Məhkəmə qərarları › İş №2-1(118)-444/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-444/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-444/2025 08.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1, Üçüncü şəxslərin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Quba rayonu Dəlləkli kənd Ümumi orta məktəbinin cavabdeh Quba rayon Vladimirovka Bələdiyyəsinə qarşı “cavabdehin 01 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Quba rayonu Dəlləkli kənd Ümumi orta məktəbi cavabdeh Quba rayon Vladimirovka Bələdiyyəsinə qarşı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu, K.Pənahov adına Dəlləkli kənd ümumi orta məktəbi 1983-cü ildən fəaliyyət göstərir. Həmin vaxt məktəbin həyəti üçün 1,30 hektar torpaq sahəsi ayrılmışdır. Sonradan məktəbin binasının da yerləşdiyi 1,30 hektar torpaq sahəsi Dəlləkli bələdiyyəsinin 28 fevral 2005-ci il tarixli, 7 saylı Protokol qərarına əsasən tədris-təcrübə və idman meydançası olaraq verilmişdir. 2019-cu ildən Quba rayonu Dəlləkli kənd sakinləri, iş üzrə üçüncü şəxslər X3 və X6 həmin əraziyə daxil olmaqla orada müəyyən işlər görməl istəyərkən məlum olmuşdur ki, məktəbin həyətyanı sahəsindən 0,24 ha hissəsi Dəlləkli bələdiyyəsi tərəfindən üçüncü şəxlərə satılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR phş 5 saylı Ərazi İdarəsinə etdiyi müraciətə cavabda Quba rayonu, Vladimirovka bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 01 saylı protokolundan çıxarışa əsasən xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışla həmin torpaq sahəsi sonradan üçüncü şəxslərə satılmışdır. Bələdiyyə qərarının surətini almaq üçün Vladimirovka Bələdiyyəsinə və X10 filialına müraciətimə, həmin qərarın bələdiyyədə və arxivdə aşkarlanmadığına dair cavablar verilmişdir. Məlum olmuşdur ki, Vladimirovka bələdiyyəsinin sədri Eldar Eynullazadə 10 il bu vəzifədə işləmiş və işlədiyi müddətdə olan sənədləri yeni bələdiyəyə təhvil verməmişdir. Yeni bələdiyyə ilə təhvil-təslim 22 yanvar 2020-ci ildə olmuşdur. Vladimirovka Bələdiyyəsi tərəfindən məktəbə məxsus torpaq sahəsi başqa şəxsə satılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. X3 və X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında üçüncü şəxslərin nümayəndəsi X5 iştirak etmiş, iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, qeyd edilən ərazi boş torpaq sahəsidir, torpağı 2019-cu ildə almışdır. İddiaçı isə 2023-cü ildə iddia qaldırıb. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Hazırki vəziyyətdə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq X10 filialının 02 may 2025-ci il tarixli məktubu ilə Quba rayon Dəlləkli bələdiyyəsinin 28 fevral 2005-ci il tarixli 7 saylı protokolunun təsdiq edilmiş surəti təqdim edilmişdir. Qeyd edilən qərarda Dəlləkli kənd əsas məktəbinin həndəvərində olan 1.30 ha ərazinin məktəbə həyətyanı sahə, idman meydançası və təcrübə sahəsi kimi verilməsi qeyd edilsə də məhkəməyə torpaq sahəsinə dair plan-ölçü, sxem, yerquruluşu planından çıxarış və s. sənəd təqdim edilməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi tərəfindən hər hansı texniki sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdehin 01 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə satılmış torpaq sahəsi ilə iddiaçının iddia etdiyi olan torpaq sahəsinin eyni torpaq olmasının müəyyən edilməsi mümkün deyil. Bundan əlavə qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə 20 sentyabr 2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair daha əvvəl iddia qaldırılsa da, ərizəsinə əsasən xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Beləliklə, iddiaçının qeyd edilən qərarların mövcudluğundan xəbərdar olması müəyyən olunur. Həmçinin iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar