Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4416/2025 13.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair order və arxiv çıxarışı üzrə yol verilmiş yanlışlığın düzəldilməsi və iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 4B/29, mənzil 2 üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də imtina edilmişdir. Belə ki, ona ünvanlanmış 12 oktyabr 2023-cü il tarixli məktubda imtinaya əsas olaraq göstərilmişdir ki, müraciətinin araşdırılması zamanı ərizəyə əlavə olunmuş xx.xx.1986-cı il tarixli 05/552 saylı orderdə adı qeyd olunmamış və Dövlət Arxivinin Sumqayıt Filialının 3-48-DA-10F/2- 601-2023 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışında isə qeyd olunan şəxslərin adı tam göstərilməmişdir. Yaşayış sahəsi 29,08 kvadratmetr olan 2 otaqlı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 4B/29, mənzil 2 Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 15 saylı protokolu əsasında anası X1 4 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmiş və adına xx.xx.1986-cı il tarixli 05/552 saylı order verilmişdir. Həmin orderdə “sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısı” üzrə qeyd olunan şəxslərin ad və soyadları qeyd olunan qrafada iddiaçının adı qeyd olunmamış və Dövlət Arxivinin Sumqayıt Filialının 3-48- DA-1 0F/2-601-2023 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışında isə 4 nəfər olaraq qeyd edilən şəxslərin adı tam göstərilməmişdir. İddiaçı ərizə ilə maraqlı şəxs AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’ tələbinə dair Sumqayıt şəhər məhkəməsinə müraciət edərək xx.xx.1986-cı il tarixli 05/552 nömrəli orderin, eləcə də Dövlət Arxivinin Sumqayıt Filialının 3-48-DA-10F/2- ***-**** nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışının İddiaçı məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-792/2024 saylı qətnaməsi ilə ərizə təmin edilmiş xx.xx.1986-cı il tarixli 05/552 nömrəli orderin eləcə də Dövlət Arxivinin Sumqayıt Filialının 3-48-DA-10F/2-601-2023 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1134/2024 saylı qətnaməsi ilə təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-792/2024 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş İddiaçı xx.xx.1986-cı il tarixli 05/552 nömrəli orderin, eləcə də Dövlət Arxivinin Sumqayıt Filialının 3-48-DA-10F/2-601-2023 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışının İddiaçı məxsus olması barədə ərizəsi təmin olunmamışdır. Sonradan ərizə ilə (d.o.5-6/1-M-327/4-068/2-t/1/2024, xx.xx.2024) Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək mərhum anası X1 adında olmuş Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 4B/29, mənzil 2-yə dair order və arxiv çıxarışı arayışı üzrə yol verilmiş yanlışlığın düzəldilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Ərizəsi təmin edilməmiş və ərizədən imtina edilmişdir. Cavabdeh 5-6/-M -327\4- 068\2- t\1/2024 saylı 02 dekabr 2024-cü il tarixli imtinasında order və arxiv çıxarışı üzrə yol verilmiş yanlışlığın düzəldilməsinin yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricində olduğundan məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh Sumqayıt şəhər icra hakimiyyətinin imtinasını əsassız və qanunsuz hesab edir. Sumqayıt şəhər XDS İK-icra hakimiyyəti Sumqayıt şəhər XDS İK-nın hüquq varisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.5 maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uygun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Bundan başqa ”Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə əsasən yerli icra hakimiyyəti orqanı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını, idarə olunmasını təşkil edir və Azərbaycan Respublikası Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Buna görə də order və arxiv çıxarışı üzrə yol verilmiş yanlışlığın düzəldilməsi və onunla yuxarıda göstərilən ünvana mənzil kirayə müqaviləsinin bağlanılması cavabdeh Sumqayıt şəhər hakimiyyətinin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Hazırki iş üzrə iddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 29/4b ünvanında yerləşən 2 saylı mənzilə dair order və arxiv çıxarışı üzrə yol verilmiş yanlışlığın düzəldilməsi və iddiaçı ilə kirayə müqaviləsinin bağlanılmasını istəyir. İddiaçı izahatı zamanı bildirmişdir ki, çatmaq istədiyi hüquqi marağı qeyd edilən mənzilin dövlət reyestrində qeydiyyata alınması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı düzgün hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd) Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 29/4b ünvanında yerləşən 2 saylı mənzil 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli order il anası X2 verilmişdir. X3 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, qeyd edilən mənzilin mərhuma məxsus olması barədə arayışın verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmək, inzibati orqan imtina və yə hərəkətsizlik göstərdikdə isə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddianın digər hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının Sumqayıt şəhər İcra hakimiyyətinə müraciəti order və arxiv çıxarış üzrə yol verilmiş yanlışlığın düzəldilməsi ilə bağlı olduğundan iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbina dair hissədə də iddia mümkün sayıla bilməz. Bu halda məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 29/4b ünvanında yerləşən 2 saylı mənzilə dair order və arxiv çıxarışı üzrə yol verilmiş yanlışlığın düzəldilməsi və iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4416/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4416/2025
13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver