Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-443/2022 28.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 ("xxxx" ASC-də hüquqşünas işləyən, Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 37/36, mənzil 8-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiaçıya məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin çəkilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayon Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin çəkilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan Abşeron rayonu Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin çəkilməsi ilə bağlı 09.06.2021-ci il tarixdə "xxxx" ASC-yə müraciət etmişdir. Lakin “Azərişıq’' ASC elektirik enerjisinin verilməsindən imtina etmiş və əsas kimi ona məxsus olan fərdi yaşayış evinin Masazır xəttinin mühafizə zonasında yerləşməsini göstərmişdir. Halbuki, qeyd edilən elektirik xətti tamamilə qanunsuz çəkilmişdir. Həmin xəttin dirəyi əvvəl iddiaçıya məxsus olan torpaq sahəsində yerləşmiş və məhkəmə qərarı əsasında həmin dirək oradan çıxarılmışdır. Bundan əlavə o, həmin fərdi yaşayış evini tikdirən zaman evin layhiəsini Abşeron rayon İcra Hakimiyyəti təsdiq etmişdir. Əgər orada qeyd edilən elektirik xətti qanuni əsaslarla və plana uyğu çəkilsə idi, icra hakimiyyəti həmin layhiəni təsdiq etməzdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinini dəlillərinə uyğun izahat verdi və iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının müraciətinə əsasən “Azərişıq’' ASC-də aparılan araşdırma zamanı iddiaçının mülkiyyətində olan fərdi yaaşyış evinin torpaq sahəsi Masazır xəttinin mühafizə zonasında yerləşdiyi aşkar edilmişdir və bu səbəblə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı və 12-ci bəndləri əsas götürülərək iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : -**********19 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfifən tərtib edilmiş AN № 417993 seriyalı torpaq sahəsinin plan və sənədindən görünür ki, həmin sənəd Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -"xxxx" ASC tərəfindən iddiaçıya verilmiş cavab məktubundan görünür ki, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin Masazır xəttinin mühafizə zolağında yerləşməsi səbəbindən həmin evin enerji təchizatı şəbəkəsinə qoşulması mümkün deyildir. -X3 və Satışı İdarəsinin 08.12.2021-ci il tarixli məktubundan görünür ki, vətəndaşın evi yüksək və orta gərginlikli xətlərin qoruq zolağında yerləşmir, lakin zəruri səbəbdən 0.4 kV-luq ÖİN kabel xətti abonentin həyətindən keçir ki, bu da həmin evə xətt çəkib sayğac quraşdırılması üçün heç bir maneçilik törətmir. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin 21.01.2022-ci il tarixli 01/05-06/275 saylı cavab məktubundan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evi yüksək və orta gərginlikli xətlərin qoruq zolağında yerləşmir, lakin 0.4 kV-luq kabel xətti abonentin torpaq sahəsindən keçir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün cavabdeh "xxxx" ASC-yə müraciət etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 Voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı və 12-ci bəndləri əsas götürülərək iddiaçıya imtina cavabı verilmişdir. Göstərilən Qaydaların 1-ci bəndinə əsasən mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr. Qaydaların 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Qaydaların 12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-cü il 24 İyul tarixli 326 nömrəli Qərarı ilə təsdiqlənən “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 1.3-cü bəndinə əsasən bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin enerji nətəchizatı şəbəkəsinə qoşulma hüququ vardır. Bununla bağlı məhkəmə tərəfindən cavabdeh təşkilata sorğu verilmişdir. Məhkəmənin sorğusuna cavab məktubunda "xxxx" ASC bildirmişdir ki, iddiaçının inşa etdiyi fərdi yaşayış evi yüksək və orta gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşmir. Məhkəmə hesab edir ki, cavabdeh özünün cavab məktubunda iddiaçıya verdiyi imtina cavabının yeganə dəlilini təkzib etmişdir və bununla da iddiaçıya imtina cavabı verilməsi üçün əsas qalmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin çəkilməsinə razılıq verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsi üzərində inşa etdiyi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin çəkilməsinə razılıq verilməsi öhdəliyi cavabdeh "xxxx" ASC–nin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-443/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-443/2022
28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver