Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4442/2025 15.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8rşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8rşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən, faktiki istifadəsində olan torpaq sahəsinin 0.0579 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı Abşeron rayonu Qobu qəsəbəsində Azərbaycan Respublikası Abşeron rayonu X5 06 saylı 24 iyul 2007-ci il tarixli qərarı ilə AR Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına müvafiq olaraq bələdiyyənin prespektiv inkşaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi ev tikmək məqsədi ilə 0.08 ha torpaq sahəsi satılmışdır. Həmin tarixdən hal-hazırədək həmin torpaq sahəsi istifadəsindədir. Bundan sonra xx.xx.2011-ci il tarixdə Torpaqların alqı-satqısına dair Akt mənə təqdim edilmiş,imza və möhür ilə təsdiq edilmişdir. Həmçinin Abşeron rayon X4 planından çıxarışda təqdim edilmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsəsinin 14.052011-ci il tarixli 837 nömrəli rəyində İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsinin qanunamüvafiq olduğu və DTXK-nin Abşeron rayon şöbəsinin həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədiyi qeyd edilmişdir. Bu torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə 20 sentyabr 2024-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə 3-21- 332/2-B-152-8/24 nömrəli cavab məktubu ilə imtina edilmişdir. İmtina məktubunda müraciət etdiyi 0.08 ha torpaq sahəsinin 24 iyul 2007-ci il tarixli,06 saylı qərarla ayrıldığı halda, alqı-satqı aktının 14 may 2011-ci ildə verildiyi, qanunamüvafiq formada tərtib olunmadığı və arxiv arayışının hazırkı ərizəyə əlavə edilmədiyi qeyd edilmişdir. Həmçinin Abşeron rayonu, Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiqlənmədiyi qeyd edilmişdir. Qobu bələdiyyəsinin qərarında torpaq sahəsinin 0.08 ha qeyd olunduğu halda, faktiki olaraq torpaq sahəsinin 0.0618 ha hissəsinin istifadələrində olduğu, həmçinin sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında fərq olduğu, yerinin dəyişdirildiyi müəyyən edilən torpaq sahəsinin bir hissəsinin başqa şəxsin mülkiyyətində olan **********06 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazım olan hüquqmüəyyənedici sənədlər - X5 qərarı, AR DTXK Abşeron şöbəsinin rəyi, torpaqların alqı-satqısına dair akt,yerquruluşu planından çıxarış inzibati orqana təqdim edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamana: Qobu Bələdiyyəsi tərəfindən torpaq sahəsinin 24 iyul 2007-ci il tarixli 06 nömrəli qərar ilə ayrılmasına baxmayaraq, alqı-satqı aktının 14 may 2011-ci il tarixində verildiyi, qanunamüvafiq qaydada tərtib edilmədiyi və arxiv arayışının müraciətə əlavə edilmədiyi; Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu, yerinin dəyişdirildiyi; Sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.08 ha olduğu halda, faktiki olaraq torpaq sahəsinin 0.0618 ha olduğu; Sözügedən torpaq sahəsinin bir hissəsinin **********06 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü; Müraciət üzrə əlavə edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq bələdiyyənin, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri) təsdiqlənmədiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayonu Qobu bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli 06 saylı qərarı, torpaq sahəsinin xx.xx.2011-ci il tarixli alqı-satqı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2011-ci il tarixli rəyi, ödəniş qəbzinin surəti iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli müayinə aktında torpaq sahəsinin sənəd üzrə 0.08 ha, faktiki 0.0618 ha olduğu qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müayinə olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş torpaqların daxilində yerləşən, yaşayış məntəqələri kateqoriyalı (KPİ) torpaqlara aid olduğu aşkar edilmişdir. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Əlavə olaraq müayinə olunan (0.0618 ha) torpaq sahəsinin 0.0039 ha hissəsi (39 kv.m ) **********66 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür, bundan başqa müayinə olunan torpaq sahəsi digər şəxsin (X7) müraciət ərizəsi ilə üst-üstə düşür. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, arxiv fondunda mövcud olan Abşeron rayon Qobu bələdiyyəsinin 2007-ci ilə dair qərarlarında xx.xx.2007-ci il tarixli 06 nömrəli qərar aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, X3 Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-ci il tarixli, müraciət daxil olmuşdur. X3 qeyd olunan müraciətinə xx.xx.2024-ci il tarixli, 3-21-3-32/2-M-0494-8/2024 nömrəli məktubla münasibət bildirilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 0.0579 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən torpaq sahəsinin 24 iyul 2007-ci il tarixli 06 nömrəli qərar ilə ayrılmasına baxmayaraq, alqısatqı aktının 14 may 2011-ci il tarixində verildiyi, qanunamüvafiq qaydada tərtib edilmədiyi və arxiv arayışının müraciətə əlavə edilmədiyi; sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu, yerinin dəyişdirildiyi; sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.08 ha olduğu halda, faktiki olaraq torpaq sahəsinin 0.0618 ha olduğu; sözügedən torpaq sahəsinin bir hissəsinin **********06 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü; müraciət üzrə əlavə edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq bələdiyyənin, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri) təsdiqlənmədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı torpaq sahəsinin **********06 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü hissədə iddianın həcmini azaltsa da, təqdim edilmiş ortofoto görüntüdən müəyyən edilir ki, iddiaçının iddia etdiyi faktiki torpaq sahəsi ilə təqdim etdiyi bələdiyyənin yerquruluşu planında qeyd edilmiş torpaq sahəsinin yerləşməsi arasında fərq var. Təqdim edilmiş müqayisəli ortofoto xəritədən çıxarışdan görünür ki, faktiki torpaq sahəsi ilə sxem üzə torpaq sahəsi qonşu torpaq sahələridir. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş faktiki yerləşmə koordinatlarını iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş bələdiyyənin yerquruluşu planından çıxarışında qeyd edilmiş koordinatlarla müqayisə etdikdə koordinatların üst-üstə düşməməklə, fərqlilik təşkil etdiyi görünür. Bundan əlavə Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, Abşeron rayon Qobu bələdiyyəsinin 2007-ci ilə dair qərarlarında iddiaçıya məxsus xx.xx.2007-ci il tarixli 06 nömrəli qərar aşkar edilməmişdir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə cavabdehin imtinasının əsaslı olması qənaətinə gəlir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4442/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4442/2025
15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver