və iş materiallarını nəzərdən keçirərək, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanda yerləşən 3.691,90 kv.m əmlak sahəsinə görə cari il üçün 1.107,57 manat əmlak, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 3.876,5 manat, faiz üzrə 1.187,32 manat, maliyyə sanksiyası üzrə 100 manat, ümumilikdə isə 5.717,6 manat ümumi borcunun ödənilməməsi müəyyən edilmişdir. Ümumilikdə hesablanmış 5.717,6 manat borc məbləği vergi ödəyicisindən tutulub Abşeron rayonunun Xırdalan bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlərin görülməsi qərara alınmışdır.

5. 8 sentyabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Əliyeva X1 bələdiyyəsinin hesabına 5.200 manat məbləğində “bələdiyyə əmlak vergisi” təyinatlı ödəniş köçürmüşdür.

6. Xırdalan şəhər Vəkil bürosunun 18 sentyabr 2023-cü il tarixli, 468 nömrəli Abşeron rayon Xırdalan bələdiyyəsinə göndərilmiş məktubundan görünür ki, Abşeron rayon Xırdalan bələdiyyəsi İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən 3.691.9 kv.m qeyri-yaşayış sahəsinin əmlak vergisinə görə cari il üçün 1.107,57 manat əmlak, 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 3.322,71 manat, faiz üzrə 1.152,98 manat, maliyyə sanksiyası üzrə 100 manat, ümumilikdə isə 5.683,26 manat borcun ödənilməsi barədə 7 sentyabr 2023-cü il tarixli qərar qəbul etməklə, icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərəcəyi barədə 7 sentyabr 2023-cü il tarixdə vəkilin “whatsapp” nömrəsinə məlumat göndərmişdir. Lakin həmin Qərar vergi ödəyicisi İddiaçı rəsmi qaydada göndərilməmişdir. Odur ki, yuxanda qeyd olunanlara və Azərbaycan Respublikası “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun 7 və 15-ci maddələrinə müvafiq olaraq, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən 3.691,9 kv.m qeyri-yaşayış sahəsinin əmlak vergisinə görə Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən qəbul edilmiş 7 sentyabr 2023-cü il tarixli qərarın Xırdalan şəhər Vəkil Bürosuna göndərilməsi xahiş edilmişdir. (məktubun göndərilməsini təsdiq edən xəbərnamələr qoşma şəklində əlavə edilmişdir).

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

7. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 7 sentyabr 2023-cü il tarixli qərarının qismən ləğv edilməsi və ödədiyi 5.200 manat vəsaitdən cari ilin əmlak vergisi, yəni 1.107,57 manat çıxılmaqla yerdə qalan, 4.092,43 manat vəsaitin geri qaytarılması, bu vəsaitin geri qaytarılması mümkün olmadıqda əmlak vergisi üzrə gələcək ödənişlərin hesabına aid edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 3.691,9 kv.m qeyri-yaşayış sahəsinin əmlak vergisinə görə cari il üçün 1.107,57 manat əmlak, 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə 3.322,71 manat, faiz üzrə 1.152,98 manat, maliyyə sanksiyası üzrə 100 manat, ümumilikdə isə 5.683,26 manat borcun ödənilməsi barədə 7 sentyabr 2023-cü il tarixli qərar qəbul etməklə, icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərəcəyi barədə 7 sentyabr 2023-cü il tarixdə iddiaçının “whatsapp” nömrəsinə məlumat göndərmişdir. Belə ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin 7 sentyabr 2023-cü il tarixli qərarından narazıdır. Həmin qərar qanunsuzdur və hesab edir ki, ləğv edilməlidir. Əvvəla qərarda qeyd edilən əmlakın mövcudluğu və mülkiyyətçisi barədə cavabdehə bu vaxtadək mötəbər sənəd mövcud olmamış, yəni, vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar olmamışdır. Habelə 7 avqust 2023-cü il tarixədək iddiaçıya bu vergi ödənilməsi barədə hər hansı bir rəsmi məlumat, bildiriş göndərilməmişdir. Qərarda qeyd edilmişdir ki, ən son 2022-ci il tarixli tədiyə bildirişi göndərilmiş, halbuki belə bildiriş haqqında heç bir məlumatı olmamışdır. Lakin bildirilir ki, iddiaçıya sadəcə bir neçə dəfə şifahi formada pul verməli olduğu bildirilmiş və iddiaçı da öz növbəsində həmin məbləğin hansı qanuna və tarifə uyğun hesablanması barədə rəsmi bildirişin verilməsini tələb etsə də, rəsmi heç nə təqdim edilməmiş, yalnız 7 avqust 2023-cü il tarixli xəbərdarlıq məktubu rəsmi ünvanına göndərilmişdir. Hətta hazırda mübahisələndirdiyi Abşeron rayon Xırdalan bələdiyyəsinin 7 sentyabr 2023-cü il tarixli qərarından 7 sentyabr 2023-cü il tarixdə iddiaçının “whatsapp” nömrəsinə məlumat göndəriləndə məlumat almışdır. Həmin bildiriş və qərarda hesablanmış vergi məbləğinin hansı qanunvericiliyə və tariflərə əsaslanması qeyd edilməmişdir. Ötən dövlər dedikdə hansı əsasla 2020-ci ildən başlayaraq hesablanması, hətta cari ilin vergi borcunu da birləşdirməklə tələb etməsi qanunvericiliyə ziddir. Lakin buna baxmayaraq iddiaçı həmin qeyri-qanuni hesablanmış vergi məbləğinin 5.200 manat hissəsini 8 sentyabr 2023-cü il tarixdə cavabdehin yerli büdcəsinə ödəmişdir. Bütün bu halların məhkəmədə araşdırılmasına və işə hüquqi qiymət verilməsinə ciddi ehtiyac vardır. Əks təqdirdə cavabdeh qurum qanunun tələblərini pozaraq əsassız gəlirlərini artırmaqda, əsassız varlanmaqda davam edəcəkdir.

9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60, 73, 127.2, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8, 3.11, 24.0.1, 36.1, 36.2, 36.3, 36.4, 36.6, 53.3, 61.2, 61.3, 62.1, 62.2, 70.1, 70.2, 70.2-1, 70.2-1.1, 70.2-1.2, 70.2-1.3, 70.2-2, 83.2, 83.3, 83.4, 83.5, 83.8, 85.5, 87.1, 199.3, 200.4, 200.5, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12, 15, 24-cü maddələrinə, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 3.1, 6.2, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il tarixli, 313 nömrəli qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 4.1-ci bəndlərinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (bundan sonra – “İPM”) 2, 10, 14.1, 32.1, 38.1-ci maddələrinə istinad olunmuşdur.

10. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 7 sentyabr 2023-cü il tarixli qərarın etibarsız hesab edilməsi və ödədiyi 5.200 manat vəsaitin geri qaytarılması, bu vəsaitin geri qaytarılması mümkün olmadıqda, düzgün qaydada yenidən hesablama aparılmaqla əmlak vergisi üzrə cari il və gələcək ödənişlərin hesabına aid edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 21 iyun 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

11. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

13. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, tələbi əsassız hesab etmiş, onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil dəfələrlə sözügedən vergi ilə bağlı Abşeron rayonunun Xırdalan bələdiyyəsinin inzibati binasında olmuş, cavabdeh orqan tərəfindən vergi borcu barədə iddiaçıya və nümayəndəsinə şifahi və rəsmi xəbərdarlıq edilmişdir. Lakin iddiaçı hər dəfə qərəzli olaraq vergi ödəməkdən yayınmışdır. O, Abşeron rayonunun Xırdalan bələdiyyəsi tərəfindən barəsində məcburi icra tədbirlərinin görülməsi və Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməsinə dair qərar qəbul edildikdən sonra könüllü olaraq yerli büdcəyə cari il də daxil olmaqla 5.200 manat vergi ödənişi etmişdir.

14. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 72, 73, 150, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 4.4, 11, 16.1.1, 24.1, 77.1, 77.2, 77.3, 85.4, 196, 200.1, 200.5, 200.6, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, 3.2, 5.1, 5.2, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 6.1.8, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 81.1, 81.5, 82.1, 82.2-ci maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakları və izahatları:

15. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, cavabdeh inzibati orqan 2023-cü il tarixdən davam edən hazırkı iş üzrə məhkəmə proseslərində iştirak etməmiş və apardığı inzibati icraat materiallarını, həmçinin, müvafiq qərarı təqdim etməkdən boyun qaçırmışdır. Hətta cavabdeh inzibati orqan iş üzrə əhəmiyyətli olan sübutların gizlədilməsi faktı ilə əlaqədar olaraq cərimə olunsa da, qanunsuz hərəkətlərinə davam etmişdir. Bütün bunları nəzərə alaraq müvafiq qərarın ümumiyyətlə mövcud olmadığını qeyd etmişdir. Həmçinin, cavabdeh orqanın nümayəndəsi tərəfindən 7 sentyabr 2023-cü il tarixli qərar barədə məlumatın 7 sentyabr 2023-cü il tarixdə onun “whatsapp” nömrəsinə göndərilməsi və iddiaçıya bu barədə məlumat verməyin bildirilməsini, halbuki həmin dövrdə o, bu iş üzrə iddiaçının qanuni nümayəndəsi və vəkili olmadığını bildirmişdir. Həmin dövrdə məlumat əldə etdikdən sonra tərəfindən hüquq sahibinə məlumat veriləcəyi bildirilmiş, iddiaçıya bu barədə məlumat verdikdən sonra o, hər hansı qanunsuzluğun yaranacağından narahat olaraq qeyri-qanuni hesablanmış vergi məbləğinin 5.200 manat hissəsini 8 sentyabr 2023-cü il tarixdə cavabdeh orqanın yerli büdcəsinə ödəmiş, ödənişin həyata keçirildiyini öyrəndikdən sonra vəkil tərəfindən iddiaçıya ödənişin edilməməli olduğu bildirilmiş və cavabdehin əməlinin qanunsuz olması ilə bağlı hüquqi məsləhətlər verilmişdir. Növbəti mərhələdə məhkəməyə müraciət daxil olmuşdur. İzahatında həmçinin qeyd etmişdir ki, cavabdeh orqanın nümayəndəsinin şəxsi nömrəsi ilə ona “whatsapp” üzərindən göndərdiyi bütün məlumat və sənədlər “whatsapp”-ın foto, şəkil və sənədlər bölməsində göndərildiyi tarixlərlə birlikdə sübut kimi qalmaqdadır.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

21. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir.

22. Həmin Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

23. Belə ki, irəli sürülmüş iddia etibarsızlığının tanınmasını haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialardır.

25. Qeyd edilən normaların məzmunundan görünür ki, inzibati prosessual qanunvericilik müəyyən etmə və ya tanınma haqqında iddianı müstəqil iddia növü kimi nəzərdə tutur.

26. İPM-də tanınma haqqında iddianın 2 növü fərqləndirilir: 1) inzibati aktın qanunsuzluğu və ya etibarsızlığı haqqında iddia; 2) hüquq münasibətinin mövcud olması və ya olmaması haqqında, yəni pozitiv tanınma haqqında və ya neqativ tanınma haqqında iddia. Tanınma haqqında iddianın predmeti 36.1-ci maddəyə əsasən ancaq konkretləşmiş hüquq münasibəti ola bilər. Yəni hüquq münasibətinə çevrilməmiş hər hansı əlaqələr tanınma haqqında iddianın predmeti ola bilməz.

27. İddianın mümkünlüyü haqqında qaydaların tanınma haqqında iddiaya tətbiqi barədə qanunda birbaşa göstəriş yoxdur. Amma hər bir halda nəzərə almaq lazımdır ki, qanunverici inzibati proses çərçivəsində “actio popularis” qaldırılmasını istisna edir (35-cü maddənin tələblərinə əsasən). Bu səbəbdən də, iddiaçının hüququnun pozulması iddianın yoxlanılması zamanı əsas şərtlərdən biri olmalıdır.

28. İPM-in 36-cı maddəsində müəyyən etmə və ya tanınma haqqında iddialarla balı olaraq şağıdakı müddəalar nəzərdə tutulmuşdur: 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarı: “İş materiallarından göründüyü kimi, məhkəmələr tərəfindən N.Quliyevin iddiası inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qiymətləndirilmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıbyaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. ... İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı N.Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul edilməsini istisna edir. Lakin apellyasiya və kassasiya instansiyası məhkəmələri iddianı təmin edərkən mübahisəli sərəncamın qəbulu nəticəsində iddiaçının subyektiv hüququna (mülkiyyət hüququna) müdaxilə edilməsi mövqeyindən çıxış etmişlər. ...”

30. Yuxarıdakı qərarda diqqətə çatdırılır ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın.

31. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür.

Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi

İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar

1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı

21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.

Maddə 24. İşin hallarının obyektiv araşdırılması

24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ...

Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. ...

Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar

28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. …

Maddə 36. İnzibati icraatda iştirakçılar

36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar: 36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan; 36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər; …

Maddə 61. İnzibati aktın əsaslandırılması

61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. ...

Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi

62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

Maddə 65. İnzibati aktın etibarsız sayılması

65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması

67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. … 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

34. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 1. Qanunun təyinatı

Bu Qanun Azərbaycan Respublikasında yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı yaranan iqtisadi və hüquqi münasibətləri tənzimləyir.

Maddə 3. Yerli vergilər və ödənişlər (-) 3.3. Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. 3.4. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. 3.5. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır.

Maddə 8. Yerli vergilərin tərkibi

8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; (-)

Maddə 11. Yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi 11.1. Bu Qanunda göstərilən yerli vergilərin və ödənişlərin hesablanması və ödənilməsi müvafiq qanunvericiliklə müəyyən edilir. 11.2. Bu Qanunun 9.1.4. maddəsində göstərilən ödənişlər qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək müvafiq bələdiyyələrə ödənilir. (-)

35. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 14. Sübut etmə vəzifəsi

14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

“Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.”

“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Məhkəmənin mövqeyi

36. Məhkəmə işdə iştirak etmiş tərəfin izahatını və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

37. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə cavabdeh tərəfindən qəbul edilmiş onun vergi borcuna dair qərar qanunvericiliyə uyğun olaraq iddiaçıya təqdim edilməmiş, ümumiyyətlə hansı əsaslarla qəbul olunduğu barədə məlumat verilməmiş, bu səbəbdən də etibarsız hesab edilməlidir.

38. Cavabdeh isə iddia tələbinə qarşı etirazını bildirərək, iddiaçını borcu barədə şifahi və yazılı formada xəbərdar etmiş, lakin cavabdeh tərəfindən barəsində məcburi icra tədbirlərinin görülməsi və Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilməsinə dair qərar qəbul edildikdən sonra könüllü olaraq yerli büdcəyə cari il də daxil olmaqla 5.200 manat vergi ödənişi etmişdir.

39. Nəzərə alınmalıdır ki, qanunvericinin hüquqların pozulması haqqında şərti tanınma haqqında iddiaya münasibətdə ayrılıqda ifadə etməməsi müxtəlif cür əsaslandırıla bilər. Belə ki, iddiaçının hüquqlarının və vəzifələrinin hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olması elə iddiaçının hüququnun pozulması ilə birbaşa qarşılıqlı əlaqədədir. Yəni iddiaçının əsaslı marağının olması tanınma iddiasının mümkünlüyü üçün kifayət edir. Subyektiv hüququn pozulması haqqında şərt də, elə bununla ehtiva olunur.

40. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia məqsədinə görə mübahisələndirmə haqqında iddia ilə yaxındır. Amma inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya mübahisələndirmə haqqında iddia ilə bağlı qaydaların birbaşa analoji tətbiqi mümkünsüz olduğu üçün, bu iddia növü xüsusi tənzimləmə tələb edir. Etibarsız inzibati aktın yararsız, əhəmiyyətsiz olduğuna (heç bir hüquqi nəticə yaratmadığına) görə, yəni iddia predmeti mövcud olmadığına görə mübahisələndirmə haqqında iddianın qaldırılması istisna olunur.

41. Etibarsız inzibati aktın həmçinin artıq mübahisə predmeti ola bilmədiyinə görə mübahisələndirmə haqqında iddia ilə mübashisələndirilə bilməz. Buna görə də qüvvədən düşmüş elan edilmiş akta qarşı da, yalnız tanınma haqqında iddia qaldırıla bilər (72-ci maddə).

42. Tanınma haqqında iddianın subsidiar qaydada tətbiq olunması (maddə 36.4.). Hər bir hüquqi mübahisə sonunda ən azından həm də hər hansı bir hüquq münasibətinin mövcud olması və ya olmamasının müəyyənləşdirilməsinə yönəlir. Bu səbəbdən tanınma haqqında iddia subsidiar xarakter daşıyır. Tanınma haqqında iddianın digər iddia növlərinə münasibətdə subsidiar elan olunmasında qanunvericinin məqsədi, hüquqi müdafiənin intensivliyi baxımından iddiaçıya onun hüquqi mübahisəsini dolayı deyil, məhz birdəfəlik həll edən hüquqi müdafiə vasitəsindən istifadə imkanının yaradılmasından ibarətdir.

43. Bu səbəblərdən tanınma haqqında iddia ancaq o zaman qaldırıla bilər ki, digər iddia növlərindən istifadə mümkünsüz olsun. Digər iddia növləri dedikdə, mübahisələndirmə, məcburetmə, öhdəliyin icrası haqqında iddia növləri başa düşülür.

44. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçının yerli vergi borcu haqqında məlumat fərqli məbləği göstərən tədiyyə bildirişləri, xəbərdarlıq və icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş 7 sentyabr 2023-cü il tarixli “vergi borcunun tutulması haqqında” qərar ilə verilmişdir.

45. Lakin vətəndaşın və vəkil müraciətlərin edilməsinə baxmayaraq, qeyd edilən vergi borcun hesablanma əsası, ümumiyyətlə qərarın qəbul olunması üçün əsas olan sənədlər iddiaçı tərəfə təqdim edilməmişdir.

46. Məhkəmə araşdırılması zamanı iş üzrə iddiaçıya münasibətdə aparılmış inzibati icraat materialların təqdim edilməsinə dair göndərilmiş sərəncam, sorğular, həmçinin sübutların təqdim edilmədiyinə görə məhkəmə tərəfindən qəbul edilmiş cavabdehin cərimə olunması barədə qərardaddan sonra müvafiq sənədlər təqdim edilməmiş, ümumiyyətlə iş üzrə iddia tələbinə dair əsaslı münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, qərarın təqdim edilməməsi sözügedən qərarın cavabdeh inzibati orqan tərəfindən etiraf edildiyi halda iddiaçının əleyhinə tövsif edilə bilməz.

47. Beləliklə, cavabdehin etirazında müvafiq qərarın qəbul edilməsi göstərilərək, iddiaçının vergi borcu barədə qərarın mövcud olduğu aşkar olunur. Lakin iş materiallarına əlavə olunmadığı üçün mübahisə predmeti qeyri-müəyyən qalmaqdadır.

48. Hazırkı iş üzrə müəyyən edildiyi kimi, cavabdeh tərəfindən sübut etmə vəzifəsi yerinə yetirilməmiş, sözügedən qərarın, həmçinin onun qəbul edilməsi ilə bağlı mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir.

49. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin qəbul etdiyi qərarı etibarsız hesab olunmalıdır.

50. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 7 sentyabr 2023-cü il tarixli qərarın etibarsız hesab edilərək, iddiaçının ödədiyi 5.200 manat vəsaitin geri qaytarılmalı, bu vəsaitin geri qaytarılması mümkün olmadıqda, düzgün qaydada yenidən hesablama aparılmaqla əmlak vergisi üzrə cari il və gələcək ödənişlərin hesabına aid edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

51. Şərh edilənlərə əsasən və İPM-in 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Abşeron rayonu Xırdalan bələdiyyəsinin 7 sentyabr 2023-cü il tarixli qərarı etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilən 5.200 manat (beş min iki yüz manat) vəsaitin geri qaytarılması, bu vəsaitin geri qaytarılması mümkün olmadıqda, düzgün qaydada yenidən hesablama aparılmaqla əmlak vergisi üzrə cari il və gələcək ödənişlərin hesabına aid edilməsi öhdəliyi cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar