Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4453/2024 03.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” X3rşı iş üzrə (Açar sözlər: soyadın dəyişdirilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” X3rşı “övladının soyadının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 dekabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. AZ-İİ seriyalı, 461135 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı1 və X9 30 avqust 2021-ci il tarixdə nikahlarını bağlamışlar.
2. AZ-İV seriyalı, 983784 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 10 fevral 2014-cü il təvəllüdlü X4 atası – İddiaçı1, anası – İddiaçı2dır.
3. AZ-İV seriyalı, 983785 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 10 fevral 2014-cü il təvəllüdlü X7 atası – İddiaçı1, anası – İddiaçı2dır.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” X5 22 aprel 2024-cü il tarixli, 3-16-5/8-13xx-xx/2024 nömrəli İddiaçı1 göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda qeyd edirik ki, Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən övladları X4 və X2 “Çələbi” kimi qeydə alınması ilə bağlı müraciətinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin 18 oktyabr 2024-cü il tarixli, 02/14009/di nömrəli məktubundan görünür ki, 12 avqust 1993-cü il təvəllüdlü İddiaçı1 və xx xxxxx 1991ci il təvəllüdlü İddiaçı2 digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir.
6. Azərbaycan Respublikasının Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 10 oktyabr 2024-cü il tarixli, 18/2-28862/2024 nömrəli məktubundan görünür ki, 12 avqust 1993-cü il təvəllüdlü İddiaçı1 11 oktyabr 2010-cu il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, 9 avqust 2019-cu il tarixdə AA-0657435 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. xx xxxxx 1991-ci il təvəllüdlü İddiaçı2 20 may 2009-cu il tarixdən hazıradək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, 12 iyun 2023-cü il tarixdə AA- 4540448 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddia ərizəsinin dəlilləri:
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra - “iddiaçılar”) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” X6 (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 fevral 2024-cü il təvəllüdlü əkiz övladları - X10 və X1 “İbrahimov”-dan “Çələbi”-yə dəyişdirilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 30 avqust 2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdurlar. Birgə nikahdan 10 fevral 2024-cü il təvəllüdlü X10 və X8 anadan olmuşdur. Övladları doğum haqqında şəhadətnamələrində soyadları “İbrahimli” olaraq qeyd edilmişdir. Övladlarının soyadının “İbrahimli”-dən “Çələbi”-yə dəyişdirilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etsək də cavabdeh tərəfindən imtina edilmişdir. Cavabdehin imtinasını tamamilə qanunsuz və əsassız hesab edilir. Belə ki, cavabdeh imtinasında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alaraq icazə verə bilər. Göründüyü kimi, hər ikimiz uşağın adının dəyişdirilməsinə razıyıq və adının dəyişdirilməsinin uşağın mənafeyinə heç bir mənfi təsiri yoxdur. Lakin cavabdeh heç bir əsas olmadan uşağın adının dəyişdirilməsindən imtina etmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edirik.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1, 54.2, 54.3, 54.4-cü maddələrinə istinad olunmuşdur.
10. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin “xahiş etdim” hissəsindən “İbrahimli” texniki səhv kimi yazılmışdır, onun “İbrahimov” olaraq başa düşülməsini xahiş etmişdirlər. Ərizə 3 dekabr 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
13. Etiraz təqdim edilməmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
14. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir.
15. Cavabdeh orqan məhkəməyə məktub göndərərək, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
19. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ a) İddianın mümkünlüyü:
20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
21. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
22. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
24. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. ...
26. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”:
6. Adın, ata adının və soyadın dəyişdirilməsi
6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. ... 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. ... 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. ...
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
28. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”
c) Məhkəmənin mövqeyi
29. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçılar öz övladları X10 və X1 “İbrahimli”dən “Çələbi”yə dəyişdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh doğum haqqında akt qeydində dəyişikliklər edilməsi üçün kifayət qədər əsas olmadığına görə müraciətin icrasından imtina etmişdir. İddia tələbi soyadının dəyişdirilməsinə valideynlərinin ikisinində razılığı olması ilə əsaslandırılmışdır.
30. Məhkəmə yuxarıda istinad edilmiş müvafiq qanunvericiliyin tələblərinə əsasən iddia tələbini əsassız hesab edir.
31. Belə ki, qeyd edilən qanunvericiliyinin müddəlarına əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. İddiaçıların heç birinin soyadı “Çələbi” olmadığı üçün tələb əsaslı hesab edilə bilməz.
32. Belə ki, öz soyadın dəyişdirilməsi üçün 18 yaşına çatdıqdan sonra yol verilir.
33. Eyni zamanda, övladın soyadının dəyişdirilməsi üçün iki haldan biri mövcud olmalıdır: 1) hər iki valideynin soyadı dəyişdirildikdə; 2) soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə.
34. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, hazırkı iş üzrə qeyd edilən heç bir hal ödənilmir.
35. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçıların “övladlarının soyadının dəyişilərək, yeni şəhadətnamənin verilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
36. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” X3rşı “övladının soyadının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova