Məhkəmə qərarları › İş №2-1(118)-439/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-439/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-439/2021 20.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat – İstismarı Təmiri Birliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “tutulma məbləği bitmiş 78.747.61 manat vergi borcunun ümidsiz borc hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İstehsalat-İstismarı Təmiri Birliyinin əsasnaməsi 20 oktyabr 2005-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Əsasnamənin 1.1-ci bəndinə əsasən MKTİİT Birliyi İH-nin sərəncamı əsasında vahid idarəetmə orqanı kimi yaradılmış və fəaliyyətində bilavasitə Abşeron rayon İH-ə tabedir. Birliyin əsas fəaliyyətinin məqsədi rayonun mənzil kommunal təsərrüfatı sisteminin çevik idarəçiliyinə və rayon əhalisinə göstərilən mənzil kommunal xidmətlərin ən yüksək səviyyəsinə və fasiləsizliyinə nail olmaqdır. Birliyin əsasnaməsinin 1.7-ci bəndinə əsasən, birlik müstəqil balansa, ayrıca əmlaka və operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətinə, hesablaşma hesabına və öz adı həkk olunmuş möhürə malikdir. Birliyin əsasnaməsinin 5.3-cü bəndinin 11-ci abzasına əsasən, Birliyə ümumi və iqtisad məhkəmələrində iddiaçı və cavabdeh kimi çıxış etmək hüququ verilmişdir. Birlik vergi orqanından aldığı ********** saylı vergi ödəyicilərinin eyniləşdirilmə nömrəsi əsasında fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövrlərin bəyannamə məlumatları əsasında şəxsi hesab vərəqəsində hesablanmış vergilər üzrə Birliyin 18 senyabr 2015-ci il tarixə 247.919.73 manat məbləğində borcu olmuş və həmin borc məbləğlərindən 5 ilik dövr ərzində 82.194.26 manat maliyyə sanksiyası və 86.871.58 manat vergi borcu vergi orqanı tərəfindən silinmiş, 106.28 manat azalma aparılmış, lakin 78.747.61 manat məbləğində vergi borcunun tutulması mümkün olmadığı halda, tutulma müddəti bitmiş həmin vergi borcunun (247.919.73-82.194.26-86.871.58-106.28) silinməsi təmin edilməmişdir. Həmin məbləğ 18 senyabr 2020-ci il tarixə olan 208.065.04 manat qalıq qrafasımn tərkibində qalmışdır. Tutulma müddəti bitmiş 78.747.61 manat məbləğində vergilərin ümidsiz borc kimi silinməsi ilə əlaqədar olaraq 26 sentyabr 2020-ci il tarixdə elektron məktubla 2 saylı Ərazi Vergilər Baş idarəsinə müraciət edilmişdir. 2 saylı Ərazi Vergilər Baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri cənab Abbas İsmayılovun müraciətə baxılması barədə 30 sentyabr 2020ci il tarixli cavab məktubu ilə tələbimizin təmin edilməsindən imtina edilmişdir. Cavab məktubunda tələbimizdən imtina edilməsi onunla əsaslandırılmışdır ki, 20 avqust 2020-ci il tarixdə birliyin şəxsi vərəqəsindən 73.351.92 manat borc məbləği tələbetmə müddətinin bitməsi ilə əlaqədar silinmişdir. Vergi orqanının gətirdiyi dəlillər həqiqəti əks etdirmir və əlavə olaraq 78.747.61 manat da silinməlidir. Məktubda həmin məbləğin silinməsini xahiş etdiyi halda, cavab məktubunda həmin məbləğin silinməsinə heç bir münasibət bildirilmir. Göründüyü kimi, 5 (beş) ildən artıq müddət ərzində 78.747.61 (yetmiş səkkiz min yeddi yüz qırx yeddi) manat məbləğində vergi borcunun tutulması mümkün olmamış, buna görə də qanunvericilik normalarına uyğun olaraq tutulma müddəti bitmiş həmin məbləğ ümidsiz vergi borcu kimi silinməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına nümayəndəsinin iştrakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edilir: İddia ərizəsində şəxsi hesab vərəqəsində hesablanmış vergilər üzrə iddiaçının 18.09.2015-ci il tarixə 247.919,73 manat məbləğində borcunun olduğu və həmin borc məbləğindən 5 illik dövr ərzində 82.194,26 manat maliyyə sanksiyası və 86.871,58 manat vergi borcunun vergi orqanı tərəfindən silindiyi, 106,28 manat azalma verildiyi, lakin 78.747,61 manat məbləğində vergi borcunun tutulması mümkün olmadığı halda tutulma müddəti bitmiş həmin borcun silinməsinin həyata keçirilmədiyi, bununla əlaqədar olaraq 26.09.2020-ci il tarixdə edilmiş müraciətin təmin edilmədiyi qeyd edilmişdir. İddiaçı 78.747,61 manat məbləğində vergi borcunun silinməli olması nəticəsinə gələrkən şəxsi hesab vərəqəsinə istinad edərək 18.09.2015-ci il tarixinə 247919,73 manat borcun olduğunu , həmin borcdan 82194,26 manat maliyyə sanksiyasının və 86871,58 manat məbləğində vergi borcunun silindiyini, 106,28 manat azalma verilməsini əsas tutmuşdur. İddia ərizəsinin dəliləri ilə əlaqədar olaraq bildirilir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İddiaçı 78.747,61 manat məbləğində vergi borcunun silinməli olması nəticəsinə gələrkən Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin Məcəllənin 88-ci maddəsində vergilər üzrə borcların ödənilməsi qaydası müəyyən edilmişdir. Qanunun tələbinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; hesablanmış faizlərin məbləği; tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Qanunun tələblərinə müvafiq olaraq ödənişlərə proqram təminatı müəyyən edilərək tələbetmə müddəti gözlənilməklə vergilər yaranma tarixi ardıcıllığı ilə, bundan sonra faizlərin məbləği, daha sonra isə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği şəxsi hesab vərəqəsində nəzərə alınır. Təlbetmə müddəti ilə bağlı bildirilir ki, vergi orqanı tərəfindən dövri olaraq iddiaçıda Vergi Məcəlləsinin 85.4-cü maddəsinə müvafiq olaraq silmə əməliyyatları həyata keçirilmişdir. 29.12.2016-cı il tarixdə 82138,26 manat, 03.05.2018-ci il tarixdə 13519,66 manat, 20.08.2020-ci il tarixdə 73351,92 manat, cəmisi 169009,84 manat borc silinmişdir. Qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 26.09.2020-ci il tarixli elektron imtina məktubu, cavabdehin etiraz ərizəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.07.2021-ci il tarixli, 9/3176 nömrəli ekspert rəyli və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının hüquqi ünvanı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat –İstismarı Təmiri Birliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 26.09.2020-ci ildə elektron müraciət etmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri 44-cü məhəllə ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İş materiallarını, tərəflərin təqdim etdikləri sübutları və verdikləri izahatları tam və hərtərəfli araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, tutulma məbləği bitmiş 78.747.61 manat vergi borcunun ümidsiz borc hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi üzrə iddiaçı olan Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat– İstismarı Təmiri Birliyi rayonun mənzil kommunal təsərrüfatı sisteminin idarəçiliyi və rayon əhalisinə mənzil kommunal xidmətlərin göstərilməsi ilə məşğul olan müəssisədir. Abşeron rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2005-ci il tarixli əri ilə təstiqlənmiş Əsasnamənin 1.1 və 1.7-ci bəndlərinə əsasən “Birlik” hüquqi şəxs deyil və Abşeron rayon İcra Hakimiyyətinə tabedir. Lakin buna baxmayaraq “Birlik” vergi xidmətində müstəqil vergi ödəyicisi qismində qeydiyyatdan keçərək ********** VÖEN almışdır. Bundan başqa o da nəzərə alınmalıdır ki, qeyd olunan Əsasnamənin 5.3-cü bəndinin 11-ci yarımbəndində “Birlik”in məhkəmələrdə iddiaçı və cavabdeh qismində çıxış etmək səlahiyyəti var. Əsasnamənin 6.4-cü bəndinə əsasən “Birlik” büdcəyə vergilər ödədikdən sonra öz ixtiyarında qalan əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqnu həyata keçirir. Yuxarıda qeyd olunanlardan məlum olmuşdur ki, “Birlik” müstəqil hüquqi şəxs olmasa da Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş Əsasnaməyə əsasən məhkəmədə hazırkı, iddia tələbini müstəqil şəkildə qaldırmaq hüququna malikdir. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə “Birlik” 18.09.2015-ci ilədək 247.919,73 manat məbləğində borcunun olduğu və həmin borc məbləğindən 5 illik dövr ərzində 82.194,26 manat maliyyə sanksiyası və 86.871,58 manat vergi borcunun vergi orqanı tərəfindən silindiyini, 106,28 manat azalma verildiyi, lakin 78.747,61 manat məbləğində vergi borcunun tutulması mümkün olmadığı halda tutulma müddəti bitmiş həmin borcun silinməsinin həyata keçirilməsini vergi orqanından xahiş etmiş, lakin müsbət cavab almadığı üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən qeyd olunan halların araşdırılması məqsədi məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyinə görə 18.09.2015-ci il tarixdən 18.09.2020-ci il tarixədən olan dövr üzrə Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat–İstismarı Təmiri Birliyinin Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 85.4-cü maddəsinə əsasən tələb etmə müddəti ötmüş və silinməmiş vergi borcunun məbləği 9.395,93 manat müəyyən olunmuşdur. Eyni zamanda 18.09.2015ci il tarixdən 18.09.2020-ci il tarixədən olan dövr üzrə Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat–İstismarı Təmiri Birliyinin ödənişlərinin məbləği 69.457,96 manat təşkil etmişdir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat– İstismarı Təmiri Birliyini hesablanmış, lakin tələb etmə müddəti ötmüş və silinməmiş 9.395,95 manat vergi borcu silinməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, vergi ödəyicilərinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Həmin Məcəllənin 85.4-cü maddəsinin tələbinə əsasən, vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 (beş) il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin “X2” başlıqlı 93.1.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, vergi orqanları 5(beş) illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz və məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının tutulmasının Vergi Məcəlləsinin 85.4 cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması və bununla bağlı keçirilən prosedur hərəkətlər qanunvericiliyin tələblərini qismən pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İnzibati prosessual Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının 200 (iki yüz) manatlıq dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 100 (yüz) manat, Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat–İstismarı Təmiri Birliyindən 100 (yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına(VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar cavabdeh vergi orqanı tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmadığından, vergi qanunvericiliyinin tələbləri düzgün tətbiq edilmədiyindən iddia qismən təmin edilməli, tutulma məbləği bitmiş 9.395,93 manat vergi borcunun ümidsiz borc hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır . Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat–İstismarı Təmiri Birliyinin tutulma məbləği bitmiş 9.395,93 manat vergi borcunun ümidsiz borc hesab edilərək silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatlarının 200 (iki yüz) manatlıq dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 100 (yüz) manat, Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat–İstismarı Təmiri Birliyindən 100 (yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına(VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar