Məhkəmə qərarları › İş №2-1(118)-443/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-443/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-443/2023 09.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil X5 publik hüquqi şəxsə qarşı “Qobustan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 1995-ci il tarixli, 34 nömrəli Sərəncamına əsasən onun istifadəsinə ayrılmış yol evini uçurub dağıtdıqlarına görə cavabdeh ona (94,92 kv.metr x 1200 = 113904 manat) 113904 manat məbləğində, 1993-cü ildə özü inşa etdiyi 50 kv.metr ölçüdə 2 otaqdan ibarət yaşayış evini uçurub dağıtdıqlarına görə isə (50 kv.metr x 1200=60000 manat) 60000 manat olmaqla, cəmi 173904 (yüz yetmiş üç min doqquz yüz dörd) manat məbləğində kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə Laçın rayonundan məcburi köçkün kimi Qobustan rayonunda məskunlaşmışdır. Qobustan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 1995-ci il tarixli, 34 nömrəli Sərəncamına əsasən Qobustan rayonunun “Acıdərə” ərazisində, Mərəzə-Şamaxı avtomobil yolunun sol kənarında yerləşən (11,30 x 8,40) 94,92 kv.metr ölçüdə hazır tikili (yol evi) qanunvericiliyə müvafiq qaydada rəsmiləşdirilərək yaşayış üçün onun ailəsinin istifadəsinə verilmişdir. Bundan əlavə 1993-cü ildə həmin yol evini alandan sonra evlə üzbə-üz mişar daşından, bütün kommunal şəraiti olan 50 kv.metr ölçüdə 2 otaqdan ibarət yaşayış evi də inşa etdirmişdir. Məcburi köçkünlər üçün tikdirdiyinə görə heç bir təşkilat buna mane olmadı.Qeyd olunan evlərdə onun ailəsi, ata-anası və qardaşının ailəsi 2017-ci ilə kimi yaşamışlar.1998-ci ildə "xxxx" Firması həmin “Acıdərə” ərazisində un dəyirmanı quraşdırmış, un dəyirmanı fəaliyyətə başlayandan soma "xxxx" Firmasının rəhbərliyi ona məxsus olan həmin yaşayış binasının bir otağını idarə binası kimi istifadə etmək üçün istəmiş və aralarında bağlanmış 17 oktyabr 1998-ci il tarixli icarə müqaviləsinə əsasən həmin yaşayış evinin bir otağını yaxınlıqda olan və ailə üzvlərinin də işlədiyi "xxxx" Firmasına idarə binası kimi icarəyə vermişdir. Təxminən 2002-ci ildə "xxxx" Firmasının un dəyirmanı fəaliyyətini dayandırmış, həmin firmaya icarəyə verdiyi bir otaqdan istifadə etməməmiş, onlar istifadə etməyə başlamışdır.Həmin yol evində onun ailə üzvləri 25 il yaşamışdır. Cavabdeh Azərbaycan Avtomobil X5 tərəfindən Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun (km 91-107 hissəsinin) 4 zolağa genişləndirilməsi ilə əlaqədar yol çəkilməyə başladı və 2019-cu ildə həmin avtomobil yolunun çəkilməsi tam başa çatmasına baxmayaraq ona məxsus 94,92 kv.metrdən ibarət yaşayış evinə (yol evinə) və özü inşa etdiyim 50 kv.metr ölçüdə 2 otaqdan ibarət yaşayış evinə görə bu vaxta kimi ona qanunsuz və əsassız olaraq tikinti altına düşən maneəyə görə hələ də kompensasiya verilməmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Avtomobil X5nin 29 mart 2022-ci il tarixli, ********* nömrəli məktubunda göstərilmiş imtinanın dəlilləri tam qanunsuz və əsassızdır, ona görə də agentlik tərəfindən ona (94,92 kv.metr x 1200 = 113904 manat) 113904 manat məbləğində, 1993-cü ildə özüm inşa etdiyi 50 kv.metr ölçüdə 2 otaqdan ibarət yaşayış evinə görə (50 kv.metr xl200=60000 manat) 60000 manat, cəmi: 173904 (yüz yetmiş üç min doqquz yüz dörd) manat məbləğində kompensasiya ödənilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbi üzrə dədiqləşdirmə verərək, Qobustan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 1995-ci il tarixli, 34 nömrəli Sərəncamına əsasən onun istifadəsinə ayrılmış yol evini uçurub dağıtdıqlarına görə ona 12330 (on iki min üç yüz otuz) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyini cavabdeh Azərbaycan Avtomobil X5 publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində “Bakı-Şamaxı avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Qobustan rayonu, Təklə kəndində yerləşən "xxxx" MMC-nə aid olan qeyri-yaşayış (un dəyirmanı) binası tikinti altına düşmüşdür. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın qiymətləndirmə prosesi zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyələri əsasında qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən ekspertiza aparılmış və həmin əmlak müvafiq qaydada mövcud qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə daşınmaz əmlakın 2018-ci ildə olan bazar dəyəri 20% əlavə edilməklə, ümumilikdə 66637 manat dəyərində kompensasiya müəyyən edilmiş və həmin vəsait Azərbaycan Avtomobil X5 tərəfindən "xxxx" ASC-nin “Şamaxı Filialı” vasitəsilə "xxxx" MMC-nin adına köçürülmüşdür. Eyni zamanda Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Avtomobil X5nə müraciət edərkən yuxarıda göstərilən qeyri - yaşayış (un dəyirmanı) binasının "xxxx" ASC-nin mülkiyyətində olduğunun, dəyən zərərə görə ödənilməli olan kompensasiya məbləğinin LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi ilə bağlı köməklik göstərilməsi xahiş edilmişdir. Daha sonra ləğv prosesində olan "xxxx" ASC Sumqayıt İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək (2-1(118)-586/2021 nömrəli iş), göstərmişdir ki, Qobustan rayon Təklə kəndində yerləşən qeyri-yaşayış binası (un dəyirmanı) "xxxx" ASC-yə girov qoyularaq "xxxx" firması tərəfindən 1.085.319.041 (köhnə pulla) manat məbləğində kredit götürülmüşdür. Lakin borcalan Bank qarşısında götürdüyü pul öhdəliyini icra etməmiş və həmin səbəbdən də 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət olunmuşdur. Qobustan rayon məhkəməsinin MN və Mİ- qrupunun təqdimatına əsasən 1 sayli Yerli İqtisad Məhkəməsinin 26 dekabr 2002 - ci il tarixli qərardad ilə 34880 manat dəyərində un dəyirmanının üzərinə həbs qoyulmuşdur. Qobustan rayon icra qrupu tərəfindən tərtib və təsdiq edilmiş 25 avqust 2003-cü il, 24 yanvar 2005-ci il və 02 oktyabr 2007-ci tarixli aktlarla üzərinə həbs qoyulmuş əmlak "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. "xxxx" MMC tərəfindən, Qobustan MN və Mi qrupunun sifarişinə əsasən həmin əmlak 3 dəfə hərraca çıxarılmış lakin satılmamışdır. Hərrac təşkilatının hərracın nəticələri haqqında yekun protokoluna əsasən sözügedən qeyriyaşayış binası "xxxx" ASC-yə satılmış və həmin qeyri-yaşayış binası Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 25 avqust 2003-cü il tarixli inv.166 saylı Texniki pasporta əsasən Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu ləğv prosesində olan "xxxx" ASC-nin tam mülkiyyətindədir. Belə ki, Bakı-Şamaxı yolunun əsaslı təmiri və yenidən qurulması layihəsinin icrası zamanı Qobustan rayonu Təklə kəndində yerləşən qeyri - yaşayış (un dəyirmanı) binasının bir hissəsi dövlət əhəmiyyətli layihə ərazisinə düşməsi səbəbindən sökülmüşdür. Yuxarıda qeyd olunan məsələlər ilə bağlı Azərbaycan Avtomobil X5nə məktub ünvanlanmış, qeyri - yaşayış binasının "xxxx" ASC nin mülkiyyətində olduğunun, dəyən zərərə görə ödənilməli olan kompensasiya məbləğinin LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi ilə bağlı köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Avtomobil Yollarının X1 Sığortalanması Fonduna ünvanladığı xx.xx.2020-ci il tarixli məktubu ilə kompensasiyanin verilməsindən imtina olunaraq bildirilmişdir ki, qeyri - yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin təqdim edildikdən sonra məsələyə baxıla bilər. Lakin tərəfimizdən həmin qeyri - yaşayış üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 25 avqust 2003-cü il tarixli inv.166 saylı Texniki pasporta Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu ləğv prosesində olan "xxxx" ASC-nin tam mülkiyyətində olması barədə sənəd). Eyni zamanda "xxxx" MMC-nin təsisçisi Rauf Alışov və vətəndaş Mehtiyev X4 müraciət edərək, sözügedən əmlakla bağlı hesablanmış kompensasiya məbləğinin onlara verilməsini xahiş etmişlər. Qeyd edilir ki, sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçilərin müəyyən edilməsində mübahisə yarandığından həmin əmlaka görə Agentlik tərəfindən ödənilmiş kompensasiya hazırda bankda müvafiq hesabda qalmaqdadır. İddiaçı yol tikinti ilə bağlı söküntüyə məruz qalan tikilinin ona məxsus olmağını və ona maddi ziyanın vurulması barədə hər hansı sənəd və ya sübutu məhkəməyə təqdim etməmişdir.“Bakı-Şamaxı avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində aparıldığı işləri zaman tikinti altina düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahını dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda Azərbaycan Avtomobil X5 tərəfindən həyata keçirilən “Bakı-Şamaxı avtomobil yolunun tikintisi” layihəsi altına düşən maneələrin siyahısında vətəndaş İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Agentlik tərəfindən “Bakı-Şamaxı avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Qobustan rayonu, Təklə kəndində yerləşən "xxxx" MMC-nə aid olan qeyri-yaşayış (un dəyirmanı) binası söküntüsü ilə bağlı tam öz öhdəliklərini yerinə yetirib və qiymətləndirici tərəfindən hesablanmış kompensasiyanı bank hesabına köçürmüşdür. Beləliklə iddiaçı mülki hüquq pozuntusu ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməyib və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin, Azərbaycan Avtomobil X5nin arxivində olan Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi (km 91,0 - km 107,0) çərçivəsində yolun təhkim sahəsinə düşən "xxxx" Firmasına aid olan tikililərin qiymətləndirici tərəfindən sənədlərə əsasən: Qeyri-yaşayış sahəsi (ofis binası) -bütövlükdə: 68,5 m2 27e+ 27f= 33,54 m2 + 17,32 m2 + 17,64 m2 = 68,5 m2 : Qiymətləndirmə qeyri-yaşayış sahəsinin aşınması nəzərə alınmaqla aparılmışdır. 68,5 m2 x 150 manat/ m2 x 1,2 = 12330 manat 27k - pilləkən: 4,37 m2: Pilləkən qeyri-yaşayış sahəsinin üzərində getdiyi üçün qiymətləndirilməsi aparılmamışdır.Beton plitkadan döşəmə - 61,59 m2: 61,59 m2 x 20 manat/ m2 x 1,2 = 1478,16 manat Dəyirman (daş tikili) - 122,72 m2 27a = 122,72 m2: Qiymətləndirmə qeyri-yaşayış sahəsinin aşınması nəzərə alınmaqla aparılmışdır. 122,72 m2 x 100 manat/ m2 x 1,2 = 14726,40 manat Dəyirman daş tikilinin yola düşən hissəsi - 33,0 m2 27c = 33,00 m2 (yola düşən hissəsi) Qiymətləndirmə qeyri-yaşayış sahəsinin aşınması nəzərə alınmaqla aparılmışdır. 33 m2 x 100 manat/ m2 x 1,2 = 3960,00 manat: Gözətçi otağı (plastikdən) - 8,1 m2 27b - 417,0 m2 = 425,10 m2 - 417,0 m2 = 8,1 m2 8,1 m2 x 200 manat/ m2 x 1,2 = 1944,00 manat: Metal konstruksiyadan talvar-417,0 m2 27b - 8,1 m2 = 425,10 m2 - 8,1 m2 = 417,0 m2 417,0 m2 x 50 manat/ m2 x 1,2 = 25020,00 manat : Beton döşəmə - 272,82 m2 272,82 m2 x 20 manat/ m2 x 1,2 = 6547,68 manat: Torpaq sahəsi istifadədə olduğu üçün yolun təhkim sahəsinə düşən 23,2683 sot torpaq sahəsinin qiymətləndirilməsi aparılmamışdır. "xxxx" Firmasının adına köçürülmüş cəmi məbləğ 66006 manatdan ibarətdir. Beləliklə İddiaçı tərəfindən iddialı olan tikiliyə (qeyri-yaşayış sahəsi (ofis binası) - bütövlükdə: 68,5 m2 (27e + 27f) aid olan hüquqmüəyyənedici sənədlər təqdim etmədiyindən, həmin tikili "xxxx" Firmasının adına qeydə alınıb və qiymətləndirmə qeyri-yaşayış sahəsinin aşınması nəzərə alınmaqla 68,5 m2 x 150 manat/ m2x 1,2 = 12330 manat ümümlikdə "xxxx" Firmasının adına köçürülmüşdür və məhkəmə tərəfindən nəzərə alınması xahiş edilir.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin ötən prosesində şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, "xxxx" MMC-nin təsisçisi onun mərhum atası olmuşdur. Atasının səhhətində yaranmış problemlərlə bağlı "xxxx" MMC-nin bütün təşkilati məsələləri ilə bağlı özü məşğul olmuşdur. İddiaçı ayrılmış yol evi "xxxx" MMC tərəfindən icarəyə götürülmüşdür və yol tikintisi aparılan zaman həmin tikili "xxxx" MMC-nin müvvəqəti sahibliyində olması səbəbindən tikilinin dəyəri onların hesabına keçirilmişdir. Hal-hazırda "xxxx" ASC-nin "xxxx" MMC-yə qarşı pul tələbi ilə bağlı məhkəmədə mülki mübahisəsi var və iddia tələbi təmin olunacağı tədqirdə yol tikintisi üçün ayrılmış 66.006 manat pul "xxxx" ASC-nin sahibliyinə keçəcəkdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, M-3/16-8543 nömrəli, xx.xx.2022-ci il tarixli, ********* nömrəli imtina məktubları, etirazları, Cavabdehin ********* nömrəli, xx.xx.2022-ci il tarixli məktubu, Qobustan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 1995-ci il tarixli, 34 nömrəli Sərəncamının surəti, DƏDKR-in 14 saylı Ərazi İdarəsinin **********47 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu, "xxxx" MMC tərəfindən verilmiş 07 nömrəli, xx.xx.2019-cu il tarixli məktubun surəti, 01/22 nömrəli, xx.xx.2022-ci il tarixli məktub, "xxxx" MMC-yə aid torpaq sahəsinə dair planından çıxarış, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 25 avqust 2003-cü il tarixli, 166 inventar nömrəli Texniki pasportun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Qobustan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 1995-ci il tarixli, 34 nömrəli Sərəncamına əsasən Qobustan rayonunun “Acıdərə” ərazisində, Mərəzə-Şamaxı avtomobil yolunun sol kənarında yerləşən qeyri-yaşayış binası (yol evi) iddiaçının istifadəsinə verilmişdir. "xxxx" Firması iddiaçıya məxsus olan həmin qeyri-yaşayış binasının bir otağını 17 oktyabr 1998-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür.Azərbaycan Respublikası 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində “Bakı-Şamaxı avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Qobustan rayonu, Təklə kəndində yerləşən "xxxx" MMC-yə aid olan qeyri-yaşayış (un dəyirmanı) binası və yanındakı tikililər tikinti altına düşmüşdür. Bununla əlaqədar qiymətləndirici tərəfindən ümumilikdə 66637 manat dəyərində kompensasiya müəyyən edilmiş və həmin vəsait Azərbaycan Avtomobil X5 tərəfindən "xxxx" ASC-nin “Şamaxı Filialı” vasitəsilə "xxxx" MMC-nin adına köçürülmüşdür. Lakin pulun köçürülməsi zamanı qeyri-yaşayış binasının 27 e , 27 f və 27 k nömrəsi ilə qeyd olunan hissəsinin İddiaçı sahibliyində olması nəzərə alınmamışdır. Təqdim edilmiş fotoşəkillərdən və "xxxx" MMC-nin tərtib etdiyi sxemdən bəlli olur ki, İddiaçı sahibliyində olmuş qeyri-yaşayış binası ilə "xxxx" MMC-nin sahibliyində olan qeyri-yaşayış binası arasında 20-30 metrlik məsafə vardır. Eyni zamanda o da müəyyən olunmuşdur ki, sözügedən qeyri-yaşayış binasına dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 25 avqust 2003-cü il tarixli 166 inventar nömrəli Texniki pasporta əsasən Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu ləğv prosesində olan "xxxx" ASC-nin tam mülkiyyətindədir. Cavabdehin məhkəməyə təqdim etdiyi "xxxx" Firmasına aid olan tikililərin qiymətləndirici tərəfindən sənədlərə əsasən, qeyri-yaşayış sahəsi (ofis binası) bütövlükdə 68,5 m2 27e+ 27f= 33,54 m2 + 17,32 m2 + 17,64 m2 = 68,5 m2-dir, qiymətləndirmə qeyriyaşayış sahəsinin aşınması nəzərə alınmaqla aparılmış və dəyəri 68,5 m2 x 150 manat/ m2 x 1,2 = 12330 manat təkil edir. (27k - pilləkən: 4,37 m2, pilləkən qeyri-yaşayış sahəsinin üzərində getdiyi üçün qiymətləndirilməsi aparılmamışdır). Beləliklə, cavabdeh təşkilat tərəfindən həmin əmlakın dəyəri qiymətləndirilərkən iddiaçının istifadəsində olmuş 68,5 m2 (27e + 27f) qeyri-yaşayış binasına görə kompensasiya, yəni 12330 manat pul məbləği də "xxxx" Firmasının adına köçürülmüşdür. Nəzərə alınmalıdır ki, Azərbaycan Avtomobil X5 tərəfindən "xxxx" Firmasının adına köçürülmüş olan 66637 manat dəyərində kompensasiya məbləği tranzit hesabdadı, yəni həmin məbləğ hələ tam şəkildə "xxxx" MMC-nin sahibliyinə keçməmişdir. Yəni həmin məbəlğin tarnzit hesabdan çıxarılması və ya yenidən ödənilməsi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dövlət ehtiyacları ilə əlaqədar alınması üçün ona dəymiş maddi ziyan 12330 (on iki min üç yüz otuz) manat məbləğindədir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 12330 (on iki min üç yüz otuz) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Qobustan Rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 1995-ci il tarixli, 34 nömrəli Sərəncamına əsasən İddiaçı istifadəsinə ayrılmış yol evini (qeyri-yaşayış binasını) uçurub dağıtdıqlarına görə iddiaçıya 12330 (on iki min üç yüz otuz) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil X5 publik hüquqi şəxsə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar