Məhkəmə qərarları › İş №2-1(118)-4427/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4427/2025

28.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4427/2025 28.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh X2nə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 66/6-da yerləşən 6 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 66/6-da yerləşən 6 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq iddiaçının adına çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 66/6-da yerləşən 6 saylı mənzildə ailə üzvlərilə pasport qeydiyyatında olmaqla yaşayır. Mənzil ona Sumqayıt şəhəri İcra Hakimiyyətinin 25 saylı xx.xx.1989-cu il tarixli protokoluna əsasən iddiaçının iş yeri üzrə ayrılmış və onun adına xx.xx.1989-cu il tarixli 1/816 saylı order verilmişdir. İddiaçı 1989-cu ildən bu mənzildə ailə üzvlərilə yaşamaqla mənzil kirayə, kommunal xərclərini ödəyir. Mənzil artıq 36 ildir ki, iddiaçının faktiki istifadəsindədir, o mənzilin adına özəlləşdirilməsi ilə bağlı bütün sənədləri cavabdeh orqana müraciət etməklə mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını və iddiaçının adına çıxarışın verilməsini cavabdeh orqandan xahiş etmiş, lakin ona ünvanlanan məktubla imtina edilmiş və cavabdeh bunu onunla əsaslandırmışdır ki,mənzilin ayrılması ilə bağlı protokol arxivdə aşkar edilməmişdir. Cavabdehin bu imtinası tam əsassızdır, belə ki, 36 ildir iddiaçı bu mənzildən istifadə edir və kirayə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirir, bundan başqa mənzilin ona ayrılması qanuni olmuş və protokolun arxivdə olmamasına görə iddiaçı cavabdehlik daşımamalıdır. Beləliklə iddiaçı icarədar kimi bütün hüquq və vəzifələri əldə etmişdir. Belə ki, həmin hüquqlardan biri də 36 ilə yaxın yaşadığı və qeydiyyata olduğu mənzili öz adına özəlləşdirməkdir. İddiaçı bu illər ərzində mənzil kirayə, kommunal xidmət haqlarının özü ödəmiş və hal-hazırda ödəməyə davam edir. İddiaçı bildirir ki, qarşı tərəfin imtinası əsassız sayılmaqla mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və iddiaçının adına çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, prossesual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 2.2.1, 2.2.2, 14.1, 14.2, 35.1, 38-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir.

b) Tərəflərin iştirakı və izahatlar

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. xx.xx.1989-cu il tarixli, 1/816 nömrəli orderə əsasən ünvan 6anında yerləşən 6 saylı mənzil İddiaçı və ailə üzvlərinə verilmişdir.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışla müəyyən edilir ki, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.1976-cı il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.1965-ci il təvəllüdlü X5, xx.xx.1991-ci il təvəllüdlü X1 və xx.xx.1991-ci il təvəllüdlü X8 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə qeydiyyatdadırlar.

11. X5 tərəfindən verilən xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, ünvan 6anında yerləşən 6 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə sənədləşməsinə etiraz etmir.

12. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, müraciətin araşdırılması zamanı Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2024-cü il tarixli 3-48-DA-10F/2-765/2024 nömrəli arxiv arayışında Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu xx.xx.1989-cu illər aralığı iclas protokollarında sözügedən mənzilə dair məlumatın aşkar olunmadığı qeyd olunmuşdur. Yaranmış zərurətlə əlaqədar olaraq, xx.xx.1989-cu il tarixli 1/816 nömrəli orderin verilibverilməməsi və sözügedən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına münasibət bildirilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-4801/2024 nömrəli sorğu ünvanlanmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətin xx.xx.2025-ci il tarixli 5-6/2-45/2025 nömrəli cavab məktubunda 1989-cu ilə dair sənədlər aşkar olunmadığından sözügedən məsələyə mahiyyəti üzrə baxılmasının mümkün olmadığı qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

13. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhər XDS İKnin 18 oktyabr 1989-cu il tarixli 25 saylı iclas protokolunda vətəndaş İddiaçı mənzil ayrılması barədə məlumat aşkarlanmamışdır. Əlavə olaraq xx.xx.1989-xx.xx.1989-cu ilə dair iclas protokollarına (pr.22-pr.27) baxılmış sorğu olunan məsələ barədə məlumat aşkar olunmamışdır.

14. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əsasən ünvan 6anında yerləşən 6 saylı mənzilə dair xx.xx.1989-cu il tarixli 1/816 nömrəli orderi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir.

15. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, mənzil 1 mərtəbəli yaşayış binasının 6-cı girişində 1-ci mərtəbəsində yerləşir və mənzilə bitişik ümumi sahəsi 19,1 kvm əlavə tikili mövcuddur və mənzilin qarşı hissəsindəki torpaq sahəsi hasara alınıb. Mənzildən təyinatı üzrə istifadə olunur.

ƏSASLANDİRMA HİSSƏSİ: a) İddianın növü və mümkünlüyü

16. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

17. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

18. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

20. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

25. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1989-cu il tarixli, 1/816 nömrəli orderə əsasən ünvan 6anında yerləşən 6 saylı mənzil İddiaçı və ailə üzvlərinə verilmişdir. Həm iddiaçıya, həm də məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən ünvanlanmış məktublarda İddiaçı mənzil ayrılması barədə məlumat aşkarlanmadığı qeyd edilmişdir. İddiaçı həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, müraciətin araşdırılması zamanı Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2024-cü il tarixli 3-48-DA-10F/2-765/2024 nömrəli arxiv arayışında Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu xx.xx.1989-cu illər aralığı iclas protokollarında sözügedən mənzilə dair məlumatın aşkar olunmadığı qeyd olunmuşdur. Yaranmış zərurətlə əlaqədar olaraq, xx.xx.1989-cu il tarixli 1/816 nömrəli orderin verilib-verilməməsi və sözügedən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına münasibət bildirilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-4801/2024 nömrəli sorğu ünvanlanmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətin xx.xx.2025-ci il tarixli 5-6/2-45/2025 nömrəli cavab məktubunda 1989-cu ilə dair sənədlər aşkar olunmadığından sözügedən məsələyə mahiyyəti üzrə baxılmasının mümkün olmadığı qeyd olunmuşdur.

27. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, xx.xx.1989-cu il tarixli, 1/816 nömrəli orderə əsasən ünvan 6anında yerləşən 6 saylı mənzil İddiaçı və ailə üzvlərinə verilmişdir. Orderin əsli iddiaçıya təqdim olunmuşdur. Orderin arxiv nüsxəsinin aşkarlanmamasında iddiaçının təqsiri yoxdur. Orderin nüsxəsinin arxivə təhvil verilməsi iddiaçının öhdəliyi deyildir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Belə olan halda isə imtina məktubunda qeyd olunan hallar özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ilkin imtinasının əsassız olmasına dəlalət edir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır.

28. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.

31. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 66/6-da yerləşən 6 saylı mənzil üzərində İddiaçı oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 66/6-da yerləşən 6 saylı mənzil üzərində İddiaçı oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar