Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-445/2025 08.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X6 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 01 dekabr 1987-ci il tarixdən 15 avqust 1988-ci il tarixinə kimi “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” İstehsalat Birliyinin “Etilen və Propilen” zavodunun qazayırma sexində təmirçi çilingər peşəsində, 16 avqust 1988-ci il tarixdən 14 oktyabr 1994-cü il tarixinə kimi keçmiş “Sintezkauçuk” İstehsalat Birliyinin “EP-300” zavodunun Texnoloji avadanlıqların təmiri sexində, 15 oktyabr 1994-cü il tarixdən 30 aprel 1998-ci il tarixinədək “Etilen-Polietilen ” zavodunun Texnoloji avadanlıqların təmiri sexində təmirçi çilingər, 21 sentyabr 1998-ci il tarixdən 05 yanvar 2000-ci il tarixinə kimi “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun etilenin mayeləşdirilməsi, qazlaşdırılması və sıxılması sexində təmirçi çilingər peşəsində işlədiyi dövrlər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı siyahısında sadalanan Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə (piroliz qazlarının təmizlənməsi, ayrılması) əsasən 52 yaşdan, yəni 11 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1966-cı il tarixdə Neftçala rayonu, Xolqarabucaq kəndində anadan olmuş, 01 sentyabr 1983-cü il tarixdən 18 aprel 1984-ci il tarixədək Azərbaycan SSR X7 Təhsili Komitəsinin Sumqayıt şəhər 44 nömrəli texniki peşə məktəbində təhsil almış, 04 may 1984-cü il tarixdən 07 may 1986-cı il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 22 may 1986-ci il tarixdə “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Propilen İstehsalının EP-300 zavoduna 4-cü dərəcəli təmirçi çilingər vəzifəsinə işə qəbul edilmiş, 01 dekabr 1987- ci il tarixdən 15 avqust 1988-ci il tarixinə kimi “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” İstehsalat Birliyinin “Etilen və Propilen” zavodunun qazayırma sexində təmirçi çilingər peşəsində, 16 avqust 1988-ci il tarixdən 14 oktyabr 1994-cü il tarixinə kimi keçmiş “Sintezkauçuk” İstehsalat Birliyinin “EP-300” zavodunun Texnoloji avadanlıqların təmiri sexində, 15 oktyabr 1994-cü il tarixdən 30 aprel 1998-ci il tarixinədək “Etilen-Polietilen” zavodunun Texnoloji avadanlıqların təmiri sexində təmirçi çilingər, 21 sentyabr 1998-ci il tarixdən 05 yanvar 2000-ci il tarixinə kimi “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun etilenin mayeləşdirilməsi, qazlaşdırılması və sıxılması sexində təmirçi çilingər vəzifəsində işləmişdir.06 yanvar 2000-ci il tarixdə 35 saylı enerji təchizatı və boru kəmərləri sexinə nəzarət və təmir üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 01 fevral 2005-ci il tarixdə həmin sexdə 5-ci dərəcəli qazpaylayıcı aparatçısı işinə keçirilmiş, 29 iyun 2010-cu il tarixdə 35 nömrəli hava təchizatı və estakada sexinə 4-cü dərəcəli ayırma aparatçısı təyin edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı siyahısında sadalanan Vİİİ bölməsinin 1 bəndinin 1080A010 sifrinə əsasən (piroliz qazlarının təmizlənməsi, ayrılması) istehsalatlarında 01 dekabr 1987-ci il tarixdən 15 avqust 1988-ci il tarixinə kimi “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” İstehsalat Birliyinin “Etilen və Propilen” zavodunun qazayırma sexində təmirçi çilingər peşəsində, 16 avqust 1988-ci il tarixdən 14 oktyabr 1994-cü il tarixinə kimi keçmiş “Sintezkauçuk” İstehsalat Birliyinin “EP-300” zavodunun Texnoloji avadanlıqların təmiri sexində, 15 oktyabr 1994-cü il tarixdən 30 aprel 1998-ci il tarixinədək “Etilen- Polietilen” zavodunun Texnoloji avadanlıqların təmiri sexində təmirçi çilingər, 21 sentyabr 1998-ci il tarixdən 05 yanvar 2000-ci il tarixinə kimi “Azərkimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun etilenin mayeləşdirilməsi, qazlaşdırılması və sıxılması sexində təmirçi çilingər vəzifəsində işlədiyi peşə (vəzifə) ona güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. O 01 sentyabr 1983-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək 22 il 04 ay ümumi iş stajına, 11 il 8 ay 12 gün 1 ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. 52 yaşdan pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizələrlə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçıya ünvanlanmış məktublarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının kifayət qədər ümumi və güzəştli iş stajlarına malik olmadığı qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçı R.X3 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən (21 il 7 ay 10 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2005-ci ii tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (11 il 8 ay 12 gün ( xx.xx.1987- xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim etdiyi “Azərkimya” İBnin “Etilen-Polietilen” zavodunun 2 may 2023-cü il tarixli 126 və 127 nömrəli arayışlarında işlədiyi vəzifələrin yuxarıda qeyd olunan 1 N-li Siyahı üzrə göstərilən xüsusilə zərərli və ağır olan işlərə (vəzifələrə) aid olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir.Qeyd olunanları nəzərə alaraq, iddiaçı tərəfindən yuxarıda göstərilən müvafiq məlumatları özündə əsk etdirən güzəştli əmək pensiyası hüququ verən işdə çalışmağına dair işəgötürənin arayışı Mərkəzi Filiala təqdim edildikdən sonra ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxıla biləcəyi bildirilmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid pensiya işinin surəti, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2/-K- 201263/2023 nömrəli imtina məktubu, etiraz ərizəsi, Əmək kitabçasının təsdiqlənmiş surəti, H3 ******* nömrəli hərbi biletin surəti, Diplomun surəti, “Azərkimya” İB-nin xx.xx.2025-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ güzəştli şərtlərlə əmək pensiyası yaşının tamam olması və müvafiq iş stajının olmasından yaranmış olur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, X5 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xidmət göstərdiyi ərazinin sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2/-K-201263/2023 nömrəli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Eyni zamanda iddiaçının pensiya işindən məlum olur ki, ona pensiya təyinatının aparılması üçün xx.xx.2023-cü ildə cavabdehə müraciət etmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1.İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2.İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə uyğun olmaqla xx.xx.2006-ci ilə qədər 10 ildən çox güzəştli iş stajına malikdir. Bu fakt “Azərkimya” İB-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş arayışlarla öz təsdiqini tapmışdır Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarında olan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının təqdim etdiyi pensiya işindən müəyyən olunur ki, iddiaçı 10. 05.2023-cü il tarixində cavabdehə müraciət etmişdir. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi, 32.1-1-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Lakin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri baxımından pensiya məbləğinin ödənilməsi xx.xx.2020-ci il tarixdən ödənilərək iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı 11 aprel 2018-ci ildən, lakin pensiya ödənişləri 10 may 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №2-1(118)-445/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-445/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver