Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4421/2025 03.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2024-cü ilin fevral-sentyabr ayları ərzində iddiaçıya qəyyum təyin edilməsi ilə bağlı ödənilməyən (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq) məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətlərini qanunsuz hesab etməklə iddiaçıya ötən dövrlər üçün (2024-cü il fevral-sentyabr ayları) bəzi kateqoriyalı şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə) hər ay 100 manat ümumilikdə 800 manat məbləğində ödənilməyən müavinət verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələb dəqiqləşmə ərizəsi təqdim edərək, “2024-cü ilin fevralsentyabr ayları ərzində iddiaçıya qəyyum təyin edilməsi ilə bağlı ödənilməyən (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq) məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il təvəllüdlü oğlu X5, sağlamlığının 81-100% (görmə qabiliyyətini) itirdiyi üçün İ dərəcəli əlillik təyin edilib. xx.xx.2019-cu il tarixindən bəzi kateqoriyalı şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə İddiaçı) 100 manat məbləğində müavinət təyin olunmuşdur. Həmin müavinət xx.xx.2024-cü il tarixindən dayandırılmışdır (xx.xx.2024-cü il tarixindən sentyabr 2024-cü il tarixidə daxil olmaqla). İddiaçı bunun bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Onlar xx.xx.2024-cü il tarixli 3-17-1/2-V-296694/2024 saylı məktubla ərizənin icrasından imtina edərək bildirdilər ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-1943/2024 saylı qətnaməsinə əsasən X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edildiyindən və iddiaçıya qəyyumluq xx.xx.2024-cü il tarixindən verildiyindən ərizəsində qeyd etdiyi dövrlər üçün (8 ay x100 manat=800 manat) əsassız olaraq mümkün hesab edilməmişdir. Cavabdehin imtinasını əsassız, qanunsuz və ədalətsiz hesab edir. Əvvəlki aylarda olduğu kimi bu 8 ay ərzində də oğluna iddiaçı baxmışdır. Bu səbəbdən də 800 manat pul vəsaiti iddiaçıya ödənilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, idda tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövrlər üzrə ödənilməmiş təqaüdün ödənilməsi” tələbinə dair 2-1(118)- 4421/2025 nömrəli inzibati iş vardır. Bununla əlaqədar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə etirazımızı təqdim edirik və icraatınıza qəbul edib, hüquqi qiymət verməyinizi xahiş edirlər. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək ona orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə təqaüdün əlillik təyin edildiyi gündən verilməsini xahiş etmiş, cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-V-296694/2025 nömrəli məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına əsasən 2019-cu ilin aprelin 1-dən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası” nın 1.5-ci maddəsinə əsasən müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. Sözügedən Qaydanın 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Sözügedən Qaydanın 2.2.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə ^qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq! və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Mənkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-1943/2024 nömrəli qətnaməsinə əsasən X6 xx.xx.2023-cü il tarixdən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddiaçı fəaliyyət qabiliyyəti olmayan övladı Ə.Vəlizadənin qəyyumu təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya övladının qəyyumu təyin edildiyi xx.xx.2024-cü il tarixdən 100 manat məbləğində orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. İddiaçı iddia ərizəsində 2024-cü ilin fevral-sentyabr ayları üzrə övladına özünün qulluq etdiyini və həmin dövrlər üzrə ayda 100 manat olmaqla 8 ay üçün ümumilikdə 800 manat ödənişin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə münasibətdə qeyd etmək istərdik ki, sözügedən təqaüdün təyin edilməsi üçün qanunvericilikdə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluğun faktiki olaraq həyata keçirilməsi deyil, həmin təqaüdün təyin edilməsinə hüququn yaranması zəruri şərt kimi qeyd edilmişdir. Belə ki, iddiaçı oğluna faktiki olaraq həmin dövrlərdə qulluq etsə belə qanunvericilikdə birbaşa olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxslərə qulluq edən Şəxsə münasibətdə fəaliyyət qabiliyyəti olmayan şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarı tələb olunmuşdur. Həmçinin qeyd edirlər ki, sosial müavinətlərdən fərqli olaraq Prezident təqaüdünün əvvəlki dövrlər üzrə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: sosial arayış; sosial müavinət və təqaüd haqqında arayış; Abşeron rayon İcra Hakimiyyəti Başçısının 261 saylı, xx.xx.2024-cü il tarixli sərəncamı; məhkəməyə sorğu əsasında daxil olmuş məlumatlar və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə verilir. Həmin qaydaların 1.5-ci bəndinə əsasən müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. Cavabdeh orqan imtinasının əsası kimi göstərmişdir ki, Abşeron Rayon Mənkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-1943/2024 nömrəli qətnaməsinə əsasən X6 xx.xx.2023-cü il tarixdən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən, iddiaçıya övladının qəyyumu təyin edildiyi xx.xx.2024-cü il tarixdən 100 manat məbləğində orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarının 2.4-cü bəndinə əsasən Təqaüd qulluq olunanın orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi olan uşaqların əlilliyi müddətinə təyin edilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il təvəllüdlü övladı X5 “Ümumi səbəblər” orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlillik dərəcəsi təyin edilmişdir. Bununla yanaşı Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1943/2024 saylı qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən fəaliyyəti qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 261 saylı, xx.xx.2024-cü il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı övladı X4 qəyyumu təyin edilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən təqaüd qulluq olunan şəxsə əlilliyi müddətinə təyin edilir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının tələb etdiyi fevral-sentyabr 2024-cü il tarixlərində iddiaçının övladı əlilliyi müəyyən edilmiş şəxs hesab edilmişdi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya qeyd edilən dövrlər üzrə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edilməsinə görə təqaüd ödənilməsindən cavabdehin imtinası onun sosial təminat hüququnun pozulması kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2024-cü ilin fevral-sentyabr ayları ərzində İddiaçı, qəyyum təyin edilməsi ilə bağlı ödənilməyən (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq) məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. 2024-cü ilin fevral-sentyabr ayları ərzində İddiaçı, qəyyum təyin edilməsi ilə bağlı ödənilməyən (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq) məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva