Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-446/2025 28.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991-xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyəti İctimai Birliyində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 48 il əmək stajının nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci ildə Sumqayıt Kompressor zavodunun 91 saylı texniki məktəbinə daxil olmuş, xx.xx.1976-cı ildə Sumqayıt Texniki məktəbi bitirmiş, xx.xx.1977-ci ildə 4-cü dərəcə nəzarətçi vəzifəsi ilə Sumqayıt Kompressor zavoduna işə girmiş, xx.xx.1977-ci ildə həmin zavoddan hərbi xidmətə getmiş, xx.xx.1979-cu ildə hərbi xidməti qurtarıb, həmin zavoda işə girmiş, xx.xx.1980-ci ildə həmin Sumqayıt Kompressor zavodundan təyinatla Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. xx.xx.1980-ci ildə Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə daxil olmuş, xx.xx.1981-ci ildə hazırlıq kursunu qurtarıb, xx.xx.1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji coğrafiya fakültəsinə, xx.xx.1986-cı ildə Azərbaycan Təbiəti Mühafizə Komitəsinə daxil olmuşdur. xx.xx.1987-ci ildə Xaçmaz rayon Maarif şöbəsinə, xx.xx.1989-cu ildə yenidən Təbiəti Mühafizə Komitəsinə işə daxil olmuşdur. xx.xx.1990-cı ildə Təbiəti Mühafizə Komitəsindən işdən çıxaraq, xx.xx.1994-cü ildə Təbiəti Mühafizə Cəmiyyətinə mərhum X1 əmri ilə işə daxil olmuşdur. Hal-hazıra kimi Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz rayon şöbəsinin İctimai Birliyinin sədri vəzifəsində işləyir. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsinə vergi ödənişləri etmişdir. Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz rayon şöbəsi xx.xx.2005-ci il tarixində vergi ödəyicisi kimi uçota alınıb. Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz rayon şöbəsinin şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək məcburi dövlət sosial sığorta haqları üzrə 480,00 manat, pensiya üzrə 69,58 manat, işsizlikdən sığorta haqqı üzrə 19,20 manat, pensiya üzrə 3,45 manat, icbari tibbi sığorta haqları üzrə 38,4 manat, pensiya üzrə 3,86 manat ödəniş etmişdir. Vergi qanunvericiliyi və inzibatçılıq, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet saytına (195) onlayn nömrəyə yazılmaqla Quba rayonu üzrə vergi ödəyicilərinə xidmət mərkəzinə (Quba şəhəri. Yeni Körpü 1) və ya digər bütün vergi xidmət mərkəzlərinə müraciət etmişdir. İddiaçının 48 il əmək stajı var.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış etdi və iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək xx.xx.1991-xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyəti İctimai Birliyində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddiaya yazılı etirazı müdafiə etdi və onunla əsaslandırdı ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş-87209/2023 nömrəli məktubunda iddiaçının ümumi stajının 25 ildən az olması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş əmək kitabçası, diplom və hərbi biletin surətlərinə əsasən iddiaçının mübahisələndirilməyən ümumi stajı 14 il 2 gün təşkil edir. İddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz rayon şöbəsində işləməsi barədə qeydlər mövcuddur. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz rayon şöbəsində işlədiyini iddia etdiyi xx.xx.1991-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. İddiaçı fərdi hesabında sözügedən dövr üzrə məcburi sosial sığorta haqlarının mövcud olmaması səbəbindən həmin dövrlərin sığorta stajı kimi nəzərə alınması qanunauyğun deyildir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən, iddiaçının ümumi iş stajı qanunvericiliyin tələblərinə əsasən 25 ildən az olduğu üçün və fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx xxxxxx 1958-ci ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur. • İş materiallarındakı iddiaçıya məxsus HB № 006564 olan diplomun surətinə əsasən iddiaçı 1981-ci ildə Kirov adına X2 ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1986-cı ildə həmin universitetin coğrafiya fakültəsini bitirmişdir. • Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyəti İctimai Birliyinin 28 yanvar 2023-cü il tarixli əmək haqqı cədvəllərinə dair arayışına əsasən iddiaçı həqiqətən də xx.xx.1991-ci ildən xx.xx.2023-cü il tarixədək həmin şöbənin sədri vəzifəsində çalışmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq: İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ vardır. Belə ki, iddia tələbinin irəli sürülməsi üçün iddiaçı müvafiq yaş həddinə çatmış və iş stajı əldə etmişdir. İddia tələbinin xüsusi mümkünlük şərti olan eyni tələblə inzibati orqana müraciət edərək imtina cavabının alınmasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının müvafiq müraciəti mövcud olmuş və 13 mart 2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının rəsmi ünvanı Xaçmaz rayonu olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası Maddə 38: Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
“İnsan hüquqları haqqında” Ümumi Bəyannamə Maddə 22: Hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 3.1.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi 87.1-ci maddə: İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
“İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu 16.1-ci maddə: Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı iddiaçıya məxsus əmək kitabçası ilə müəyyən edildi ki, o,xx.xx.1975-xx.xx.1976-cı illər (Kompressor zavodunda işlədiyi müddətdə təhsil), xx.xx.1977-xx.xx.1977-ci illər (təhsil illəri), xx.xx.1977-xx.xx.1979-cu illər (hərbi xidmət dövrü), xx.xx.1979-xx.xx.1980-ci illər (Sumqayıt Kompressor zavodu), xx.xx.1986xx.xx.1986-cı illər (Azərbaycan Təbiəti Mühafizə Komitəsi), xx.xx.1987-xx.xx.1988-ci illər (Xaçmaz Rayon Maarif şöbəsi), xx.xx.1989-cu ildən hal-hazıradək (Azərbaycan Təbiəti Mühafizə Komitəsi) olan illərdə təhsil, hərbi xidmət və əmək fəaliyyətilə məşğul olaraq ümumilikdə 40 ildən çox staja malik olmuşdur. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası ilə təsdiq olunduğuna, həmin əmək kitabçasının mötəbərliyinin əksi cavabdeh orqan tərəfindən sübuta yetirilmədiyi üçün məhkəmə həmin müddəti müəyyən etmiş və 23 il 7 ay 21 gün iş stajının olduğu müəyyən edilmişdir. Həmin müddətdən sonra iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz rayon şöbəsinin şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək məcburi dövlət sosial sığorta haqları üzrə 480,00 manat, pensiya üzrə 69,58 manat, işsizlikdən sığorta haqqı üzrə 19,20 manat, pensiya üzrə 3,45 manat, icbari tibbi sığorta haqları üzrə 38,4 manat, pensiya üzrə 3,86 manat ödəniş etmişdir. Eyni zamanda Təbiəti Mühafizə Cəmiyyəti İctimai Birliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçının 1991-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək əmək haqqı cədvəlləri təqdim olunmuşdur. Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi əmək kitabçasında cavabdeh orqanın mübahisələndirdiyi – xx.xx.1991-xx.xx.2023-cü illər qeyd olunmasına baxmayaraq orqan tərəfindən iş stajına daxil edilməmişdir. Lakin iddiaçının həmin illərdə əmək fəaliyyətilə məşğul olması əmək kitabçası ilə yanaşı əmək haqqı cədvəli ilə də öz təsdiqini tapır. Bununla da iddiaçının tələb olunan iş stajı tamamlanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası, əmək haqqı cədvəli mövcuddur və həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İnzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Belə olan halda “Əmək Pensiyaları haqqında” Qanuna müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, də cavabdeh orqanın imtinası əsassızdır və iddia təmin edilərək İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinetin olduğu təqdirdə elektron kabinetə yerləşdirildiyi gündən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev