Məhkəmə qərarları › İş №2-1(118)-4423/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4423/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4423/2025 17.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi və vərəsəsi olduğu X4 məxsus olan xx.xx.2003-ci il tarixində verilmiş, seriya nömrəsi JN-299F, KOD 30329058 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.13 ha olan torpaq sahəsinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, məhkəməyə müraciət edərək vərəsəsi olduğu X4 məxsus olan xx.xx.2003ci il tarixində verilmiş, seriya nömrəsi JN-299F, KOD 30329058 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.13 ha olan torpaq sahəsinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, qanun üzrə vərəsəsi olduğu X4 məxsus olan DTXK Quba rayon şöbəsi tərəfindən xx.xx.2003-ci il tarixində verilmiş seriya nömrəsi JN 299 F, KOD 30329058 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.13 ha olan torpaq sahəsinin (torpağın mülkiyyətə verilməsinə dair) hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması üçün tərəfindən Bakı şəhəri 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Quba regional “ASAN xidmət” mərkəzinin Notariat ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli № 4241 nömrəli məktuba əsasən İddiaçı xx.xx.2023-cü il tarixli V-942 nömrəli vərəsəlik işinə əsasən, xx.xx.2019-cü ildə vəfat etmiş X1 qanuni vərəsəsi sırasına daxil edilmişdir. Bununla bağlı olaraq, qeyd edilmiş müraciətə imtina alındıqdan sonra ona məxsus olan əmlaka hüquqların dövlət qeydiyyatına alınması hüququm məhdudlaşdırılmış, bununla da konstitusion hüququm sayılan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-13-0257-8/2024 nömrəli mənə ünvanlanan imtina (bildiriş) məktubuna əsasən, bildirilmişdir ki, tərəfinizdən Quba rayon şöbəsi tərəfindən xx.xx.2003- ci il tarixində verilmiş seriya nömrəsi JN 299, KOD 30329058 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.13 ha olan torpaq sahəsinə müayinə işlərinin aparılması üçün şərait yaradılmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bundan əlavə, xx.xx.2003-ci il tarixində verilmiş seriya nömrəsi JN 299 F, KOD 30329058 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 sayh Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir, elektron məlumat bazasında olan xəritə üzərində və həyətyanı torpaq sahəsi almış subyektlərin adlı siyahısında (DBF) öz əksini tapmamışdır. Bununla da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci və 15-ci maddələrini əsas gətirərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir, (imtina bildirişi əlavə edilir) Qeyd edir ki, verilən imtina tam şəkildə əsassız olmuş və mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 sayh Xaçmaz Ərazi İdarəsi ona məxsus olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınma ilə bağlı olaraq heç bir məqama əsaslanmadan, qanuni vərəsəsi olduğu xx.xx.2003-ci il tarixində verilmiş seriya nömrəsi JN 299 F, KOD 30329058 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” nəzərə almadan, heç bir hüquqi əsas göstərmədən əsassız şəkildə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsini əsas göstərərək imtina cavabını vermişdir. Belə ki, ümumiyyətlə, imtinanın birinci hissəsi ilə bağlı olaraq bildirir ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.13 ha olan torpaq sahəsinə müayinə işlərinin aparılması üçün şərait yaradılması ilə bağh olaraq ona hər hansı bir məlumat verilməmiş və bununla bağlı əlaqə saxlanılmamışdır. Məsələyə daha dərindən yanaşsaq, torpağın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etdikdən sonra onun tərəfdən torpaq sahəsinə müayinənin aparılmasına icazənin verilməməsinin iddia edilməsi absurd və tamamilə əsassız olmuşdur. Qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qeyd edilmişdir. Həmin əsasların 8.0.5-ci maddəsinə əsasən isə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilmişdir. Cavabdeh orqan isə hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilən qanuni vərəsəsi olduğum “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”ni heçə sayaraq, tam şəkildə qanuni olan mövcud sənədi nəzərə almadan kobud hüquq pozuntusu törədərək qeydiyyatdan imtina etmişdir. Bundan əlavə, təqdim edilən “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də olan mühim məqamları məhkəmənin diqqətinə çatdıraraq qeyd edirəmki, adıçəkilən Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsi Quba rayon X6 1998-ci il 22 may tarixli 07 nömrəli qərarına əsasən verilmişdir. Eyni zamanda Şəhadətnamədə qeyd edilmiş səlahiyyətli şəxsin imzası və möhürü sənədin həqiqiliyini isbat etmişdir. Göründüyü kimi, cavabdeh orqanın heçə sayaraq görməzdən gəldiyi “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tam şəkildə hüquqi əsasa malik olmuşdur. İmtina məktubunda qeyd edilən “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında olan xəritə üzərində və həyətyanı torpaq sahəsi almış subyektlərin adlı siyahısında (DBF) öz əksini tapmaması birbaşa olaraq əsassız əsas hesab edilməklə yanaşı, cavabdeh orqanın səhlənkarlığı ilə bağlıdır. Belə ki, torpaqla bağlı şəhadətnamə orqan tərəfindən verilən sənəddir. Onun mötəbərliyi isə elə orqanın özü tərəfindən təsdiqlənir. Hal-hazırda əmlak məsələlərinin qeydiyyatını həyata keçirən cavabdeh orqanın isə həmin sənədi təkzib etməsi nə anlaşılan olmuş, nə də hüquqi əsaslara əsaslanmışdır. Ləğv edilmiş qurumun vaxtında qanuni yolla tərtib edilmiş hüquqi əsasları özündə əks etdirən şəhadətnaməni səhlənkarlığa verərək cavabdeh orqanın arxivinə təqdim etməməsi imtinanın əsasını təşkil edə bilməz. Ümumiyyətlə, adıçəkilən torpaq sahəsinə hüquqların qeydiyyata alınmasına maneənin yaradılması iddiaçının mülkiyyət hüququnu və dövlət qarşısında olan öhdəliklərinin yerinə yetirməməyinə səbəb olmuşdur. Qeyd edilənlərədən belə nəticəyə gəlmək mümkündür ki, cavabdeh orqan tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilən 8.0.5-ci maddəsinin tələblərini pozaraq imtina cavabını qəbul etmişdir. Məhkəmə təcrübəsi Bakı İnzibati Məhkəməsinin İş № e-2-l(l 12)-757/2024 nömrəli işində iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” iddia tələbi üzrə işə baxılmışdır. Bakı İnzibati Məhkəməsi bu nəticəyə gəlmişdirki, Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-l(102)-210/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarına uyğundur. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989- cu il tarixli, 6/255 saylı Qərarına əsasən Əzizbəyov rayonu, Buzovna qəsəbəsinin Buzovna-Maştağa yolunun cənub hissəsində olan 20 hektar boş torpaq sahəsi “Əzizbəyov” Neft və Qazçıxarma İdarəsinin istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş “Əzizbəyov” NQÇİ "xxxx" bağçılıq təsərrüfatı tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 45 nömrəli üzvlük biletinə əsasən X2 "Əzizbəyovneft" NQÇİ "xxxx" bağçılıq təsərrüfatlığının üzvüdür və ona torpaq sahəsi ayrılmışdır. Cavabdeh orqan torpaq sahəsinə dair iddiaçı adma dövlət reyestrindən çıxarışın verilməsindən imtinanın dəlili olaraq qeyd etmişdir ki, idarənin arxivində mövcud olan "xxxx" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının əsası kimi bilavasitə siyahı deyil, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşhq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş, JN-299 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.13 ha torpaq sahəsinə müayinə işlərinin aparılması üçün ərizəçi tərəfindən şərait yaradılmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Bundan əlavə, JN-299 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir, elektron məlumat bazasında olan xəritə üzərində və həyətyanı torpaq sahəsi almış subyektlərin adlı siyasında (DBF) öz əksini tapmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-B-0257-8/2025 nömrəli məktubla imtina edilmişdir. Qeyd edildiyi kimi, JN-299 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmamışdır. Ərazi İdarəsinin məktubun bir hissəsinin məzmunu ərizənin icrasından imtina edilməi barədə deyildir, texniki göstəricilərin əldə edilməsi ilə bağlı daşınmaz əmlak üzərində müayinə işlərinə yaradılmış maneələrlə bağlıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: JN 299F, KOD 30329058 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 22 may 1998-ci il tarixli 07 saylı qərarı ilə 0.13 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 27 may 2025-ci il tarixli məktubu ilə Quba rayon Aqrar İslahat Komissiyasının 22 may 1998-ci il tarixli 7 saylı iclas protokolunun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Quba rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda JN 299F, KOD 30329058 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhvə yol verildiyi və mülkiyyətçinin həqiqi adının: 1.1 X5 olduğu qeyd edilmişdir. Quba regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4241№li məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli V-942 nömrəli vərəsəlik işinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 vərəsəsi sırasına daxildir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda mərkəzin arxivində JN 299F, KOD 30329058 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsinin aşkar edilmədiyi qeyd edilmişdir. Cavabdehin 07 iyul 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə həmsərhəddir. Faktiki olaraq torpaq sahəsi dəmir tor və mərz nişanları ilə hasarlanmışdır. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0.1307 ha təşkil edir. Sözügedən torpaq sahəsi baza məlumatlarında olan TEKUİS-ə əsasən X3 kateqoriyalı olub uqodiyası tikinti altında olan torpaqlar kimi, islahat uqodiyası biçənək kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Əlavə olaraq bildiririk ki, müayinə zamanı təqdim olunmuş JN-299F kod 30329058 saylı şəhadətnamə baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmamışdır və DBF siyahısında həmin nömrə (299) qeyd olunmamışdır. Qeyd edək ki, JN-299F kod 30329058 saylı şəhadətnamə baza məlumatlarında olan TEKUİS-də öz əksini tapmışdır və həmin torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, JN 299F, KOD 30329058 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 22 may 1998-ci il tarixli 07 saylı qərarı ilə 0.13 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İddiaçı vərəsəsi olduğu X4 məxsus olan xx.xx.2003-ci il tarixində verilmiş, seriya nömrəsi JN-299F, KOD 30329058 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.13 ha olan torpaq sahəsinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş, JN-299 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən 0.13 ha torpaq sahəsinə müayinə işlərinin aparılması üçün ərizəçi tərəfindən şərait yaradılmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Bundan əlavə, JN-299 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir, elektron məlumat bazasında olan xəritə üzərində və həyətyanı torpaq sahəsi almış subyektlərin adlı siyasında (DBF) öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikasının Torpaq İslahatı haqqında Qanununa əsasən: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə hesab edir ki, cavabdehin imtinasını əsaslandırdığı hal iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 27 may 2025-ci il tarixli məktubu ilə Quba rayon Aqrar İslahat Komissiyasının 22 may 1998-ci il tarixli 7 saylı iclas protokolunun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0.1307 ha təşkil edir. Sözügedən torpaq sahəsi baza məlumatlarında olan TEKUİS-ə əsasən X3 kateqoriyalı olub uqodiyası tikinti altında olan torpaqlar kimi, islahat uqodiyası biçənək kimi, mülkiyyət növü isə xüsusi mülkiyyət kimi göstərilmişdir. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Əlavə olaraq müayinə zamanı təqdim olunmuş JN-299F kod 30329058 saylı şəhadətnamə baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmamışdır və DBF siyahısında həmin nömrə (299) qeyd olunmamışdır. JN-299F kod 30329058 saylı şəhadətnamə baza məlumatlarında olan TEKUİS-də öz əksini tapmışdır və həmin torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsi ilə uyğunluq təşkil edir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Həmçinin şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti iddiaçının nümayəndəsi tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmişdir. Beləliklə, JN-299 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir hal müəyyən edilmir. Göründüyü kimii torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istisna edən hal müəyyən olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. JN-299F, KOD 30329058 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən 0.13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar