Məhkəmə qərarları › İş №2-1(118)-441/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-441/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-441/2025 20.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin xx.xx.2000-ci il tarixli texniki pasportuna əsasən Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.0266 ha torpaq sahəsi üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə reyestrdən çıxarışın və faktiki vəziyyətinə uyğun olaraq plan-ölçü sənədinin verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək fərdi yaşayış fonduna daxil olan yaşayış evinin xx.xx.2000-ci il tarixli texniki pasportuna əsasən Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.0266 ha torpaq sahəsi üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə reyestrdən çıxarışın və faktiki vəziyyətinə uyğun olaraq plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən fərdi yaşayış evi və yerləşdiyi sənəd üzrə 0.0388 ha, faktiki 0.0268 ha torpaq sahəsi 965A inventar nömrəli, 14872A reyestr nömrəli Qeydiyyat Vəsiqəsi və “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” ilə mənim mülkiyyətimə verilmişdir və həmin vaxtdan bizim faktiki olaraq istifadəmizdədir. Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair çıxarış və plan ölçü sənədinin verilməsi ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 321332/2-10644 bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Hesab edirəm ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbim üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Tələbin hüquqi əsasları: 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli bildiriş məktubunda texniki pasportda göstərilən fərdi yaşayış evinin müayinə olunan torpaq sahəsində aşkarlanmadığı (söküldüyü) və buna dair notarial qaydada təsdiq olunmuş məhv ərizəsinin müraciətə əlavə olunmadığı, torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.0388 ha olduğu halda faktiki olaraq torpaq sahəsinin 0.0268 ha hissəsinin istifadəmdə olduğu və buna dair notarial qaydada təsdiq olunmuş azalma ərizəsinin əlavə olunmadığı, bu səbəblərdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir. Mülkiyyətində olmuş fərdi yaşayış evi tərəfindən sökülmüş və yerində yeni fərdi yaşayış evi inşa edilmişdir. Bundan başqa torpaq sahəsinin konfiqurasiyasının fərqli olması faktiki istifadəsində 0.0388 ha deyil 0.0268 ha olduğundan irəli gəlir, iddiaçı isə yalnız 0.0268 ha üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istəyir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin müayinə baxışı keçirilən torpaq sahəsində aşkarlanmadığı (söküldüyü) və buna dair notarial qaydada təsdiq edilmiş məhv ərizəsinin idarəyə təqdim edilmədiyi; torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu; torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.0388 ha olduğu halda, faktiki vəziyyətdə 0.0268 ha hissəsinin vətəndaşın istifadəsində olduğu və buna dair notarial qaydada təsdiq edilmiş azalma ərizəsinin müraciət ərizəsinə əlavə edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr № 14872A, inventar № 965A olan qeydiyyat vəsiqəsinin surəti, 20 dekabr 2000-ci il tarixdə tərtib edilmiş texniki pasportun surəti iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi sənəd üzrə 0.0388 ha, faktiki 0.0268 ha.dır, texniki pasportda göstərilən fərdi yaşayış evi sökülmüşdür. Torpaq sahəsinin baş planı, bələdiyyənin yerquruluşu planından çıxarış və ortofoto görüntüsü iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə Reyestr № 14872A, inventar № 965A olan qeydiyyat vəsiqəsinin arxiv sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin xx.xx.2000-ci il tarixli texniki pasportuna əsasən Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.0266 ha torpaq sahəsi üzərinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə reyestrdən çıxarışın və faktiki vəziyyətinə uyğun olaraq plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin müayinə baxışı keçirilən torpaq sahəsində aşkarlanmadığı (söküldüyü) və buna dair notarial qaydada təsdiq edilmiş məhv ərizəsinin idarəyə təqdim edilmədiyi; torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu; torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.0388 ha olduğu halda, faktiki vəziyyətdə 0.0268 ha hissəsinin vətəndaşın istifadəsində olduğu və buna dair notarial qaydada təsdiq edilmiş azalma ərizəsinin müraciət ərizəsinə əlavə edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanına əsasən: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün hüquqi əsaslar mövcuddur. Cavabdehin imtinasının əsaslarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tələbi torpaq sahəsi ilə bağlıdır və konfiqurasiya fərqi olsa belə iddiaçı torpaq sahəsinin faktiki vəziyyətinə uyğun çıxarışın verilməsini istəyir. Eyni zamanda iddiaçının azalma ərizəsi də məhkəməyə təqdim edilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin müayinə baxışı keçirilən torpaq sahəsində aşkarlanmaması və ya sökülməsi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Beləliklə torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istisna edən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin xx.xx.2000-ci il tarixli texniki pasportuna əsasən Abşeron rayonu Xırdalan şəhərində yerləşən 0.0266 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə reyestrdən çıxarışın və faktiki vəziyyətinə uyğun olaraq plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar