Məhkəmə qərarları › İş №2-1(118)-4395/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4395/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4395/2024 22.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının təqaüdünün düzgün hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx xxxxxx 1959-cu il təvəllüdlü İddiaçı əlilliyə görə əmək pensiyasının yenidən hesablanaraq artırılması cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçının təqaüdünün düzgün hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1959-cu il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayır. Bildirmək istəyir ki, “Əmək pensiyaları haqqında” AR-sı Qanununun 12.1-ci maddəsinin 09 yanvar 2018-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Hazırda aldığı pensiyanın məbləği 509 manat 60 qəpik təşkil edir. Lakin hesab edir ki, pensiyanın məbləği az hesablanmışdır. Bu səbəbdən də yenidən hesablanması ilə bağlı iş üzrə cavabdeh orqana müraciət etsə də, cavabdehin 30 dekabr 2023-cü il tarixli məktubu ilə müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh imtinasında hər hansı əsaslı bir səbəb qeyd etməmiş, müraciətinə ümumi olaraq cavab vermişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, məhkəmənin təşəbbüsü ilə pensiya yenidən hesablanmalı və məbləğ artırılmalıdır. Hazırda mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, 2-1(118)-4395/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazı təqdim edirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 11-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qruplar, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Adı çəkilən Qanunun 12.1-ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü" ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməsinin 4.26cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. «Əmək pensiyaları haqqında» Qanunun 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; К - sığorta davamiyyəti əmsalıdır. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1,2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1- dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 12.1-ci maddəsinin xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. X2 pensiya işinə daxil olan sənədlərin surətlərinə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla 01.01 2006-cı il tarixədək 30 il 1 ay sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 15999,87 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq 11,12.2020-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 345,37 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək 01.01 2021-ci il tarixdən 384,73 manata çatdırılmışdır. Sözügedən Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Bildirirlər ki, İddiaçı xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün 01,01.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 4065,03 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 413,57 manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 427,63 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddəyə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 444,29 manat, Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla 509,60 manat müəyyən edilmişdir. Məlumat üçün bildirirlər ki, ötən dövr üzrə (11,12.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) hesablanmış fərq məbləği iddiaçının əmək pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İddiaçı əlilliyə görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: 30 dekabr 2023-cü il tarixli imtina məktubu; 19 dekabr 2023-cü il tarixli məktub; sığortaolunanın hesabı haqqında məlumat; Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-409/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı və digər sənədlər daxildirlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan cavabdeh inzibati orqanın onun təmin edilməsindən imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı əlilliyə görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 30 dekabr 2023-cü il tarixli imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iddiaçı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 01.2006-cı ildən 12.2021-ci il tarixə kimi toplanan sığorta kapitalı (indeksləşdirmə aparılmadan 28368,81 manat) əsasında pensiyanın yenidən hesablanmasını istəyir. Göründüyü kimi hazırkı mübahisə iddiaçıya əmək pensiyası təyin edilənə qədər toplamış olduğu pensiya kapitalının yenidən nəzərə alınmalı olması ilə bağlıdır. Azərbaycan Respublikası “Əmək pensiyası haqqında” Qanunun 11-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1,2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1- dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. İnzibati icraat materiallarından ayrın olur ki, iddiaçının əyani təhsil aldığı dövrlər də daxil edilməklə xx.xx.2006-cı il tarixədək 30 il 01 ay sığorta stajı olmuşdur. Müxtəlif dövrlər də iddiaçının əmək pensiyası yenidən hesablanaraq, xx.xx.2023-cü il tarixdən 444,29 manat, yuxarıda qeyd edilən qanunvericilik normasınnı nəzərə almaqla 509,60 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Bu cümlə əvvəllər “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində olmamış, xx.xx.2017-ci ildən qüvvəyə minməklə sonradan əlavə edilmişdir. Qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, 01.01. 2006-cı ildən xx.xx.2017-ci ilə qədər (təbii ki, həm də 01 iyul 2017-ci ildən sonra) olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin, ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməyə davam etsin. Bu iki vəziyyətdə olan vətəndaşlara pensiya təyin edilən zaman 27.1-ci maddənin üçüncü cümləsi tətbiq oluna bilər. Çünki bu kateqoriyaya aid şəxslər işlərini davam etdirmiş şəxslər olurlar və onların əmək haqlarından məcburi dövlət sosial sığorta yığımı davam edir, onların fərdi hesabında toplanır və istifadə olunmur. Bu halda xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək olan dövr ərzində hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, bu müddətdə pensiya təyin edilən və işləməyə davam edən şəxslərin isə pensiya təyin olunduqdan sonra xx.xx.2017-ci ilə qədər işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla xx.xx.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınacaqdır. İddiaçıya pensiya təyin edilənədək yığdığı pensiya kapitalı nəzərə alınmaqla 2014-cü ildə ona pensiya təyin edilmiş, bu zaman istifadə etmədiyi pensiya kapitalı mövcud olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsi pensiya təyin edilənə qədər toplanmış və pensiya təyin edilən zaman istifadə edilmiş pensiya kapitalının fərdi hesabın sığorta hissəsində 80 faiz artırılmasını nəzərdə tutmamışdır. İddiaçının pensiya təyin edilənə qədər topladığı pensiya kapitalından istifadə edilərək ona pensiya təyin edilmiş, bu zaman fərdi hesabının sığorta hissəsində istifadə edilməmiş pensiya kapitalı mövcud olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının müraciətini təmin etməməklə cavabdeh inzibati orqan haqlı olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci bəndində “Əmək pensiyaları haqqında” Qanunun üçüncü cümləsinin tətbiqi ilə bağlı Misal 45-də 2017-ci ilin martında, yəni 01 iyul 2017-ci ilə qədər pensiya hüququ yaranmış şəxsə münasibətdə yeni normanın hansı qaydada tətbiq edilməsi izah edilmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının müraciətindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı müraciətinin əsaslılığını sübut edə bilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının təqaüdünün düzgün hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının təqaüdünün düzgün hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar