Məhkəmə qərarları › İş №2-1(118)-4403/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4403/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4403/2023 05.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətləri qanunsuz hesab edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, ömrünün 30 ildən çoxunu Dəvəçi quşçuluq fabrikində işləmişdir və bu sahənin inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Qanunvericiliyə uyğun olaraq ona əmək pensiyası təyin edilmiş və kifayət qədər yüksək pensiya ilə təmin olunur. Lakin son zamanlar ona məlum olmuşdur ki, onun əmək pensiyasına yönəltmələr olur və maaşının böyük bir hissəsi vergi ödəyicisi olduğu üçün tutulur. Hazırda ondan 4757.42 qəpik ödəniş tələb olunur. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur və onun əmək haqqında yönəltmələrin dayandırılması zəruridir. Odur ki, iddiaçı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini istəyir. Məhkəmə qeyd edir ki, iddiaçının ərizəsi nümayəndəsi qismində X4 tərəfindən imzalanmış, lakin iş materiallarına əlavə edilmiş etibarnamənin sürətindən görsənir ki, X2 iddiaçını məhkəmədə təmsil etmək səlahiyyəti qeyd edilməmişdir. Bundan başqa iddia tələbi aydın ifadə olunmamış, hüquqi nəticə yaradacaq tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Odur ki, iddiaçı tərəf hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilmiş, lakin 15 sentyabr 2023-cü il və 05 oktyabr 2023-cü il tarixli məhkəmə iclaslarına gəlməmiş, məhkəmə ilə əlaqə saxlamamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iddiaçının müvafiq xəbərdarlıq edilsə də, məhkəmə iclaslarına gəlməməsini və hər hansı vasitələrlə məhkəmə ilə əlaqə saxlamamasını məhkəmə icraatından yayınma kimi qiymətləndirir və iddianın geri götürüldüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin X3 şikayətinə dair 08 iyul 2013-cü il tarixli Qərardadı ilə İnzibati-iqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericilikdə nəzərdə tutulmamasının, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə müraciət etmək hüququnu istisna etməməsi qərara alınmışdır. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. Eyni zamanda iddia qaldırılan zaman Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinin nəzərə alınması prosessual qənaət baxımından məqsədəmüvafiq hesab edilir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətləri qanunsuz hesab edilməsinə” dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. Eyni zamanda iddia qaldırılan zaman Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinin nəzərə alınması prosessual qənaət baxımından məqsədəmüvafiq hesab edilir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar