Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4413/2025 21.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (soyadın dəyişdirilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il təvəllüdlü qızı X1 “Zülfüqarlı” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı Cavabdehnə qarşı xx.xx.2024-cü il təvəllüdlü qızı X1 “Zülfüqarlı” olaraq dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08 oktyabr 2022-ci ildə X6 ilə rəsmi nikaha daxil olmuş və nikahları Cavabdeh tərəfindən 161 nömrəsi ilə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2024-cü il tarixdə X3 dünyaya gəlmişdir. Hər iki valideynin razılığı əsasında xx.xx.2024-cü il təvəllüdlü X1 “İsbəndiyarova”dan “Zülfüqarlı”ya dəyişdirilməsi qərarlaşdırılmışdır. İddiaçı bu məqsədlə Cavabdehnə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən ərizənin icrasından imtina olunmuşdur.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu şifahi məhkəmə baxışı iclası 21 may 2025-ci il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışdırlar. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə təqdim edilmiş yazılı etirazla iddia tələbinin icra edilməsindən imtina edilməsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər uşağın adının və ya soyadının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İşdə olan nikah haqqında şəhadətnaməyə əsasən xx xxxxxx 1997-ci il təvəllüdlü İddiaçı ilə 23 iyun 1997-ci il təvəllüdlü X4 08 oktyabr 2022-ci il tarixdə rəsmi nikaha daxil olduqları müyyən edilmişdir. İşdə olan AZ №975950 doğum haqqında şəhadətnaməyə əsasən X3 10 oktyabr 2024-cü il tarixdə doğulmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, iddiaçı 08 oktyabr 2022-ci ildə X6 ilə rəsmi nikaha daxil olmuş və nikahları Cavabdeh tərəfindən 161 nömrəsi ilə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2024-cü il tarixdə X3 dünyaya gəlmişdir. Hər iki valideynin razılığı əsasında xx.xx.2024-cü il təvəllüdlü X1 “İsbəndiyarova”dan “Zülfüqarlı”ya dəyişdirilməsi qərarlaşdırılmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı və rəsmi nikaha daxil olduğu Ə.M.Kərimova barəsində vətəndaşların vəziyyəti barədə akt Cavabdeh tərəfindən qəbul edildiyindən mövcud mübahisə ilə bağlı səlahiyyətlər Cavabdehnə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.İnzibati Prosesual Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 54.Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.
Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Maddə 190. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması qaydası Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”
6.1: Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2: Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3: Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.4: Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. 6.24: Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25: Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26: Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27: Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28: Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.2-ci maddə: İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx xxxxxx 1997-ci il təvəllüdlü İddiaçı və 23 iyun 1997-ci il təvəllüdlü X6 08 oktyabr 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 10 oktyabr 2024-cü il tarixdə X3 dünyaya gəlmişdir. Hər iki valideynin razılığı əsasında xx.xx.2024-cü il təvəllüdlü X1 “İsbəndiyarova”dan “Zülfüqarlı”ya dəyişdirilməsi qərarlaşdırılmış və bu məqsədlə Cavabdehnə müraciət edilmiş, lakin cavabdeh orqan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə istinad edərək müvafiq icra hakimiyyəti orqanının uşaq 18 yaşına çatana qədər uşağın adının və ya soyadının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilməsi səbəbindən ərizənin icrasından imtina etmişdir. Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halı araşdıraraq hesab edir ki, iddiaçının övladı–X1 dəyişdirilməsindən edilmiş imtina öz təsdiqini tapmır. Belə ki: İddia tələbinə dair yeganə imtinaya münasibətdə məhkəmə qeyd edir ki, 10 oktyabr 2024-cü il təvəllüdlü X2 İddiaçı və X4 övladları olması AZ №975950 doğum haqqında şəhadətnamə ilə təsdiq olunmaqdadır. Bundan əlavə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan fərqli olaraq ondan daha yüksək hüquqi qüvvəyə malik olan Ailə Məcəlləsinin 53.3-cü maddəsində uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edildiyi qeyd edilmişdir. “Bir qayda olaraq” birləşməsinin leksik mənası isə o deməkdir ki, adətən qəbul edilmiş hallar mövcuddur, lakin bunlardan kənara çıxılması istisna deyil. Başqa sözlə, uşağın soyadı adətən valideynlərinin soyadı ilə müəyyən edilir, lakin bu qaydadan istisna mümkündür. Yəni, qanunvericilikdə müəyyən əsaslar olduqda uşağın soyadının valideynlərin soyadı ilə deyil, uşağın babasının soyadı ilə müəyyən edilməsi barədə birbaşa qadağa olmadığından işin hazırkı vəziyyətində iddia əsaslı hesab edilməlidir. Həmçinin, qeyd olunur ki, ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Yuxarıda qeyd olunan qaydaların 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda İddiaçı ilə X4 rəsmi nikahlarının qüvvədə olması (nikahın pozulmaması), habelə övladları 10 oktyabr 2024-cü il təvəllüdlü X1 “Zülfüqarlı”ya dəyişdirilməsinə dair valideynlərin birgə razılıqlarının olması, fikir ayrılığının olmaması və uşağın babasının soyadı kimi nəzərdə tutulan adın uşağın mənafeyinə zidd olmaması inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halın əsassız olması səbəbindən iddia təmin edilməli, 10 oktaybr 2024-cü il təvəllüdlü X1 “İsbəndiyarova”dan “Zülfüqarlı”ya dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. “xx.xx.2024-cü il təvəllüdlü X1 “Zülfüqarlı” olaraq dəyişdirilməsi” öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinet mövcud olduğu təqdirdə kabinetdə yerləşdirildiyi gündən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinet mövcud olduğu təqdirdə kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinet mövcud olduğu təqdirdə kabinetdə yerləşdirildiyi gündən) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev